Adəm ilə Həvvanın yataq otağı...  

 

 Xəbər verildiyi kimi, bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə hazırlanan "Qarabağ dastanı, otuz ilin həsrəti - 44 günün zəfəri" adlı kitab işıq üzü görüb.

 

Kitabda Qarabağla bağlı yazıçıların öz doğma bölgələri haqqında xatirə və düşüncələrinə yer verilib. Bu yazılarda Qarabağın tarixinə dair maraqlı faktlar, müəlliflərin şirinli-acılı xatirələri öz əksini tapıb.

 

Görkəmli yazıçımız Seyran Səxavətin kitabda yer alan, doğulub boya-başa çatdığı Füzuli rayonundan bəhs edən "Adəm ilə Həvvanın yataq otağı" yazısını təqdim edirik.

 

***

 

Əvvəl göz açmışam... Sonra da dil... Gözüm də, dilim də Quzey Azərbaycanın indiki Füzuli rayonunun (keçmiş Qarabulaq) Yağlıvənd kəndinin Koxalı obasının Muradxanlı məhləsində açılıb; dilim, açılmağı ondan xeyli əvvəl açılmış gözümdən öyrənə-öyrənə gəlib...

 

Gözümü ilk dəfə açanda pud daşdan tikilmiş ikimərtəbəli evimizin divarını gördüm - ilk gördüyüm Vətən, Divar olub - mənim Vətənim bu Divardan ibarət idi - bu, ilkin Vətən idi. Sonra evimizlə üzbəüz dayanan Qaraquzey, sonra yeddi obadan ibarət Yağlıvənd kəndi, sonra rayonumuz, onun kəndləri, Bakı, Azərbaycan... Bir sözlə, mən böyüdükcə Vətən də böyüyürdü...

 

İlkin Vətən olmasa, Böyük Vətən olmur - yaşayış yeri olur - bu, belədir.

 

Bu cümlələrdən sonra qələmi vərəqin üstünə atıb yazdıqlarımı oxudum və qərara gəldim ki, filosofluq eləməyin yeri deyil, XXI əsrin tamam olmağına cəmisi 80 il qalıb, bunlar kimə lazımdı, mətləbə keç.

 

Mən də keçdim.

 

Füzuli rayonu inzibati ərazi vahidi kimi 1827-ci ildə, sentyabrın 10-da yaradılmışdır. Yuxarıda qeyd etdiyim kimi, bölgənin ilkin adı Qarabulaq olmuşdur. Rayon kimi isə 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində isə Məhəmməd Füzulinin 400 illiyi şərəfinə Qaryagin adı dəyişilərək Füzuli adlandırılmışdır. Və mənim yaş kağızımda da dəyişiklik elədilər; axı mən yuxarıda dediyim kimi, Füzulidə yox, Qaryagin rayonunda anadan olmuşdum. Qaryagin adı ləğv ediləndə mən yekə kişiydim - on üç yaşım vardı; bu, başqa söhbətin mövzusudu...

 

Füzuli rayonunda müxtəlif zamanlarda Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və başqa yerlərdə arxeoloji tədqiqatlar aparılmış, Azərbaycanın qədim köklərə sahib olduğu burda sübuta yetirilmişdir. Azıxantrop adamının alt çənəsinin sümükləri Füzuli şəhərindən 15 km. aralıda yerləşən Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeologiya elminin böyük nailiyyəti olan bu abidə Qarabağın Füzuli ərazisində qədim Paleolit dövrünün mövcudluğunu aşkar elədi.

 

Azıx mağarası 60 il qabaq, 1960-cı ildə Məmmədəli Hüseynov tərəfindən kəşf olunub. Dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən Azıxın ərazisi 800 kvadratmetrdir. Quruçayın sol sahilindən 3 km. aralıda yerləşir. Quruçay mədəniyyəti keçmiş SSRİ ərazisində ən qədim mədəniyyət olub. Əlverişli şərait Daş dövrü insanlarının burda məskunlaşmasına səbəb olub. Aparılan tədqiqatlar göstərir ki, Quruçay mədəniyyəti Azərbaycanda 1 milyon 200 min il bundan əvvəl formalaşmağa başlayıb, 700 il bundan əvvələ qədər isə davam və inkişaf edib. Quruçay dərəsində ovçuluqla məşğul olan Azıx sakinləri Quruçaydan götürdükləri daşlardan düzəltdikləri alətlərdən istifadə edirdilər. Quruçay mədəniyyəti arxeoloji mədəniyyətdir.

