Dinlərin, fəlsəfənin və
hüququn qovşağında
PROFESSOR
İLHAM RƏHİMOVUN KİTABI HAQQINDA
Dinlərin
kökü, yaranma tarixi, mifik və real genetikası, fəlsəfəsi,
insanlıq tarixindəki önəmi, ilahi sevgini oyadan və
gücləndirən təsir mexanizmləri, qutsallıq
sınırları, təbiət elmlərindəki izləri,
insanın mənəvi inkişafı və kamilləşməsində
rolu son dərəcə mürəkkəb mövzulardır və
yetərincə öyrənilməyib. Bunun bir səbəbi
dinlərin hər cür təhlildən, araşdırmadan, təbiət
elmlərindən aralı tutulmasıdır; diqqət daha
çox ayin və ibadətlərə, təfsirlərə
verilib. Digər səbəb isə bu
mövzunun ictimai-kültürəl dəyərləndirilməsini
bir kənara qoyub məsələyə yalnız mifik, səmavi
bir sehir içində baxılması, dinlərin insan
ağlının dərk etmə sərhədlərindən kənarda
saxlanılması, toxunulmazlığı olmuşdur.
Yaradan və
yaradılan arasındakı bağlılığın ən
geniş şərhi, insan yaşamına düzən verən
vəhylər-tövsiyələr məcmuəsi, həyatın
bizi qarşılaşdıra biləcəyi sualların
cavabı, müqəddəsləşdirilən əxlaq
kodeksi, peyğəmbərlər vasitəsilə göndərilmiş
Ana yasalar sayılan dinlər hələ də Yer üzündə
nizam yarada bilmək uğrunda mübarizə aparır, bu
işdəki uğursuzluqların məsuliyyətini
daşıyır və bəzən də ilahi həqiqətləri
müdafiə etmək əvəzinə, yerüstü siyasətlərə
əyilir və özlərini müdafiə etmək məcburiyyətində
qalırlar.
Teologiyanın
və dinşünaslığın ən mürəkkəb,
az öyrənilmiş sahələrindən biri də
dünyanın böyük dinlərində cinayət və cəza
anlayışlarına yanaşma və bu barədə verilən
hökmlərdir.
Yer
üzündəki təkamül yolu nə qədər uzun
olsa da, bu yolun heç bir mərhələsində insan cinayətdən,
günah işlətməkdən xilas ola
bilməyib və ona uyğun cəza mexanizmləri də
yaranıb. Dinlər insanın bu qədər günah işlətməsinin,
cinayətə yol verməsinin Allahın iradəsinə
bağlı olub-olmaması məsələsində hələ
də vahid bir mövqe sərgiləmirlər: Allah öz məxluqunu
kamil yarada bilməzdimi? Yer üzündə
törədilən bir cinayət üçün o dünyada
sonsuz əzablar verilməsi, başqa sözlə desək, dinlərdə
nəzərdə tutulan cəzanın edilən cinayətlərə
adekvat olub-olmaması sonu görünməyən mübahisələr
doğurmuşdur. Bunlar hər filosofun, hər
alimin və ya texnologiya uzmanının girişəcəyi
mövzular deyildir.
Görkəmli
Azərbaycan alimi, hüquq elmləri doktoru, professor İlham Rəhimovun
"Din və cəza" kitabı ilk növbədə, bu son
dərəcə mürəkkəb, az öyrənilmiş və
təhlilə çətin yatan sahəyə həsr
olunması ilə diqqəti cəlb edir.
Rusca nəşri
2020-ci ildə Sankt-Peterburq şəhərində
"Akademiyanın Hüquq Mərkəzi" tərəfindən
hazırlanmış kitab girişdən və beş
fəsildən ibarətdir. Müəllifin
dünya din tarixinin nə qədər dərin qatlarını
araşdırdığını və nə qədər
geniş bir mənzərəsini yaratdığını
anlamaq üçün dinşünas-filosof olmaq zəruri
deyil; bir oxucu gözü ilə baxanda da monoqrafiyanın elmi dəyərini
dərk etmək mümkündür.
İlham Rəhimov kitabı üçün belə bir
çətin mövzu seçərkən ilk növbədə
bu araşdırmanın din, fəlsəfə və hüquq
baxımından əhəmiyyətini, çağdaş
ictimai düşüncəyə verə biləcəyi
qidanın böyüklüyünü nəzərə
almışdır. Alim bu çətin işin görülməsini
zəruri sayır və bu zərurəti həm də onunla
izah edir ki, yaxın vaxtlara qədər dünyada dinlərin tədricən
əhəmiyyətini itirib, sıradan çıxacağını
düşünürdülərsə, zaman bunun əksini
göstərdi, lokal və uluslararası səviyyədə
dinlərin mövqeyi getdikcə möhkəmlənir. Bu da mübahisə doğurmayan bir həqiqətdir
ki, insanların dinə bağlılıq səviyyəsi də
onların yaşadıqları mühitdən və cəmiyyətin
səviyyəsindən asılı olaraq dəyişilir.
