Misir Mərdanov :"Belə
bir taleyə görə Allahımdan çox razıyam"
Oktyabrın 3-də AMEA-nın müxbir üzvü,
professor Misir Mərdanovun 75 yaşı tamam olur. Hər zaman mətbuata
açıq olan və hələ təhsil naziri
çalışdığı dövrdən qəzetimizə
maraqlı, silsilə müsahibələr verən, təhsil
tarixi ilə bağlı məqalələrlə
çıxış edən Misir müəllimi səmimi qəlbdən
təbrik edir, ona möhkəm cansağlığı, elmi fəaliyyətində
uğurlar diləyirik. Bir vaxtlar böyük
maraqla qarşılanan, qəzetimizin əməkdaşı Pərvinə
verdiyi müsahibələrindən təsirli məqamları
oxucularımıza təqdim edirik.
***
- Məncə, insan üçün ən
ağır itki Yurd itkisidir. Bütün itkiləri
düşünəndə təsəlli üçün nə
isə tapmaq olur. İnsanın
doğulduğu yeri, ocağı itirməsi isə daha
ağırdır. Qarabağ
torpaqlarının qaytarılacağına ümidimiz
çoxdur. Amma sizin doğulduğunuz yerlərin
yenidən Azərbaycana birləşdirilməsi çətin
görünür. Necə keçirirsiz bu
itkini? Nə ilə təsəlli
tapırsız?
- Bu barədə
çox düşünürəm. Yəqin ki,
nə iləsə təsəlli tapmalıyıq. Amma düşünün ki, doğulub
böyüdüyüm həyətdəki ağacların hər
birində izim vardı. Dağlarımız,
yaylaqlarımız, uşaq vaxtı tapdığım bulaq,
hamısı əlçatmaz olub indi. Amma
mən sizə bu düşüncələrdən daha
ağırını danışa bilərəm. 2001-ci ildə Azərbaycanın təhsil naziri kimi
Avropa Şurasının Ermənistanda keçirdiyi tədbirə
qatılmışdım. Tədbirdən
sonra İrəvanda onların təhsil naziri, Parlament sədri
və Prezidentləri ilə görüşdük. O
zaman prezident Köçaryan idi. Dəyirmi stol
arxasında söhbət edərkən məndən nə
arzuladığımı soruşdular. Mən də bildirdim
ki, iki arzum var. Birincisi gedib doğulub böyüdüyüm kəndi
görmək (bura İrəvandan 130 km məsafədə yerləşir),
evimizdə olmaq, ikincisi isə dedim ki, biz gənclik illərində
kənddən Bakıya gedəndə İcevana yollanıb
oradan Azərbaycana, Qazaxa keçirdik və o yolla Bakıya
gedirdik, mən yenə öz kəndimizdən Bakıya həmin
yolla getmək istəyirəm. Onlar xahişimin
birinci hissəsinə çox müsbət reaksiya verdilər,
lakin dediyim yolla Bakıya getməyin
mümkünsüzlüyünü bildirdilər,
çünki o yollar minalanmışdı. Beləliklə, mənim üçün
sürücü, mühafizəçi ayırdılar və
öz kəndimizə, evimizə getdim.
- Öz
evinizə qonaq kimi getmək və orda düşmənlərin
yaşadığını görmək ağır idi təbii
ki...
- (kövrəlir) Əlbəttə, ağırdan da
ağır idi. Evdə yaşayanlara əvvəlcədən
bildirilmişdi ki, gələcəyik. Gözləyirdilər
bizi. Həyətimizi gəzdim, əkdiyim
ağacların bəziləri yox idi, əvəzinə yenilərini
əkmişdilər. Yaxınlıqdakı,
uşaq vaxtı "kəşf elədiyim" bulağa gedib
su içdim, meşəni gəzib bir torba torpaq
götürdüm. Babamın, nənəmin
qəbirlərini ziyarət etdim. Videolar,
şəkillər çəkdik. Düşmənin
yanında nə kövrəlmək, nə də ağlamaq
olardı. Amma qayıdandan sonra valideynlərimə,
bacı-qardaşlarıma şəkilləri, videoları göstərəndə,
təəssüratlarımı bölüşəndə
xeyli ağlaşmışdıq. Sonra atam
rəhmətə gedəndə ordan gətirdiyim
torpağı onun qəbrinin üstünə səpdik.
- Bəs indi həmin videolara, şəkillərə
baxırsız?
- Bəzən şəkillərə
baxıram. Amma nadir hallarda. O
görüntülərə baxmaq çox ağırdır mənə.
