Dul qadının tənhalığı
(Əvvəli
ötən şənbə sayımızda)
Səmada
yalnız bir günəş olduğu halda, Ruhiyyənin
üfüqündə azacıq vaxt fərqi ilə ikinci
günəş də peyda oldu və bu, onun küçədə
ağlayarkən tanış olduğu
Südabə xanım idi. Surroqat ana kimi bətnində
gəzdirdiyi uşağı itirəcəyindən o, çox
qorxurdu, küçədə gedərkən qarnında kəskin
ağrı əmələ gəldiyinə görə
ağlamağa başladı. Əri ilə
toya getməli olan bu qadın qızı sezib, öz mərhəməti
və filantropluğu hesabına ona yaxınlaşdı, şənliyə
getməkdən imtina edib, qızı öz evinə apardı
və ona anasından görmədiyi qayğı və
mehribanlıq göstərdi. Qadın bu bədbəxt
qız üçün ikinci qoruyucu mələk timsalında
peyda oldu. İlk görüş çox
şeyi vəd etməsə də, Ruhiyyənin taleyinin dəyişilməsinə
səbəb oldu. Kiçik ünsiyyət
bulağı sonralar könlü fəth edən daşqın
yaratdı. O, qadını ürəkdən sevirdi, ona vurulmuşdu,
əslində, insan olan hər kəs beləsinin əsirinə
çevrilməmiş olmazdı. Ruhiyyə onun
səmimiyyətinin həqiqi əsirliyinə düşməsi
ilə öyünürdü və xoşbəxtlikdən, bu
nəcib qadın da ona öz qızı kimi yanaşmağa
başladı. Əslində, onun
övladı yox idi, ana xüsusiyyətləri də ona adi təcrübə
nöqteyi-nəzərindən yad idi. Onların
aralarındakı yaş fərqinə, sosial vəziyyətləri
arasındakı uçuruma baxmayaraq, yaxın rəfiqələrə
çevrildilər. Xəstəliyin onun həyatına
son qoymağına hazırlaşdığı bir vaxtda,
Südabə xanım öz faciəsi barədə deyil,
sevdiyi əri və vurulduğu bu bədbəxt qız barədə
düşünməyə, plan cızmağa
üstünlük verdi və Ruhiyyə
bunu heç cür gözləmədiyi halda, ona dedi ki, mən
öləndən sonra sən Hüseynlə ailə həyatı
qurmalısan. Bu fürsəti sən əldən
verməməlisən. Mənim ruhum da onda
sakitlik tapacaqdır, çünki ərimi yaxşı əllərə
tapşıra bildim və qızım kimi çox istədiyim
bir adama da ailə qurmaqda kömək etdim.
Ruhiyyə bu qadının sözlərini xəstəliyin
güc gəlməsi hesabına ağlını itirməsi
kimi qəbul etdi. Öz peşə rəfiqələrinin də
kiçik bir böhran anında sayıqlamalarının dəfələrlə
şahidi olmuşdu. O, inana bilmirdi ki, öz həyatını
qorumaq barədə nəinki düşünməyən, hətta
onu yaddan çıxaran bir adam,
ölümündən sonra ona rəqib olacaq birini axtarır və
bu namizədi məhz Ruhiyyədə görür. Bu, onun tərəfindən
altruizm nümunəsi sayıla bilərdi, öz maraqlarına
məhəl qoymayaraq, qısa müddətdə dostluq, rəfiqəlik
etdiyi bir qızı öz ərinə yeni arvad kimi görmək
istəyir, böyük əziyyətlə əri ilə
müştərək qurduğu evi - əslində, Ruhiyyə
bu varlı şəkildə bəzənmiş mənzili bir
saray hesab edirdi, - ona etibar edir, ona vəsiyyət edir.
Südabə xanımın ölümündən sonra
onun nəzərdə tutduqlarının hamısı həyata
keçdi, Ruhiyyə Hüseynə ərə getdi və mərhum
xanımın arzusuna uyğun olaraq yeni xoşbəxt bir ailə
meydana gəldi. Oğullarının dünyaya gəlməsi
isə bu ailəni əsl xoşbəxtlik diyarına
çevirdi.
