Yol "Yolda"n sonra da davam edəcək...  

 

Yol ifadəsinin yozumu çoxdur. Hamısı istəklə, niyyətlə bağlıdır. Yol-uğur səsləşməsi də niyyəti ifadə edir. Bir mahnıda deyildiyi kimi, "yol ömürdü, yol - həyat". Yol ifadəsi ədəbiyyatımızda müxtəlif çalarlarda obrazlaşdırılıb. İndi də obrazlaşdırılır. Nəsrdə də belədir, poeziyada da, jurnalistikada da. Bütün hallarda yol ifadəsi düşüncələrin işığı təsirindədir; oxucu bu ifadənin işığında mahiyyətin yolçusu olur...

 

Çağdaş professional jurnalistikamızın tanınmış nümayəndəsi, istedadlı qələm sahibi, Azərbaycan jurnalistlər və Yazıçılar birliklərinin, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, müxtəlif illərdə işıq üzü görmüş "Qızılgüllər açılacaqmı","Bir ömrün reportajı", "Cənnətdə nə var, nə yox, Rafiq müəllim", "Biz o şəhərə gedəcəyik", "Səngər uvertürası" kimi publisistik və bədii nümunələrdən ibarət kitabların müəllifi Akif İsmayıl oğlu Cabbarlının "Yolda" kitabında ədəbi məfhum olan yol bütün yollardan seçilir. Bu yol bütün anlamlarda Akif Cabbarlının yoludur. Nasir olaraq öz yoludur, yaradıcılığının yoludur. Yəni düşüncələrinin yoludur; "Yolda" kitabı düşüncələr kitabıdır. Həm də bu düşüncələr duyğulara söykənir. Ruhumuzdan süzülən işığın kitabıdır, işıqlı kitabdır. Akif Cabbarlının publisistikasının da, hekayələrinin də həyat etüdləri də Azərbaycan nəsrində, Azərbaycan jurnalistikasında boyu görünür. "Yolda" kitabına daxil edilən hekayələr, məqalələr həyatın sözlə gözəl ifadəsidir; Akif Cabbarlı həyatın fəlsəfəsini necə duyursa, elə də təsvir edir. Bu duyum da, bu təsvir də yaddaqalandır, bəyəniləndir.

Akif Cabbarlının publisistikası tarixin bir mərhələsini tarixləşdirmə missiyasıdır. O, zamanında Azərbaycan jurnalistikasının cəfakeşi olanlar haqqında yazmağı özünün mənəvi borcu bilir; bu məqalələr mahiyyət etibarilə jurnalistikamızın tarixidir. Maraqlı bir məqam: bu məqalələrin əksəriyyəti kitablara rəy formatında yazılıb, ancaq Akif Cabbarlının təfəkkürü ilə bədii həllini oçerk ülgüsündə tapıb. Məqalələr həm də bu baxımdan oxunaqlıdır.

Vasif Quliyevi mən də tanıyıram. Onun milli-azadlıq hərəkatı dönəmində tərcümə (və nəşr!) etdiyi əsəri - Veliçkonun kitabını mən də oxumuşam. Bu kitabın aşıladığı fikirlər erməniliyin nə olduğunu məntiqi baxımdan da, dönməz faktlarla da açır. Vasif Quliyev sonralar (əslində, əli qələm tanıyandan) Şuşanın tarixi ilə bağlı gərəkli tədqiqatlar aparıb, neçə-neçə əsəri tarixin cığırdaşı olub. Akif Cabbarlı belə bir söz fədaisi haqqında yazdığı "Vasif Quliyevin tale yolu, bəxt cığırı" məqaləsi tanınan söz adamı haqqında yazılıb və yüksək bədii dəyəri ilə səciyyəvidir.

"Mehmandarovlar" kitabının tarix üçün, tarixsevərlər (və tarixi dəyərləndirənlər!) üçün gərəkliyi Vasif Quliyevin yaradıcılığına zəmanət kimi verilib: Vasif Quliyev üçün Azərbaycan var, Azərbaycanın Qarabağı var, Qarabağın Şuşası var. Akif Cabbarlı səmimiyyətlə (və sevgilərlə!) yazır ki, Vasif Quliyev "...Tiflisin, Sankt-Peterburqun, Moskvanın, Bakının arxivlərində ötən yüzilliklərin toz basmış, nəfəs boğan sənədlərinin arasından bu günümüzə boylanır".

Məqalə işıqlı məqalədir. Onun işığını Akif Cabbarlının informasiyası daha da artırır: Vasif Quliyev "Qarabağ ensiklopediyası" əsərini tamamlamaqdadır. Və ilk dəfə olaraq bir əsərin nəşrinin ləngidiyinə (bəlkə də müəllifin hansı intuisiyaya görə ləngitdiyinə) sevinirəm. Sevinirəm ki, hörmətli tədqiqatçı dostumuz Vasif Quliyevin "Qarabağ ensiklopediyası" Zəfərlə süslənəcək! Bu süslənməyə Cıdır düzü də, İsa bulağı da, Kirs də, Qarqar da, Xarıbülbül də xeyir-dua verəcək! Və Akif Cabbarlının təxəyyülünə bələdliyimə görə deyirəm ki, o, bu məqalənin davamı olaraq Vasif Quliyevin yaradıcılığında Qarabağ mövzusu haqqında iri həcmli əsər yazacaq.

