Ramil Səfərovun ekstradisiyası: Bu necə olmuşdu?

 

 (Əvvəli ötən şənbə sayımızda)

 

Baş naziri Dənizkənarı parkda və İçərişəhər muzey-qoruğunda gəzinti zamanı müşayiət edirdim. Bakının ekzotik guşəsi - qala divarı yanındakı "Təndir" restoranı Orbanın diqqətini çəkdi. "Gəlin, burada bir az oturaq", - dedi. Oturduq, lülə-kabab, qutab, samovar çayı sifariş verdik.

 

Hesabı ödəmək sırası çatanda insanlarımızın təbiətindəki  qonaqpərvərlik, səmimiyyət və nəciblik macar dostları xoş bir şəkildə heyrətləndirdi. Ofisiantın  inadla "bill", yəni hesab tələb edən macar protokolu əməkdaşından pul almaq istəməməsi Baş nazirə təəccüblü göründü. Deyəsən, məndən şübhələnmişdi. Dəvət onun tərəfindən gəldiyindən centlmen məntiqi ilə hesabı öz protokolunun ödəməli olduğunu dedi. Mən işdən xəbərsiz olduğumu dedim. Yəqin ki, məsələni prinsipial saydığından restoranın menecerini çağırmağı xahiş etdi və tərcüməçi vasitəsi ilə niyə hesabı gətirilməməsinin səbəbini soruşdu.

 

Menecer cavabında məni göstərib:

 

- Bu yoldaş bizim nazirimiz olub. Özü də çox hörmətli ziyalıdır. Onun qonağı - mənim qonağımdır. Bu gün hamınız mənim qonağımsınız, - dedi.

 

Baş nazir yenə təkid etdi. Lakin bunun bir fayda vermədiyini görüb menecerə təşəkkürünü bildirdi. Sonra mənə tərəf çevrilib:

 

- Hansı illərdə nazir olmusunuz? - deyə soruşdu.

 

- Səkkiz il bundan  əvvəl, - dedim.

 

- Və indiyə qədər sizi tanıyırlar? Restoranlarda pulsuz yeyib-içirsiniz?

 

- Yox, nə danışırsınız?  Bu, sadəcə  xoş bir istisnadır... Bəlkə də məndən çox sizi tanıyıblar... Televizor gözlərinin qabağındadır...

 

Bilmirəm, həqiqətən də ilk dəfə gördüyüm soydaşımızın xalqımıza xas nəciblikdən irəli gələn hərəkəti qonaqlara nə qədər inandırıcı təsir bağışladı? Əvvəlcədən qurulmuş ssenari olmadığına nə qədər inandılar? Amma həqiqətən də ortada heç bir ssenari yox idi. Baş verənlər özüm üçün də tam gözlənilməz idi. Tanımadığım o adama Azərbaycan insanını yüksəldən comərdliyinə görə indi də minnətdaram və düşünürəm ki, səxavəti ilə işə kiçik töhfəsini verib...

 

Restorandan çıxıb qala divarlarının dibi ilə "Bakı soveti" stansiyasına (maşınlar orada gözləyirdi) qayıdanda söhbət yenidən bir neçə saat əvvəl verilən qərarın gözlənilən və gözlənilməyən nəticələrindən düşdü. Baş nazirə təkrar təşəkkürümü bildirdim.

 

- Siz bu gün həqiqətən də çox böyük bir iş gördünüz. Sanki ölmüş bir insana yenidən həyat verdiniz, - dedim.

 

Viktor Orban fikirli, qayğılı idi. Bəlkə də həmin anlarda atdığı addımın məsuliyyəti barədə düşünürdü. Amma gülümsəyib:

 

- Siz lap məni İusus Xristosa çevirdiniz ki! - cavabını verdi.

 

Başa düşdüm ki, İncildəki Lazarın dirildilməsi əhvalatına işarə edir.

