Vətən müharibəsi: Payızın yeddi anı  

 

(İkinci yazı)

 

Vətən müharibəsi min illərin o üzündən dikələn ruhumuzun müharibəsi idi...

 

Vətən müharibəsində Azərbaycan əsgərinin döyüş hazırlığı da, mənəvi-psixoloji hazırlığı da düşməni diz çökdürdü; Azərbaycan ordusu düşmənin illərlə hazırladığı, möhkəmlətdiyi, təkmilləşdirdiyi sədləri darmadağın etdi.

 

Azərbaycan əsgəri hər döyüşü son döyüş bilib döyüşürdü...

 

Döyüşçülərimiz döyüş-döyüş tarix yazırdı. Döyüşdən sonra döyüşə qədərki bir neçə an da tarix idi...

 

 

 

Müqəddəs döyüşlər Azərbaycan əsgərini Zəfərə yaxınlaşdırırdı...

 

Vətən müharibəsində döyüş bir nəfəs dərimi qədərincə səngiyəndə döyüşçülərimizə Birinci Qarabağ müharibəsində, Ağdərə ətrafında gedən döyüşlərdə olmuş bir hadisəni xatırlatmışdım:

 

Var səsimlə göy üzünə qışqırdım: Dövlət Bayrağının işığında vuruşanlar məğlub olmur, ya qələbə qazanır, ya şəhid olur. Azərbaycan əsgəri kimi... Onda Məhəmməd Hadinin bir kəlamını da xatırladım, xatırlatdım: "Məfkurə yolunda tökülən qan hədər getmir".

 

Azərbaycan Ordusu düşmənin illərlə möhkəmlətdiyi müdafiə sədlərini, müdafiə sistemini darmadağın etdi. Azərbaycan Ordusu döyüşə-döyüşə mövqe qələbələri qazanırdı, hər qələbə növbəti döyüşlərin başlanğıcı olurdu; Azərbaycan əsgərinin döyüş əzmi, qələbə ruhu düşmənin müqavimətini çığnayırdı. Düşmən çarəsiz müdafiə döyüşləri aparırdı.

 

Döyüşçülərimiz hər döyüşü son döyüş bilib döyüşürdü.

 

Yaralanmış əsgər yaralandığına deyil, döyüşlərdən uzaqlaşdırıldığına təəssüflənirmiş. Yaralandığını gizlətmək istəyənlər olurdu. Əsgər Qasımov ayağından yaralanıb, yarasını özü sarıyıb döyüşü davam etdirib, yaralı ayağına qəlpə dəyib. Neçə saat yaralı-yaralı döyüşüb. Bu, döyüş əzmiydi, qələbə ruhuydu. Vətən müharibəsi belə döyüşənlərin, belə döyüşlərin müharibəsiydi. Ona görə ordumuz qüdrətli tarix yazdı...

 

Döyüşdən sonra döyüşə qədər qısa müddətli istirahət edirdilər. Bu bir neçə anda da döyüşlər haqqında düşünürdülər; bir azdan başlayacaq döyüşün qələbə sonluğu ürəklərini zəfər ovqatıyla silkələyirdi...

 

Döyüşlər tarixləşdi, döyüşlərarası qısamüddətli istirahət anları da...

 

Hamı inanırdı ki, Vətən şəhid-şəhid qorunur, düşmənin başına od ələnəcək...

 

 

 

Hamı bilirdi ki, döyüşçünün döyüş ruhuna dinclik olmur. Bu ruh əsrlərin sərtliyindən sıyrılıb yaşadılan, yaşadıla-yaşadıla yaşadan ruh olduğu üçün yaranışıdan üzü bu yana mübarizələr aparıb, aparır, aparacaq; döyüşüb, Vətən istədiyi anlarda yenə döyüşəcək. Döyüşən ruh döyüşçü ruhudu. Bu ruh on illərlə dövlət müstəqilliyinin bərpasının cəfakeşi oldu, bu ruh Vətən müharibəsinin döyüşən əsgəri oldu, bu ruh tarixi öz tarixi axarına qaytardı...

 

Vətən müharibəsi torpaqlarımızın işğaldan qurtuluş döyüşləriydi.

 

Azərbaycan Ordusu düşmənin illərlə möhkəmlətdiyi, təkmilləşdirdiyi müdafiə sədlərini darmadağın etdi. Döyüşçülərimiz döyüşə-döyüşə zəfərə yaxınlaşırdılar...

