DAĞLARA QAR
QALANDI...
(Vaqif Yusiflinin "Əli İldırımoğlu: Romanlar, qəhrəmanlar" monoqrafiyası barədə düşüncələr)
Müdriklər deyirlər ki, sənin daxilində səni idarə edən, hərəkətə gətirən bir qüvvə var, onu kəşf et. Bu kəşf insan ağılı və ruhunun
çarpaz harmoniyasında qovuşan eleksirdir. Bu kəşf
insanın özünü, öz hissi-intellektual gücünün
üzə çıxarılmasıdır. Ən nəhayət, bu kəşf insanın
özünün tapması və cəmiyyətə təqdimi,
diqtəsidir. Bundan sonra nəhəng, əzəmətli
işlər gəlir, insanlığa, onun inkişafına
işıq tutan, bəşəriyyətin ziddiyyətli,
"kommunikativ" təbiətinə təkan verən,
tarixin və zamanın yüksəliş yollarını
müəyyən edən böyük əməllər ... Bu
xüsusda yazıçılar öz fəaliyyətləri
boyunca əlahiddə statusa, xoşməramlı bir missiyaya
malik olurlar. Onlar tarixin,
insanlığın və zamanın salnaməsini yazırlar.
Belə mütəfəkkirlər pleyadasında
Azərbaycanın görkəmli yazıçısı
Əli İldırımoğlunun xüsusi yeri, özəl
mövqeyi vardır. O, Vətənin, doğulduğu
torpağın, dağın, dərənin, meşənin
taleyini insan talelərilə paralel əks etdirmiş, ürəyitəmiz,
qəhrəman, yenilməz insanların hamısını bir məqamda
birləşdirən xoşməramlı ideyalarını ədəbiyyatda,
yazdığı roman, povest və hekayələrdə əbədiləşdirmişdir.
Əli İldırımoğlu bu sosial-siyasi həyat
faktlarının, insan talelərinin dərinliyinə endikcə,
özünü də tapır, kəşf edir, öz daxilində
hərəkətverici qüvvəni də oyadırdı. Beləcə "Zorən
jurnalist", "Közərən sətirlər", "Mənim
rəncbər atam", "Qarlı gecələr",
"Aqibət", "Daş yağan gün",
"Əmrahsız qalan dağlar" əsərləri yeni
düşüncə və duyğular kimi ədəbiyyat
tariximizdə yer alıb. Bu əsərlər barədə,
ümumiyyətlə, Əli İldırımoğlu
yaradıcılığının ədəbi-bədii məziyyətləri
haqqında yazıçılar, ədəbiyyatşünaslar,
tənqidçilər, digər qələm sahibləri dəyərli
fikirlər söyləmiş, bu zəngin ədəbi məxəz
barədə öz orijinal düşüncələrini ortaya
qoymuş, elmi ideyalarını sərgiləmişlər.
Bunlardan biri də filologiya elmləri doktoru Vaqif
Yusiflidir.
Vaqif Yusifli ilə ilk tanışlığım qiyabi
şəkildə olmuşdur. Əli müəllimin "Közərən
sətirlər" kitabına yazdığı ön
sözü oxuyandan sonra onunla tanış
olmaq marağım artdı və bu görüş günlərin
bir günü baş tutdu. V.Yusiflinin
"Közərən sətirlər"ə
yazdığı ön söz nə ilə səciyyəvi
idi? O, hər şeydən əvvəl, Əli müəllimin
yaradıcılığına orijinal baxış sərgiləmiş,
yeni mövqedən yanaşmışdır. O, Əli İldırımoğlunun
təhkiyə üsuluna, obraz yaratmaq məharətinə,
üslub və forma ustalığına, ən nəhayət
xalq deyimləri, idiom və frazeoloji birləşmələrlə
zəngin dilinə verdiyi qiymətlə məni cəzb
etmişdi. O, atam haqqında yazırdı: "Əli
İldırımoğlu ötən illəri yad etdikcə
köksündən bir fərəh dalğası yüksəlir.
