"İstəyirik ki, Bülbülün
ev-muzeyi qaynar bir ocağa çevrilsin"
FƏXRƏDDİN
HACIBƏYLİ: "HƏR BİRİNİZİ
ŞUŞADA GÖZLƏYİRİK..."
Əslən Şuşadan olan, Ağdamda doğulub
boya-başa çatan telejurnalist Fəxrəddin Hacıbəyli
ömrünün 20 ilini televiziyada Qarabağ mövzusunun təbliğinə
həsr edib. Qarabağla bağlı çəkdiyi 20-dən
artıq film və verilişləri Azərbaycan Dövlət
Televiziyasının qızıl fondunda saxlanılır.
Ağdamın mədəniyyəti, incəsənəti,
səhiyyəsi, təhsili mövzusuna çox sayda verilişlər
həsr edib. O, bir müddət Ağdamın Quzanlı kəndində
Mədəniyyət evinin direktoru olub. Fəxrəddin
Hacıbəyli sentyabrın 1-dən Şuşada
Bülbülün ev-muzeyinə direktor təyin olunub.
Fəxrəddin Hacıbəyli ilə müsahibəni təqdim
edirik.
***
-
Şuşada Bülbülün ev- muzeyinə
direktor təyin olunmusunuz. Sizi təbrik edirik.
Bu təyinat sizdə necə duyğular
yaratdı?
- Bu il
sentyabr ayının 2-dən hörmətli bəstəkarımız,
dövlət xadimi, ictimai xadim, hamımızın dərin
hörmət bəslədiyi Polad Bülbüloğlunun təşəbbüsü
və dəvəti ilə, cənab nazirimiz, hörmətli
Anar Kərimovun təyinatı ilə mən
Şuşadakı Bülbülün ev-muzeyinə direktor vəzifəsinə
təyin olundum. Bu təklifi alanda, hansı vəzifəyə,
hansı kürsüyə getməyim məni o qədər də
maraqlandırmırdı. Ən əsası
o idi ki, mən Şuşaya gedirəm, mən Şuşada
yaşayacam. O gün elə bil, arzularımın
çiçək açdığı gün idi, zaman-zaman
daşıdığım həsrətin vüsal günü
idi. Mən o dəqiqə razılıq verdim.
Mənim atam-babam şuşalıdır. Anam şuşalıdır. Atam
Şuşada Mərdimli adlanan bir məhəllədə
böyüyüb. Şuşada 17 məhlə
var, onlardan biri də Mərdimli məhləsidir. Mərdimli məhləsində çörəkçi
Muxtarın nəvəsiyəm mən. Nənəmin
adı Xurşud olub. Şuşada
babamın evini tapdım, o evdə şəkil çəkdirdim.
Oğlumu da gətirmişdim ki, ulu
babasının evini görsün. Çörəkçi
Muxtarın ləqəbi Naxış Muxtar olub. Şuşada hərənin bir ləqəbi,
ayaması var idi. Niyə Naxış Muxtar? Həyətdə təndiri olub, çörək
bişirib satırmışlar və çörəyə o
qədər naxış vururmuş ki, xalq arasında ona
Naxış Muxtar deyirmişlər.
Təsəvvür edin, 30 ildən sonra
ayağımın dəymədiyi, babamın yurduna gəlirdim. Onun
ocağını ziyarət etmək şansı əldə
etmişdim. Bu, duyğularımın ən
həssası, ən ümdəsidir.
-
Bülbülün ev-muzeyində gələcəklə
bağlı hansı planlarınız var? Tədbirlər
keçirməyi düşünürsünüzmü?
- Azərbaycan
peşəkar vokal sənətinin banisi olan Bülbülü
tanıyanlar onun haqqında ictimai xadim kimi, Azərbaycan musiqi mədəniyyəti
tarixində öz izləri olan insan kimi, şəxsiyyət
olaraq, insanlıq nümunəsi olaraq o qədər xoş
xatirələr, xoş sözlər yazırlar,
danışırlar ki... Mən əvvəldən,
gənc yaşlarımdan Bülbül sənətinin pərəstişkarı
olmuşam. Mənim taleyimdə belə bir
xoş məqam başlayır ki, Bülbülün ev-muzeyinə
rəhbər vəzifəsinə təyin olunuram.
Şuşalı olmaq, ora getmək arzum, eləcə də Bülbül
haqqında daha çox şey öyrənmək
şövqüm məni o dəqiqə bu təklifə
razılıq verməyə sövq elədi. Sağ olsunlar,
Polad Bülbüloğlu da, cənab nazirimiz Anar Kərimov da məni
bu vəzifəyə dəvət etdilər.