Ruhiyyə bu xoşbəxtliyin uzun sürməyəcəyindən
qorxur, bu hisslərin təsiri altında təşvişə
düşürdü. O, Hüseynin onu ürəkdən sevdiyinə
şübhə etmirdi, bədxahların da onların
ittifaqını pozmaq kimi cəhdləri hətta mümkün
olsaydı belə, hökmən uğursuzluğa
düçar olardı. Ərinə özü
heç vaxt xəyanət etməyəcəkdi, bu, baş versəydi,
xəyanəti tabutun içərisinə girməyə bərabər
hesab edərdi. Hüseynin də əvvəlki
tək qızlara meyl göstərməsi düşüncəsini
özünə yaxın qoymurdu, çünki onlar sadəcə
ər-arvad deyildilər, həm də o, ərinin sevimli məşuqəsi
idi, onların hər ikisi illər ötsə də, intim
yaxınlıqdan ilk dəfə baş verən kimi həzz
alırdılar. Onlar bir-birindən
ayrılmayan qu quşlarını xatırladırdılar.
Dişi pinqvin kimi yuva tikmək üçün
ona bir daş verən erkəklə yaxınlıq etməsinin
əksinə, dişi sona dünyanın ən qiymətli nemətləri
hesabına da olsa xəyanətə yol verməzdi. Əri onu təkcə maddi cəhətdən deyil, mənəvi
cəhətdən, daha açıq deyilsə, intim
yaxınlıq tərəfdən də bütünlüklə
təmin edirdi. Əri də dəfələrlə
eyni şəkildə, buna bənzər etirafını ona
çatdırmışdı.
Ruhiyyə
bilirdi ki, bədbəxtliyin ömrü uzun olur, bu məsələdə
bədbəxt qadınlar dəvə karvanını
xatırladırlar, səhranın qumlu səthi ilə irəlilədikcə
onlar heç bir dəyişikliklə üzləşmirlər,
vahənin - oazisin yaxınlaşdığına ümid bəsləsələr
də, qızmar günəş və qumdan qalxan isti dəvələri
cana doydurmağını davam etdirir. Xoşbəxtlik isə, adətən, qısa
ömürlü olur, gözlənilməyən halda onun sonu gəlib
çatır, təəssüflənmə, gileylənmə
də fayda vermir, adi bir həqiqət özünü büruzə
verir - nəyin başlanğıcı varsa, onun sonu da olur.
Ruhiyyə
tək qalanda, Hamnet həyətdə uşaqlarla oynayanda onu bu
fikirlər ağuşuna alıb sıxır, elə bir problem
olmadığı halda da, az qala bu məhvedici
təsir onun nəfəsini kəsirdi. O, qorxuya
düşür, nəbzi sürətlə vurmağa
başlayır, əhval-ruhiyyəsi tamam pozulurdu. O, xoşbəxtliyi
ilə heç vaxt qürrələnməmiş,
öyünməmişdi, onu göz bəbəyi kimi
qorumağa daim hazır idi. Lakin bəzən
heç nə adamın özündən asılı olmur, bədbəxtlik
nəinki qapını döyür, gözləmədiyin halda
başının üstünü kəsir. Onun Hüseynin səhhəti barədə də elə
bir nigarançılığı yox idi, əri
yaşından xeyli cavan və sağlam
görünürdü.
Lakin demə, faciə onu izləyirmiş, gözləyirmiş,
bir gün yaxasından yapışıb, xoşbəxtliyinin
sona çatdığını bildirəcəkdi. Hüseyn bazar
günləri dənizdə çimmək üçün
plyaja gedirdi, köhnə dəbə uyğun olaraq özü
ilə qarpız, yemiş də aparırdı. Axşam tərəfi dostları ilə birlikdə
plyaj futbolu oynayırdılar. Deyilənlərə
görə, çox yaşına baxmayaraq, Hüseyn
özünü uşaq kimi aparır, yaxşı zərbəsinə
görə sevincinin həddi-hüdudu olmurmuş. O,
olduqca sürətlə qaçır, yaxşı fənd
işlədir və rəqib qapısına
yaxınlaşıb, qol vururmuş. Artıq
yaxşı hücumçu şöhrəti
qazanıbmış. Axırıncı
bazar günü dostları ilə çimərlikdə futbol
oynayanda topla sürətlə qaçıb, birdən qumun
üstünə yıxılıbmış. Yoldaşları yaxınlaşdıqda, onun nəfəs
almadığını gördülər. Hay-küy qopdu, həkim briqadası gəldi və
onun geniş infarktdan ürəyinin dayandığını
bildirdilər. Bir qədər əvvəl
onlarla oynayan, zarafatlaşan dostları bu dəfə isə
Hüseynin cəsədini evinə gətirdilər.
