Doğma yurda qayıdışın ədəbi müjdəsi

 

Qarabağ mövzusu, erməni işğalı nəticəsində meydana gələn yurd itkisi, qaçqınlıq, didərginlik kimi ağrılı mövzular tanınmış hərbi jurnalist yazıçı Vahid Məhərrəmovun yaradıcılığında xüsusi yer tutur. "Müharibənin bir ili", "Səngərdə yazılmış sətirlər", "Erməni əsirliyindən dönənlər", "Müharibənin qanlı kölgəsi" digər əsərləri onun bu kimi mövzulara necə həssaslıqla yanaşmasının bariz göstəricisidir. Bu əsərlərdə müəllif son otuz ildə üzləşdiyimiz işğal, qaçqınlıq, müharibə kimi dərdlərimizi həm faktların dili ilə, həm bədii lövhələrlə qələmə alıb.

Bu günlərdə V.Məhərrəmovun yaradıcılığına yeni bir səhifə yazılıb, "Elimizə qayıdırıq..." adlı yeni kitabı çapdan çıxıb. Kitabda 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Azərbaycan əsgərlərinin göstərdikləri şücaət, misilsiz qəhrəmanlıq azad olunan doğma torpaqlarımıza qayıdışın sonsuz sevinci öz əksini tapıb. Tarixi zəfərin əldə olunmasında, söz yox ki, xalqa, yeni nəsillərə  torpaqlarımızın itkisi ilə barışmamaq mövqeyini aşılayan yazarlarımızın da mühüm xidmətləri var. Qarabağ mövzusunda dövri mətbuatda tez-tez çıxış edən, vətənpərvərliyin təbliğinə töhfələr verən, gəncləri döyüşə ruhlandıran qələm sahibi kimi, təbii ki, V.Məhərrəmov da Qələbəmizə, torpaqlarımıza dönüş təntənəsinə biganə qala bilməzdi. Onun "Elimizə qayıdırıq..." kitabının əsas qayəsi məhz bu duyğulardan, vətənə sevgidən, düşmənə nifrətdən yoğrulub.

Tənqidçi Nərgiz Cabbarlının ön söz yazdığı kitab ümumən həyatın müxtəlif sahələrini əhatə edən, bir-birindən maraqlı yazılardan ibarətdir.

Kitabda povest, hekayə, esse publisistik yazılar yer alıb. "Qismət" povestinin qəhrəmanı olan gəncin müsbət obrazını müəllif ustalıqla yaradıb. Qismətin atasını vaxtsız itirməsi, ali təhsil almaq üçün Bakıya gəlməsi sonuncu imtahana gedərkən avtobus qəzası keçirməklə ağır xəsarət alması, onun həmin il instituta qəbul ola bilməməsi, keçmiş ittifaqın ucqar əyalətlərində hərbi xidmət keçməsi, yaxın dostu qonşusunun onun bacısına elçi düşməsi, Qismətin faciəli, vaxtsız bitən ömür yolu ardıcıllıqla  işıqlandırılıb. Povest oxucuda həzin duyğular fərqli hisslər oyadır.  Vahid Məhərrəmovun müxtəlif illərdə qələmə aldığı hekayə esselər maraqla oxunur.  "Dolların kursu", "Köhnə televizor", "Arayış üçün arayış", "Dəlixanada şeir konfransı" başqa hekayələrin mövzusu həyatdan götürüldüyündən xoş təsir bağışlayır. 

Kitabdakı publisistik məqalələrdə ayrı-ayrı müəlliflərin dövri-mətbuatda çıxan Qarabağ müharibəsi mövzulu yazılarına diqqət yetirilir, irad qeydlər ifadə olunur.

Nəşrin adından da göründüyü kimi, özü qaçqınlıq həyatı yaşamış Vahid Məhərrəmov tarixi qələbəmizə ürəkdən sevinir bir çox soydaşlarımızla bərabər, o da doğma yurda - Zəngilana, Babaylı kəndinə qayıtmağa hazırlaşır.

 

Bəxtiyar ƏLİYEV

525-ci qəzet.- 2021.- 30 noyabr.- S.9.