Şuşadayam, çox qəribə duyğular
yaşayıram. Elə duyğular var ki, onların adı
yoxdur. Elə hisslər var ki, onları
sözlə ifadə etmək olmur. Təsəvvür
elə, uşaqlığım, gəncliyim keçən bir
yer, hər daşı, qayası sənə doğma olan bir məkan,
insanları mehriban, gülərüz, kübarlığı əməllərində,
canında, qanında - bax, şuşalıları mən belə
görmüşəm.
Ziyarətə bu gün də gəlirlər. İndi hələlik
quruculuq, bərpa işləri davam edir, tam qayıdış
başlayacaq inşallah, böyük qayıdış. Onda daha çox insan gələcək buraya, dədə-baba
yurdlarında yaşayacaqlar. Onda daha
çox görüşəcəyik onlarla. Bu xoşbəxtliyi bizə yaşatdığına
görə cənab Prezident İlham Əliyevə
bütün nəslim, ailəm, şuşalılar adından
təşəkkür edirəm.
Elə şeylər var ki, yenə də deyirəm,
sözlə ifadə etmək olmur. Bu qələbənin,
qayıdışın böyüklüyü, azərbaycançılıq
məfkurəsində yaxşı mənada qırmızı
xətt kimi keçən bir məqamdır. Təkcə şuşalılar, qarabağlılar
deyil, Azərbaycanın hər bölgəsindən bura ziyarətə
gəlirlər. Onların balaları,
qardaşları, ataları, ərləri bu torpaqlar uğrunda
şəhid oldular. Allah bütün şəhidlərimizə
rəhmət eləsin. Şuşa hər
kəsr üçün əzizdir, hər kəs
üçün doğmadır.
Yeri gəmişkən, biz Anım Günündə
burada böyük mərasimlər keçirdik. Hardasa, saat 09:00-dan
başlayan mərasim uzun müddət davam etdi.
Muzey 1982-ci ildən Ulu öndərin təşəbbüsü
ilə yaradılıb. Yəni burada Bülbülün ev-muzeyi
mövcud olub və çox diqqətlə, həssaslıqla
yanaşıblar bu muzeyə. 1992-ci ilin
mayın 8-də Şuşamız işğal olundu,
bütün mədəni abidələr kimi,
Bülbülün ev-muzeyinin də bütün əşyaları,
eksponatları məhv edildi. O məhv edilən eksponatlar
arasında Bülbülün şəxsi qavalı, kostyumları,
frakı və digər əşyaları da var idi.
İkinci dəfə cənab Prezidentimizin sərəncamı
ilə muzey bərpa olundu. Avqust ayının
29-da cənab Prezidentin və hörmətli Mehriban
Əliyevanın iştirakı ilə açılış mərasimi
oldu. O gündən bu günə muzeyimiz fəaliyyəti
başlayıb.
Bülbülün 1982-ci ildə qoyulmuş büstü
var, ermənilər o büstü güllələyiblər,
çox pis hala qoyublar. Yəqin, şəkillərdə
görmüsünüz. Həmin büst
yerində qaldı, biz onu gələcək nəsillərə
erməni vandallığının bariz nümunəsi kimi təqdim
etmək üçün saxladıq. Ona
yaxın məsafədə yeni büst qoyuldu.
Çoxlu sayda insanlar gəlir buraya. Demək olar
ki, dünyanın hər yerindən gəlirlər. Biz onlara geniş və səhih məlumatlar veririk.
Çalışırıq ki,
Bülbülün yaradıcılığı, şərəfli
həyat yolu, fəaliyyəti məlumatlarımızda əks
etdirək.
Biz istəyirik ki, muzey təkcə eksponatları təqdim
etməklə kifayətlənməsin. İstəyirik,
Bülbül ocağı işləyən, qaynayan bir ocaq
olsun. Buradan həmişə musiqi, nəğmə
səsi gəlsin, burada konsert təşkil etmək istəyirik,
vokal sənətçiləri ilə, instrumental
ifaçıları ilə, ümumiyyətlə, Azərbaycanın
musiqi mədəniyyəti tarixində öz izi olan
insanları dəvət edib, burada onlarla görüşlər
keçirmək istəyirik. Biz istəyirik
ki, muzey yaşasın, daima fəaliyyətdə olsun. Təkcə eksponatları təqdim etməklə işimiz
bitmir, biz istəyirik muzeydən muğam, musiqi səsi gəlsin,
vokal sənətinin nadir inciləri səslənsin.
Allaha şükür, Azərbaycan musiqi cameəsinda belə
insanlar çoxdur, yeri gəldikcə onları dəvət edək,
görüş keçirək və onların xoş xatirələrini
dinləyək. İnsanlarla onların təmasını
yaradaq ki, Bülbülün ruhu da şad olsun.
Gələcək planlarımız çoxdur, Allah qoysa,
hər şey yüksək səviyyədə
olmalıdır.