Ən başlıcası, ona görə ki, əsrə
yaxın ömrü təkcə özünəməxsus
olmayıb. Ömrü ömürlərə
qarışıb, dostlarının, övladlarının, onu
bir insan kimi sevənlərin ömrünə... Bu
ömür mənalı söz, duyğu şəklində
kitablara çevrilib. Bu ömür Azərbaycan
torpağının hər qarışına səpələnib,
onun jurnalist, publisist, yazıçı sənətinin əzabına,
sevincinə, uğurlarına qarışıb.
Əli
İldırımoğlunun çox sadə, hər kəsin
anladığı tərzdə bir üslubu var. Yurdun
çobanı da, akademiki də, onu eyni dərəcədə
(əlbəttə, çobanı çoban, akademiki akademik
kimi) sevəcək... və sevib..."
Budur, indi də Vaqif Yusiflinin "Elm və təhsil"
nəşriyyatında "Əli İldırımoğlu:
Romanlar, qəhrəmanlar" adlı nəfis şəkildə
çap edilmiş kitabı qarşımızdadır. O, bu monoqrafiya ilə Əli
İldırımoğlu yaradıcılığına yeni
sevgi və sayqılarını ifadə eləməklə
yanaşı dərin elmi baxışlar sərgiləmiş,
Əli müəllimin roman janrına gətirdiyi yenilikləri
qabartmış, obraz, qəhrəman probleminin Əli
İldırımoğlu yaradıcılığında yeni həlli
yollarını araşdırmışdır. Çəkdiyi
zəhmətə, dərin elmi-tədqiqat əməyinə
görə alimi, yalnız alqışlamaq olar. Kitaba
"Roman və qəhrəman problemi yeni kontekstdə"
adlı ön söz yazmış Loğman Rəşidzadə
qeyd edir: "Vaqif Yusiflinin "Romanlar, qəhrəmanlar"
monoqrafiyası təkcə Əli İldırımoğlu
yaradıcılığının araşdırılması
tarixinə yeni baxış deyil, həm də müasir Azərbaycan
ədəbiyyatşünaslığına bir töhfədir.
Vaqif Yusiflinin müəllif üslubu, qoyulmuş
problemə yanaşma tərzi, qeyd etdiyimiz kimi, maarifçi
müdrikliyi, ədəbi nəsillərin əlaqə və
varisliyini konkret nüanslarla izah etməsi bu monoqrafiyanın
elmi dəyərini kifayət qədər artırır.
O, Əli İldırımoğlu
yaradıcılığını məhəbbətlə,
hörmət və ehtiramla araşdırır, bu sevgini
heç gizlətmir də. Bu, eyni zamanda
böyük ədəbiyyata məhəbbətin təzahürüdür".
Biz ancaq bizə ayrılan vaxtı necə
yaşamağımızı bilməliyik. Bilirikmi?
Ömrümüzü fənalıqlar yolunda
heçə verib puç edirik. Əslində,
hər bir insan ona verilən ömür payını məhsuldar,
səmərəli yaşamağa, faydalı əməllərlə
zənginləşməyə borcludur. Əli
İldırımoğlu, məhz, belə insanlardandır.
Onun sözləridir: "Mənim balansıma yazılmayan
günləri ömrümdən hesab etmirəm". O, məhz,
bu prinsiplərlə yaşayıb, ömür dastanını
bu amallarla zənginləşdirib. Məhz, bu
arı zəhməti, işgüzarlıq, yaradıcı əmək
onun ömrünə öz zərif naxışlarını
vurmuşdur. Məhz bu prinsipial yaşam tərzinin
nəticəsidir ki, o minlərlə publisist məqalə,
oçerk, felyeton və digər qəzet məqalələri
yazıb çap elətdirmişdir. Məhz,
bu məhsuldar və cəfakeş zəhmətinin bəhrəsidir
ki, o, onlarla roman, povest, yüzlərlə hekayə, esse qələmə
almışdır.