 

Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa edilmiş çoxlu abidələr var idi. Bunların çoxu XIII əsrin sonundan bu günlərə qədər yaradılmış abidələrdir ki, erməni vandalları tərəfindən məhv edilmişdir.

 

1988-ci ildən başlayan Ermənistan təcavüzünə qarşı mübarizədə füzulililər də bütün canı, qanı ilə döyüşmüş, 1100-dən çox şəhid vermiş, 113 nəfər girov düşmüş, 1450 nəfər isə müxtəlif dərəcəli əlil olmuşdur. Birinci Qarabağ müharibəsinin əsas ağırlığını Füzuli şəhəri, Yağlıvənd, Dövlətyarlı, Yuxarı və Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Govşad, Xələfşə, Mollavəli, Xatunbulaq və Qacar kəndləri çəkmişdir. 1993-cü il avqustun 23-də Füzuli Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. 17 oktyabr 2020-ci ildə isə Azərbaycanın Müzəffər Ordusu Füzuli rayonunu erməni faşistlərindən azad etmişdir...

 

...Mən bu otuz ildə həmişə inanmışam, inana-inana gözləmişəm, gözləyə-gözləyə günü günə calamışam, günü günə calaya-calaya özüm də bilmədən 27 sentyabrı gözləyirmişəm. Həmişə inanmışam Qarabağı erməni vandallarından, dünya çaplı, beynəlxaq dərəcəli erməni dabanyalayanların tapdağından xilas edəcəyik. Mən bu günləri gözləyə-gözləyə yaşamışam. Bizim başqa çıxış yolumuz yox idi - çünki Qarabağ Azərbaycanın bel sütunu, bir canlı varlıq olaraq onurğasıdır. Qarabağsız Azərbaycan onurğası çıxarılmış insan təsiri bağışlayardı. Bunu xalqımız da, Ali Baş Komandanımız da, əsgərimiz də çox dəqiq bilirdi.

 

Bu dünyanın ən qədim xalqlarından biri olsaq da, aşıb-daşan səmimiyyətimiz, sadəlövhlüyümüz, hamıya etibar edib inanmağımız bir xalq olaraq bizə siyasi həddi-büluğa çatmaq imkanı vermirdi. Tarix boyu başımıza gələn böyük bəlaların əsas, danılmaz səbəbi də elə budur. Bu ağrılı səbəb üçün münbit şəraiti yaradan, onu qoruyub saxlayan isə unutqanlığımızdır - sözün böyük mənasında yaddaş problemi. Unutqanlığımızdandır ki, keçən yüzillikdə Ermənistanın xalqımızın başına gətirdiyi fəlakətlərdən sonra, təxminən elə otuz il bundan əvvələ qədər "Kür-Araz, Ararat, gözəldir bu həyat, qardaş olub Hayastan, Azərbaycan" mahnısını oxumazdıq.

 

Xocalı soyqırımı... Bu da bizim unutqanlığımızın nəticəsi. Biz bu soyqırımdan nəticə çıxarmalıyıq, çıxartdıq da - özü də inanıram ki, ömürlük, əbədi...

 

Bu otuz ildə Qarabağın açarını hal-hazırda dünyada fəaliyyət göstərən beynəlxalq təşkilatlarda - BMT-də, ATƏT-də, Avropa Şurasında, Avropa İttifaqında, nə bilim dünyanın aparıcı, nüfuzlu dövlətlərində axtara-axtara qalmışdıq. Bu axtarış illərində Qarabağın itmiş açarının tapılması bir yana, üstəlik, inamımızı da itirmişdik. Axırda hər yerdən əlimiz üzüldü; nəinki Qarabağın açarını, heç bu açarın "dublikatını" da bizə vermək istəyən tapılmadı - heç inamımızın da...

