Təhsildə qiymətləndirmə
tədqiqatları: əsas meyar keyfiyyətdir
Təhsilin əsas prioritetləri dünya inkişaf etdikcə, iqtisadi və siyasi sahələrə ciddi təsir edən hadisələr baş verdikcə dəyişikliyə
məruz qalır. Təhsilin texnologiya
ilə inteqrasiyası,
əmək bazarının
tələblərinin daha
çox bacarıq yönümlü olması
və digər oxşar məsələlər
bu dəyişikliyə
nümunədir. Həmin
dəyişikliklər özünü
yeni dərsliklərdə,
kurikulumların yenilənməsində
və müəllimlərin
texnologiyadan istifadəsində
göstərir. Lakin yeniliklərlə
bərabər təhsilin
keyfiyyəti də nəzarətdə olmalı
və təhlil edilməlidir.
Azərbaycan Respublikası Təhsil İnstitutunun Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları
şöbəsinin mütəxəssisi
İzzət Abbaslı
deyir ki, təhsilin keyfiyyəti şagirdlərin nailiyyətləri
ilə birbaşa əlaqəlidir. Bu səbəbdən,
ölkəmizdə müxtəlif
qiymətləndirmə tədqiqatları
həyata keçirilir
və şagirdlərin
nəticələri həm
ölkə, həm də beynəlxalq müstəvidə təhlil
edilir. Keçirilən qiymətləndirmə tədqiqatları təhsildə
vəziyyətin ümumi
mənzərəsini görməyə
imkan verir, ölkələri təhsil
siyasəti, kurikulum və şagirdlərin öyrənmə sistemi üzrə istiqamətləndirir.
Mütəxəssisin sözlərinə görə,
Azərbaycanda qiymətləndirmə
tədqiqatlarını Azərbaycan
Respublikasının Təhsil
İnstitutunun struktur vahidi olan Milli
və beynəlxalq qiymətləndirmə tədqiqatları
şöbəsi həyata
keçirir. Artıq ölkəmizin milli
tədqiqatlarla yanaşı
beynəlxalq tədqiqatlar
sahəsində də
kifayət qədər
təcrübəsi var.
İ.Abbaslı bildirib ki, Azərbaycanda keçirilən
beynəlxalq qiymətləndirmə
tədqiqatlarından biri
PISA (Programme for International Student Assessment)
- Beynəlxalq Şagird
Qiymətləndirilməsi Proqramıdır.
Bu proqram İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatı
(Organisation for Economic Co-operation and
Development) tərəfindən 3 ildən bir təşkil olunaraq 15 yaşlı şagirdlərin
oxu, riyaziyyat və elm sahələri üzrə məktəbdə
qazandığı biliklərdən
həyatda, məişətdə
qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarığını ölçür.
Azərbaycan 2006, 2009 və 2018-ci illərdə keçirilən
PISA tədqiqatında iştirak
edib. Növbəti PISA tədqiqatı isə COVID-19 pandemiyası
ilə əlaqədar
olaraq bir qədər geciksə də, əsas mərhələnin 2022-ci ildə
keçirilməsi planlaşdırılır.
PISA 2022 tədqiqatında şagirdlərin
oxu, riyaziyyat və elm sahələrindən
başqa, yaradıcı
düşünmə ilə
əlaqədar bilik və bacarıqları da qiymətləndiriləcək:
"Qeyd edim ki, Azərbaycanda keçirilən sonuncu
PISA göstəricilərinə əsasən şagirdlərin
riyaziyyat üzrə orta balı 420, oxu üzrə 389 və təbiət elmləri üzrə isə 398 olub".
Mütəxəssisin dediyinə görə, PIRLS (Progress in International Reading
Literacy Study) - Oxu Nailiyyətlərinin
Qiymətləndirilməsi üzrə
Beynəlxalq Tədqiqat
IV sinif şagirdləri
arasında keçirilir.
Şagirdlərin oxu bacarıqları
haqqında daha ətraflı məlumat əldə etmək üçün tədqiqat
çərçivəsində seçilmiş məktəblərin
müəllim və direktorları ilə sorğu aparılır.
Azərbaycan 2011, 2016 və
2021-ci illərdə PIRLS tədqiqatında
iştirak edib: "Tədqiqatın əsas mərhələsi cari ilin aprel-iyun aylarında Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən həyata
keçirilib. Bütün
ölkəni əhatə
edən qiymətləndirmədə
müxtəlif regionların
200 məktəbinin təxminən
7000 şagirdi təmsil
olunub. Qiymətləndirmə tədqiqatı üçün
seçilmiş 254 sinifdən
201-i Azərbaycan, 53-ü isə
rus bölməsinin payına düşüb. Hazırda şagirdlərin nəticələri təhlil
olunur. Əvvəlki
illərin PIRLS nəticələri
arasında müəyyən
qədər artım müşahidə olunur: şagirdlərimiz 2011-ci ildə
462 bal toplasa da, 2016-cı ildə bu göstərici 472-yə
qalxıb. Qeyd etmək lazımdır
ki, PIRLS üzrə ölkələrin ümumi
orta balı 500 hesab edilir".
İ.Abbaslı qeyd edib ki, Beynəlxalq qiymətləndirmə tədqiqatlarından
digəri isə 4 ildən bir IV və VIII sinif şagirdləri arasında
həyata keçirilən
TIMSS (Trends in International Mathematics and Science Study) - Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramıdır.
