"Yaradıcılıq
"xəstəliyi"nin dərmanı çətin
tapılar"
Tanınmış
teatrşünas, professor İlham Rəhimli ilə
ayaqüstü söhbət
- İlham müəllim, həm mediada çalışmaq, həm
də ADMİU-da dərs demək, eyni zamanda, Teleradio
Akademiyasında müəllim
olaraq fəaliyyət göstərmək və bunlarla paralel bu qədər kitablara müəlliflik etmək çətin deyilmi?
- Bu işlərin hamısının
məram və məqsədi eynidir. Sadəcə
başqa-başqa formada
təcəssüm tapır.
Yəqin
ona görə də çətinlik duymuram. Sadəcə bəzən vaxt
darlığından şikayətlənməli
oluram.
- Sizcə, teatr, yoxsa televiziya?..
- Teatra marağım Mirzəağa Əliyev adına Azərbaycan
Dövlət Teatr İnsitutuna daxil olub ilk dərsə getdiyim gündən başlayıb. Tələbə ola-ola 1969-cu ildə
Azərbaycan Televiziyasının
quruluş sexində fəhlə işləmişəm.
Efirə
ilk dəfə 1971-ci ildə,
V kursda oxuyanda "Televiziya klubu" verilişində çıxmışam.
Xırda
çıxışlarımı nəzərə almasaq,
ilk aparıcılığım
1974-cü ildə "Ekran,
kino, yeniliklər"
verilişi ilə olub. Canlı veriliş idi.
2007-ci ilə kimi başqa işlərdə çalışsam
da, televiziyada "Yeni tamaşalar", "Aktyorlar və rollar", "Bir ünvan, milyon mənzil" və başqa verilişlərim
olub. Elmi yaradıcılığım isə sırf teatrla bağlıdır.
Soruşursunuz ki, hansını daha çox sevirəm... Televiziyada çalışmağı,
veriliş aparmağı
çox şirin süfrə üzümünü
dadmağa bənzədirdim:
ləzzətli, dadlı
və zəngin vitaminli təbiət incisi. Teatr isə üzümdən
hazırlanmış faydalı
şərabdır. İnsanın duyğularını, hisslərini
oxşayır, onu yaradıcılıq eşqinin
simalarında məst edir, ruhunu oxşayıb,
yazmağa səsləyir.
- Müsahibələrinizin birində
milyonçuların heç
vaxt teatr sevgisi olmadığını
vurğulamışdınız, bu, nədən irəli gəlir?
- Amalı pul qazanmaq olanların, hərisliklə sərvət
yığanların maraq
dairəsi ayrı istəklərə köklənir
və teatr heç yadlarına da düşmür. XX əsrin ilk 20 ilində
də belə olub, indiki varlıların
da amalları belədir. Onların əksəriyyəti bəlkə də heç Bakıdakı teatrlarda olmayıblar.
Olanda da tamaşaya baxmaq üçün deyil, rəsmi tədbirlərə qatılmaq
üçün gəliblər.
- Amma Zeynalabdin Tağıyev, Azərbaycanda
ilk dəfə olaraq,
XX əsrin sonlarında
Bakıda teatr binası tikdirib...
- Elədir, ancaq teatr binası heç vaxt Azərbaycan türk truppasının ixtiyarında
olmayıb. "Tağıyev teatrı",
"Şəhər teatrı"
adlanan həmin bina icarədar A.Polonskinin və sonra da Anton Kruçinin sərəncamında
idi. Həmin əcnəbilərin rəhbərlik etdikləri
truppa həftənin altı günü o səhnədə tamaşa
oynayıb. İstirahət günlərində isə
binanı "Müsəlman
artistləri dəstəsi",
"Nicat", "Səfa"
adları ilə fəaliyyət göstərən
truppalara baha qiymətə icarəyə
veriblər. İcarə haqqı
baha olduğuna görə milli teatr fədailəri Tağıyev teatrından
müntəzəm istifadə
edə bilməyiblər.
Tamaşalarını "Dənizçilər
klubu", "İnsanpərvərlər
klubu", "Cəmiyyət
zalı", "Köhnə
duma" binası (ona "Haşımovun evi" də deyilirdi), Kələntərov
salonu, Lalayev pasajının "Qran-vio"
zalı, "Mikado" teatrı
və başqa bu kimi binalarda
oynayıblar. Həmin bina
ciddi yanğından sonra əsaslı təmir olunaraq Azərbaycan Dövlət
Dram Teatrına 1922-ci ildə
verilib.
- İncəsənət aləminə təsadüfi
yolla gəlib sənətə sonradan sevgi yarana bilər,
yoxsa doğulandan yaranmalıdır?
- Hər ikisi mümkündür. Bu seçim
hərədə bir cür ola
bilər. Əsas odur ki, həmin sevgi, həmin vurğunluq, həmin heyranlıq duyğuları sənətə
gələn gəncin
qəlbində qaynayıb
coşsun. Mən
özümün oxuduğum
ali məktəbə
və həm də teatr sənətinə
təsadüf nəticəsində
gəlmişəm.
- Vikipediyada oxumuşam ki, 100-cü kitabınız
çapdan çıxıb.
Onlar müxtəlif mözvu və janrlardadır: tədqiqatlar
da var, monoqrafiyalar
da, dərsliklər də var, özünü
araşdırmalar da...
Bu kitabların hansı sizin üçün daha doğma və əzizdir?