 

Sən demə, Qarabağın açarı Azərbaycan əsgərinin cibindəymiş. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan əsgəri 44 günlük müharibədə erməni ordusunu, onun məğlubedilməzliyi haqqındakı mifi darmadağın etdi, yerlə-yeksan eləyib "iti qovan kimi qovdu". Sonra da qızıl məcməyidə Qarabağın açarını Azərbaycan xalqına təqdim etdi. Bununla da xalqımız haqqında yaxın və uzaq ətrafda - lap elə dünyada yaradılmış "gözüqıpıq, döyüşməyi bacarmayan, qorxaq, maymaq" rəyini darmadağın edərək məhv etdi. Nəticədə bu cür fikirləşənlər qarşılarında döyüşkən, qorxmaz, müasir hərb elminə yeniliklər gətirən istedadlı və dönməz bir xalq gördülər - gördülər və artıq bizimlə hesablaşmağa başladılar. İkinci Qarabağ müharibəsində əsgərlərimizin şücaətini yalnız işğal altında olan torpaqların qaytarılması ilə məhdudlaşdırmaq olmaz - ordumuz həm də xalqımızın işğal olunmuş İnamını da geri qaytardı və bu əmanətə - İnama bundan sonra min illər də heç kəs kəm baxa bilməz, xəyanət etməz.

 

Füzuli camaatına gəlincə bəribaşdan, yadımdan çıxmamış onu deyim ki, dünya əhəmiyyətli Quruçay mədəniyyətinin, ən azı coğrafi cəhətdən, ən yaxın varisi bu camaatdı. Quruçay elə Füzuli şəhərinin tən ortasından keçib gedir. Bəlkə, elə buna görə də Füzulidə - bu münbitlikdə görkəmli elm və sənət adamları cücərib, göyərib, boy atıb, xalqımızın iftixarına çevrilib...

 

Belə bir deyim var ki, yumoru olmayan adama əlillik vəsiqəsi vermək lazımdı - qısası, yumorsuz adam əlildi. Bu mənada 145 minlik Füzuli camaatının birinin də əlillik vəsiqəsi yoxdu, yəqin, heç vaxt da olmayacaq, çünki bünövrədən, yaranışdan belədi. İnanın mənim səmimiyyətimə ki, necə ki, erməni ordusu Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilmədi, nəinki Şəki, Qabrava, lap elə dünya yumoru Füzuli yumoru qarşısında dayana bilməz. Elə yumor məsələsində əsrin çempionu və əvəzedilməz kapitanı Anar Məmmədxanovun varlığı mənim dediklərimə şübhə ilə yanaşanlara ən tutarlı cavabdır. Orasını da deyim ki, 30 illik köçkün-qaçqın həyatı da onları sındıra bilmədi, yumor hissi onları tərk etmədi - onlar torpaqlarını müvəqqəti tərk etsələr də...

 

Bu gün füzulililərin üzünü Quruçaya tərəf çeviriblər, hamı gözləyir. Bu, 30 ildəki gözləməkdən deyil, Füzuliyə dönmək gününü gözləməkdir; bu cür gözləmək insan ömrünü uzadandır. Mənim də üzüm Quruçaya tərəfdi - mən də gedəcəm, ömrümün qalan hissəsini camaatıma qoşulub orda yaşayacam.

 

Yeri gəlmişkən: Füzuli yumoru ilə bağlı bir olmuş əhvalat, özü də qaçqınlıq dövründə, Bakıda. Həə... Füzuli şəhərində adlı-sanlı, adını demək istəmədiyim bir müəllim vardı. Qaçqınlıq vaxtı Zığ qəsəbəsi tərəfdə yaşayırdı. Bərk xəstələnmişdi. Hamı onun ziyarətinə getmişdi, elə mən də. Ancaq onun yüksək vəzifəli, imkanlı qohumu getməmişdi. O adam bir gün mənə dedi ki, hamı gedib, mən getməmişəm, xahiş eliyirəm birlikdə gedək, tək getməyə ürək eləmirəm, qovar məni. Əlqərəz, getdik. Müəllim imkanlı qohumunu görən kimi üzünü çevirdi. İmkanlı qohum çaşqın halda əlini əvvəlcə cibinə, sonra da xəstə qohumunun yastığının altına saldı. Xəstə bizə tərəf çevriləndə imkanlı qohum ürəkləndi:

 

- Sən Allah, bağışla, gərək mən hamıdan qabaq gələydim... işim o qədər çox olur ki... başımı qaşımağa macal tapmıram.