- Əminəm
ki, doğulduğunuz yerlərin təbiəti ruhun tərbiyəsində
çox mühüm rol oynayıb...
- Lap
çox! Dünyanın əksər ölkələrini
gəzmişəm, amma elə gözəl təbiətli yerlər
görməmişəm. Düşünürəm ki, təməlimin
möhkəmliyində məhz Kiçik Qafqaz dağlarının
ətəyində yerləşən Qaraqoyunlu dərəsinin
ab-havasının, torpağının, cocuqluq
oylaqlarımız olan Cantəpə yaylağının
bulaqlarının, suyunun, təpələrin, meşələrin
böyük rolu olub. Amma maraqlı məqam da
ondan ibarətdir ki, mənə elə gəlir bütün bu
gözəlliklər bir insandan, onun
danışdıqlarından, ləhcəsindən daha
çox sirayət edib xasiyyətimə, ruhuma. Bu adam mənim atamın anası Həvva nənəmdir.
Qırx ilə yaxındır ki, o adam həyatda
yoxdur. Amma təkcə adı gələndə bütün o
gözəlliklər, təbiət, dağlar
gözümün önündə canlanır və elə
bilirəm ki, hələ də nənəmə qoşulub
yaylağa gedən balaca uşağam, ötən söhbətimizdə
kövrəkliklə xatırladığım, həsrətində
olduğum yerlər də heç uzaqda deyil, istədiyim vaxt
oralara yenə gedə bilərəm.
- Tələbəlikdə
yaşlı müəllimlərimdən birinin "Biz uşaq
olanda kəndimizdə müəllimlər ən varlı
adamlar hesab olunurdular" - deməsindən xeyli təəccüblənmişdim.
Nədənsə bu dövrün gəncləri
üçün müəllimin "maaşı az, ehtiyacı çox" obrazı var.
- Müəllimlərin
o dövrdə niyə varlı hesab olunmasına aid maraqlı
bir faktı deyə bilərəm sizə. Bilirsiz,
kənd yerlərində kolxozda çalışanlara əmək
haqqı əmtəə şəklində ödənilirdi,
ildə bir, ya iki dəfə əmək haqqı pul
formasında verilirdi və ona el arasında "donluq" deyərdilər.
Yəni həmin vəsait yalnız
işçinin geyiminə çata bilərdi. Kənddə
aylıq əmək haqqını pul şəklində alan yalnız müəllimlər idi. Düşünün ki, "pul üzü görməyən"
kəndliyə təcili nə isə almaq lazım olanda
mütləq müəllim işləyən qohumuna,
qonşusuna müraciət etməliydi. Ona
görə çox da varlı olmayan müəllim ən
azı "pullu" hesab olunurdu. O ki qaldı sizin təsəvvürünüzdəki
ehtiyac içində olan müəllim obrazına,
düşünürəm ki, zaman keçdikcə bu obraz
"dağılacaq" və dəyişiləcək.
- Əvvəlki söhbətlərimizdə qeyd
etmişdiniz ki, insan eşitdiyindən daha çox
gördüyü ilə tərbiyə olunur.
- Bəli! Biz gözümüzü açandan atamın və anamın öz valideynlərinə və bizə, uşaqlarına olan münasibətlərinin fonunda tərbiyə edilmişik. Anam 6 uşaq böyütməklə yanaşı, ailəmizin bütün daxili işlərinin öhdəsindən gəlib, atama daim dəstək olub. O, bütün həyatını ərinə və uşaqlarının inkişafına həsr edib, evimizdə heç bir zaman köməkçi, qulluqçu, dayə olmayıb və bu gün də yoxdur. Belə bir taleyə görə Allahımdan çox razıyam. Sonralar artıq özüm ailə başçısı olanda övladlarım üçün də evimdə eyni mühiti yaratmağa çalışmışam. Təbii, həyat yoldaşımla birlikdə. Qəti əminəm ki, normal ailəsi olmayan adamı hərtərəfli hesab etmək yanlışdır. Təbii, tale, qismət məsələsi də var. Amma insan bu boyda cəmiyyətdə, ölkədə özünə uyğun adam tapıb ailəsini qura və sonra da o ailəni qoruya bilməyibsə, onu beş adamın belə başçısı təyin etmək qəribə görünür. Xüsusən, insanların təlim-tərbiyəsi ilə məşğul olan, bu işə bilavasitə rəhbərlik edənlərin ailə tərbiyəsinin mühüm əhəmiyyəti vardır. Çox təəssüf ki, bəzi hallarda öz ailəsinin tərbiyəsi ilə məşğul ola bilməyənlərə böyük səlahiyyətlər verilir.