 

İndi hansı tərəfə yozulsa da, 30 iyun 2012-ci il həqiqətən də Ramil Səfərovun yenidən həyata qaytarıldığı gün idi. Həm də cavabdehlik və məsuliyyət payının böyük bir hissəsi Viktor Orbanın üzərinə düşmüşdü. Təbii ki, o, üzləşəcəyi təzyiqləri hamıdan yaxşı görür, dərk edirdi. Amma həmin təzyiqlərə davam gətirəcək dərəcədə güclü, yenilməz olduğuna da inanırdı. Əks-təqdirdə hətta siyasi gələcəyini təhlükə qarşısında qoyan belə bir addımı atmazdı.

 

Hadisələrin sonrakı gedişinin ortaya hansı çətinliklər çıxaracağını hələlik təsəvvürə gətirməsək də, mümkünsüz görünən bir işin tezliklə həllini tapacağının, haqqın öz yerini tutacağının fərqində idik.

 

***

 

Budapeştə qayıdandan sonra Ramil bir neçə dəfə zəng vursa da, qəti bir söz demədim. Sadəcə, rəsmi müraciət olunduğunu, macar tərəfin isə hər şeyi ciddi şəkildə araşdırıb qərar verəcəklərini söylədim. Doğrudur, Qaborun, onun vasitəsi ilə də Ramizin Prezidentlə Baş nazir arasındakı söhbətdən xəbərləri vardı. Bu barədə özüm ciddi adam və yaxşı hüquqşünas saydığım Qabor Baroşa ətraflı məlumat vermişdim. Məhbus zabitə gəldikdə isə təfərrüatlara varıb onu vaxtından əvvəl ümidləndirmək istəmirdim. Frans Kafka dəftərxana sancaqlarını (skrepka) bəşəriyyətin əl-qoluna vurulan qandala bənzədirdi. Arada şifahi bir centlmen razılaşması olsa da, hələlik macar bürokratiyası ağır qandallarını Kozma zindanındakı məhbusun qollarından açmamışdı. Hansısa bir mərhələdə vəziyyət kökündən dəyişə bilərdi. Odur ki, səbirlə gözləməkdən başqa yol yox idi. Dövlət idarələri və diplomatik korpus üçün "ölü mövsüm" başlasa da, qəflətən lazım ola biləcəyimi düşünüb məzuniyyətə çıxmadım. Amma uzun və isti iyul ayı sakit, yeniliksiz keçdi.

 

Avqustun 6-da səhv etmirəmsə, o zaman İtaliyada olan Piter Siyyartonun köməkçisi mobil telefonuma zəng edib bir gün əvvəl ədliyyə və ictimai işlər naziri Tibor Navraçiçin ekstradisiya ilə bağlı prosedurun başlanması haqqındakı sənədi imzaladığını bildirdi. Sevindiyimdən özümə yer tapa bilmirdim. Bu, məsələnin həllində çox ciddi yenilik idi. Demək, artıq, sözdən işə keçilmişdi. Məhbusun qaytarılması ilə bağlı yekun qərara  rəsmən yaşıl işıq yandırılmışdı. Bütün çətinliklərə baxmayaraq, Viktor Orban Bakıda verdiyi vədi yerinə yetirmək baxımından əzmkar, ardıcıl olduğunu ortaya qoymuşdu.

 

Çətinliklər isə yetərincə idi. İstər Qabordan, istərsə də digər kanallardan əldə etdiyim məlumata görə, Macarıstan hökumətində söz və nüfuz sahibi olan ən azı üç mühüm şəxs ekstradisiya  məsələsində Baş nazirin fikirlərini bölüşmür, hətta açıq şəkildə  etirazlarını bildirirdilər. Həm də etirazların vəziyyəti kökündən dəyişəcək qədər qüvvətli olması istisna edilmirdi.

