Tarix və ədəbiyyat qoxulu Şəki  

Qələm və könül dostum Şəfa Vəlinin ərkyana dəvəti xoş bir səyahətə yol açdı

 

Bir müddət öncə - noyabrın 21-i növbəti yaş günümü necə keçirməyim təklif olunanda tərəddüdsüz hansısa rayona gəzməyə getmək istədiyimi demişdim. Gəzmək, yeni yerlər görmək, tarixi məkanlarımızın kəşfinin mənimçün qədər əhəmiyyətli olduğunu bildiklərindən razılaşmışdılar. Gedəcəyimiz ünvan da bəlli idi: gözəl təbiəti, zəngin tarixi irsiylə hər zaman turistlərin diqqət mərkəzində olan Şəki...

Şəkini seçməyimdə bu səbəblərlə yanaşı, əsas faktorlardan biri qələm dostum, şəxsiyyətinə ədəbiyyat sevgisinə sonsuz hörmət bəslədiyim şair həmkarım Şəfa Vəlinin orada yaşaması idi. Şəfa avqust ayından etibarən ailəsiylə birgə Şəkidə yaşayır. Getdiyi ilk gündən məni dəvət edir, gəzdiyi, gördüyü yerlərdən şəkillər, videolar ataraq məni həvəsləndirməyə çalışır. Şəki mənim ana yurdumdur. Orada dəfələrlə olmuşam, ən məşhur yerlərini gəzmişəm. Amma Şəfa kimi ədəbiyyat vurğununun orada ədəbiyyatın izinə düşüb yeni yerlər kəşf edəcəyinə şübhəm yox idi. Ona görə bir onunla, onun gözü onun iziylə Şəkini gəzməyə dəyər deyə düşünürdüm. Yanılmamışdım. Bir gün Şəfa bir ev-muzeyindən şəkillər göndərdi. Özü "bax, Bəxtiyar Vahabzadənin ev muzeyindəyəm. Şair burada doğulub" - dedi. Ev-muzeylərini çox sevən biri kimi həmən diqqətimi cəlb elədi. Sual verməyimə ehtiyac qalmadan özü danışırdı. Xüsusən, muzeyin direktoru Elşən Zəkəriyyəbəylidən elə ağızdolusu bəhs edirdi ki, ədəbiyyatın insanları doğmalaşdırmaq gücünə bir daha heyrət edirdim. Sən demə, Şəfa sözarası məndən də bəhs edib Elşən müəllimə və məni də bu gözəl yerə gətirəcəyinə söz verib.

Şəfanın ən sevdiyim xüsusiyyətlərindəndir mənə qarşı ərki. Hələ məndən soruşmadan "söhbəti bişirib", gəlib mənə "söz vermişəm e ki, gələcəksən. Məni yalançı çıxarma, gözləyirlər ha" - deməsinə uğunmuşdum. Yox, bu saf qızı yalançı çıxarmaq olmazdı. Söz verilmişdi, gedilməlidi idi. Mən də fürsət bu fürsət deyib ad günümü Şəkidə sevimli insanlarla keçirmək qərarına gəldim.

 

Böyük ədibin doğulduğu kiçik ev

Şəkidə Şəfa Vəli və həyat yoldaşı İlhamla görüşüb, başlayırıq gəzintimizə. Məşhur Karvansaray, dillərə dastan Xan Sarayını gəzdikdən sonra bayaqdan təkidlə istədiyim və getməyi daha çox gözlədiyim yerlərə - ev-muzeylərinə doğru yol alırıq.

İlk baş çəkəcəyimiz ünvan böyük ədib, ictimai xadim, Azərbaycan dramaturgiyası və Azərbaycan ədəbiyyatında ədəbi tənqidin banisi Mirzə Fətəli Axundovun ev-muzeyidir. Axundov bu evdə doğulub, uşaqlıq və yeniyetməlik dövrləri də burada keçib. Bu muzey həm də Azərbaycanda açılmış ilk xatirə muzeyidir.

