"Cümlə qurmaq
Dövlət qurmaq qədər çətindir"
Dünən
Azərbaycan Mətbuat Şurasının (MŞ) və Azərbaycan
Yazıçılar Birliyinin birgə təşəbbüsü
ilə "Azərbaycan dilindən düzgün istifadə: ədəbi-bədii
mühit və media" mövzusunda toplantı keçirilib.
Tədbiri
giriş sözü ilə açan MŞ sədri Əflatun
Amaşov bildirib ki, dil hər bir xalqın mövcudiyyət
göstəricisidir və ona ehtiram yalnız mənəvi məsələ
deyil, eyni zamanda məcburiyyətdir: "Azərbaycan dilinin
saflığının qorunmasına, onun yad təsirlərdən
qorunmasına hər zaman həssas yanaşılıb. Hələ ötən əsrin 50-ci illərindən
məsələ ziyalıları düşündürüb,
onlar mübarizə apararaq ana dilinə hüquqi status verilməsinə
nail olublar". Ə.Amaşov bu baxımdan Azərbaycanın
1978-ci il konstitusiyasına diqqət çəkib.
MŞ sədri müstəqillik illərində ölkəmizdə
həyata keçirilmiş dil siyasətindən də söz
açıb.
O, ayrı-ayrı fərman və sərəncamlarda, dövlət
proqramlarında məsələyə kifayət qədər həssas
yanaşıldığını vurğulayıb. Şura sədri
rəhbərlik etdiyi qurumun yazılı mediada
apardığı monitorinqlərə də diqqət çəkərək
bildirib ki, MŞ qəzetlərdə və internet informasiya
resurslarında ədəbi dilin norma və
prinsiplərinin pozulması hallarını
qruplaşdırıb, bununla bağlı tədbirlər təşkil
edərək yol verilmiş nöqsanları kütləvi
informasiya vasitələri rəhbərlərinin nəzərinə
çatdırıb:
"Ancaq demək olmaz ki, bu sahədə problem azdır,
əksinə, belə problemlər kfayət qədər
çoxdur. Bu gün burada hamımızın sevimlisi, dəyərli
ziyalımız, yazıçı-publisist Seyran Səxavət
özünün müşahidələrini təqdim edəcək.
Seyran müəllim əsasən də
telekanallardakı dil pozuntularından söz açacaq. Amma biz bilirik ki, problemlər ümumilikdə media ilə
əlaqəlidir. Yəni telekanallardakı
problemlər elə digər media vasitələri
üçün də xarakterikdir".
AYB-nin sədr
müavini, MŞ İdarə Heyətinin üzvü,
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid
bildirib ki, yazıçı-publisist Seyran Səxavət ortaya
kifayət qədər məhsuldar iş qoyub, dil
pozuntularına olduqca həssas yanaşıb. R.Məcid
eyni zamanda onu da bildirib ki, Azərbaycan media məkanında dil
səlistliyinin olmasının bütövlükdə cəmiyyətin
ana dilindən düzgün istifadə vərdişlərinə
yiyələnməsi baxımından böyük əhəmiyyəti
var.
Yazıçı-publisist S.Səxavət
çıxışında tele məkanda apardığı
müşahidələr əsasında aşkara çıxardığı
dil pozuntuları barədə geniş məruzə edib. Problemləri
konkret faktlarla sadalayan tanınmış yazıçı
eyni xoşagəlməz halların demək olar, bütün
telekanallar üçün səciyyəviliyini
vurğulayıb.
Dövlət
Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru,
professor Sevinc Əliyeva bildirib ki, Azərbaycan dili özü
sabitliyini qoruyur, ancaq dilin ifadə formalarında fərqliliklərə
rast gəlinməkdədir. Bu isə kifayət qədər
düşündürücüdür. S.Məmmədova
Azərbaycan dövlətinin həyata keçirdiyi dil siyasətinin
müxtəlif tərəflərindən söz açıb.
