Nəzakətli Nəzakət  

 

 

Nəzakət xanımla (O, həm Nəzakət Məmmədli (Məmmədova) imzası ilə yazır() ilk görüşümüz yadıma gəlmir. Mənə elə gəlir ki, biz bu dünyaya gəlməzdən tanışıq bu, bir ruh məsələsidir. Amma gerçək dünyadakı yaddaşımı qurdalayanda məni onunla rəhmətlik Nahid Hacızadənin tanış elədiyini sanıram. Bəlkə gözəl şairəmiz indi o dünyada bizi səbirsizliklə gözləyən Fərqanə xanım tanış eləmişdi, ya bəlkə... Ona görə deyirəm : biz Nəzakət xanımla min illərin tanışıyıq.

Bu saf qəlbli, gülərüz, istedadlı xanım mənə "yaşıdım oğlan" deyir. Mən cavabında "eşidirəm, yaşıdım xanım" deyirəm.

Onu xatırlayıram ki, Nəzakət xanım öz müdiri sələfi Nahid müəllimi çox istəyənlərdən, ruhunu daim yüksək tutan insanlardan biridir. Hər adama bu qabliyyət verilmir. Nəvələrini özündən sözündən (yazılarından) çox istəyir. Kim nəvəsini özündən artıq istəmir ki... Eqoistlərdən başqa.

Onun yaradıcılığı haqqında ünlü tənqidçilərimiz, qələm adamlarımız ürək genişliyi ilə söz deyiblər, adına yaradıcılığına kitab bağlayıblar. İlk baxışdan o oxunmuş kitab təsiri bağışlaya bilər. Amma insan elə bir varlıqdır ki, onu Tanrıdan başqa heç kim oxuya bilməz. Bir ki, insan axıra kimi oxunarsa, maraqlı olmaz, illah da ki, qadın ola. Gözəl bir deyim yadınızdadır? Özünü bilməyəndən (tanımayanlardan) qorx! Nəzakət xanım, məncə, özünü tanyanlardandır, çünki istədiyini bilir.

Nəzakət xanımın şəxsiyyəti yaradıcılığından üstündür, insanlığı poeziyada parlayan işıqdır. eləmədim ki?! Qoy Barat Vüsalın əvəzindən deyim: O, "sözdən düşən işıqdır, ağrıyan ruhdur!"

Nəzakət Məmmədlinin adına araşdırmaçı Emin Əfəndiyev ("Nəzakət Məmmədlinin yaradıcılıq yolu"), şair Hikmət Məlikzadə ("Nəzakət Məmmədovanın yaradıcılığında vətən kodları") kitab bağlayıblar. Mən kitab yazsaydım, "Yurd dediyin bu torpaq"dan başlayardım. Çünki bu kitab "Ruhun poetik yaddaşı"dır (Sona Vəliyeva). Çünki "yurd dediyi bu torpaq onun ünvanıdır, adıdır, babalarına, övladlarına hesabatıdır".

Şair Nəzakət haqqında yazsaydım, gərək deyəydim ki, onun yaradıcılığında vətən var, təbiət , insan da, onlara sevgi . Amma mən demirəm, özü deyir: "Yurd dediyim bu torpaq ağır-ağır elimdi. Qəlbləri ovsunlayan şirin ana dilimdi!"

Onun haqqında yazsaydım, belə deyərdim: Nəzakət xanımın yaddaşı vətən yaddaşıdır, ağrısı vətən ağrısıdır, sevinci vətən sevincidir. Qarabağ dərdi "Yurd dediyim bu torpaq" kitabının mayasıdır. Çünki "Şuşanın, Laçının acı nisgili millətin köksündə xəncərdi, xəncər, həsrət dağlarına dirsəklənərək qərib taleyinə baxır Kəlbəcər". Bu ağrının sonunda başqa bir hayqırtı gəlir. Öncəgörüm, torpaqların azad olunacağına ümid belə yozulur: "Vətən çırpınırdı ağrı içində, qıvrıla-qıvrıla qalmışdı yollar. Qeyrət qılıncını çəkib gedirdi vətəni anatək sevən oğullar!"

Nəzakət Məmmədli imzası poeziyamızın özünəməxsus çalarıdır. Onun şeirləri kaledoskopdur. Arxada qoyduğu yaradıcılığı və həyatı öz rənglərilə həmin koleydoskopa oxşayır. Və o rənglərdən biz oxuculara da pay düşür...

Elçin HÜSEYNBƏYLİ

 

525-ci qəzet.- 2021.- 30 noyabr.- S.12.