Birgə yaşamağın düsturu
Esse
Həyatda heç nə vaxtsız olmur, yapon filosofu Suzuki demiş, tələbə
hazır olanda müəllim görünür. Nə gec,
nə də tez gəlir bahar, nə tez nə də
gec düşür payız. Hələ yağışlar.., başladı bitməz.
Dünyanın saatı
çox dəqiq qurulub, əqrəblər zamanı yalnız irəliyə itələyir,
geridə nə qaldısa, keçmişə
aiddi, nə qayıdıb götürməyə,
nə də nəyisə dəyişməyə
vaxtın var. Hesabdı
e, adicə hesab, sadəcə insan oğlu dərk edə bilmir, dərk etməyə həm də icazəsimi yoxdur, bilmirəm. Amma bu dəmdə yadıma bir mahnıdan müəllifini
də bilmədiyim üçcə misra düşür:
Həyatı anlayanda
Həyatdan gedir insan,
Bilmirsən nədir insan?!.
Həyatda yaşadığımız sürəcə
başımıza gələn
və ya gəlməyən hadisələri
çox zaman bəxtlə əlaqələndirirlər. Son anda ölümdən qurtaranları ağlımızdan
keçirək, hərəsinin
bəxti bir cürə gətirir, kimi bir neçə
saat sonra göydə partlayacaq təyyarəyə gecikir,
kimi labüd avtoqəzadan ötüşür,
başqa biri yüksək mərtəbədən
yıxılır və
burnu da qanamır. Həyatda atdığı ilk addımlarından uğurlanan
insanlar var, heç özü də gözləmədiyi
halda yaşıdlarından,
şagird və ya tələbə yoldaşlarından seçilir,
qarşısında necə
deyərlər, "yaşıl
işıq" yanır.
Sanki hansısa bir qüvvə əlindən tutub çəkir arxasınca.
Hökm Tanrınındı,
insan hələ də heyrətdə!
Orta məktəbi
bir oxumuşduq, bütün fənləri
fərq qoymadan öyrənirdi, amma fikri həkim olmaqdı, bu, onun ən böyük
arzusu idi. İkimiz
də eyni vaxtda, amma fərqli
günlərdə ali məktəbə qəbul imtahanı verdik, təəssüf. Yüksək hazırlaşdığına
baxmayaraq, dörd ilini aldı əlindən həmin ali məktəb,
qismətmi deyildi, ya nə, bilmirəm,
üstündən düz
12 il keçəndən
sonra tamamilə fərqli ixtisas üzrə ali təhsil aldı. Həyatımızda olanlar və
olacaqlar müəyyən
bir məqsəd üçündür, çünki
"kainatda xaos yoxdur".
Ali məktəbdə fəlsəfə elmi bizə dialektik fəlsəfənin kateqoriyalarını
öyrətdi ki, bunlardan biri də "təsadüf və zərurət" idi. Zərurət və təsadüf
bir-birini doğan, yaradan proseslərdir, yəni dialektik sürətdə bir-biri ilə sıx bağlı olan bu nəzəriyyəyə
görə, eyni bir hadisə həm zəruri, həm də təsadüfi olur. Əslində, hər iki proses bir-birinə
təsir edir, onların arasında məsafə o qədər
kiçikdir ki, ayırmaq çətin olur və təsadüf
elə zərurətin
təzahür forması
kimi çıxır
ortaya. Amma burda da mütləq bir qanunauyğunluğun mövcudluğu
mütləqdir. İnsan həmişə
bir sual qarşısında baş
sındırmalı olub,
bizım başımıza
gələn-yaxşı və
pis şeylər təsadüfdür, ya zərurət? Əgər təsadüfdürsə,
niyə ondan qaçıb qurtara bilmirik? Axı bəzən sanki bilərəkdən o hadisələrin
üstünə yeriyir
adam! Bəs əgər
zərurətdirsə bunca
mücadilə nə üçündü? İbn Sinaya
görə, fəlsəfənin
əsas məqsədi
də elmi öyrənməklə son nəticədə
Allahı dərk etməkdir. Sən istəyəni gərək
Allah da istəsin.
Adam fikirləşdikcə başı gicəllənir,
sanki sonu olmayan labirintə girib vurnuxmadayıq, nə yol tapıb
çıxa, nə də əlimizi qaldırıb deyilənlərin
həyatda mütləq
bir qanunauyğunluğun
olmasını da qəbul edə bilirik. Amma bəxt küləkləri bizi qova-qova özümüz də hiss etmədən bir oyundan digərinə
ötürür, səhvlərimizlə,
həqiqətlərimizlə birgə həyat adlı böyük oyunun sonuna aparır.
Bir xətt çəkdin, ömür qoydun adını,
Mən üstündə
kədər yükü
daşıdım.
Bir günüm də rahatlıqla keçmədi,
Qaça-qaça, qova-qova yaşadım.