O bildirib ki, qəbul edilmiş fərman və sərəncamlar
mövcud sahədəki tənzimləmələr
üçün hüquqi baza rolunu oynamaqdadır. O, Dövlət
Dil Komissiyasının bu istiqamətdə ardıcıl iş
apardığını vurğulayıb. Yalnız TV-lərdəki
monitorinqin nəticəsində bu il
dörd mindən çox nöqsan tapılıb. S.Məmmədova mənfi halların aradan
qaldırılması üçün inzibati metodların tətbiqinin
vaxtının çatdığını bildirib. Fikrini onunla əsaslandırıb ki, edilmiş xəbərdarlıqlar
çox zaman lazımi nəticəni vermir.
Azərbaycan Mətbuat Şurasının ədəbi
dilin pozulması hallarının müəyyənləşdirilməsi
üçün yaratdığı monitorinq qrupunun
üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan
dili və onun tədrisi texnologiyası kafedrasının
baş müəllimi Bəhram Məmmədov MŞ-nin
müxtəlif illərdə apardığı monitorinqlərin
nəticələrindən söz açıb. O bildirib ki, mediada əsasən
üslub pozuntularına yol verilir. Elə təəssürat
formalaşır ki, hansısa mətni yazan şəxsin
ümumiyyətlə adi savadı da yoxdur.
Daha sonra
MŞ İdarə Heyətinin üzvləri - "Bakı xəbər"
qəzetinin baş redaktoru Aydın Quliyev, Azər Həsrət,
"Bizim yol qəzetinin baş redaktoru Bahəddin Həziyev,
şair Zakir Fəxri, tanınmış jurnalistlər -
Bakı Media Mərkəzinin əməkdaşı Müsəllim
Həsənov, İmran Bədirxanlı, Etibar Cəbrayıloğlu,
yazıçı-publisist Akif Cabbarlı, "Xalq qəzeti"nin
baş redaktor müavini Tahir Aydınoğlu, "Yeni Azərbaycan"
qəzetinin ədəbiyyat şöbəsinin redaktoru
Gülüş Xəlilova, "Teleqraf.com" saytının
redaktoru Qurban Yaquboğlu, "Azərbaycan müəllimi"
qəzetinin baş redaktoru Sarvan Bəhluloğlu, Azərbaycan
Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri
Xəyal Rza və başqaları
çıxışlarında müzakirə olunan mövzunun
əhəmiyyətinə toxunaraq bildiriblər ki, Azərbaycan
ədəbi dilinin qorunması sahəsində həyata
keçirilməkdə olan dövlət siyasətinə dəstək
göstərilməli, mövcud istiqamətdə ictimai
qınaq və məzəmmət tədbirləri
artırılmalıdır. Ən əsası
isə konkret nəticələrə gəlinməsi
üçün müəyyən inzibati üsulların tətbiqinə
də ehtiyac var.
***
"525"dən:
Tanınmış yazıçı Seyran Səxavətin
toplantıdakı çıxışını bəzi
ixtisarlarla oxuculara təqdim edirik.
Nala-mıxa vurmadan birbaşa mətləbə keçək. Dilin ən qaynar yerindən,
kəndlinin televiziyaya verdiyi kiçik müsahibədən:
- Telefonuma
zəng daxil oldu, telefonumu açdım, telefonumda mənim nəzərimə
çatdırdılar ki, anam avtomobil qəzasında
iştirak eləyib. Mən qəzada anamın iştirak etdiyi
yerə tələsdim, orda anama baxış keçirdim,
anamın üzərində təcili yardım həyata
keçirdəndən sonra o, dirçəlməyə
doğru getdi...
Bu, Azərbaycan kəndinin dili deyil və Azərbaycan kəndinin
dili deyilsə, deməli, Azərbaycan dili də deyil. Bəs onda nədi?
Bu, Azərbaycan televiziya məkanının dilidi - evlərimizin
ən üzlü qonağı olan televiziyanın.
