Ədəbiyyatşünaslığımıza
mühüm töhfə
Elmi axtarışlarının başlıca
istiqamətini füzulişünaslıq
təşkil edən tanınmış alim, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
(ADMİU) Beynəlxalq əlaqələr
və tərbiyə işləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor Gülşən Əliyeva-Kəngərlinin
yeni çapdan çıxmış "Xəyal
və idrakın vəhdəti" adlı
kitabı ilk səhifəsindən
diqqəti cəlb edir.
Daha öncəki
araşdırmalarında da
özünəməxsus elmi
üslubunu və dəst-xəttini qabarıq
göstərən, Azərbaycan
ədəbiyyatşünaslığını
öz əsərləri
ilə zənginləşdirən
G.Əliyeva-Kəngərli bu
kitabda XX əsrin qüvvətli poetik cərəyanlarından olan
fəlsəfi-intellektual poeziya
təmayülünün zəngin
təkamül prosesi kimi maraqlı bir problemi araşdırır. Gərgin
əmək və səmərəli axtarışlar
nəticəsində gəldiyi
elmi qənaətləri
sistemli şəkildə
ümumiləşdirən alim
bu təmayülün
bədii-fəlsəfi mahiyyətini
açmaq üçün
R.Rza, B.Vahabzadə, Ə.Kərim, M.Araz, F.Qoca, V.Səmədoğlu,
R.Rövşən, Ə.Salahzadə,
Ç.Əlioğlu, F.Sadıq,
V.Bayatlı-Odər və
R.Behrudi kimi şairlərin yaradıcılığının
fərdi ideya-üslub
özəlliyini yeni metodologiya ilə təhlilə cəlb edir. Təsadüfi deyil ki, akademik
elmi üslubla yanaşı, elmi-bədii,
populyar, axıcı və rəvan bir üslubda yazılan "Xəyal və idrakın vəhdəti" əsərinin
çoxəsrlik Azərbaycan
ədəbiyyatının qaynaqlarını
əhatə edən və zəngin poetik materialı əks etdirən müxtəlif bölmələri
xüsusi maraq doğurur. Kitabın fəsəfi-intellektual şeirin
qaynaqları vəənənələri,
intellektual şeirin estetik təbiəti, fəlsəfi dərinlik və poetik vüsət, fəlsəfi-intellektual
şeirdə milli müəyyənlik, fəlsəfi-intellektual
şeirdə lirik
"mən" və
lirik xarakter, intellektual şeirdə meditativlik kimi mövzularında çoxprofilli
bir alim kimi tanınan Gülşən Əliyeva-Kəngərlinin
poetik sözün nəzəri-estetik problemlərinə
həsr olunmuş bir çox qiymətli elmi fikirlərinə təsadüf
etmək mümkündür.
Tədqiqatda maraq doğuran
cəhətlərdən biri
də budur ki, müəllif təhlilə cəlb etdiyi şairlərin fəlsəfi-intellektual poeziya
təmayülünə gətirdikləri
bədii-fəlsəfi və
poetik struktur sistemlərini yüksək
səviyyədə səciyyələndirir.
Təqdirəlayiq haldır
ki, professor G.Əliyeva-Kəngərli
xüsusi bir tədqiqatçı erudisiyası
və intuisiyası, yetkin alim fəhmi
ilə "Xəyal və idrakın vəhdəti" əsərində
çağdaş poeziya
nümayəndələrinin klassik irsdən istifadə yollarını
və üsullarını
sistemli şəkildə
araşdıraraq ədəbiyyatşünaslıq
elmimiz üçün
maraqlı nəticələr
əldə edib.
Elmli şeir
və şeir elmi haqqında əsər kimi yazılan kitab mütəxəssis filoloqlar,
poeziya sənətini sevənlər və tələbələr üçün
nəzərdə tutulur. Nəfis şəkildə
tərtib olunmuş nəşrin elmi redaktoru akademik İsa Həbibbəylidir.
Tamilla ƏSGƏROVA
ADMİU-nun
Kitabxana-informasiya Mərkəzinin
müdiri
525-ci qəzet.- 2021.- 2 oktyabr.- S.17.