 

Həmin şəxslərdən birincisi Macarıstan xarici siyasətinin patriarxı sayılan və Avropa strukturlarında da nüfuz sahibi olan xarici işlər naziri Yanoş Martonyi idi. FİDES partiyasının seçkilərdə qələbəsi nəticəsində 2010-cu ildə ikinci dəfə dövlətdə bu mühüm postu tutmuşdu. Birinci Xarici İşlər Nazirliyi isə 1998-2002-ci illərə təsadüf etmişdi. Həmin dövrdə Strasburqda və Budapeştdə  görüşmüşdük. Azərbaycanın Avropa Şurasına üzvlüyü məsələsinin gündəliyə çıxdığı dövrdə görüşlər  intensiv xarakter almışdı. Hiss olunmadan aramızda səmimi ünsiyyət yaranmışdı. Bəlkə də qəribə görünə bilər: onu nəzərimdə maraqlı, hətta doğma edən xüsusiyyətlərdən biri də zahirən azərbaycanlılara, daha dəqiq desəm, uzun illər Gəncəyə rəhbərlik etmiş gözəl ziyalı, tanınmış ictimai xadim, mərhum Tofiq Bağırova çox bənzəməsi idi. Həm də iş təkcə zahiri bənzərliklə bitmirdi. Fikrimcə, hətta davranış tərzlərində, rəftarlarında da oxşarlıq vardı. Hələ o zaman diqqətimi çəkən mühüm bir cəhət də Yanoş Martonyinin macarların mənşəyi məsələsində  geniş yayılmış fin-uqor deyil, hun-türk nəzəriyyəsinə üstünlük verməsi idi. Strasburqdakı söhbətlərimizin birində ixtisas etibarı ilə filoloq olduğumu biləndən sonra macar dilindəki türk ünsürləri barədə mənə  az qala bütöv bir mühazirə oxumuşdu. Macarcada müasir türklər üçün tam anlaşıqlı səslənən "Cebemde şok elma van" - "Cibimdə çox alma var" cümləsini də ilk dəfə onun dilindən eşitmişdim.  Amma kiçicik də olsa bir türk sevgisi nümayiş etdirməsinə baxmayaraq, Yanoş Martonyi ekstradisiyaya münasibətdə tam avropasentrist mövqedə dayanırdı. Çünki planın baş tutacağı təqdirdə ölkəsinin Avropa qurumları ilə əlaqələrində problemlər yaranacağını istisna etmirdi. Və Azərbaycanla dostluq xatirinə belə riskə getməyi lüzumsuz sayırdı. Vaxtı ilə Macarıstanın NATO üzvlüyünə imza atan və AB üzvlüyünə qəbulla bağlı danışıqların aparıcılarından sayılan bu Avropa yönlü siyasətçinin belə düşünməsi, belə mövqedə dayanması əslində, gözlənilən idi.

 

Əvvəllər müxtəlif tədbirlərdə, qəbullarda mənimlə az qala köhnə dost kimi görüşən nazir Yanoş Martonyinin ekstradisiya söhbəti açılandan sonra sərgilədiyi soyuq münasibət onun yanaşmasından, mövqeyindən xəbər verirdi...

 

 

 

Macarıstan Parlamentinin sədri Laslo Köver də əleyhdarlar sırasında yer almışdı.  2011-ci ilin mayında o, Parlament nümayəndə heyətinin rəhbəri qismində Ermənistan və Gürcüstanda rəsmi səfərdə olmuşdu. Səfərqabağı spikerlə görüşmüşdüm. Bir xeyli çəkən söhbət zamanı ondan həmin ərəfədə Macarıstan Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsində baxılan Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ münaqişəsi haqqındakı sənədə dəstək verməsini, habelə səfər marşrutuna ölkəmizin də salınmasını xahiş etmişdim. Sonuncu məsələnin xüsusilə həssas xarakter daşıdığını, əksər dövlət və parlament rəhbərlərinin bir qayda olaraq səfər proqramlarına hər üç Cənubi Qafqaz dövlətini daxil etdiklərini diqqətə çatdırmışdım. Spikeri inandırmağa çalışmışdım ki, münaqişə vəziyyətində olan iki ölkədən yalnız birinə getmək qarşı tərəfdə - yəni rəsmi Yerevanda öz seçkinliyi, Avropadakı nüfuz və təsiri haqda illüziyalar yarada bilər. Xristian Ermənistana üstünlük verilməsi, müsəlman Azərbaycanın sərf-nəzər edilməsi həmin illüziyanı daha da qüvvətləndirər, yanlış düşüncələrə yol açar. Nəhayət, sülhsevər dövlət kimi tanınan Macarıstanın işğalçı ilə işğal qurbanı arasındakı seçimdə birinciyə üstünlük verməsinin də ölkəmizdə anlaşılmazlıqla qarşılanacağını, gələcək münasibətlərimizə təsirsiz ötüşməyəcəyini bildirmişdim.