Qəzaya
düşmüş anası haqqında müsahibə verən
bu kəndli kişi kameranı görəndə kim
olduğunu, harda doğulduğunu, hal-hazırda harda
yaşadığını tam unudur, televiziya dilində,
sığallı-tumarlı, ənlik-kirşanlı, təngnəfəs, yarımcan
cümlələrlə danışmağa başlayır, o
da bizim televiziya məkanı kimi mədəni, təmtəraqlı
görünmək istəyir.
Kənddən
başqa bir müsahibə:
-
Durduğum yerdə maşınımın arxa nahiyəsindən
həmlə edərək maşınımın arxa nahiyəsini
əzdi, mən də maddi ziyana düşdüm,
maşınımın orası da maddi ziyana
düşdü...
Şərhsiz...
Uzun
sözün qısası: Ölkəmizdə fəaliyyət
göstərən televiziyaların "qayğısı və
diqqəti" sayəsində Azərbaycan dili elə bir vəziyyətə
gəlib çatıb ki, bu dildə ara vermədən iki saat danışarsan və
heç nə deməyə bilərsən - bu, əsl dəhşətdir:
danışırsan, danışırsan və heç nə
demirsən - söz yığnağı. İkinci
Dünya müharibəsində konslagerlərdə insanlar
üzərində aparılan amansız təcrübələri
xatırlamalı oldum. Yumşaq desək, televiziya
kanalları Azərbaycan dilinin varlığında
görünməmiş "cərrahiyyə əməliyyatları"
aparmaqla onu zəiflədir, nəticədə dilin
"astması" diaqnozu ilə üzbəüz
qalırıq.
Dünyanın hər yerində dilin yaradanı,
cilalayanı, inkişaf etdirib qoruyanı xalqdı - əgər
xalq öz dilini, dərinə getsək, özünü unudub
televiziya dilində danışmağa başladısa, bu,
başlanğıc deyil, sondur.
Şifahi
xalq ədəbiyyatı ilə azdan-çoxdan
qaynayıb-qarışmış biri kimi deyə bilərəm
ki, adamları göyün yeddi qatına qaldıran
alqışlar olduğu kimi, insanların yeddi qatından
keçən qarğışlar da var. Ah-nalənin
müşayiətilə kitablardan oxuduğum, eşitdiyim,
insanı bütün varlığıyla silkələyən,
silkələyəndə dəymişi dura-dura adamın
kalını tökən qarğışları sadalamaq
fikrim yoxdu. Ancaq onu deməliyəm ki, bu
qarğışların içində ən dəhşətlisi
ikicə kəlmədən ibarətdir:
- Dilin
qurusun!
Dilimizə
kim qarğış eləyib - bizə
ancaq ehtiraz eləmək qalır:
-
Ağzından çıxsın, qoynuna düşsün.
Ölkəmizdə müəllimləri, həkimləri,
hətta mollaları da attestasiyadan keçirirlər. Bəs
televiziya işçilərini niyə söz
azadlığı adı altında özbaşına
qoymuşuq? Ümumiyyətlə, Dövlət dilimizə
- ana dilimizlə bağlı münasibətdə
Ölünü də özbaşına qoymaq olmaz, yoxsa kəfəni
yırtıb çıxar və bir də görərik ki, bu
ölülər dünyanın hər yerindən boy verib
görünən, nəhəng Palıd ağacının - Azərbaycan
dilinin dibinə neft tökürlər ki, qurusun, bilərəkdən,
ya bilməyərəkdən - fərq etməz. Bizim kəndlərin
birində dalaşan iki nəfərin biri gecə ilə qonşunun
bağındakı ağacların dibinə neft töküb
onları qurutmuşdu.
Hər
yoldan ötəni gətirib ona ekran etibar eləyəndə, o
da özü kimi üzdəniraqları qonaq sifəti ilə
(təbii ki, hamıya aid deyil) dəvət edib Azərbaycan dili ilə
mazaqlaşacaqdı də. Onlar hardan bilsin ki, Cümlə
qurmaq Dövlət
qurmaq qədər çətindir.