Ruhiyyə
bu səhnəni görəndə az qala dəli
olmuşdu. Axı onu səhər-səhər
tam sağlam vəziyyətdə yola salmışdı.
O, arvadına tapşırmışdı ki, ləvəngi
hazırlayarsan, yaman könlünə düşüb. Ruhiyyə qonşu qadının da köməyi ilə
ləvəngi, çölmə hazırlamışdı, ərini
gözlədiyinə görə nə özü onu
dadmış, nə də oğluna vermişdi. O, ərinin
öldüyünə inanmaq istəmirdi, axı tam sağlam,
ürəyindən heç vaxt şikayət etməyən
bir adam niyə qəflətən yolunu dəyişib,
o dünyaya üz tutmalı idi? Bəs Ruhiyyə
və Hamnetin taleyi necə olsun? Onların
sevgisi niyə birdən-birə yoxa çıxmalıdır,
bu yetim qalmış adamlar Hüseynsiz nə edəcəkdilər?
Ruhiyyə hıçqırıqlarla
ağlayırdı, anasına isə tapşırdı ki,
ağı deməsin, Hüseynin dostlarından, qonşulardan
ayıbdır.
Hamnetin bircə kəlməsi bu yazıq qadını
daha pərişan etdi. Oğlunun sifəti qaralmışdı, həyat
nişanəsi verməyən atasına baxa bilmirdi və dedi:
- Ana, atam
niyə bizi tərk edir, bundan sonra mən atasız olacağam?
Ruhiyyə onu qucaqlayıb, bağrına basdı,
özü ağır vəziyyətdə olduğu halda
oğluna təskinlik verməyə başladı. Sevimli oğlu
dörd yaşında yetim qalmışdı, onu canından
artıq sevən atasını itirmişdi.
Ruhiyyə ayaq üstə dayana bilməyib,
özünü kreslonun üstünə atdı. Acı fikirlər
onu üzürdü, axı niyə onun xoşbəxtliyi belə
qısa sürdü, onun əziz əri niyə həyatda onu tək
qoydu. Deməli, məhəbbətin
şirinliyini bir daha dadmayacaqdı. Qara düşüncələr
az qala onun beynini didirdi. Yəqin
onun günahıdır ki, Hüseyni belə ağılsız
bir məhəbbətə sevirmiş. Hər
şeyin şiddəti artanda gözlənilməyən fəsadlar
meydana çıxır. İti sürətlə
gedən avtomobil hökmən qəzaya uğrayır. Böyük çaylarda suyun həcmi artanda,
daşıb ətrafı basır. Böyük rus
şairəsi yaxşı demişdir:
"Vaxt
gələndə, yetişmiş sünbül tək
Əyiləcəyik, biz öz
ağırlığımızdan".
Xoşbəxtlik
də öz ağırlığına dözməyib, nəinki
əyildi, hətta öz yerini bədbəxtliyə verdi. Onların qarşılıqlı sevgisi nəhayətsiz
idi, iki bədən elə bil ki, bir cana
çevrilmişdi, bir ruha malik idi. Allah gərək
Hüseyni qoruyaydı, onu ölümün pəncəsindən
xilas edəydi, çünki bu vaxt həm də Ruhiyyənin həyatını
hifz edəcək, bədbəxtliyə yenidən
düçar olan bu qıza adi bir mərhəmət göstərəcəkdi.
Axı bəzən hansısa bir xoş təsadüf,
gözlənilməyən bir gediş ayrı-ayrı
insanları deyil, bütöv bir şəhəri də xaraba
qalmaqdan, məhv olmaqdan xilas edə bilir. Ona Südabə
xanım danışmışdı ki, amerikanlar Yaponiyaya atom
bombası atmaq niyyətində olanda, Hirosimadan əlavə,
Kioto şəhərinin də atom bombası zərbəsinə
məruz qalmasını planlaşdırmışdılar.
ABŞ-da bu işi təşkil edən komissiyanın tərkibindəki
bir nəfər cavan oğlan müharibədən əvvəl
bal ayını Kioto şəhərində keçirmişdi
və şəhərin gözəlliyinə həm
özü, həm də gənc xanımı vurulmuşdu,
axı burada minə yaxın məbəd var idi, Qızıl
pavilyon isə dünya şöhrəti qazanmışdı.