 

Lakin Laslo Köver mülahizələrimin heç biri ilə razılaşmadı. Ermənilərin Macarıstanda konstitusiya ilə təsbit edilən rəsmi milli azlıq statusuna malik olduqlarını xatırladıb ölkəsinin erməni vətəndaşlarının həssaslıqla yanaşdığı münaqişəyə  birtərəfli qaydada müdaxilənin xoşagəlməz problemlər doğuracağını əsas gətirdi. Azərbaycanın niyə səfər proqramından kənarda qaldığından izah edərkən Macarıstan Parlamentinin keçmiş spikeri xanım Katalin Silinin 2008-ci ildə Bakıda olduğunu, lakin indiyə qədər bizim Milli Məclis sədrinin cavab viziti ilə Budapeştə gəlmədiyini xatırlatdı. Cənubi Qafqazda hər üç ölkə ilə qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurmaq istədiklərini sözlərinə əlavə etdi. Başqa bir dəlili isə Ermənistan səfərinin sırf protokol mahiyyəti və cavab xarakteri daşıması ilə bağlı idi. Təəssüf  ki, spikeri fikrindən daşındıra bilmədim.

 

Yerevanda mətbuat konfransı zamanı media təmsilçiləri Laslo Köverə macar məhkəməsinin qərarı ilə Budapeştdə ömürlük həbs cəzası çəkən Ramil Səfərovu geri almaq üçün Azərbaycanın davamlı səylər göstərdiyini xatırlatmış, ölkə rəhbərliyində təmsil olunan şəxs kimi məsələyə münasibətini soruşmuşdular. Parlament başçısı macar ədliyyəsinin 2006-cı ildə hüquqi baxımdan tam doğru qərar çıxardığını əsas gətirib hökmün heç bir halda dəyişməyəcəyini bəyan etmişdi. Erməni jurnalistləri bu sözləri manşetə çıxarıb Macarıstan dövlətinin mövqeyi kimi səfərin əsas nəticələri sırasında geniş tirajlamışdılar. Nəticəsə Laslo Köver qonşu ölkədə az qala qəhrəmana çevrilmişdi. Təbii ki, ekstradisiya məsələsi gündəliyə gələndə o, ən azı rəsmi bəyanatın müəllifi kimi prinsipiallıq göstərib geri çəkilməyəcəkdi.

 

Nəhayət, adı Baş nazirin dostları sırasında çəkilməsinə baxmayaraq, ədliyyə və ictimai işlər naziri Tibor Navroçiçin də əleyhdarlarından olması sirr deyildi. Naziri narahat edən amillər sırasında ilk yerdə AB ilə yaranacaq mümkün qarşıdurma və milli qanunvericiliyin tələblərinin pozulması riski dayanırdı. Bəlkə də səhv edirəm, amma milliyyətcə xorvat mənşəli olduğu deyilən Navroçiçin bütünlükdə türklərə və müsəlmanlara o qədər dostcasına yanaşmadığı da söylənirdi.

 

Hər şeyə rəğmən, ümidli olmağa əsas verən səbəblər vardı. Bunlar ilk növbədə adları çəkilən hər üç şəxsin Baş nazir Viktor Orbana yaxınlığı, o biri tərəfdən isə sonuncunun həqiqi lider olması, üzərinə götürdüyü bütün məsələlərdə həmişə maksimum qətiyyət və ardıcıllıq nümayiş etdirməsi idi. Yəqin ki, Bakıda ən yüksək səviyyədə verdiyi sözün məsuliyyətini də əvvəlcədən ölçüb-biçmişdi.