Prezident
İlham Əliyev noyabrın 1-də Azərbaycan dilinin
qorunması və dövlət dilindən istifadənin daha da
təkmilləşdirilməsi ilə bağlı tədbirlər
haqqında fərman
imzalayıb. Yeri gəlmişkən, deyək ki,
belə sənədin imzalanması ilk deyil; yəqin ki,
axırıncı da olmayacaq. Dilimizin
saflığının ən yüksək səviyyədə dəstəklənməsi
sevindirir, ancaq gəlin görək bu sevinci ürək dolusu
yaşaya bilirikmi?
Bizim borcumuz bu gedişatın qarşısını
almaqdır.
Bu mənada, altmış ilə yaxın Azərbaycan diliylə
işləyən bir adam kimi, öz
narahatlığımı, istəyimi sizinlə bölüşmək
istəyirəm.
Birinci növbədə, Azərbaycan dilinin kövrək
ərazisinə diqqət yetirsək vəziyyətin ürəkaçan
olmadığını görəcəyik. Əgər siz də mən
baxan tərəfdən baxsanız, qarşınızda nəhəng
döyüş meydançasını xatırladan bir
görüntü açılacaq: mühasirədə qalan və
mühasirəyə alanlar.
Gəlin
hər şeyi öz adı ilə deyək: mühasirədə
qalan Azərbaycan dilidir. Mühasirəyə alanlar isə
aşağıdakılardır:
1.
Televiziyalar.
2.
Radiolar.
3. Saytlar.
4. Mətbuat.
Və bu
dördlüyün içində saysız-hesabsız
verilişlər, məqalələr, tərcümə
olunmuş filmlər, təzə çəkilmiş milli
seriallar, reklamlar, idman şərhçiləri,
hüquq-mühafizə orqanlarının dili, tibb
işçilərinin dili, bəzi yüksək çinli məmurlar,
xarici dillərdən gələn sözlər, Türkiyə
türkcəsindən gəlmələr, mahnı sözləri,
bəzi orta məktəb dərslikləri, son illər
çap olunmuş nağıl kitabları və s.
Və
yuxarıdakı dördlüyün içində
sadaladıqlarımın içində də saymaq istəmədiyim
saysız-hesabsız nüanslar...
Sözümün canı odur ki, bu mühasirəni yarmaq
çox çətin olacaq.
İndi isə Azərbaycan dilinin ağır vəziyyətdə
olduğuna sizləri inandırmaq üçün keçək
faktlara.
Aldı görək televiziyalarımız nə dedi:
-
Soyğunçuluğa imza atmış oğrular.
Belə çıxır ki, oğrular heç kəsə
məlum olmayan qanun-qayda ilə soyğunçuluq eləyəndən
sonra bu məsələni sənədləşdirir və
altına da imza atırlar ki, bəli, oğru bizik. Heç elə
də şey olar? Dünyanın heç
yerində görünməyən məntiqsizlik zirvəsi.
- Səhər
yeməyini həyata keçirmək...
Sözüm yoxdu.
-
Yanğınsöndürənlər alova müdaxilə etdilər.
Sözüm yoxdu.
-
Verilişimiz gözəl baş tutdu.
Ümumiyyətlə,
"baş tutdu" sözündən birdəfəlik imtina
etmək lazımdır, çünki bu söz birləşməsi
mini təxribatdır, dilimiz bunsuz da yaşıya bilər.
- Güllələrə
məruz qalerıx.
Bunu da televiziya dilində danışmaq istəyən
xalq deyir.
- Messi rəqiblə
toqquşub yerə yıxıldı.
Mən bu yaşa gəlmişəm, kiminsə göyə
yıxılmağını eşitməmişəm.
-
Havanın hərarəti (istiliyi) müsbət (isti) otuz iki dərəcə
isti təşkil edəcək.
- Külək
topun hərəkətlənməsinə səbəb olur.
- Tualet təmizləməkdə
güclü mütəxəssis (təmizləyici toz nəzərdə
tutulur).