- Yəqin ki, hamısı. Ancaq 3 cildlik teatr ensiklopediyası,
5 cildlik Azərbaycan teatr tarixi, 3 cildlik Akademik Milli Dram Teatrı, 500-dən
çox portret-oçerk
toplanmış 3 cildlik
"Sənət fədailəri"
kitablarını ilk növbədə
qeyd edərdim. Monoqrafiyalarım 20-dən çoxdur. Ancaq Mehdi Məmmədov,
Həsən Turabov,
Barat Şəkinskaya, Abbasmirzə
Şərifzadə, Mərziyə
Davudova, Nəsibə Zeynalova, Yaşar Nuriyev, Vaqif İbrahimoğlu, Amaliya Pənahova barədə olan kitablarım daha ürəyimcədir.
- Hazırda yeni kitab üzərində işləyirsinizmi?
- Ata Cahangir Zeynalov, övlad Nəsibə Zeynalova və nəvə Cahangir Novruzov barədə yeni bir kitab
işləyirəm... İnşallah
sponsor tapılsa, kitab
gələn il
işıq üzü
görər...
- İlham Rəhimlinin
daimi mütaliəsi sənətə aşiqliyindən,
yoxsa məsuliyyətli
olmağından irəli
gəlir?
- Mütaliə məsuliyyət
deyil, mənəvi tələbatdır, ruhi qidadır. Onun isə oyanması
çox müxtəlif
hallarda ovqatlarda mümkündür. Əsas odur
ki, həmin hiss insanın qəlbində əbədi qala bilsin.
- Ən böyük
arzunuzu bilmək olar?
- Mənim nəzərimdə
arzuların böyüyü,
kiçiyi olmur. Reallaşanı, həyata keçəni
və arzu olaraq adamın daxilində qalıb onu göyüm-göyüm
göynədəni var.
- Yaradıcı insanın ruhu bir az başqa olur deyirlər, ruhunuzdan danışaq.
- Ruh hansısa əşya deyil ki, onu ya
reallıqla, ya poetik vüsətlə təsvir edəsən. Mənim anlamımda yaradıcı adam
özünün ruhunu
təsvir edə bilməz. Həmin ruhun təcəssümü
yaradıcı adamın
qəlbindən çıxan
məhsulun dəyər
və faydasında, elmi-nəzəri, bədii-estetik
təcəssümündə əks olunur.
- Azərbaycan teatrlarının
bu günü sizi qane edirmi?
- Tam şəkildə yox. Bu
"yox"un da həm iqtisadi,
həm inzibati, həm də yaradıcılığa aid səbəbləri
ilə bağlılığı
var. Ancaq "Azərbaycanda
teatr ölüb" deyənlərlə razı
deyiləm. Bu ifadəni işlədən
"Sarı mətbuat"ın,
"Bulvar mətbuatı"nın
yazarına sual verəndə ki, "Teatrda son dəfə nə vaxt olmusan?"
- çaşıb qalır. Əksəriyyəti
də deyir: "Teatr öldüyü üçün neçə
ildir ora getmirəm". Fəaliyyətdə olan hansısa
incəsənət obyekti
qətiyyən ölü
sayıla bilməz.
Zəif, primitiv, nöqsanlı cəhətləri
isə ola
bilər. Bu, təbiidir,
ancaq nöqsanlar, qüsurlar çoxdursa, bu barədə həyəcan təbili çalınmalıdır...
- Bəs televiziya necə?
- Televiziya kanallarının
çoxusuna pis baxmıram. Onların ayrı-ayrılıqda maraqlı
verilişləri də
var. Ancaq özəl televiziyaların əksəriyyətinin
xalqımızın mənəvi-əxlaqi
dəyərlərinə yarıçılpaq
"müğənnilərin", "oxumağı" peşə
seçən reklam
"aşiqləri"nin primitiv,
səviyyəsiz fikirləri,
miskin baxışları,
dar düşüncələri
ilə qiymət verməsi fəlakətdir.
Belə verilişlər gec partlayan minaya bənzəyir. Heç
kəs bilmir ki, belə minalar
nə vaxt partlayacaq və partlayanda hansı mənəvi-əxlaqi fəsadları
törədəcək...
- Müasir drammaturgiyamızın
çatışmayan tərəfləri
nədir?
- Maraqlı drammaturji nümunələr var. Ancaq onlar çox azdır. Böyük uğurlarla, fərəhli yüksəlişlərlə dolu olan həyatımızda mənəviyyatla, insani münasibətlərlə, sosial, ictimai, iqtisadi məsələlərlə bağlı xeyli ciddi problemlər də mövcuddur. Dramaturgiyamızda bu problemlər geniş və dəyərli şəkildə bədii təcəssümünün işlənilməsi çox zəifdir. Qarabağ mövzusunda, möhtəşəm zəfərimizlə bağlı dramatik-psixoloji məzmunlu, qəhrəmanlıq motivli səhnə əsərlərinin yaranmasına böyük ehtiyac var.
- Azərbaycan tamaşaçısının əsas gözləntisi nədir?
- Bizim tamaşaçı teatrdan çox şey gözləyir. Mənimçün maraqlıdır ki, görəsən, bəs teatrlar öz tamaşaçılarından nə gözləyir? Teatrlar niyə öz tamaşaçıları ilə umu-küsü ilə danışırlar? Bax, bunu açıqlamaq daha maraqlı və səmərəli olar.
- İlham müəllim, heç olubmu ki, sənət sizi yorsun?
- Çox olub... Amma bu hal uzun
çəkməyib. Qələm
əhli yaxşı bilir, yaradıcılığa
bağlanmaq "xəstəlik"dir,
ondan xilas dərmanı isə çətin tapılar...
Bəlkə də elə
dərman heç yoxdur.
Şəlalə CAMAL
525-ci qəzet.- 2021.- 27 noyabr.- S.10.