 

Elvinlə qardaşı İlkin Vətən müharibəsinə eyni gündə getmişdilər. Atalarını neçə il əvvəl, analarını ötən il itirən cavanları döyüşə dədə kəlamlarının işığında nənələri uğurlamışdı: döyüş ruhu Tanrının bəndəyə lütfüdü. Onda göz yaşları ürəyini islatmışdı nənənin. Baxışlarını hamıdan, nəvələrindən gizlədə bilmişdi. Bəlkə ömründə birinci dəfəydi ki, özünə alqış deyirdi. "Ulu babalarınız döyüşüb, dədələriniz döyüşüb. Atanız Birinci Qarabağ müharibəsində ağır yaralanmışdı. Döyüşə gedirsiniz. Onların ruhunu incitməyin, a bala. Allahdan sizi bağrıma basacağım ana kimi ömür diləyirəm..." - demişdi, ikisi nənələrinin ağuşuna sığınmışdı; ikisi göz yaşlarını gizlədə bilmişdi. Nənə nəvələrinin saçlarını oxşamışdı...

Şuşa istiqamətində döyüşürdülər. Bir azdan döyüş əmri veriləcəkdi, döyüşqabağı "nəfəs dərirdilər". Qəflətən baxışları qoşalaşdı. Təsadüfüydümü, Tanrının ömür töhfəsiydimi, qardaş nigarançılığından qurtuluş lütfüydümü - Elvinin qolları İlkinin, İlkinin qolları Elvinin kürəyində çarpazlaşdı. Döyüşqabağı belə kövrək, kövrək olduğu qədər düşündürücü görüş döyüşçülərin qələbə ruhunu kükrətdi. Zabit gözdolusu ikisinə baxdı, "Bu gözlənilməz görüş, gözlənilməz görüşün yaratdığı ruh qələbə ruhudu. Sizi döyüşə qələbə ruhu uğurlayır!", - dedi.

 

Hamısı döyüş əmrinin bir nəfəs dərimi olsa tez verilməsini arzulayırdı. Bu gözəl, duyğusal görüşün ruhuyla döyüşəcəkdilər; Azərbaycan jurnalistikası Zəfərin döyüşlərindən süzülüb gələn işığını bu gözəl, duyğusal görüşün ruhunda görmüşdü...

 

Sentyabrın 27-də əks-hücum əməliyyatı başladı. "Tanklar, irəli!" əmriylə tanklarımız düşmən mövqelərinə doğru şığıdı. Bu, hücum idi. 1988-ci ildən bəri bu tərəflər belə hücum görməmişdi - ordan bu yana, burdan o yana...

 

 

 

Ermənilər işğal etdiyi ərazilərdə güclü mühəndis-istehkam sədləri yaratmışdı, illərlə möhkəmləndirmişdi, təkmilləşdirmişdi. Artilleriyaçılarımızın davamlı dəqiq atəşlərinin davamı kimi tanklarımız "Ohanyan səddi"ni , mühəndis-istehkam sistemini darmadağın etdi; Azərbaycan Ordusunun tankları düşmənin müdafiə sistemindən çox güclü idi...

 

"Ohanyan səddi" , mühəndis-istehkam şəbəkəsi Vətən müharibəsindən sonra düşmənə gözdağı oldu...

 

...Bir azdan tanklarımız düşmənin qalan sədlərini də əzib keçəcək.

 

Döyüş bölgələrində bu tankları görənlər qürurla deyirdi ki, 

 

Demədilər bu yerdə ötərgi səsdi, keçdi,

Dedilər, yol kəsənin əlini kəsdi, keçdi.

Dikələn düşmənləri diz çökdürdü döyüşdə,

Dirəşən düşmənlərin başını əzdi, keçdi...

 

Vətən müharibəsində sözdöyüşürdü.

 

 

 

Vətən müharibəsi başlayanda "Hərbi Nəşriyyat" da döyüşlərə səfərbər edildi. Vətən müharibəsi müddətində bu nəşriyyatın səyyar mətbəəsində "Azərbaycan Ordusu" qəzetinin gündəlik buraxılışları nəşr edildi.

 

Mövqe qələbəsi qazanan döyüşçü döyüş səngiyəndə jurnalistin, jurnalistin təqdimatında döyüşçü yoldaşlarının təəssüratlarını oxuyurdu. Bu, mahiyyəti etibarilə döyüş əzmi idi, qələbə ruhu idi.

 

Anlar tarixdi. Tarixi anları tarix kimi yaşatmaq dövlətə, dövlətçiliyə sədaqətdi.

 

Vətən müharibəsinin hər anı tarixdi. Bu tarixin mahiyyətini dərk etmək onu yaşatmaqdı. Yaşadılanlar həm də sabahların tarixinin başlanğıcıdı...

Vətən müharibəsində döyüşdülər. Qələbə qazandılar - tarix yazdılar. Döyüş-döyüş yazılan tarix mahiyyətcə anların tarixidi. Anların mahiyyəti şəkilin sözündədi. O mahiyyəti şəkilin özü qədər gerçək heç bir yozum izah edə bilməz.

 

Şəkilin sözü döyüşçünün sözüdü.

 

Ötən ilin payızının bu yeddi anı da deyir ki, bu Zəfər bəşəri bir Zəfər oldu!.. 

 

 

Rəşid FAXRALI

 

525-ci qəzet.- 2021.-  1 oktyabr.- S.10.