- Jüri
finalının biletləri satılacaq.
Jüri
finalı nə deməkdi, axı?..
- Sahibsiz
it məktəbdən gələn uşağı dişlədi.
İt dişləmir, tutur.
- Həyətində
işləyən altmış yaşlı qadını ilan
sancdı.
İlan ağcaqanad deyil ki, sancsın - ilan vurur.
-
Camaatı təxliyyə etdilər.
Köçürdülər.
- Əmək tutumu işlər. (?)
-
Görüşün referesi serbiyalı hakim.
Refere -
hakim, ikisi də bir sözdü.
- Marallar
çox tez hamilə olur.
Hamilə qadınlar olur, heyvanlar boğaz olur.
-
Axtarışı həyata keçirirlər.
Televiziya məkanında "həyata keçirmək"
sözünün bəxti açılmaq bilmir ki, bilmir.
-
Çoxlu izdiham gördük.
İzdiham
elə çoxluq deməkdi (adam
çoxluğu), əgər belədirsə, "çoxlu
izdiham" nə deməkdi, hansı dildədi.
-
Qapımızdan gətirdiyimiz toyuğu, hinduşqanı ucuz
qiymətə xalqa təqdim edirik.
Bu nə təqdimat mərasimidi axı? Yuxarıdakı sözləri
kənddən yarmarkaya gəlmiş adam
deyir.
-
Balıq dadmayan balıq yağı.(?)
-
Üstdad kolbasaları...
Üst, orta və alt dad olmur - dad olur, ya da olmur.
-
Yaxşı, bərpa olub qurtardın?
Bir kinofilmdən - demək istəyir ki, özünə
gəldin?
- Topu
(futbol) başla tora yerləşdirdi. (?)
- Hərarət
(istilik) doqquz dərəcə şaxta olacaq. (?)
- Evakuator
maşını cərimə meydançasına
daşıdı.
Daşıdı yox, apardı. Daşımaq başqa
şeydi.
- Hava
şəraiti yağmursuz keçəcək.
Hava yağmursuz olacaq.
- Ukraynada
əkiz öküzlər dünyaya gəldi.
İnəklər öküz doğa bilməz axı,
buzov doğar.
- Duş
qəbul eləyin.
Duşun, yaxud suyun altına girin. Duş
yüksək çinli dövlət məmuru deyil ki, onu qəbul
edək.
- Ən
çox qanunpozuntusunu pozan televiziya...
Nə deməkdi. Adamın yadına "Tarix Nadir"
kitabı düşür.
- Göbələk
toplamalıyam...
Göbələyi yığarlar, adamları bir yerə
toplayarlar.
- Eynəyi
geyin.
Paltarı geyinərlər, eynəyi isə taxarlar.
- Lui Vanqal jurnalistlərin üzr istəmələrini
istəmişdi.
"İstəmək"
sözünə elə yazığım gəldi ki...
- 183
ölkənin xarici vətəndaşları.
Nə deməkdi?
- Bizə
nahar ver.
"Yemək ver" sözünü qoyub heç vaxt
"bizə nahar ver" demirlər.
- Eskalator
çalışır.
Çalışmır, işləyir,
"çalışmaq" adama aiddi.
- Bizə
öz əlində silah tutmağı bacaran...
"Əli silah tutan" demək istəyir.
- İndi həmin qolu izləyəcəyik.
"İzləmək" uzun prosesdi, indiki halda
"görəcəyik" olmalıdı.
- Hər
bütün bir idman növünü göstərirsiniz. (?)
Bir idmançının televiziya
çıxışından.
- Hər
sezonda 100-150 nəfər uşaqlar. (?)
- Diz ayaqda ən incə, ən zərif yerdir. (?)
- Vitali Kryuçkaya şillə endirdi. (?)
- Top
qapıya daxil oldu.
Qoool...
- Rəqib
oyunçunun komanda yoldaşına ötürdüyü topu
qarşılaya bilmədi.
Adamı qarşılayarlar, topu alarlar.
