Sənət dünyasına elmi-nəzəri
və fəlsəfi baxış
Bu
yaxınlarda Azərbaycan Dövlət İncəsənət
və Mədəniyyət Universitetində maraqlı bir
mövzuda yazılmış dissertasiyasının müzakirəsində
elmi çıxışlar sırasında sənətşünaslıq
üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət
işçisi Əlisəfdər Hüseynovun mövzu ilə
bağlı fikirlərini diqqətlə izlədim. Mənim Əlisəfdərin
fikirlərinə xüsusi diqqətim birinci növbədə
onun yaradıcılığında duyduğum orijinal fikirləri,
təkcə məşğul olduğu incəsənət sahəsində
deyil, bütövlükdə sahib olduğu elmi
düşüncələri, maraqlı təhlilləri,
elmi-publisistik üslubu və s. keyfiyyətləri çəkdi.
İkincisi, mənim əməkdaşı
olduğum BDU Jurnalistika fakültəsinin məzunu olması ilə
bağlıdır.
Bir vaxtlar tələbəmiz olmuş Əlisəfdərin
elmi-publisistik uğurları məni həmişə
maraqlandırıb. Onun hələ lap gənc
yaşlarında bir jurnalist kimi müxtəlif qəzetlərdə,
televiziyalarda göstərdiyi yaradıcılıq, peşəkarlıq
xüsusiyyətləri tələbə auditoriyasında mənim
tez-tez müraciət etdiyim faktlar sırasında olub. Həm də ona görə ki, Əlisəfdər
jurnalistikada praktik fəaliyyətindən tutmuş
bugünkü elmi yaradıcılığına qədər
bütün məqamlarda dövlətçilik, azərbaycançılıq,
milli ideallara üstünlük verməkdədir. Onu hələ
tələbəlik illərindən bu ideallara sahib adam kimi tanımışıq. Təsadüfi
deyil ki, uzun müddət hərbi jurnalist kimi fəaliyyət
göstərmiş, Birinci Qarabağ müharibəsində
döyüşçülərimizin yanında olmuş, elə
buna görə də həmin müharibənin veteranı
statusuna layiq görülmüşdür. Həmin illərdən
başlayaraq Əlisəfdər incəsənət
dünyasına bağlanmış və bu sahədə
saysız-hesabsız publisistik məqalələr,
elmi-publisistik kitablar nəşr etdirmişdir. Təkcə
kitablarının adlarına diqqət etsək, onun hansı
tematikaya, hansı estetik ideallara xidmət etdiyi aydın olar:
"Həsən Məmmədov" (1990),
"Döyüş havası" (1996), "Kino: yuxudan
reallığa" (1998), "Kino və poeziya" (2000),
"Tanış mövzuda
variasiyalar" (2009), "Səhnədən o yana, yaxud
sözün "şəkli" (2012), "Kinoterminlərin
izahlı lüğəti" (2015), "Kinomuzda Anar fenomeni
(2015)", "Kinonun fəlsəfəsi" (2019), "Vaqif
Mustafayev" (2021), "Sevgimizdən
usanmayaq" (2021).
Bu
kitabların hər birində Azərbaycan mədəniyyətinin
işığı, bu işığı yaradanların zəngin
ömür portreti, bütövlükdə ədəbi-bədii
sənət dünyasının ən müasir formatda təhlilləri
var. Əlbəttə, bir qəzet məqaləsində bu nəşrlərin
kontent-analizini vermək çətindir, lakin Əlisəfdərin
bu əsərlərinin ümumiləşdirilmiş fəlsəfəsi
belə bir qənaətə gəlməyə imkan verir ki, o,
tematikası çox geniş olan, müasir Azərbaycanın
yaradıcılıq dünyasını dünya ədəbi-mədəni
kontekstində təhlil edən və bu elmi-publisistik təhlilləri
ilə oxucunu sabaha - Azərbaycanımızın yeni dövr
inkişafına yönəldən bir alim, publisist və vətəndaşdır.
Yazı masamın üstündə onun son illərdə
(2015-2021) nəşr etdirdiyi dörd kitabı var. Əlisəfdərin
bundan əvvəlki kitablarının da mövzu dairəsi -
tematikası çoxsahəlidir. Əlimdəki
4 kitab isə birbaşa incəsənətə və incəsənət
adamlarının fəaliyyətinə həsr olunub.
"Kinomuzda Anar fenomeni", "Kinonun fəlsəfəsi",
"Vaqif Mustafayev" və "Sevgimizdən usanmayaq"
adlanan bu kitabları bir aktual mövzu birləşdirir - sənətkarın
estetik idealı! Müəllif bu əsərlərdə
bədii sənət adamlarının mükəmməl
obrazlarını təqdim etməklə özünün də
estetik idealını, fəlsəfi düşüncələrini
bizə çatdırır.