- "Azərbaycan təhsil tarixi" çoxcildliyinizi oxuyandan sonra indi bəlkə də bizə gənc kimi adi gələn bəzi məsələlərə münasibətim dəyişildi. Deyək ki, bu gün yeni məktəblərin tikilməsi, hər kəsin istədiyi ali məktəbdə oxumaq imkanı sadə görünür bizə. Amma o dövrdə təkcə qızlar məktəbini açmaq üçün H.Z.Tağıyev necə çətinliklərlə, hücumlarla üzləşmişdi...
- Doğrusu, mən də bu gün ali təhsillilər arasında qızlarımızın çoxluğunu görəndə sevinirəm və H.Z.Tağıyevə rəhmət oxuyuram. O, doğrudan da, bu məktəbin açılışı üçün çox çalışmışdı. İlk növbədə imperator III Aleksandra müraciət etmiş və rədd cavabı almışdı. II Nikolay taxta çıxdıqdan sonra Hacı bir senatorun vasitəçiliyi ilə Nikolayın həyat yoldaşı Aleksandra Fyodrovnaya çox bahalı hədiyyə və Bakıda qızlar məktəbi açmaq barədə xahişnamə göndərir. Balaca bir siyasət də işlədir ki, (məktəbə Nikolayın xanımının adının verilməsi) etiraz etməsinlər. Uzun sürən mübahisələrdən sonra məktəbin açılmasına icazə verilir. Hacı iki il ərzində məktəb üçün bina tikdirir. Bina 1900-cü ildə artıq hazır olsa da, məktəbin açılması üçün H.Z.Tağıyev daha bir il mübarizə aparır və 1901-ci ildə məktəb 58 nəfər şagirdlə fəaliyyətə başlayır. Məktəbin ilk müdiri böyük maarifçi Həsənbəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova idi.
- Bu kitabın birinci cildində diqqətçəkən məsələlərdən biri də Şərq və Qərb mədəniyyətini, təhsilini müqayisə etməyinizdir. Həm də bir az mühafizəkar şərqli kimi üstünlüyü bura verməyiniz...
- Təkcə mən deyiləm ki, bu cür düşünən. Dünyanın məşhur tədqiqatçı alimləri də deyiblər ki, Şərqdə təhsillə bağlı humanist, demokratik fikirlər qərbdən xeyli əvvəl formalaşıb və inkişaf edib. Mən də bunu ictimaiyyətə çatdırmaq istəmişəm. Tarixi mənbələr sübut edir ki, orta əsrlərdə Qərb ölkələrində kilsənin fitvası ilə yeni fikirli insanlar tonqallarda yandırılarkən, Şərqdə, o cümlədən, Azərbaycanda azad fikirlilik, dünyəvi elmlər maneəsiz inkişaf edirdi. İngilis şərqşünas alimi U.M.Uott "Orta əsr Avropasına İslamın təsiri" kitabında yazırdı ki, Şərq alimlərinin tədqiqatları olmasaydı, Avropada elm və fəlsəfə belə sürətlə inkişaf edə bilməzdi. Amerika alimlərindən biri isə Nəsrəddin Tusi haqqında yazırdı: "Əgər Qərb alimləri Tusinin nələr yaratdığından xəbərdar olsaydılar, o zaman öz kəşflərini yeni hesab etməzdilər. Çünki təhsil-tərbiyə sahəsində XIV-XV əsrlərdə Qərb humanistlərinin irəli sürdüyü ideyaların bir çoxu daha mükəmməl, humanist və demokratik şəkildə XIII əsr Azərbaycan alimi Nəsrəddin Tusi tərəfindən irəli sürülmüşdü".
- Heydər Əliyevin təhsilə münasibətini, özünün Bakı Dövlət Universitetində oxuduğu dövrü Əli Əhmədovla birgə yazdığınız "Heydər Əliyev və Bakı Dövlət Universiteti" kitabında işıqlandırmısınız... Ümumiyyətlə, belə bir mövzuda yazmaq ideyası necə yaranmışdı?