Əli İldırımoğlunun romanları geniş,
polifonik, zəngin həyat materialları ilə süslənmiş
bədii nümunələrdir. Həyatda hər
şey imtahandır. Əli müəllim də
yaradıcılığına beləcə
yanaşmışdır. Hər roman,
povest, hekayə, kiçik həcmli esse onun həyat və ədəbiyyat
qarşısında bir imtahanı olmuşdur. O, bu
imtahanlardan həmişə üzüağ
çıxmış, yazdığı həyat həqiqətlərini
ömür yolunun işığına çevirmişdir. O,
həmişə nəhəng mövzular, əzəmətli
obrazlar yaratmağa meylli olmuşdur. Onun qəhrəmanları
həyatın çətin ziqzaqlarından, ömrün
dolaylarından keçərək özünü təsdiq
etmiş, şəxsiyyət kimi formalaşmışlar.
"Zorən jurnalist"də Nazim İlham, "Mənim rəncbər
atam"da İldırım kişi, "Aqibət"də
Höcət Cahangir, "Əmrahsız qalan dağlar"da
Əmrah yüzbaşı belə ərdəmli, həyat
faktlarından güc alan, müəllif qələmilə
süslənən ədəbi qəhrəmanlardır. Əli İldırımoğlunun əsərləri
yaşadığı tarixi dövrün obrazlı
inikasıdır. Qələmə
alınan dövrlərə aid ictimai-siyasi proseslər, tarixi
anlar və situasiyalar, insan taleləri onun qələmində
olduğu kimi, realist boyalarla canlanır. Ədibin
obraz yaradıcılığı barədə geniş
danışmaq olar. O, bu şəxsiyyətlərin hər
birinə öz mənəviyyatından müəyyən
keyfiyyətlər əlavə edir. "Közərən
sətirlər" əsərində yazıçı şəxsiyyət
məsələsinə geniş yer verir, hadisələrin
gedişində bir sıra tarixi şəxsiyyətlər və
tanınmış adamlardan ibarət surətlər
qalereyası yaradır. O, "tarixi şəxsiyyətlər
yaradıb" ideyasına inanır, hər bir şəxsiyyətin
tarixdə qoyduğu izi təqdir edir, "dahiləri danmaq
axmaqlıqdır" fikrinə gəlir.
Bir yazıçı və qələm əhli kimi hər
bir insan Əli İldırımoğlu üçün bir hədəfdir. O, insanlarda həyatın
real inkişaf ritmlərini kəşf edir, həyatın
varlığını bu şəxsiyyətlərin fəaliyyətində
görür. Odur ki, insan, onun həyat və fəaliyyəti,
tərəqqi üçün etdiyi çabalar ədibin
yaradıcılığında vasitə deyil məqsəddir.
Bu məqsədə çatmaq üçün
o, obrazlarına kompleks yanaşır, onları həm məişətdə,
ailə içində, həm də ictimaiyyətdə,
dost-tanış, qohum-qardaş arasında davranış
normaları fonunda təsvir edir, realist boyalarla qəhrəmanı
haqqında geniş bilgi verir. Bu mənada "Mənim rəncbər
atam"ın baş qəhrəmanı İldırım kişi çox səciyyəvidir. O, həm ailədə,
həm də ictimai mühitdə təqdim olunur. Hər cəhətdən
sayılıb-seçilən İldırım kişi
zəhmətkeşliyi, halallığı,
sözübütövlüyü, səxavəti, mərdliyi
ilə yadda qalır.
İldırım
kişi ailə-məişət məsələlərində
sözün müsbət mənasında konservativ hərəkətləri
ilə nəzərə çarpır. Lakin sərt
və konservator olduğu qədər də səbrli,
dözümlü, ədalətlidir, hər bir işi Allah tərəfi
həll etməyə çalışır, dini qanunlarla cəmiyyətin
tələblərini uyğunlaşdırır. Bu, müxtəlif hadisələrə münasibətdə
özünü biruzə verir. Yeganə
sevimli oğlu papağını, yaxud cibinin pulunu itirəndə
dünya malına görə rəncidə olmur, oğlunun səhvlərindən
qayğılanır. Düşmənlərindən
sayılan Həsənxanın məhkəməsində
şahidlik edib, onun əlehinə ifadə vermir. Zaur Həsənlinin gülləsi təsadüfən
bacısı oğlu Fəqana dəyəndə də yenə
mərdlik, dözümlülük nümayiş etdirir, el
ağsaqqalı kimi təsadüfi bir olaya görə
böyük düşmənçiliyin
qarşısını alır. O, hər yerdə
müdrikdir, el ağsaqqalıdır. Sözdə
də, əməldə, zəhmət təri axıdanda da.