 

İstənilən halda vəziyyətin son dərəcə kövrəkliyini nəzərdən qaçırmaq olmazdı. Necə deyərlər, burası Avropa idi. Sadaladığım şəxslərdən hər hansı biri sona qədər prinsipiallıq nümayiş etdirib ortaya fərqli mövqe qoyar, lap istefa ərizəsi verib iqtidar komandasından gedə bilərdi. İtirəcəyi bir şey də olmazdı. Hətta müəyyən siyasi dividendlər qazanardı. Nəticədə məsələ ictimailəşər, vaxtından əvvəl mətbuatın gündəliyinə çıxar, bir tərəfdən Ermənistanın, o biri tərəfdən isə yerli müxalifət və Avropa strukturlarının açıq müdaxiləsi, təzyiqləri üçün imkan yaranardı. Belə halda, hətta  Orbanın qətiyyəti və lider keyfiyyətləri də vəziyyəti xilas edə bilməzdi. Məni hər şeydən çox ortaya bu ssenarinin çıxması qorxudurdu.

 

Amma ədliyyə və ictimai işlər nazirinin rəsmi qərarı şübhə və narahatlıqlara son qoydu. Prosedurun uğurlu davamı üçün növbəti mərhələdə bizim Ədliyyə Nazirliyinin zəmanət məktubu tələb olunurdu. Məktubda ekstradisiyanın ardınca milli qanunvericiliyin məhbusa münasibətdə tutacağı  hüquqi əsaslara aydınlıq gətirilməli, müəyyən öhdəliklər götürülməli idi.  Bir neçə gün sonra, daha dəqiq desəm, avqustun 15-də nazir müavini Vilayət Zahirovun imzaladığı həmin məktub da Səfirliyə daxil oldu. Onu dərhal Macarıstan tərəfə çatdırdıq. Artıq sənədləşmə baxımından heç bir maneə qalmamışdı. Ekstradisiya hər gün daha çox an məsələsinə çevrilməkdə idi.

 

Bu arada başqa bir formal prosesin icra zərurəti yaranmışdı - Ramil Səfərovun Azərbaycana qaytarılması üçün məhkəmənin qərarı olmalı idi. Lazımi proseduru Macarıstanın Ədliyyə Nazirliyi həyata keçirəcəkdi. Amma vəkili biz tutmalı idik. Əvvəlki vəkillərin ermənilərlə müəyyən əlaqələrinin olacağını düşünüb onların xidmətdən imtina etmək qərarına gəldim. Macar dostlarımızın təqdimatı ilə işi "Buda" vəkil bürosunun aparıcı mütəxəssisi doktor Dyerd Budaya həvalə etdik. Müqavilə bağlamaq üçün səfirliyə gələn gənc hüquqşünas şəxsi və professional keyfiyyətləri  baxımından mənə xoş təsir bağışladı. İşlə tanışlıqdan sonra qısa müddətdə tələb olunan sənədləri hazırlayıb lazımi yerlərə göndərdi.

(2015-ci ilin sonlarında Ramil Səfərovun Azərbaycana qaytarılmasının kobud qanun pozuntuları ilə müşayiət edilməsi və Ermənistanın tələbi ilə Avropa Məhkəməsində işə yenidən baxılması ilə bağlı xəbərlər mətbuatın gündəmində yer alanda Dyerd Buda zəng vurub görüşmək istədiyini bildirdi. Səfirliyə dəvət etdim. Çay süfrəsi arxasında uzun, səmimi söhbətimiz oldu. Dyerd 2012-ci ilin avqustunda hüquqi baxımdan tam düzgün qərar qəbul edildiyini dedi. Sözünün və imzasının arxasında dayandığını, ehtiyac yaranarsa, vəkil kimi mütləq ilk çağırışdan yanımızda olacağını vurğuladı. Macar hüquqşünasının səmimiliyi, sözünə sahibliyi məni riqqətə gətirdi. Seçimimizdə yanılmadığıma görə sevindim).