Gəray Fəzlinin yaradıcılığına bələdik. Onun "Kəhrəba işığında" əsərini maraqla oxuyanlardan biri də mən olmuşam. Əsərin qəhrəmanı Nahidin Vətən sevgisi düşüncələrimin işığına dönüb. Əsgər Nahidin "Nişan alanda hədəfi Vətən sevgisi işıqlandırır" qənaəti ürəyimi telləndirmişdi. Gəray Fəzlinin "Kəhrəba işığında" əsəri əsgərlərlə söhbətlərimdə istifadə etdiyim əsərlərdən olub. Belə yazıçı haqqında yazılanları təbii ki, həmişə maraqla oxumuşam. Zəngilan rayon ərazi özünümüdafiə taborunun komandiri olanda əsgərlərə Nahidin düşüncələrindən də danışırdım, Vətəni Nahid kimi sevməyin gərəkliyini deyirdim. Akif Cabbarlının "...Yalnız el yükünə vətəndir könlüm" məqaləsi də Nahidin dediyi işığın zərrəsidir. Akif Cabbarlı Gəray Fəzlinin yaradıcılığını həm diqqətcil oxucu kimi təhlilə çəkib, həm də ustad haqqında söz kimi yazıb. Xalq şairi Səməd Vurğunun "Deyilən söz yadigardır" kəlamı həmişə bu və ya digər fikrin təsdiqində istinadımız olur. Akif Cabbarlı məqaləni mənə də çox xoş gələn bir məqamla yekunlaşdırıb - ustad bildiyi Gəray Fəzlinin kəlamı ilə. Və bu kəlamın mahiyyəti Dədə sözü qüdrətindədi: "Ürək insanlığın çox mühüm, bəşəri problemlərindən biridir. Ürək ömrü uğrunda gedən mübarizə hamıya eyni dərəcədə aid olan mübarizədir. Bu dünyada heç kəs insanların qiymətli könül səltənətini qorumaqdan, könül azadlığı və səadəti uğrunda gedən mübarizədən kənarda qalmamalıdır, heç kəs!"...

Əməkdar jurnalist Flora Xəlilzadənin "Hökmdar qadınlar" kitabı haqqında. Akif Cabbarlı yazır ki, "Flora xanım bütün Şərqdə müdrikliyi, iradə və yenilməzliyi ilə tanınan Tomris Anadan, Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəgizin nəvəsi, Məhəmməd Cahan Pəhləvanın övladı, Qızıl Arslanın qızı Cəlaliyyə xanımdan, Misir Sultanı Şəcər Uddurdan, Kutduq dövlətinin hökmdarı Türkan xatundan, Fətəli xanın xanımı Tutu Bikədən, Azərbaycanın görkəmli şairi, Qarabağ hakimi Mehdiqulu xanın qızı, Şuşada "Məclisi-üns" ədəbi məclisinin 25 il rəhbəri olmuş Xudşidbanu Natəvandan və digər sultan xanımlardan əsl övlad sevgisiylə söhbət açır, oxucunun uzaq əsrlərə səyahətində yorulmadan onlara yoldaşlıq edir..." u və ya digər əsərin işığını görmək, o işığın konturlarını duymaq SÖZə sayğıdır. Əməkdar jurnalist Flora Xəlilzadənin "Hökmdar qadınlar" əsərinin işığı təbii ki, Akif Cabbarlı demişkən, tarixi keçmişimizə düşür.

 

A.Cabbarlı "içində işıq gəzdirən və işığın içindəki Qulu" - şair, publisisist Qulu Ağsəs haqqında yazdığı lakonik esse də, "mətbuat tariximizə xələflərimizin həyat və yaradıcılığına dərindən bələd olan, keçmişimizi yaxşı bilən, bu günümüzün salnaməsinin düzgün yazılmasını prioritet hesab edən Əməkdar jurnalist Tahir Aydınoğlu haqqında yazdığı "Şərəfli yolun fədakar yolçusu" məqaləsi də maraqla oxunur, sözə, sevgiyə sədaqət kimi hopur yaddaşlara.

 

"Kənan Hacı - obrazları ilə dostluq edən yazıçı" məqaləsi yazıçı haqqında yazıçı sözü kimi oxunur; məqalə səmimi yazılıb, yazıçının bu və ya digər əsəri analogiyalarla təhlil müstəvisinə köçürülüb və sərraf ədəbi tənqidçi duyumu ilə müəyyənləşdirilib.