Onun ağsaqqal ucalığı
bacısının yaş mərasimində söylədiklərində
bir daha aşkarlanır. Burada ailə
münasibətləri barədə söylədikləri əxlaq
kodeksi kimi səslənir. O deyir: "O ocağı
atanın ahı tutdu. Allah görk elədi ki, zəhmətlə
böyüdüb boya-başa çatdırdığı
haqq-sayı itirəndə axırı elə belə olar.
Bir də ki, evin böyüyü ailənin
"Allah"ıdır. Yerdəki Allaha kəc
baxanda, göydəki heç vaxt gətirməz".
Bizdə - azərbaycanlılarda ata kultu yenilməz bir əxlaq
və mənəviyyat mənbəyidir. Atamın bu
kultu - ataya hörmət, məhəbbət və ehtiramı rəmzləşdirib,
simvol səviyyəsinə qaldırıb. Əli
İldırımoğlu üçün ata təkcə
doğma varlıq, canlı insan deyil, həm də konkret zaman,
məkan şəraitində yaşayan və yaradan bir simvoldur.
Əli müəllim üçün ata demək
- onun ayaqları altındakı torpaq, başı
üstündəki səma, yəni Vətən deməkdir.
"Ata" deyərkən ədibin ürək
parçalayan bir həsrətlə eyni zamanda Vətənin
bir parçası olan Qubadlını xatırlaması ona
görə təbii səslənir ki, İldırım
kişinin özü elə Vətən deməkdir. Bu
simvollaşma ədəbi şəxsiyyətin bədii təqdimatını
bir az da dolğunlaşdırır.
V.Yusifli bu barədə yazır: "Əli
İldırımoğlunun ən kamil əsəri, fikrimcə,
"Mənim rəncbər atam" xatirə -
romanıdır. Azərbaycan ədəbiyyatında ATA obrazını
yaradan, atadan danışan əsərlər az
deyil, amma həqiqət naminə deməliyəm ki, bu əsər
təkcə bir atanın deyil, daha çox Azərbaycan
atalarının və kişilərinin obrazı və
ümumiləşən əsərdir. Romanın
qəhrəmanı - Əli İldırımoğlunun rəncbər
atası milli xarakter səviyyəsində bir obrazdır".
Bədii ədəbiyyatda həyat həqiqətlərinin
təsviri yazıçı niyyətilə təzad
yaratmamalıdır. Odur ki, yazıçı bələd olduğu həyat
faktlarına müraciət edəndə və onu bədii mətnin
predmetinə çevirəndə istədiyinə daha çox
nail olur. Qeyd etdik ki, Əli müəllimin
yaradıcılığı geniş, şaxəli və
polifonikdir. O, yaxından bələd olduğu,
yaşadığı həyat faktlarını qələmə
alır. Erməni vandallarına qarşı Azərbaycan
xalqının mübarizəsi onun da qələmindən yan
keçməyib. "Daş yağan
gün" və "Əmrahsız qalan dağlar"
romanları birbaşa bu mövzuya həsr olunub. "Əmrahsız qalan dağlar" romanı
yazıçının bitkin, hərtərəfli və
mükəmməl obraz yaratma sahəsində yeni bir uğurlu
addımıdır. Əmrahın
bütün parametrlərilə təqdimatı, onun
uşaqlıqdan, yeniyetməlikdən üzübəri
yüzbaşılıqdakı fəaliyyətinədək
işıqlandırılması şəxsiyyətin hərtərəfli
açılımına xidmət edir. Əmrah
yüzbaşı bir obraz və qəhrəman kimi hərtərəfli
işlənmişdir. O, həyat hadisələrinin
fonunda, apardığı mübarizənin
işığında fenomenal insan kimi oxucuların yaddaşında
dərin iz qoyur, öz bitkin siması ilə ürəklərdə
yaşayır. Əmrah yüzbaşının
həyatı, mübarizəsi, ictimai-siyasi fəaliyyəti,
ermənilərə qarşı döyüşləri onu
dastan qəhrəmanı səviyyəsinə qaldırmağa
imkan verir, bir sıra xalq qəhrəmanları ilə eyniləşdirir.