- Bu kitabın yaranma tarixçəsi çox maraqlıdır! Bu dahi şəxsiyyət haqqında yazmağımın səbəbini açıqlamaq üçün bir qədər əvvələ qayıtmalıyam. 1992-ci ilin sonunda, prorektor vəzifəsində işlədiyim vaxtlarda universitet arxivinin müdiri qəbuluma gəlib dedi ki, Xalq Cəbhəsi nümayəndələri Heydər Əliyevin arxivdəki sənədləri ilə maraqlanırlar. Mən dərhal o sənədləri arxivdən götürüb evə apardım. Həmin arxiv materiallarına baxanda sözün əsl mənasında heyrət etdim. Burada Ulu öndərin universitetin tarix fakültəsində təhsil aldığı illərə aid sənədlər onun Naxçıvan Pedaqoji Məktəbini bitirməsi haqda sənədin əsli, universitetə qəbul olunmaq üçün rektorun adına yazdığı ərizə, qəbul imtahanlarından aldığı qiymətlər, qiymətinin birindən narazı qalıb o zamankı rektor Cəfər Xəndanın adına yazdığı ərizə, nəhayət dövlət imtahanının nəticələri saxlanılmışdı. Və mən bu sənədlərə baxanda gənc bir oğlanın necə xarakterə malik olmasını, ədalət naminə necə mübarizə aparmasının şahidi oldum. Universitetin rektoru vəzifəsinə təyin olunarkən həmin sənədləri şəxsən Ulu öndərimiz Heydər Əliyevin özünə təqdim etdim. "Heydər Əliyev və Bakı Dövlət Universiteti" kitabı da məhz həmin materialların əsasında yazıldı.
- Əvvəlki söhbətlərimizdən Ali təhsil sistemi barədə düşüncələrinizin nikbinliyi hiss edilir. Təbii ki, bu, əldə olunan uğurlarla - dünya təcrübəsinə uyğun çoxpilləli ali təhsil sisteminə keçid, Boloniya prosesinə qoşulmaqla Avropa ali təhsil məkanına inteqrasiya imkanlarının genişlənməsi, tədrisdə kredit sisteminə keçilməsi, xaricdə təhsil ənənələri bərpası, ali təhsilin normativ-hüquqi bazasının tam yeniləşdirilməsi ilə bağlıdır. Lakin siz bütün bu işlərin mərkəzində olan şəxs kimi çatışmazlıqları, qarşıda duran problemləri də hər kəsdən yaxşı bilirsiz...
- Bəli. Bütün bu sadaladıqlarınızla yanaşı, ali təhsil sahəsində həyata keçirilməsi vacib olan bir çox məsələlər məni daim düşündürür. Ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabət qabiliyyətli mütəxəssis hazırlığını təmin edən standartların yaradılması, ali məktəblər üçün universitet şəhərciklərinin salınması, keyfiyyətin yaxşılaşdırılması naminə stimullaşdırma mexanizmlərinin, qrant sisteminin tətbiqi, iqtisadiyyatın diversifikasiyası və dayanıqlı iqtisadi inkişafın əsas şərtlərindən biri kimi ali təhsil sahəsində dövlət-biznes partnyorluğu sisteminin inkişaf etdirilməsi, ali təhsilin bütün səviyyələri arasında varisliyin gücləndirilməsi, elmi tədqiqatların stimullaşdırılması sahəsində beynəlxalq təcrübədə sınaqdan keçirilmiş mexanizmlərin tətbiqi, akkreditasiya mexanizminin təkmilləşdirilməsi qarşıda duran zəruri məsələlərdəndir.
- Təhsildəki uğurlarla yanaşı, çatışmazlıqlar haqqında da danışmağınız fərqli yanaşmadan və səmimilikdən irəli gəlir. İndiyə kimi olan bütün söhbətlərimizdə bu, özünü göstərib. Fürsətdən istifadə edib maraqlı həmsöhbət olduğunuza görə sizə öz minnətdarlığımızı bildirmək istəyirəm.
- Təşəkkür edirəm, Pərvin xanım. Artıq üç aya yaxındır ki, "525-ci qəzet"in şənbə nömrələrində on söhbətimiz dərc olunub və bu, on birinci - sonuncu söhbətimizdir. Söhbətlərimiz zamanı uşaqlıq dövrümdən indiyə qədərki illərimi, həyat və karyera yolumu bir daha xatırladım, düşüncələrimi oxuculara əlavə, süni boyasız və səmimi şəkildə çatdırmağa çalışdım. Deyim ki, söhbətlərimiz mənim özümə də çox maraqlı və xoş oldu. Bütün bunlara görə uzun illərdir həmişə mənə dayaq olan və mətbuatımızda özünəməxsus nüfuza malik "525-ci qəzet"in baş redaktoru, çox hörmətli Rəşad Məcid başda olmaqla bütün yaradıcı heyətə və şəxsən sizə minnətdarlığımı bildirirəm.
525-ci qəzet.- 2021.- 2 oktyabr.- S.18;19.