 

A.Cabbarlının hekayələri həyata yazıçı baxışıdır. O, müşahidə etdiyi, gördüyü, duyduğu hadisələrə, faktlara söz ömrü verə bilir. Bu baxımdan onun yaradıcılığını yaşanılmışların söz ömrü bilmək qəbahət deyil.

 

"Manqala od salınmadı", "Yolda" kimi hekayələr günümüzün gerçəkliklərinə yazıçı münasibəti təsirindədir və bu təsir milli-xəlqi heysiyyətin, vətəndaşlığın kükrəyişinin söz ifadəsi kimi oxunur.

 

Onun hekayələrində XX əsr nəsrimizə, bu nəsrin üslubi məqamlarına böyük sədaqət var və bu sədaqət Akif Cabbarlının yaradıcılıq üslubunu oxucularla doğmalaşdırma qüdrətindədir. "Darıxmağın ləzzəti", "Mənim işçim", "Pişiyin kef çəkməkliyi", "Kərim Kərimlinin soyunmaqlığı", "Manqala od salınmadı", "Canavar yuvası" və başqaları bu qəbildəndir; hekayələr oxunur, düşüncələri tərpədir.

 

"Yolda" kitabında yaddaşa dönən xatirələr təkcə xatirə kimi oxunmur. Zamanın dünəninin xatırlanmasında milli heysiyyətin də zərrələri görünür. Ermənilik həmişə fəaliyyətdə olub. 90-cı illərin əvəllərinə kimi də "bildiyini babasına verməyib". O illərdə erməniliyə qarşı nəsə etmək, nəsə demək, müəyyən mənada, cəsarət tələb edirdi. "Yolda" kitabında "Bizə də süd verin" sərlövhəli xatirə bu baxımdan diqqəti çəkir. "Ermənicə verilişlər redaksiyasının baş rejissoru Arif Mədətovun Dövlət Teleradio Verilişləri Komitəsinin rəhbərliyinə dediyi fikir kimi:

 

- Yoldaş sədr, xahiş edirəm, göstəriş verin, mənə də gündəlik süd payı ayırılsın. Axı mən ermənilərlə işləyirəm".

 

Akif Cabbarlının təqdim etdiyi (və tarixləşdirdiyi!) belə faktlar təsdiqləyir ki, erməniliyə qarşı mübarizə həmişə olub... 

 

"Yolda" kitabında "Həyat etüdləri. Olanlar, yaşanılanlar" bölməsinə daxil edilən etüdlərdə hiss olunan novellalıq da var. Bu baxımdan "Novator rəisin novator işçiləri". "Camaata əl çaldırmaq sənəmi qalmışdı?..", "Ədəbiyyata düşəsi kələk" və başqa etüdlərdə incə, düşündürücü yumor da var və bu yumor Mirzə Cəlil ənənələrinin yaşarlığının (və gərəkliyinin!) təsdiqidir. Bu etüdlər janr baxımından həm də hekayə səviyyəsində yazılıb. Bu, Akif Cabbarlının yaradıcılıq uğuru hesab edilməlidir.

 

Həyat etüdləri həm tarixiliyi, həm də zamanında yaşanılmışlara ədəbi müraciət kimi diqqəti çəkir. "Bağışla, ora düşməmişəm" cəmiyyətdə mövcud olmuş (indi də mövcud olan) tipik xarakterləri ümumiləşdirmə missiyasıdır və A.Cabbarlı bu missiyanı yerinə yetirə bilib. Həsənqulu Quliyevlər üçün həyat bəhrələnmə mühitidir. Onlara görə həyat bəhrələndiklərinə qılıq, bəhrələnə bilmədiklərinə dirsək göstərmə deməkdir. Bu etüdlə "manqala od salınmadı" hekayəsi arasında məntiqi bağlılıq var və yazıçı bu bağlılığı ünuniləşdirməklə xarakter səviyyəsində təqdim edə bilib. Həsənqulu Quliyevin xarakteri ilə (həyat fəlsəfəsi ilə) Səftər kişinin xarakteri (həyat fəlsəfəsi) arasında bu qədər oxşarlıq, bu qədər yaxınlıq, əlbəttə ki, xarakterin anatomiyası baxımından diqqəti çəkir. Həsənqulu Quliyevin "Bağışla, ora düşməmişəm" kəlmələriylə Səftər kişinin "arvadı, gəlini ilə qısaca, amma eşidilməyən tərzdə pıçıldaşması" ədəbi priyom kimi bir-birini tamamlayır, yəni biri digərinin məntiqi vasitəsi olur...

Akif Cabbarlının "Yolda" kitabı həyatın ədəbi təcəssümüdür və bu amilinə görə maraqla oxunur; Akif Cabbarlı mövzuya diqqətçəkən ədəbi ömür verib... Yol "Yolda"n sonra da davam edəcək...

Bayram MƏMMƏDOV

Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

 

525-ci qəzet.- 2021.- 30 noyabr.- S.15.