O, nə üçün yaşadığını, nəyin
uğrunda mübarizə apardığını yaxşı
bilir. Onun üçün öz ömründən,
şəxsi həyatından daha üstün, daha qiymətli
bir amal, bir məqsəd var - xalq yolunda mübarizə, el qeyrəti,
Vətən, torpaq məhəbbəti. O, ömrü boyu
bu amal uğrunda vuruşur və bu yolda da həlak olur.
Əsərdə Əmrah obrazının
açılımına xidmət edən surətlərə
də geniş yer verilib. Xosrov bəy, Sultan bəy, Nəzər Heydərov, Balaca
bəy, Mövlamverdi və s. Son döyüşdə
Əmrahı ağır yaralı vəziyyətdə atıb
qaçan Balaca bəy də, Əmrahı yaralı halda
tapıb atın yükünü açıb-töküb onu
atın belinə qaldırıb döyüş meydanından
uzaqlaşdıran Mövlamverdi də müəllif tərəfindən
dolğunluqla təsvir edilib. Əks qütblərdə
dayanan bu adamların ikisi də azərbaycanlıdır. Əli müəllim həyat həqiqətlərini
belə paradoksal nümunələrlə yerli-yataqlı təqdim
edə bilir.
Əsərdə Əmrahın mərdliyi, dönməzliyi,
mübarizliyi, Vətən sevgisinin kökləri
araşdırılır. Bütün bu müsbət
cəhətlər nəsil-nəcabətdən, ata-babadan
süzülüb gəlir. Mərd, qeyrətli,
el təəssübü çəkən Məşədi
Allahverənin ailəsində böyüyüb boya-başa
çatan Əmrah bu şəcərənin nəcib cəhətlərini
yaşadır və inkişaf elətdirir. Bütün bu xarakterik cizgilər Əli müəllimin
yığcam, poetik ibarələrlə zəngin təhkiyəsilə
oxucuya çatdırılır. "Əli
İldırımoğlunun "Əmrahsız qalan
dağlar" romanı onun qəhrəman
axtarışında ən uğurlu əsəridir, desək,
qətiyyən yanılmarıq. O, bu əsərdə
qarşısına iki məqsəd qoyub: birincisi Cümhuriyyət
dövründə ermənilərə qarşı vuruşan
və xalqın igidlik simvoluna çevrilən bir insanın -
Əmrahın xarakterini, canlı obrazını yaratmaq. İkincisi isə erməniliyin mahiyyətini, ermənilərin
mənfi xislətini canlandırmaq.
Əmrah kimdir? Əli İldırımoğlu
atasından, Əmrahı tanıyanlardan eşitdiklərini bədii
təxəyyül süzgəcindən keçirərək bədii-publisistik
bir roman yaratmış və öz igidliyi, cəsurluğu ilə
təkcə yaşadığı kənddə deyil,
bütün Qarabağda və Laçın-Qubadlı bölgəsində
tanınan bir el qəhrəmanının obrazını
canlandırmışdır. Bu romanda
müəllif həm sənədlilik (olmuş əhvalatların
təsviri), həm də bədiilik prinsiplərinə əməl
etmişdir. Yəni bunlar vəhdətdədir, biri digərini
tamamlayır" (V.Yusifli: "Əli
İldırımoğlu: romanlar, qəhrəmanlar").