 

Xəstə gülümsəyəndə imkanlı qohum bir az da ürəkləndi:

 

- Sən Allah, bağışla, işim o qədər çox olur ki, bəlkə, heç öləndə də gələ bilmədim.

 

Xəstə halını pozmadan dedi:

 

- Öləndən sonra sənin gəlməyin nəyimə lazımdı... Çıxart beş yüz manat da ver, heç öləndə də gəlmə.

 

Gülüşdük. İmkanlı qohumun əli bayaqkı marşrutla əvvəlcə cibinə, sonra da xəstənin yastığının altına girib çıxdı. Gərginlik ortadan götürülmüşdü...

Müharibədən söz düşmüşkən; 1939-1945 İkinci Dünya müharibəsi dövründə son dərəcə münbit olan Füzuli torpağında məhsuldarlıq elə bil müharibənin acığına özünün ən yüksək həddinə çatmışdı. Dəmyə bitmiş kəhrəba kimi Füzuli buğdası o vaxtın aclıq illərində, təxminən 250-300 kilometr radiusda adamları aclığın uzanmış əllərindən qurtarmışdı - bunu hamı bilir. Təkcə taxılçılıq üzrə o ağır illərdə yüksək məhsuldarlığa görə Füzuli rayonundan 33 nəfər Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü ki, bu da nadir göstərici hesab olunurdu.

 

Füzulidən Şuşaya Molla Nəsrəddin yolu gedir - hardasa 45-50 kilometr olar. Bu yolla min il gedəsən, nə gözün yorular, nə özün; dağlar, dağ çayı, meşələr, cırcıramaların nəğməsi Şuşaya qədər adamı ötürürlər, yola salırlar. Şuşaya çataçatda isə cırcıramaların əzəmətli xorunu Qarabağ xanəndələrinin şaqraq, daşdan keçən bal kimi zəngulələri əvəzləyir; Şuşanın gözəlliyi sənin pişvazına çıxır və dərhal bu gözəlliyin girovuna çevrilirsən. Şuşanın qeyri-adi bənzərsiz gözəlliyi ilə bağlı ömrümə- günümə Şuşanın öz əli, öz xətti ilə yazılmış bir xatirəmi dədə malı kimi sizinlə bölüşmək istəyirəm.

 

...Təxminən əlli il bundan qabaq beş-altı nəfər yığışıb Füzulidən Şuşaya getdik. Cıdır düzündən, Ərimgəldidən baxanda bütöv Azərbaycan görünürdü; Bakı lap yaxında idi, sonra Təbriz, Dərbənd, İrəvan, Borçalı çökəyi. Yəqin, Pənahəli xan Şuşanın bünövrəsini qoyanda elə yer seçib ki, ordan bütöv Azərbaycan görünsün - ordan bütöv Azərbaycana nəzarət etmək mümkün olsun. Bu, çox müdrik, nadir bir seçim və qərardır. Bu, Pənahəlixanvari seçimdir, qərardır.

 

Görünür, şəhərlərin də zili, pəsi olur. Bu baxımdan Şuşa zildi - Cabbarın, Seyidin səsi kimi. Cabbarın Seyidin səsi də Şuşa kimi dəniz səviyyəsindən 1500 metr yüksəklikdədi...

 

Əlqərəz... Bir az mətləbdən uzaqlaşdım. Qayıdaq söhbətimizin əvvəlinə... Hamımız bir yerdə gəzirdik, gəzə-gəzə susurduq. Şuşada gözəlliyə baxmaqdan başqa, həm də gözəlliyə qulaq asırsan - bəlkə, ona görə hamı susurdu. Gözəlliyə qulaq asa-asa bir də gördüm ki, tək qalmışam. Yuxudan yox, gözəllikdən ayıldım; gördüm ki, yoldaşlarım hərəsi bir tərəfdə təkbaşına gəzirlər. Və mən duydum ki, yoldaşlarımın hamısı bu qeyri-adi gözəlliklə tək qalmaq istəyiblər və özlərindən asılı olmayaraq təkləniblər. Gözəlliklə tək qalmaq insanın canındadı...