- Messi
topu ələ keçirdi.
Bu, voleybol deyil, futboldu. Ona görə də
Messi topu ələ keçirmədi, aldı. Hörmətli
futbol şərhçisi, sən: "Messi topu ayağına
keçirdi" də deyə bilərsən.
- Komandaların görüşməsi baş verdi. (?)
- Rəqib
qapısına vurulan toplarda Ronaldo böyük pay sahibidi.
"Pay"
başqa şeydi.
-
Qapıçı topu tutmaq üçün uzandı.
Nə təhər məsləhətdi.
-
Yaşadığı haqda arayış gətirməlidi.
Söhbət harda qeydiyyatda olmaqdan getmir; sadəcə
arayış gətirirsən ki, al bax, mən yaşayıram,
sağam.
- Köhnə
təyyarələr təqaüdə göndərilməlidir.
(?)
- Digər informasiyalar nəqliyyat nazirliyinin qabağına nəzər yetirdik. (?)
- Hücumçu topu ram etdi. (?)
- Lakin bəzi bölgələrdə havanın yağmurlu keçəcəyi burda da gözlənilir. (?)
- Vəhşi öküzü ram etmək kimə qismət olacaq.
Topu da ram eləyirik, vəhşi öküzü də. Doğrudanmı vəhşi öküzlə futbol topu arasında heç bir fərq yoxdu.
- Bu məsələ bu gün həll olmasa, qalacaq balalara. Bu torpaq bizim olub mənasız savaşlardan qabaq.
Vətənpərvərlik haqqında dinlədiyim mahnının sözlərinə fikir verin:
- İcazə versəydiniz özümü sizin gücə etibar etmək istəyirəm.
Səkkiz sözün əvəzinə dörd söz: sizə arxayın olmaq istəyirəm.
- Bu inəklər
Hindistanda onların allahlarından biri hesab olunur. (?)
- Vəhşi
öküz zənciri açıb getdi.
Vəhşi öküz zənciri qıra bilər,
aça bilməz, çünki açmaq üçün əl
lazımdı, öküzlərin əli olmur.
-
Üç xal məsafəsini saxlaya bilmir.
Azərbaycanca deyil.
- Şaşkova (voleybol) topu oyuna daxil edir. (?)
- Voleybol
salonunda azərkeşlər özlərinə yer tapmırlar,
atılıb düşürlər.
Nə deməkdi?
- Bizə
zəng edən zəng müəlliflərinin, zəng sahiblərinin
adlarını çəkməyin məqamı yetmişdi.
Kasıblığın, dayazlığın, mənasızlığın
dərəcəsinə fikir verdinizmi?
- Məşqçi
dəyişikliyi baş verib. (?)
- Tərəfimizdən
cinayət işi açılmışdır.
Cinayət işi açılmışdır.
-
Öküzü tutmağın yolunu düzgün təmin etməmişdilər.
(?)
-
Qaraçuxur gölü çərçivələrini
aşıb. (?)
- Soyuqla
mübarizə aparmaq üçün...
Soyuqla mübarizə aparmaq nə deməkdi? Mübarizə aparmaq
çox böyük anlamdı, axı...
-
Sağlam və güclü saçlar... (?)
- İsti geyim əşyaları. (?)
- Minlərlə
baş mal-qara tələf olub. (?)
-
Aralı qulaqlar.
Nə deyək?
-
Xocalı soyqırımı məsələsini gündəmə
gətirmək məsələsi. (?)
-
Bir-birimizi səfər etmək. (?)
-
Ağappaq qar örtüyü ilə örtülüb. (?)
- Xəzərin Mahaçqaladan keçən hissəsi
donub.
Xəzər çay deyil ki, Mahaçqaladan keçsin.
-
Komandaların səviyyəsi yüksək səviyyədədir.
Komandaların səviyyəsi yüksəkdir.
-
Komandanın qələbəsini rəsmiləşdirdi.
Bütün
qələbələr rəsmidir də, qeyri-rəsmi qələbə
olmur ki...