"Kinomuzda Anar fenomeni" kitabında Azərbaycan bədii
ədəbiyyatında, eləcə də milli kino sənətimizdə
misilsiz xidmətləri olan Xalq yazıçısı
Anarın bu sahədəki fəaliyyəti
araşdırılır. Həm də təkcə
bu sahədə yox. Müəllif Anarın
bədii ədəbiyyatdan yeri gəldikcə kino sahəsinə
keçidini bu iki istiqamətin vahid prinsipləri istiqamətində
araşdırır. Həmin kitaba
duyğulu bir ön söz yazmış Vidadi Qafarov çox
düzgün qeyd edir ki, "Ə.Hüseynov bu monoqrafiyada
kinoşünaslığımızda ilk dəfə olaraq
Anarın kino yaradıcılığını kompleks halında
araşdırır. Müəllif Anarın istər
ssenarist, istər rejissor kimi
yaradıcılığını, istərsə də əsərləri
əsasında çəkilmiş həm bədii, həm sənədli,
həm də televiziya filmlərinin, demək olar ki,
hamısını, hətta xarici ölkələrdə
çəkilmiş filmləri belə təhlilə çəkərək
Anarın kino yaradıcılığının bitkin elmi mənzərəsini
yaradır".
Kitaba diqqət etdikdə bu fikirlərin həqiqət
olduğu aydın görünür. Ə.Hüseynov Anarın bədii nəsrindən
yaranan filmləri, yaradıcılığı Vətən
sevgisi ilə dolu bu insanın Üzeyir Hacıbəyli, Mirzə
Cəlil kimi millət fədailərinin mükəmməl
obrazlarını yaradan filmlərini - "Gün
keçdi", "Dədə Qorqud", "Dantenin
yubileyi", "Ötən ilin son gecəsi",
"İmtahan", "Əlaqə", "Təhminə",
"Otel otağı", "Hər axşam on birdə"
kimi kino hadisəsinə çevrilən filmləri, bu filmlərin
bədii qaynaqlarını, yaranma mexanizmi, ssenari, rejissor, aktyor
kimi vacib yaradıcılıq komponentlərini kamil bir sənətşünas
baxışı ilə təhlilə cəlb etmişdir. Bu təhlillərdə Anarın dünya söz və
vizual sənət aləminə, beynəlxalq sənət məktəblərinə
münasibəti Əlisəfdərin öz təhlillərində
müraciət etdiyi, müqayisələr apardığı
faktlarla üst-üstə düşür. Və belə məqamlarda Anar
yaradıcılığına bələd olan hər kəs
Əlisəfdərin bu yaradıcılığı təhlil
etməyə mənəvi haqqı olduğunu etiraf edə bilər.
Kitabın sonunda Əlisəfdərin Anarla bir müsahibəsi
yer alıb. Çox maraqlı bir formatda aparılan bu müsahibə
janrın fenomenal bir formatındadır - fikrinə ona görə
gəlirəm ki, burada jurnalist müsahibə verdiyi suallarla
Anar yaradıcılığına necə bələd
olduğunu bir daha sübut edir.
Əlisəfdər Hüseynov adətən o kəslərin
yaradıcılığını elmi-publisistik təhlilə
cəlb edir ki, həmin yaradıcılıq ciddi təhlillərə,
oxucuya ünvanlanacaq bir əsərin mütləq mənada
uğurla qarşılanacağına əsas verir. Belə
yaradıcılıq faktına malik kino adamlarından biri də
Vaqif Mustafayevdir və Əlisəfdər ona da ayrıca bir
monoqrafiya həsr etməklə çox ədalətli bir
missiyanı yerinə yetirmişdir.
Təcrübə göstərir ki, hər hansı bir
mövzunun qələmə alınması həm də
hansısa bir stimul faktına bağlıdır. Əlisəfdər
Hüseynovun Vaqif Mustafayev yaradıcılığına
bütöv bir monoqrafiya həsr etməsi, kitabın giriş
hissəsində özünün həvəslə qeyd etdiyi
kimi, Ümummilli liderimiz Heydər Əliyevin bu istedadlı
kinorejissorun yaradıcılığına verdiyi qiymətlə
bağlı olub. Müəllif kitabın əvvəlində
Vaqif Mustafayev yaradıcılığını belə qiymətləndirir:
"Azərbaycan kino sənətində öz
üslubunu, öz yaradıcılıq fəlsəfəsini,
öz dilini yaradan rejissorlar haqqında fikirləşəndə
mənim yadıma həmişə ilk növbədə Vaqif
Mustafayev düşüb. Özü də təkcə
ona görə yox ki, onun yaradıcılığının bədii-estetik
dəyəri ölkəmizdən kənarda da lazımınca
qiymətləndirilən, Azərbaycan kinosunu dünyada kifayət
qədər tanıdan, onun simalarından birinə çevrilən
bir sənətkardır. Bəlkə də
daha çox ona görə ki, Vaqifin fimləri təkcə
milli kino sənətimizi yox, bütövlükdə Azərbaycanı,
Azərbaycan xalqını, onun milli özəlliklərini və
eyni zamanda, bəşəri dəyərlərə sadiqliyini
tanıda bilən sənət nümunələridir".