 

Qeyd etməliyəm ki, Macarıstan tərəfi ekstradisiya ilə bağlı yazışmaların heç birini məxfilik qrifi altında aparmırdı. Ona görə də ədliyyə və ictimai işlər nazirinin  prosedurun başlanmasına razılıq verməsi xəbərinin yayılma ehtimalı kifayət qədər böyük idi. Nazirlik sistemində çalışanlardan birinin erməni dostu, yaxud tanışı ola bilərdi. Həmin şəxsin də öz növbəsində dövlət sirri sayılmayan məsələ ilə bağlı yaxın ətrafına xəbər çatdırması tamamilə mümkün idi. Nazirlikdə erməni əsilli əməkdaşların mövcudluğu da istisna edilməməlidir. Yəni təhlükə həqiqətən də gerçək idi. 

Ona görə də, avqustun 6-dan sonra qarşıya qoyulan məqsədə lap yaxında çatacağımızla bağlı yaşadığımız sevinc hissini daim başımızın üstündən Damokl qılıncı kimi asılan xof və narahatçılıq müşayiət edirdi. Əlbəttə, macar hökuməti artıq qərarını vermişdisə, yəqin ki, ermənilərin təzyiqi altında onu dəyişdirməyəcəkdi. Amma məşhur Kozma Prutkovun qaraqışqırıqçı xalq kimi səciyyələndirdiyi ("V sosedney palate armyanin kriçit!") ermənilərin asanlıqla geri çəkiləcəyini gözləmək də sadəlövhlük olardı. Bütün Avropanı, dünyanı Macarıstanın üstünə qaldıracaqdılar. Bu baxımdan yanaşdıqda ən yaxşı həll yolu hər şeyin son ana qədər tam məxfilik pərdəsi arxasında saxlanması idi. Biz öz tərəfimizdən prinsipə riayət edirdik. Amma macar dostlarımıza  evlərinin içində necə işləmələri, hansısa önləyici tədbir görmələri ilə bağlı təlimat, yaxud göstəriş verə bilməzdik.

 

Təəssüf ki, ən pis gözləntilər tezliklə özünü doğrultdu. Macarıstanın erməni icması cəmi beş gün sonra - avqustun 11-də artıq məsələdən xəbər tutmuşdu. Dərhal Ermənistanın Avstriyadakı səfirliyinə, eləcə də Yerevana, Xarici İşlər Nazirliyinə məlumat çatdırılmışdı. Mətnləri yalnız iş tamamlanandan sonra yayılan məktublardan da göründüyü kimi, yerli erməni icmasının nümayəndələri həyəcan təbili çalır, ekstradisiya məsələsinin gündəlikdə dayandığını bildirərək ən qısa müddətdə təsirli tədbirlər görülməsini tələb edirdilər.

 

Çəkilən əziyyətlərin tamamilə boşa çıxması, yaxud anlaşmanın qeyri-müəyyən vaxta qədər təxirə salınması təhlükəsi kifayət qədər real görünürdü. Amma deyəsən, qeyri-adi, gözəgörünməz qüvvələr bizim tərəfimizdə idi. Çünki hansısa xoş təsadüf üzündən ən pis, ən qaramsar gözləntilərimiz özünü doğrultmadı. Nədənsə, Yerevanda Budapeştdən gələn həyəcan dolu məktublara əhəmiyyət verən tapılmadı. Əlbəttə, biz bu haqda  sonra, məhbus zabit artıq Azərbaycanda olanda öyrəndik. Həmin günlər isə elə bil tikan üstündə oturmuşduq. Hər an bəd xəbər gözləyirdik.