Həmin amerikan belə əfsanəvi
füsunkarlığın məhv edilməsini ədalətsizlik
hesab etdiyindən, planda Kiotonun adını
çıxarıb, onun yerinə Naqasaki şəhərini
yazdı və həmin şəhərə Hirosimanın bədbəxtliyindən
üç gün sonra, 1945-ci ilin 9 avqustunda atom bombası
atıldı. Gözəllikliyə qiymət verən
bir amerikalının hesabına yaponların muzey-şəhəri
Kioto və onun əhalisi məhv olunma taleyini yaşamaqdan xilas
edilmişdi, tarixin yadigarı sayılan şəhərə
heç bir xətər toxunmamışdı.
Hüseyni də Allah mənim və kiçik
oğlumuzun xatirinə ölümdən uzaqlaşdıra bilərdi,
bizim bədbəxtliyimizin başlanmasına yol verməzdi. Onun
ölümü, əslində, ailəsinin də xoşbəxtlik
erasının sonu, ölümü demək idi. Niyə bir zərbə ilə, birinin həyatdan
uzaqlaşması ilə, bədbəxtlik okeanında üzməkdən
yorulmuş bu fağır qız yenidən və onun sevimli
övladı isə ilk dəfə də olsa cəhənnəm
əzabları ilə üzləşməli olsun. Bu, olduqca böyük ədalətsizlikdir.
Sonra o, bu
beş il ərzində özünün
hansı səhvlərə yol verdiyini xatırlamağa
başladı. Bir dəfə o, hamilə olanda
Hüseynlə birlikdə onun dostunun oğlunun toyuna
getmişdi. Əvvəllər hansı
toyda olurdularsa, Hüseyn onu milli rəqsə dəvət edir və
onun peşəkar qaydadakı əl-qolunun və
ayaqlarının zərif hərəkətlərindən həzz
alır, onu tərifləyirdi. Bu dəfə
isə tanqo çalındıqda, Hüseyn vaxtilə bir yerdə
işlədikləri bir qızı rəqsə dəvət etdi.
Ruhiyyə anlayırdı ki, qarnı xeyli
böyüdüyünə görə əri onunla rəqs
etmək istəməmişdi. Lakin tanış
qızla ərinin rəqsi də ona xoş gəlmədi,
çünki onlar bədənləri bir-birinə
sıxılmış qaydada oynayırdılar, Hüseyn az
qala üzünü də qızın üzünə
yapışdırmışdı. Görünüş
məhz belə təsəvvür yaradırdı, elə bil
ki, Hüseyn qızı bərk-bərk qucaqlamaqla, onu
ağuşundan buraxmaq istəmir. Rəqs
bitdi və Hüseyn heç nə olmamış kimi onunla
zarafat etsə də, Ruhiyyə ona könülsüz cavab
verirdi. Evə qayıtdıqdan sonra isə Ruhiyyə
özünü saxlaya bilməyib, uca səslə dedi:
- Rəqs xoşuna gəldimi? Qıza elə yapışmışdın ki, sizi kəlbətinlə də ayırmaq mümkün olmazdı. Mən olmayanda nə edirsənsə, öz işindir, mənim yanımda belə hərəkətin ancaq biabırçı xarakter daşıyır, bizi tanıyanlar, elə bil ki, mənə gülürdülər.
Hüseyn onun sözünü kəsib dedi:
- Haqsız danışırsan, tanqonu milli rəqs kimi oynamırlar, bu, iki nəfərin intim pozadakı, yəni yaxın formadakı rəqsidir, burada iri məsafə saxlamaq rəqsi anlamamaqdan xəbər verir. Sən əgər qısqanclığa qurşansan, bu, bizim həyatımızdakı konstant sevinci məhv edə bilər. Çox ailələri qısqanclıq, ərlə arvadın bir-birinə qarşı etibarını itirməsi, qadının hədsiz ötkəmliyi dağıdır.
Hüseyn arvadının ilk dəfə belə səhvə yol verdiyinə çox pis olmuşdu, çünki onların həsəd aparılacaq mehribanlığına xanımının belə ağılsız iradı heç cür uyğun gəlmirdi. Ona görə də o, Ruhiyyəni başa salmaq üçün konkret tarixi misallardan nümunə gətirmək istədi.
(Ardı var)
Telman
Orucov
525-ci qəzet.- 2021.- 2 oktyabr.- S.22.