Bazar günü olmasına baxmayaraq, muzey açıqdır, xidmət edir. Həyətdə iki tikili var: biri köhnə, digəri isə yenidir. Yeni bina sonradan inşa edilib. Burada böyük yazıçının həyat yolu və yaradıcılığına aid ekspozisiya yaradılıb. M.F.Axundovun ev-muzeyi 2 binadan, həyat və yaradıcılığına həsr olunmuş 1975-ci ildə yaradılan ekspozisiya zalından və ədibin anadan olduğu evdən ibarətdir. Burada sərgilənən eksponatlardan divan, masası, stolstullar Axundovun ailəsinə məxsusdur. Axundovun özünə aid kəmər, əl ağacı və qılınc da eksponatlar arasındakı ən qiymətlilərdəndir. Həmçinin, ədibin ailə üzvlərinin portretləri, həyatının müxtəlif dövrlərinə aid fotoşəkillər, kitabları da burda sərgilənir.

Həyətdəki köhnə tikili isə Axundovun doğulduğu evdir. Ev 1800-cü ildə tikilib. 1811-ci ildə isə Mirzə Fətəli Axundovun atası Mirzə Məhəmməd Tağı tərəfindən alınıb. 1812-ci ildə burada Mirzə Fətəli Axundov dünyaya gəlib. 2 il sonra Axundovun atası ailəsi ilə birlikdə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçür. 13 yaşı olanda valideynləri boşanırlar. Sonradan 1825-ci ildə Axundov ailəsi ilə birlikdə Şəkiyə geri dönür. Bu dövrdən etibarən onun tərbiyəsi ilə anasının əmisi Axund Hacı Ələsgər məşğul olmağa başlayır. 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olurbir il burada təhsil aldıqdan sonra 1834-cü ildə Tiflisə gedir.

1940-cı ildə bu evdə muzey yaradılır. Muzey iç-içə olan iki kiçik otaqdan ibarətdir. Otaqlarda qədim əşyalar sərgilənir. Burda ən diqqətimi çəkən əşyalardan biri Axundovun anası Nanə xanıma məxsus divar güzgüsü oldu.

Deyilənə görə, vaxtilə həyətdə daş və kərpic divarlar, şərq üslubunda kərpic tağlı darvaza, Mirzə Fətəlinin əmizadələrinə məxsus çiy kərpicdən tikilmiş ikimərtəbəli, zirzəmili başqa bir evolub.

Ta uşaqlığımızdan bu yana əsərlərini heyrətlə, sevgiylə oxuduğumuz, bəzən uşaq ağlımızla nə vaxtsa var olduğuna belə şübhə etdiyimiz, adi insan deyil, "şair" adlı qeyri-adi varlıq kimi qəbul etdiyimiz Mirzə Fətəlinin doğulduğu, yaşadığı ev, yazı yazdığı masanı, baxdığı güzgü, üzərində yeridiyi eyvanı, istifadə etdiyi əl ağacını, kəməri görəndə içimdə qəribə, mübhəm duyğular baş qaldırdı. Onu anladım ki, böyük insan olmaq üçün böyük evlərdən, cah-cəlallı saraylardan çıxmaq gərəkməz. Bir insan boyu hündürlükdəki, iki kiçik otaqlı bapbalaca evdən adı illərin, əsrlərin o tayına qədər duyulacaq, əsərləri sərhədlər aşıb dünyanı dolaşacaq nəhənglikdə dahi çıxa bilirmiş. Bu duyğularla yol alırıq başqa bir dahinin ev muzeyinə...

 

 

 

Dar cığırın sonundakı ənginlik

 

Şəkidə məhlə var nə qədər desən,

Gəldim bu dünyaya "Yuxarıbaş"da.

Bir göz evimizdə nə desən vardı,

Taxça aşağıda, buxarı başda...

Çıxdı ahıllığım o evdən çölə,

Amma uşaqlığım yuxarı başda...

İndi mən həsrətəm ata yurduma,

Odu ürəkdədir, buxarı başda!