 

Məndən ötrü indiyə qədər də qaranlıq qalır: nə üçün Ermənistanın rəsmi qurumları həmişə dörd gözlə izlədikləri Budapeştdən gələn ciddi siqnala zamanında reaksiya vermədilər? Nə üçün Macarıstanda etibarlı dayaqlara malik erməni icmasının SOS çağırışları qulaq ardına vuruldu?

 

Sayıqlığın itirilməsinin səbəbi nə idi?

 

Bunu yalnız bəzi ehtimallarla yozmaq mümkündür.

 

Budapeştdə erməni səfirliyi yox idi. Vyanadakı səfir Aşot Hovakimyan həm də Macarıstan paytaxtında akkreditə olunmuşdu. Onu müəyyən qədər tanıyırdım. Polşada eyni vaxtda işləmişdik. 2005-ci ilin mayında, Azərbaycan və Ermənistan prezidentlərinin Varşava görüşünün təşkili zamanı nisbətən sıx ünsiyyət saxlamalı olmuşduq. Erməni diplomatlarının əksəriyyəti kimi Hovakimyan da özlərinə sərf edən asan və əlverişli taktika seçmişdi: hər yolla ətrafdakılara Azərbaycan səfiri ilə normal, işgüzar münasibətlərinin olduğunu göstərməyə çalışırdı. Ən azı özünün bu məsələdə heç bir kompleks yaşamadığını nümayiş etdirməyə can atırdı. Bu da erməni məkrliliyinin bir forması idi. Çünki onların nəzərində artıq iş işdən keçmişdi.  Məqsədlərinə yetmişdilər. Torpaqlarımızı işğal etmiş, etnik təmizləməni başa çatdırmışdılar. Hələlik qalib tərəf idilər. Təbii ki, bütün bunlardan sonra başqalara da olmasa, ən azı erməni diplomatları işğalçı simasını guya qanlı qarşıdurmadan təəssüflənən və sabahkı gün üçün narahat olan siyasətçi maskası ilə əvəzləyə bilərdilər. Çalışdıqları ölkələrdə həmkarlarının, mətbuatın, dövlət adamlarının, ictimaiyyət nümayəndələrinin qarşısında özlərini nəcib, mədəni, tolerant və sülhpərvər göstərə bilərdilər. Hər təsadüfdə hər kəsə problemi incəliyinə qədər anlatmaq, necə deyərlər, tarixi-Nadir açmaq mümkün olmadığından belə məqamlarda Azərbaycan diplomatlarının "dostcasına" münasibət sərgiləyən qonşularla düşmən davranışı anlaşılmaz təsir bağışlayırdı. İctimai qınağı bizim üzərimizə yönəldirdi.

 

Çünki bir tərəfdə gülümsəyən, əl uzadan, ağuş açan ermənini, o biri tərəfdə isə narazı, qəzəbli azərbaycanlını görən avropalı özünü Xocalı soyqırımını, işğal altındakı Azərbaycan ərazilərinin aqibətini, ən vəhşi üsullarla həyata keçirilən etnik təmizləməni və s. xatırlamaq əziyyətinə salmadan birincilərin məsum və mədəni, ikincilərin isə qəddar və intiqamçı olması "qənaətinə" gəlirdi. Təbii ki, hər şeydən məlumatlı idilər, amma belə "sadəlövhlük" işlərinə yarayırdı.

 

Yadımdadır, beynəlxalq təşkilatlarda müxtəlif görüşlər zamanı Ermənistanın o zamankı xarici işlər naziri Vardan Oskanyanın başdan-başa riyakarlıq dolu sevimli bir ssenarisi vardı. Xüsusən rəsmilərin iştirak etdikləri nahar və şam məclislərində, kuluar söhbətlərdə üzünə kədərli ifadə verib "Bəli, Dağlıq Qarabağ məsələsinə görə xalqlarımız arasında uçurum yaranıb. Amma bizim vəzifəmiz onu daha da dərinləşdirmək, keçilməz hala gətirmək deyil, bu uçurum üzərindən biri-birimizə əl uzatmaq, əməkdaşlıq körpüsü salmaqdır" - deyəndə avropalı diplomatların bəziləri əriyib gedirdi. Məsələnin məğzindən xəbərdar olsalar da, özlərini o yerə qoymayıb işğalçı erməniləri sülh göyərçini kimi təqdim və qəbul edirdilər. Bunun müqabilində Azərbaycan rəsmisinin sərt, lakin acı həqiqətlərə söykənən  leksikonu onlarda elə təəssürat yaradırdı ki, sanki təcavüz aktını həyata keçirən, indi isə yalançı sülh ritorikası arxasında gizlənən işğalçı ermənilər deyil, biz idik... 