- Məsələyə
münasibət bildirən Abdulla Gül bildirib ki... (?)
- Dəniz
suları buz içindədi.
Xeyr, buz dəniz suyunun içindədi.
- Onun
keçid yolunu keçən ikinci bir adam
yoxdu. (?)
- İlin sonunda nəzərdə tutulması gözlənilir. (?)
- Komandanın ən iri qələbəsi. (?)
- Bataqlıqlar qəribə səslərlə doludur (Vatson) (?)
- Mən bir çox uğurlara imza atmışam. (?)
"Ətləri (əti) basdırma eləmisiniz?", "Apteki fəaliyyətə salacaqlar", "Şəxsi münasibətlər zəminində", "Elə bir mahnılar", "İşıqların yanması həllini tapacaq", "Liftin işləməsini həyata keçirəcəyik", "Adamlarda məlumatlılıq yoxdu", "Presedent olmayan çap hadisəsi baş vermişdi", "Kəpəyə qarşı çempion" ... və ilaxır və sair.
Bu cür misalların sayını nə qədər desən, uzatmaq olar, nəticədə çox uzuuun bir yol alınar - lap elə burdan Şuşaya qədər...
Bütün bunlar hələ mənim 2011-ci ildə televiziyadan bir ay, ay yarım müddətində ara-sıra götürdüyüm qeydlərdi. Özünüz hesabınızı götürün də... Orasını da deyim ki, dilimizi güvə kimi yeyən bu cür faktların, hansı ayın neçəsində, hansı televiziyanın hansı verilişində, saat neçədə və kim tərəfindən efirə getməsi də məlumdur. Dilimizin xətrinə zərurət yaransa, onu da açıqlaya bilərik. Həmin il fevral ayının 20-də telekanallardan birində göstərilən "Şerlok Xolms" filmindən bir cümlənin tərcüməsinə fikir verin: Görəsən, bu şəraitdə sualtı qayıq tikmək olarmı?
Yaxud fevralın 21-də idman kanallarından birində “Saraqosa - "Real Betis" futbol komandalarının görüşündə şərhçi deyir: "Bu hücum öz inkişafını tapa bilmədi". Cümlədə altı söz işlənib, halbuki ordakı fikri iki sözlə də ifadə etmək olar: hücum alınmadı. Demək istəyirəm ki, cümləni yerli-yersiz sözlərlə həddindən artıq ağırlaşdırmaq, yükləmək olmaz. Elektrik naqillərini həddindən artıq yükləyəndə qısa qapanma yaranır. Cümlə də dilin naqilidi, onu da həddindən artıq yükləyəndə qısaqapanma yaranır - Dilin qısa qapanması. Və bütün fəsadlar da bundan sonra boy verir - necə deyərlər, süni mayalanma yolu ilə eybəcər, şikəst, müstər və xəstə cümlələrin döl kompaniyası dilimizin ərazisində hökmranlıq eləyir. Mənim fikrimcə, cümlələrin belə dağıdıcı döl kompaniyasının Baş Qərargahı Azərbaycan televiziya məkanıdır. Ən azı ona görə ki, yuxarıda sadaladığımız saysız-hesabsız faktların hamısı yalnız televiziya məkanından götürülüb və radiolardan, saytlardan, yazılı mətbuatdan götürdüyümüz faktları bu yazıya əlavə etməmişik.
Bu cür vəziyyətdə dil doğub-törəməz olur. Doğub-törəməz Dil isə sonsuz qadınlar kimidir, nəsil yavaş-yavaş itir. İnsanın nəsli itdiyi kimi, belə demək mümkündürsə, Dilin də nəsli itir. Çünki Dil insan deməkdir. Çünki İnsan Dil deməkdir. Dildəki bütün xüsusiyyətlər İnsanda, İnsandakı bütün xüsusiyyətlər dildədir.
Dili qorumağın ən real yolu onu korlamamaqdır. Əgər korlamasaq, Dilin özünü qorumaq instinktdi - cəhdi daha da güclənər və gəlib bu vəziyyətə düşməz.