Bəxt, qismət, tale, qədər..,
insan zehnini həmişə məşğul
edən fikirlərdir. Hər birimizin
heç xəyal etmədiklərimizi də
həyata keçirməyə
daxili potensialımız
var, amma İnsan həmişə olacaqları, gələcəkdə
baş verəcək hadisələri qabaqcadan bilməyə meyl göstərib. Kimsə bu
istəyini müqəddəs
kitablardan, kimisi öncəgörənlərdən, bir başqası da falçı yanına getməklə ödəməyə çalışır.
Y.V.Çəmənzəminli isə gələcək
taleyini kitabın sətirlərinə əsasən
bilməyə çalışarmış
və bu, əksər hallarda da doğru olarmış.
İnsanın ali hisslərindən biri sevgidir. Sevən qəlb gözəl olar, sevən insan heç vaxt pis düşünə
bilməz, dahi Fizuliyə görə, eşq insanı ucaldan ən ali qabiliyyət,
Dosteyevskiyə görə
isə birini sevmək, onu Tanrının istədiyi kimi görməkdir. Amma hər ürək sevə bilmir, sevgi də özünə
ən saf, pak, xıltsız qəlbi məskən seçir.
İnsanların birlikdə, bir ailədə yaşamağı
üçün şərtlərin
bəlkə də birincisi hesab edilən bu ali hissin
həm də mühafizəyə, qorumağa
ehtiyacı var. Olduqca incə, kövrək olduğundadır ki, bir acı baxışdan
zədələnə bilər.
Bu gün gənc
ailələrin həyatın
sınaq və çətinliklərinə duruş
gətirə bilməməsinin,
boşanma və ayrılıqların kökündə
əsasən iki fərdin hələ bərkə-boşa düşməməsi,
hisslərini saf-çürük
etmədən tələsib
nigaha daxil oması dayanır. İlk baxışdan bir-birinə
xoş təsir bağışlayan gənclər
bunu sevgi kimi qəbul edir, bu hissin
yaratdığı illüziyalara
aldanırlar. Halbuki ailə
kimi nəhəng bir sistemin öz
düsturu, öz qayda və qanunları
vardır və həmin gənc hələ ki, bütün bunlardan xəbərsizdir.
...Bir üstəgəl birdi elə,
Eşqin
bütün düsturları...
İki nəfərin
izdivacından ailə
yaranır və "yalnız böyük məhəbbət ailə
həyatındakı anlaşılmazlıqları
aradan qaldırmağa
qadirdir". Bu gün
uğursuz ailə həyatından əziyyət
çəkən, yollarını
ayırmaqda belə aciz qalan, bəzən
ayrılmaq qərarı
verən tərəfə
(əsasən qadınlara)
aqressiya göstərən,
tolerant yanaşmayan, hətta
tərəf müqabilinin
cismani həyatına
son qoymaqdan belə çəkinməyən nə
qədər insanlar
var.
Halbuki ailə quran şəxslər bir-birinə
həmfikir, həmdərd
olmalı, sirdaş, arxadaş, dost olmalıdır.
Əgər adam işdən çıxıb
evinə tələsmirsə,
demək, o ailədə
bağlar hardasa qırılmışdır!..
Azərbaycan cəmiyyətində ailə dövlətin bir hissəsi olmaqla qanunla tənzimlənsə də,
həm də yaşlı, ağsaqqal və ağbirçəklərin
öyüd-nəsihətlərindən qidalanıb həmişə.
Yeni ailə quranların ilk addımlarında səhv etməsi qaçılmazdır,
təbiidir, məhz belə vaxtlarda bu yolu keçən
böyüklərin onlara
düzgün yol göstərməsi təqdirəlayiqdir.
Sevməyin nə xüsusi məktəbi var, nə də onu öyrədə bilən müəllimi. Sevginin ünvanı
Allah, məskəni isə
insanın qəlbidir.
Heç
ağlına gəlməyən
yerdə dolar içinə, keçər
qanına, hopar canına. Sevər, vurular və
sevgisiylə də özünü vurar.
Məhəbbət, illər
sonra da yenə
hər gün bir-birini görmək həsrəti, sarılmaq,
qayğısına qalmaq
istəyidi, darıxmaqdı,
hər gün eyni adamı sevə bilməkdi, gözünün baxdığın
hər yerdə onu axtarmasıdı. Sevmək, özün qatlaşdığın
əzabı sevdiyinə
rəva görməməkdi.
Və böyük məhəbbətlərin
həm də böyük hörmət hissinə ehtiyacı var, axı hörmət
hissindən məhrum olan sevgi yaşamaq
haqqını da itirir.
Adam gedib yoldaş olur quşlara,
Yavaş-yavaş öz dilini unudur,
Yavaş-yavaş quş dilini öyrənir.
Ocaq qurub can qovurur hər gecə,
Od dilini, daş dilini öyrənir...
P.S. Biz birgə yaşamağın
düsturunu özümüz
tapdıq, sevdik, inandıq, iki ömrü bir ömrə sığdıra
bildik. Bu, əlbəttə,
asan deyil, güzəştə də
getdik, güzəşt
də etdilər.
Siz də o düsturu tapmağa çalışın, onda
yaşamaq daha gözəl, həyat isə mənalı olacaq...
Şahnaz ŞAHİN
525-ci qəzet.- 2021.- 1 oktyabr.- S.15.