Tədqiqatın əsas məqsədi
şagirdlərin nəticələri
əsasında riyaziyyat
və təbiət elmləri üzrə təlim və tədrisin təkmilləşdirilməsi
üçün məlumat
toplamaqdır. 1995-ci ildən
fəaliyyətə başlayan
tədqiqat hər dörd ildən bir aparılır. PIRLS kurikulum üzrə
oxu bacarıqlarını-şagirdlərin
mətni üzündən
oxuması, hərfləri
tanıması nəzərdə
tutulmur, oxu bacarığı şagirdlərin
oxuduqları mətnləri
qavrama bacarığıdır,
qiymətləndirən beynəlxalq
qiymətləndirmə proqramıdır.
2001-ci ildən fəaliyyətə
başlayan proqram hər beş
ildən bir aparılır. Azərbaycan TIMSS və PIRLS tədqiqatları
proqramlarına 2011-ci ildə
qoşulub. TIMSS vasitəsilə
kurikulumların tətbiqi,
tədris resursları,
məktəbdə öyrənmə
mühiti və s. barədə ətraflı
məlumat əldə
edilir: "Təhsil sisteminin effektivliyinin ölçülməsinə kömək
edən TIMSS tədqiqatında
ölkəmiz 2011 və
2019-cu illərdə yalnız
IV sinif şagirdləri
ilə iştirak edib. 2011-ci illə
müqayisədə şagirdlərimizin
riyaziyyat üzrə orta göstəricisində
irəliləmə, təbiət
elmləri üzrə
isə geriləmə
olub. 2019-cu ildə Azərbaycanın riyaziyyat üzrə nəticəsində TIMSS-in tədqiqat
dövrləri arasındakı
ən böyük fərqlərdən biri müşahidə edilib.
Növbəti, yəni 2023-cü ildə keçiriləcək
qiymətləndirmə tədqiqatında
Azərbaycan həm
IV, həm də VIII sinif şagirdləri ilə iştirak edəcəkdir".
Mütəxəssisin sözlərinə
əsasən, ICILS (International Computer and
Information Literacy Study) - Kompüter və İnformasiya Savadlılığı üzrə
Beynəlxalq Tədqiqat
VIII sinif şagirdləri
arasında aparılır.
PIRLS və TIMSS kimi, bu tədqiqatın
da təşkilatçısı
Təhsil Nailiyyətlərinin
Qiymətləndirilməsi üzrə
Beynəlxalq Assosiasiyadır.
ICILS iştirakçı ölkələrə
şagirdlərin XXI əsrin
tələblərinə uyğun kompüter
və informasiya sahəsi üzrə bilik və bacarıqlarını
və bu bacarıqlara yiyələnmək
üçün lazım
olan ev və
məktəb mühitini
qiymətləndirmək imkanı
verir. ICILS dinamik
məlumat mühitimizdə
təhsilalanlara uğur
qazanmaq üçün
tələb olunan əsas bilik, bacarıqların aşılanması
ilə məşğul
olur. ICILS ölkələrə
XXI əsrdə gənclərdə
kompüter və informasiya savadlılığı bacarıqlarının
inkişafı haqqında
etibarlı, müqayisə
edilə bilən məlumatlar təqdim edir. Bundan əlavə,
ICILS hesablama düşüncə
bacarıqlarının dərhal
qiymətləndirilməsində də unikaldır: "Azərbaycanın ICILS tədqiqatında
iştirakı 2023-cü il üçün nəzərdə tutulub. Beləliklə, azərbaycanlı şagirdlərin kompüter
və informasiya texnologiyaları ilə əlaqədar bilik və bacarıqları müəyyən edilərək
bu sahə üzrə ölkədəki
ümumi vəziyyət
təhlil olunacaq və müvafiq qərarların verilməsinə
imkan yaradacaq".
İ.Abbaslının söylədiyinə görə, şagird nailiyyətlərinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatları təhsil sistemi haqqında məhdud məlumat verir. Bu səbəbdən, müəllimlər arasında da beynəlxalq tədqiqatın keçirilməsi təhsilin keyfiyyətinin ölçülməsi baxımından əhəmiyyətlidir. TALIS (Teaching and Learning International Survey) - Təlim və Tədris üzrə Beynəlxalq Araşdırma müəllimlərin və məktəb rəhbərlərinin təhsillə bağlı yanaşmalarını anlamaq məqsədilə keçirilən tədqiqat hesab olunur: "2008-ci ildən başlayaraq 5 ildən bir keçirilən TALIS tədqiqatı aşağıdakı mövzular üzrə qiymətləndirmə aparır- müəllimlərin tədris təcrübələri, müəllimlərin peşəkar təcrübələri, idarəetmə bacarığı, müəllim hazırlığı, müəllimlərin peşəkar inkişafı, məktəb mühiti, iş məmnuniyyəti, insan resursları ilə əlaqədar məsələlər, bacarıqlara dair əminlik. Azərbaycanın TALIS 2024 tədqiqatında ilk dəfə iştirakı nəzərdə tutulur.
Bir daha vurğulamaq istəyirəm ki, beynəlxalq qiymətləndirmə tədqiqatları təhsil sisteminin ümumi vəziyyəti haqqında məlumat verir, dünya standartları ilə müqayisədə çatışmazlıqları aşkar etməyə imkan yaradır. Nəticədə, bu tədqiqatlardan əldə olunan elmi-statistik göstəricilər əsasında təhsil sistemləri müvafiq qərar qəbul edir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 30 noyabr.- S.11.