 

Belə artistlik məharətində Aşot Hovakimyan da digər tayfadaşlarından geri qalmırdı. Müxtəlif tədbirlərdə ərklə yaxınlaşıb salamlaşır, arada guya canıyananlıq edərək "Gərək belə olmayaydı. Amma nə edə bilərdik? Sizin məlumatınız məndən də çoxdur. Bilirsiniz ki, bizi də bu oyuna çəkiblər" - şəklində saxta canıyananlıq edirdi. Bir neçə dəfə belə nağılları danışmağının heç bir faydası olmadığını bildirsəm də, özünü o yerə qoymurdu. Qəribədir ki, Türkiyənin Polşadakı səfiri, əsli Naxçıvandan olan Azər Candan Hovakimyanla dostluq edirdi. Hətta bir-iki dəfə sual dolu baxışlarımı görüb "Bu, iyi bir cocuq. Ötekilere benzemez!" - deyə tərifləmişdi. Amerikalıların "Ən yaxşı hindu - ölü hindudur" qara yumorunu səfirə xatırlatmaqdan başqa yolum qalmamışdı.

 

Aşot Varşavanı məndən dörd il əvvəl tərk etdi. Uzun fasilədən sonra 2011-ci ilin aprelində yenidən Budapeştdə görüşdük. Təcili bura gəlməsinə səbəb Azərbaycan səfirliyinin bir təşəbbüsü idi. Həmin vaxt Parlamentin Beynəlxalq münasibətlər komitəsinə haqqında yuxarıda danışdığım erməni işğalını pislənməsi ilə bağlı qətnamə layihəsi vermişdik. Komitə sədrinin müavini, Macarıstan-Azərbaycan dostluq qrupunun rəhbəri Marton Döndöşü və bir neçə millət vəkili sənədi müdafiə edirdi.

 

Lakin qəbul ehtimalı sıfıra bərabər idi. Ən azı komitənin sədri Mihal Ballanın erməni kökənli olması (anası əslən Qarabağdan olan Bakı ermənisi idi. 1950-ci illərdə Moskvaya ali təhsil almağa getmiş, burada macar tələbə yoldaşı ilə ailə qurub Budapeştə köçmüşdü. İlk görüşlərimizin birində Balla özü bu haqda danışmışdı. Xalasının isə azərbaycanlıya ərə getdiyini, uşaqlıq illərində bir neçə dəfə Bakıda onların qonağı olduqlarını, münaqişə başlanandan sonra bu ailənin Şimali Qafqaza yerləşdiyini bildirmişdi. Eyni zamanda Qarabağın özü üçün də həssas məsələ olduğunu, münaqişəyə avropalılardan fərqli, yəni bir erməni kimi yanaşdığını açıq söyləmişdi) çox şey deyirdi. Digər tərəfdən, Avropa Birliyinin üzvü olan, erməni əsilli vətəndaşlarına milli azlıq statusu tanıyan Macarıstan bu addımı atmazdı. Lakin ən azı işğal faktına diqqət çəkilməsi, problemin gündəliyə çıxarılması baxımından belə təşəbbüslərin qaldırılması vacib idi.

 

(Davamı var) 

Vilayət QULİYEV

Azərbaycanın Macarıstandakı keçmiş səfiri

 

525-ci qəzet.- 2021.- 27 noyabr.- S.8-9.