Müəllifin bu fikirləri monoqrafiyaya bir tezis xarakteri
daşıyır və bütün əsər boyu bu tezis
kontekstində təhlillər aparılır. Monoqrafiyada müəllif
rejissorun "Yaramaz", "Qartal", "Hər şey
yaxşılığa doğru", "Milli bomba",
"Yerlə göy arasında" kimi filmləri, Heydər
Əliyevin həyat və fəaliyyətinə həsr
olunmuş on sənədli filmi və digər
yaradıcılıq faktları ətrafında təhlillər
aparır və bununla da Vaqif Mustafayevin rejissor dünyası
bütöv şəkildə elmi publisistikanın təhlil
faktına çevrilir.
Biz bu nöqtəyə qədər Əlisəfdərin
elmi-publisistik yaradıcılığının fəlsəfi
istiqamətləri barədə onun əsərlərinin
kontent-analizindən doğan məqamlarla danışdıq. Amma onun əsərləri
içərisində incəsənətin birbaşa fəlsəfəsinə
baxışla bağlı ayrıca kitabı da var: "Kinonun
fəlsəfəsi". Əsərdə
filmin ümumiləşdirilmiş şəkildə antologiyası - təsvir, hərəkət,
məkan və zaman aspektində nəzəri əsasları,
kino sənətində virtual reallıq, xoronotop, filmdə təhkiyə,
nitq, ekran təhkiyəsinin spesifikası, montaj üsulları
və s. kimi sənətşünaslıq məqamları təhlilə
cəlb edilir. Maraqlı tərəf həm də
orasındadır ki, bütün bu nəzəri məsələlər
birbaşa Azərbaycan və dünya kino sənətinin əsasları
ilə təqdim olunur. Bununla da dərslik səviyyəsinə
yüksələn bu əsərdə nəzəriyyə və
praktika bir-birini tamamlayır. Müəllifin filmdə
zaman, məkan formatını aydınlaşdıran fikirlərdən
birinin fəlsəfi yönünə diqqət edək:
"Anarın öz ssenarisi əsasında çəkdiyi "Qəm pəncərəsi" filmi qapalı məkan - psixoloji məkan tandemi üzərində qurulmuşdur. Filmdə hadisələr məhz bu iki məkanda - ömrünün qürub çağını yaşayan Mirzə Cəlilin mənzilində və Danabaş kəndində cərəyan edir. Soyuq mənzil unudulmuş, heç kimin yadına düşməyən, bir növ həyatdan, sosial məkandan təcrid olunmuş Mirzə Cəlilin həyatında son dayanacaqdır. Bir müddət sonra o, mənzili qızdırmaq üçün əlyazmalarını peçə atacaq və... Amma buna qədər Mirzə Cəlil bir ədib kimi kəşf etdiyi ədəbi (və həm də real) məkana - Danabaş kəndinə psixofizioloji səyahətə çıxır, otağın pəncərəsindən o tərəfdəki dünyanı "qəm pəncərəsindən" bir daha seyr edir. Pəncərənin şüşəsi filmdə səthi ekran müstəvisi statusu qazanır, sonrakı kadrlar, epizodlar sanki bu müstəvi üzərinə proyeksiya olunur və Mirzə Cəlilin yaddaşındakı reallığın ifadəsinə çevrilir".
Gətirdiyimiz bu sitat Əlisəfdərin kino sənətinə nə qədər dərindən bələd olduğunu sübut edir və deyək ki, "Kinonun fəlsəfəsi" bütün nəzəri əsaslarında beləcə fəlsəfi istiqaməti ehtiva edir. Əsərdə filmdə musiqi, mətn və fəlsəfi motivlər də həmin ciddi elmi-publisistik üslubda təqdim olunur.
Əlisəfdər Hüseynov eyni motivləri, eyni fəlsəfi yanaşmaları incəsənət ustadlarına dair çoxsaylı portret oçerklərində də nümayiş etdirir. Onun "Sevgimizdən usanmayaq" adlı kitabında toplanan portret oçerklər məhz bu istiqaməti ilə də diqqəti cəlb edir. Bu oçerklərdə müəllifin dirijor, rejissor, müğənni, bəstəkar sənətkarlığına tam bələdlik nümayişi obrazların daxili aləmini, fəaliyyət sferasını, nümunəviliyini açmağa, onların sənət ömrünü tam ifadə etməyə şərait yaradır.
Beləliklə, bəzi əsərlərinə nəzər salmaqla bir daha görürük ki, Azərbaycan sənətşünaslığında Əlisəfdər Hüseynov kimi elmi-nəzəri biliyə, praktik yaradıcılığa sahib, bu sahədə ciddi axtarışlar prosesində yeni əsərlər ortaya qoyan bir alim formalaşıb. Bu alim-publisistin əsərləri təkcə incəsənət aləminin adamları üçün deyil, filoloji, politoloji, humanitar sahələrin hər biri üçün maraqlı vəsaitlər kimi qiymətləndirilə bilər.
Cahangir
MƏMMƏDLİ
BDU
Yeni media və kommunikasiya nəzəriyyələri
kafedrasının müdiri, filologiya elmləri doktoru, professor
525-ci qəzet.- 2021.- 2 oktyabr.- S.20.