 

Bu yerdə fikirləşirəm ki, paytaxtı, ucalığı Şuşa kimi şəhər olan Qarabağın, bel sümüyü, onurğası Qarabağ kimi torpaq olan Azərbaycanın yolunda ölməyə nə var ki?!.

 

Şükürlər olsun ulu Tanrıya ki, İkinci Qarabağ müharibəsində Azərbaycan uğrunda öldürmək, Ölməkdən qat-qat asan oldu. Ona görə də bu müşkülü asan eləyən Azərbaycan əsgərinin gözündən öpürəm.

 

Mən Yer kürəsində doğulmuşam. Bu, dəqiq ünvan deyil; bu ünvanla heç kəs məni tapa bilməz. Ona görə də dəqiqləşdirirəm: Mən Yer kürəsində, paytaxtı Bakı, mədəniyyət paytaxtı Şuşa olan Quzey Azərbaycanın Füzuli rayonunda dünyaya gəlmişəm - daha doğrusu, Azərbaycana gəlmişəm. Yetmiş beş yaşım var, onun otuz ilini Qarabağsız, Füzulisiz yaşamışam. Qarabağsız, Füzulisiz keçən günlərimi ömürdən saymıram və belə götürəndə mənim yetmiş beş yox, qırx beş yaşım olur - birdən-birə otuz il cavanlaşıram. Tək mən yox, bütün Qarabağ camaatı, bütün Azərbaycan cavanlaşma dövrünə qədəm qoyur. Bu cavanlıq eşqini, halal-hümmət cavanlıq eşqini bizə qaytaran Azərbaycan əsgəri, Azərbaycan Ali Baş Komandanı İlham Əliyevdir. Bir televiziya kanalında dediyim kimi, Azərbaycan Əsgərini də, Ali Baş Komandanı da Allaha əmanət edirəm, çünki Allah heç vaxt əmanətə xəyanət etmir...

 

...Təxminən on-on beş il bundan qabaq televiziya kanalında bizə irad tutmuşdular ki, yazıçılar, şairlər Qarabağ haqqında niyə az yazırlar? Mən hələ o vaxt cavab olaraq dedim ki, ay möhtərəm aparıcı, romanla, poema ilə Qarabağı almaq mümkün və real deyil. Mənə əsərdə alınan Qarabağ yox, torpağını üzümə sürtə biləcəyim, üstündə gəzəcəyim Qarabağ lazımdır. Və əlavə etdim ki, Qarabağ haqqında ən möhtərəm və vacib əsəri Ali Baş Komandan yazmalıdır - qələminə qüvvət, yazdı da, özü də necə yazdı:

 

Son 200 ilin ən vacib əsərini yazdı. Son 200 ildə torpaqları verə-verə gəlmişik, indi isə almağa başlamışıq və bu, doğrudan da, iki əsrdə bir başlanğıc və ilkdir - ilkin mübarək, Azərbaycan!!!

 

Təklif eliyirəm ki, Ali Baş Komandan İlham Əliyevi Yazıçılar Birliyinə üzv qəbul edək və ona son "200 ilin ən vacib əsəri" mükafatını təqdim eləyək - bu, əlli milyonluq bütöv Azərbaycanın da ürəyincə olardı.

 

Yuxarıda qeyd etdiyim ünvanım indiki vaxta nədənsə mənə çox uzun göründü. İndi onun yeni və çox qısa formasını deyirəm: Yer kürəsi, Azıx mağarası.

 

Mənim əslim Azərbaycandandı...

 

Azıx mağarası Adəm ilə Həvvanın yataq otağıdı...

 

Bəşəriyyət Azıx mağarasından çıxıb səpələnib Yer üzünə...

 

17 yanvar 2021, Mərdəkan

 

 

Seyran SƏXAVƏT

 

525-ci qəzet.- 2021.- 2 oktyabr.- S.16;17.