 

Bir maşının belə girə bilmədiyi daşlı-kəsəkli dar cığırla üzü yuxarı qalxırıq. Bu şeiri Şəfa xatırladır mənə. Xan Sarayından da yuxarıda yerləşən bu məhəllə "Yuxarıbaş" adlanır. Bu cığırın sonunda isə bizi Azərbaycanın, eləcə də, bütün Türk dünyasının görkəmli şairi Bəxtiyar Vahabzadənin xatirələri gözləyir.

Yeriməkdə çətinlik çəkdiyimi görən Şəfa deyir ki, bura "Yuxarıbaş" məhəlləsinin YUNESKO-nun mədəni irsi siyahısına daxil olan hissəsidir. 2019-cu ildə "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyindən buraların tarixiliyini pozmamaq adına asfalt çəkmək, təmir işi aparmaq qadağandır. Gülümsəyirəm. Tarix elə belə olar da. Mən Şəkini bir az da bu daşlı-kəsəkli yollarına görə sevmirəmmi?!

Cığırın sonunda qarşısında "Bəxtiyar Vahabzadənin ev-muzeyi" yazılan kiçik ev görünür. Bu qapıdan içəridə bizi nələrin gözlədiyini təxmin etsəm də, bu qədər böyük tarixhüzur gözləmədiyimi bəri başda etiraf etməliyəm.

Bizi muzeyin direktoru, özündən qabaq namını eşitdiyim Elşən Zəkəriyyəbəyli qarşılayır. Həyətdə samovar çayı pıqqapıq qaynayır. Şəkililərin qonaqpərvərliyi el-aləmə məlumdur, amma Elşən müəllim ev-muzeyinə gələn qonaqlarını bir başqa sevir, deyəsən.

Vaxt itirmədən başlayırıq muzeylə tanışlığa. Elşən müəllim ilk dəqiqələrdən deyir ki, bura çox ucqarda yerləşdiyindən ancaq ədəbiyyatsevərlər, Bəxtiyarsevərlər gəlir: "Bəxtiyar Vahabzadə burada doğulub. Onun babası Zəkəriyyə bəy də burada doğulub. Bir nəfər qoca kişi demişdi ki, məhlənin aşağısında bir ev olub, üzü bəri baxan, ayağından çöküntü olub deyə söküblər. Zəkəriyyə kişidən sonrakılar bu evdə doğulub, burdan pardaqlanıblar. Bu aşağı qış otağı olub, hava soyuyan kimi ailə bura yığışıb...

Əmiləri sürgünlər görüb, atası Mahmudağa ictima-siyasi hadisələrlə əlaqədar olaraq köçüb gedib Bakıya. 9 yaşına kimi burda yaşayıb Bəxtiyar Vahabzadə. Ailə Bakıya köçəndən sonra bu yurd bir müddət baxımsız qalıb. Bir gün şair bütün nəslin nümayəndələrini yığıb bir yerə, hamısının razılığını alıb, sonra buranı dövlətə bağışlayıb. Düzdür, mənbələrdə bu hadisənin gah 1964, gah da 1968-ci ildə olduğunu deyirlər. Amma buranın ilk müdiri - ilk dəfə burda möhürü götürüb işə başlayan müdir mənə deyib ki, bu hadisə 1948-ci ildə olub. İndi rəhmətə gedib o xanım... Bir neçə yaşlı adamlar da, məsələn, 83-84 yaşlı kişilər var, deyirlər, biz bu bağçaya gəlmişik. Mən müdirin sözünü əsas götürürəm. 2015-ci ildə Prezidentimiz Sərəncam verdi ki, Bəxtiyar Vahabzadənin doğulduğu yurdda onun ev-muzeyi yaradılsın. İkinci bir Sərəncamla da yolun o üzündə bağça tikilməsinə göstəriş verdi. Baxın, yolun o üzündədir, görünür. Uşaq bağçasının da, ev-muzeyinin də açılışı eyni vaxtda olub: 2018-ci il avqustun 31-də".