Azərbaycan dilini çox zəif bilən, ingilis dilində bülbül kimi cəh-cəh vuran adam ən yaxşı halda yarımingilis və dörddə bir azərbaycanlıdır. Bu, həm də demoqrafik məsələdir. Çünki sən mənən azərbaycanlı olmasan da, sənəddə bizlərdən biri kimi sayılırsan. Ona görə də hələ 1988-ci ildə Az. TV-dəki "Üzbəüz" verilişində demişdim ki, "öz dilini bilməyən azərbaycanlını mən emiqrant hesab edirəm". Belə "emiqrant" çoxluğuna qətiyyən yol vermək olmaz, yoxsa doğma dilimiz kəkələyər, pəltək olar. Xəstə dildə sağlam düşüncə olmur. Sağlam düşüncəli şəxs təpədən-dırnağa silahlanmış adam kimidir - aralıdan görüntüsü bəs eləyir...
İmkan daxilində Azərbaycan dilinin - Dövlət dilimizin ərazisində baş verənlərlə tanış olduq. Vəziyyətin son dərəcə ciddi olduğunu bir daha anladım. Mənə elə gəldi ki, doğma dilimizin heç zaman bugünkü kimi təcili yardıma ehtiyacı olmayıb - rus imperiyasının tərkibində olanda da. Əgər təcili tədbirlər görüb konkret addımlar atılmasa, Ana Dilimiz komaya düşə bilər. Məşhur bir deyim var: Öz ordusunu yedirtməyən xalq başqasının ordusunu yedirdər. Bu məntiqdən çıxış edərək: Öz dilini qorumayan xalq, başqasının dilində danışmalı olacaq.
Uzun illərdi ki, sözləri tumarlaya-tumarlaya təmtaraqla danışırıq, nəticədə dilimizin şirinliyi - şirəsi çəkilir və ilanı yuvasından çıxartmağa qadir olan möhtəşəm Azərbaycan dili əncir qurusuna oxşayır. Mənim aləmimdə televiziyada Azərbaycan dili adı ilə dinləyicilərə sırınan cümlələr, cümlələrin içindəki sözlər çox əzilib-büzülür.
Dilin
namusu elin namusudur - O, toxunulmazdır!
Bu, deputat
toxunulmazlığına bənzəməz - Dilin namusuna
toxunmaq, Torpağın namusuna toxunmaq kimi qəbul
olunmalıdır!
Əks
halda Konstitusiyadakı məlum və məşhur maddəni dəyişib
belə yazmalı olacağıq:
- Azərbaycan Respublikasının Dövlət dili Azərbaycan
televiziya məkanın dilidir.
Azərbaycan
dilinin korlanmasında əsas səbəbkarın Azərbaycan
Televiziya Məkanı olduğunu nəzərə alaraq təklif
edirəm:
1.
Dilçilərdən və söz adamlarından
yaradılmış qrup, televiziyada gedən verilişlərin
dili barədə növbətçilik etsinlər.
2. Dillə
bağlı nöqsanları televiziya rəhbərinin nəzərinə
çatdırsınlar.
3. Dillə bağlı nöqsanlar təkrar olduqda televiziya rəmzi məbləğlə cərimə olunsun (100 manat).
4. Dillə bağlı nöqsanlar yenə təkrar olduqda həmin televiziya 100 min manat (yüz min manat) cərimə olunsun.
5. Bu da kömək eləməsə, həmin televiziyanın lisenziya məsələsinə yenidən baxılsın və lazım gələrsə, fəaliyyəti dayandırılsın.
Yoxsa Azərbaycan dili öz fəaliyyətini dayandıracaq.
Seçim özümüzündü.
P.S. Bu təklifi radiolara, saytlara və yazılı mətbuata da tətbiq etmək olar.
22-23 noyabr 2018-ci il
- Seyran Səxavət
525-ci qəzet.-
2021.- 27 noyabr.- S.14-15.