Həyati məqsəd, qarşıya qoyulan missiya, prinsiplər insanı daim daxilən oyadır, ayıq vəziyyətdə saxlayır, ictimai-siyasi situasiyalara adekvat kökləyir. Əli İldırımoğlunun həyat və yaradıcılığı bu mənəvi-əxlaqi kanonlar üzərində binə tutub, cəmiyyətə və insanlığa daim ayıq bir nəzərlə köklənib. O, daim prinsiplərlə, əbədi məqsədlərlə yaşayıb. Onun həyatı zəhmət, əzab-əziyyət və işgüzar mənbələrdən su içib. Onun yaradıcılıq prosesi ilə tanış olanda, yazı-pozu dünyasına baş vuranda bunun bir daha şahidi olursan. O, əziyyətlə yazıb, zəhmət təri axıda-axıda yaradıb. Bir cümlə ərsəyə gətirmək üçün beş cümlə qaralayıb. Nəhayət, bir mükəmməl, dolğun cümlə üzərində dayanıb. Bu, onun yaradıcılığa, ədəbiyyata, qələmə aldığı həyat hadisələrinə, dilə, cümləyə məsuliyyət hissindən doğurdu. O, yazdığı kimi pozmağı da bacarırdı. Deyilənlərə görə Lev Tolstoy "Hərb və sülh" əsərinin üzünü səkkiz dəfə köçürmüş və hər dəfə də yeni redaktə etmiş, yeni səhnələr hasilə gətirmiş, hətta yeni qəhrəmanlar yaratmış, mövcud obrazların daxili aləmini, mənəvi dünyasını mükəmməlləşdirmişdir. Bu, ədəbiyyat qarşısında böyük borc və prinsipdir. Əli İldırımoğlu da ədəbiyyata, yaradıcılığa belə zəhmətkeş münasibət sərgiləmiş, belə prinsipial mövqe nümayiş elətdirmişdir. Bu, öz-özlüyündə yazıçı əməyinə sonsuz hörmətin nümunəsidir.
Onun bədii əsərləri də pozulmaz, sarsılmaz prinsiplər üzərində bərqərar olmuşdur. Ən başlıca prinsiplər Vətənə, torpağa, elə, obaya, sevdiyi, uğrunda vuruşduğu ailəsinə bağlılıq, böyüyə, ağsaqqala, ağbirçəyə hörmət, dilə, xalq deyimlərinə həssas məhəbbət sərgiləməkdir. "Əli müəllimin ömrü də başqa ömürlərdən tamam fərqli bir ömürdü - qubarlı, ağlı-qaralı, sevincli-qəhərli, uğurlu-uğursuz, amma daim həyat eşqilə yaşayıb-yaradan, mənsub olduğu millətin adını, şərəfini uca tutan bir ömür - bu ömrü kökü torpağa, onun dərinliklərinə işləyən palıd ağacına bənzətmək olar" (V.Yusifli).
"Əmrahsız qalan dağlar" romanının qəhrəmanı Əmrah yüzbaşı erməni gülləsindən ağır yaralanıb ölüm yatağında olduğu vaxt öz nakəs soydaşlarından sayğısızlıq görərək kövrəlir və aşağıdakı bayatını söyləyir:
Dağlara qar qalandı,
Qar yağdı, qar qalandı.
Qarğalar
laçın oldu,
Laçınlar qarğalandı.
Əslində, bu mövzu Əli
İldırımoğlunu həmişə
düşündürmüş, bəzən də əndişələrə
salmışdır. Axı gözü qabağında
neçə-neçə qarğalar
laçınlaşmışdı, laçınlar gözdən
salınıb ictimai həyat səhnəsindən
silinmişdi. Bəlkə də buna görə
onun müqəddəs ruhu bu gün də narahatdır.
Amma narahat olma, Ata! Sən həmişə
laçın olub uca dağlar başında cövlan edibsən,
bu gün də həmin ucalıqdasan. Yazdığın
cild-cild əsərlərin sətirləri arasında,
canın qədər sevdiyin xalqın qəlbində, sevgisində
yenə də həmin ucalıqda yaşayırsan, həmin
laçın ömrünü davam etdirirsən.
Yusif
İLDIRIMZADƏ
Hüquq
elmləri üzrə fəlsəfə doktoru
525-ci qəzet.-
2021.- 27 noyabr.- S.16;17.