Bəxtiyarın doğulduğu otağı indi otağı kimi bəzəyiblər. Burda onun özünə aid yazı masası, onun adını daşıyan gəminin maketi və ailəsinin, özünün fotoşəkilləri yer alıb.

"525-ci qəzet"i gördüm...

Ev-muzeyi 1 dəhlizdən, 3 otaqdan ibarətdir. Otaqların biri şairin yaradıcılığına həsr olunub. Orda sənət dostlarıyla, Bəxtiyar dünyasına yaxın insanlarla şəkilləri, səhnəyə qoyulmuş pyesləri, yaradıcılığı haqqında yerlixarici mətbuatda işıq üzü görən materiallar var. Birkostyumu var...

Eksponatlara nəzər yetirərkən, tanış sima, doğma üz görmüş kimi qəfil dayanıram. "525-ci qəzet"in bir səhifəsi gülümsəyir üzümə divardan. Şairin yaradıcılığına dair xəbərlər yer alıb bu səhifədə. B.Vahabzadənin medallarının, təltiflərinin əlyazmalarının sərgiləndiyi otaqda da yenə həmin tanış simayla qarşılaşıram. Əlbəttə, Bəxtiyar yaradıcılığına səhifələrində ən çox yer verən, onun xatirəsini, poeziyasını və irsini hər zaman əziz tutan qəzetlərdən biri kimi, "525"in buradakı varlığı heç də təəccüblü deyil.

Elşən müəllim deyir ki, 950-dən çox eksponatın sərgiləndiyi muzeyin yenilənməyə ehtiyacı var: "Yüzilliyi ərəfəsidir Bəxtiyar Vahabzadənin, yəqin ki, müraciətimi Mədəniyyət Nazirliyi nəzərə alar. Amma ictimai-siyasi fəaliyyətini əks etdirən eksponatların sərgiləndiyi otaq otağı yaxşıdır. Azacıq yeniləmək, əlavə materiallarla zənginləşdirmək lazımdır. 

Bəxtiyar Vahabzadə hələ sağlığında bütün arxivini, yazıb qoyduğu xəzinəsini notarial qaydada qızı Gülzar xanıma təhvil verib. Dünyanın hər yerindən gələn məktubları da bu arxivin içindədir. Qızı Gülzar xanım da 2009-cu ildən elə bu günə qədər o arxivin üzərində işləyir. Bütün arxivi götürüb Bakıdan gətirib bura - Şəkidəki evə. Elə sandıqlar, elə qutular var ki, hələ heç açılmayıb. Gülzar xanım bu işə çox gərgin əmək sərf edir. İndi Gülzar xanım elə bir kitab hazırlayır ki, Bəxtiyar müəllimin hansı şeiri lazım olsa, ordan tapmaq mümkün olsun".

Elşən müəllimlə söhbətdən onu da öyrənirik ki, şairin öz evi - 1973-cü ildə tikdirdiyi ev burada aşağıda, "Oxud yolu" deyilən yerdədir. Bura uşaq bağçası olanda şair bura çox gələr, uşaqlara ləvazimatları, çanta, ərzaq payı gətirirmiş.

Muzeylə tanışlıqdan sonra Elşən müəllimin çay süfrəsində mənim müəllifi, Şəfa Vəlinin isə redaktoru olduğu "Hərənin öz romanı" kitabımı imzalı şəkildə muzeyə hədiyyə edirəm. Elşən müəllim başqa müəllif kitablarının da bu muzeydə saxlanıldığını deyir.

Görüşümüzün sonunda Elşən müəllimə ədəbiyyat sevgisi, Bəxtiyar təəssübkeşliyi üçün sonsuz təşəkkürlərimizi bildirib ayrılarkən, "Dünən yazdıqlarım köhnəlir bu gün" - deyən şairin özünə və həmişəyaşar misralarına qarşı nə qədər haqsız davrandığını zamanın ən gözəl şəkildə sübut etdiyini düşünmədən keçə bilmirəm...

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2021.- 27 noyabr.- S.18.