Bülbülün
irsi haqqında daha geniş məlumatlar vermək
üçün monitorda Bübülün həyatı,
yaradıcılığı, uşaqlığından
ömrünün sonuna qədər lent yazıları,
haqqında deyilmiş sözlər və digər materiallar
öz əksini tapıb. Hələlik Azərbaycan
və rus dillərində nümayiş olunur, bu yaxın
günlərdə biz Çin, ingilis və digər dilləri
də ora əlavə etmək istəyirik. Qoy xaricdən
gələn qonaqlarımız o monitora toxunmaqla
Bülbülün həyatının istənilən məqamı
ilə yaxından tanış ola bilsinlər.
Ekskursiya rəhbəri, muzey baxıcısı
olaraq onlara əlavə məlumat verməyə ehtiyac
qalmayacaq, özləri istədikləri mövzunu tapıb
öz dillərində geniş məlumat ala biləcəklər.
Bu, bizim muzeyimizdə yenilikdir, yeni bir
çalardır.
Cənab Prezidentimizin mədəniyyət mərkəzi
elan etdiyi Şuşada Bülbülün ev-muzeyinin öz yeri,
ab-havası var. Gələn qonaqlar da bunu etiraf edirlər.
Milli-mənəvi dəyərlərimiz, ornametlərimiz
qorunmaq şərti ilə Şuşamız bu gün yenidən
qurulur, bərpa işləri aparılır. Hər
daşa, ağaca həssaslıqla yanaşılır. İnşallah, Şuşamız əvvəlkindən
də gözəl olacaq və bunu bütün dünya görəcək.
- İndi Şuşada hansı proseslər gedir?
- Mən bir söz deyim, tam səmimi deyirəm, bu gün Şuşamızda fəaliyyətdə olan insanlar, cənab Prezidentimizin təyin etdiyi insanlar sanki seçilib, dəfələrlə yoxlanılıb. Mədəni səviyyələri yüksək, vətən duyğuları, vətənə olan məhəbbət, insanlarla münasibət, fərdi yanaşma prinsipləri... O qədər nümunəvi insanlar göndərilib ki, Şuşaya, sanki onlar (vəzifə sahiblərini deyirəm) Şuşada doğulublar, o qədər məhəbbətlə, sevgi ilə yanaşırlar ki, Şuşamıza. Bunu sadəcə olaraq gözlə görmək, onlarla təmasda olmaq lazımdır ki, onların nə qədər yüksək səviyyəli, mədəni, mənəviyyatca zəngin insan olduqlarını hiss edəsən. Mən çox xoşbəxtəm ki, belə insanlar arasında çalışıram. Demək olar ki, işimizlə bağlı onlarla hər gün təmasdayıq, hər gün görüşürük. Hər görüşdən sonra mən deyirəm ki, ilahi, sənə şükür ki, Azərbaycanımızın belə gözəl oğulları, insanları var. Şuşamıza olan, Qarabağımıza olan münasibət, Azərbaycanımıza olan münasibət tamamilə fərqlidir onlarda, həddindən artıq sevgi var. Bu da bizə böyük ümidlər verir. Şuşamız tezliklə yenidən qurulacaq, bərba olunacaq, təkcə Azərbaycanın yox, dünyanın ən gözəl mədəniyyət mərkəzlərindən birinə çevriləcək. Bu mənada da Şuşada yaşamağa və işləməyə dəyər.
Bir özəllik də bundan ibarətdir ki, buraya gələn şuşalılar deyirlər ki, buradakı meyvə ağacları ömründə bu qədər bol bar gətirməyib. Hər ağac həmişəkindən iki dəfə çox bar gətirib. Təsəvvür edirsiniz? Alma, heyva, gavalı, armud, qoz ağacları qol-budağını yerə qoyub. Elə bil, onlar da sahiblərinin gəlişinə sevinirlər və öz sevinclərini iki dəfə artıq bar gətirməklə göstərirlər. Çox maraqlı məqamdır.
Burada işləyən insanlar ürəklərini qoyurlar bura. Hər işi sevgi ilə görürlər. Bu sevinci, bu qayıdışı, bu duyğuları, azadlığı bizə yaşatdığına görə cənab Prezidentə sonsuz minnətdarlığımı bildirirəm, təşəkkür edirəm. Allah ordumuzu həmişə var eləsin. Dizlərinə daha çox təpər, qollarına daha çox qüvvət arzulayıram onların. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların canı-qanı bahasına bu sevincli günləri yaşayırıq, yurdumuza qayıtmışıq. Onlar qorxmadılar, çəkinmədilər, bir addım belə geri qoymadılar, dağlarla, daşlarla dırmaşıb düşməni məhv etdilər. Onların ruhları qarşısında baş əyirəm. Qazilərimizə Allahdan şəfa diləyirəm, cansağlığı arzulayıram. Qəhrəmanlıq göstərdilər, döyüşdülər, Şuşamızı özümüzə qaytardılar.
Rəhman
MİRZƏLİZADƏ
525-ci qəzet.- 2021.- 2 oktyabr.- S.15.