Kitab
ön sözdən, girişdən və beş
fəsildən ibarətdir. Bu dəyərli elmi-fəlsəfi
araşdırmanın əhatə dairəsinin genişliyini təsəvvür
etmək üçün fəsillərin adlarına gözdən
keçirmək yetərlidir: I Fəsil - Müqəddəs
yazılarda Allah cəzasının ümumi mənbəyi; II
Fəsil - İudizm (Əhdi-Ətiq və ya Yəhudi
Bibliyası): "...Gözə göz, dişə
diş..." qisas qanunu; III Fəsil - Xaçpərəstlik
(İsa Məsih təlimi): "...Şərə müqavimət
göstərmə..." sevgi vərəhm; IV Fəsil-
İslam (Quran) - Allahın qızıl qaydası: ədalətli
cəza; V Fəsil - Hinduizm və Buddizm dinlərində cəza...
Girişdə
müəllif kitabın yazılma səbəblərini dəqiq
ifadə etmişdir: əşyanı, hadisəni incələmək,
təhlil edib dəyərləndirmək - həqiqətə
yetişməyin yeganə yoludur. Heç bir məsələni
araşdırmaqdan çəkinmək lazım deyil, hətta
həmin məsələ müqəddəs kitablarla
bağlı olsa belə! Bu, yaradanın öz göstərdiyi
yoldur! Təəssüf ki, bəzən filosoflar
və din xadimləri bu araşdırmalardan qaçırlar, məsələnin
mürəkkəbliyi onları çəkindirir.
Girişə kitabın qısa icmalı kimi də baxmaq
olar. Din
adlı yarımbaşlıq altında Tanrı, müqəddəs
kitablar və peyğəmbərlərlə bağlı tarixən
biçimlənmiş görüşlər, insan, cəmiyyət
və din, müqəddəs kitabların mənbəyi və
müəllifliyi sorunları, yaradana və ilahi kəlama
münasibətdə dinlər arasındakı fərqlər və
sair məsələlərə yığcam şəkildə
toxunmaqla müəllif bir növ əsərin sonrakı fəsilləri
üçün hazırlıq işi görür.
Girişin "Cəza" adlanan ikinci bölümü
bu çoxcəhətli anlayışa ayrı-ayrı dinlərin
fərqli yanaşmaları yığcam şəkildə
gözdən keçirməklə, eyni zamanda, yaradanın və
onun peyğəmbərlərinin cəza
anlayışının və cəza prosesinin
doğuluşu, dəyişilməsi və mahiyyəti əksini
tapmışdır.
Birinci fəslində müqəddəs yazılarda ilahi
cəzaların mənbə və ilkin dövrlərindən
söz açılır. Dörd
yarımbaşlığa ayrılmış bu fəsildə
Bibliya tarixi əsasında Allah tərəfindən göndərilmiş
qanunların pozulması halında insana verilməli olan cəzanın
əsas prinsipləri, mahiyyəti, məqsədi və növləri
araşdırılır. Bu fəsildə
yəhudi və xristian dinində səmadan insanlar
üçün göndərilən qaydaların pozulma
hallarında verilən cəzalar, yəhudi və xristian
dinşünaslarının fikirləri də nəzərə
alınmaqla, geniş şəkildə təhlil edilir.
Müəllif bu fəsildə həmçinin,
Allahın qoyduğu qaydaların ilk dəfə pozulması
aktı kimi qəbul olunan Adəm və Həvva olayını
incəliklərinə qədər və dünyada bu haqda
yazılmış çoxsaylı kitablardakı dəyərləndirmələr
kontekstində təhlil edir. Öncə Adəm və
İsanın hansı cinayətə görə
cızalandırıldığını və bu cəzanın
mahiyyətini açıb göstərməyə
çalışır. Əslində, həmin
hadisənin təhlili cinayət və cəza qanunlarına aid
olan bir çox anlayış, termin və qaydaların da
başlanğıcıdır.
Kitabın ikinci fəslində İudaizm dininin tarixi və
başqa səmavi dinlərdən fərqləri
araşdırılır. Müəllif yeri gəlmişkən
müxtəlif dinşünasların, filosofların
araşdırmalarındakı çeşidli və fərqli
fikirlərini ətraflı şəkildə gözdən
keçirir. Bu fikirlər arasında diqqəti
ən çox cəlb edən Yaxve dininin İsrail
xalqının öz yaradıclıq məhsulu olması və
buna görə də başqa dinlərdən fərqləndiyi
önə çəkilir.
Professor İlham Rəhimovun üstünlüyü və
əsərə uğur gətirən cəhətlərdən
biri də budur ki, o, təkcə dinşünas və ya
hüquqşünas kimi danışmır.
Kitab öz müəllifinin hüquqşünaslıqdan
əlavə, həm də ciddi bir filosof, dinşünas və
tarixçi olduğunu ortaya çıxarır. Hər fəsildə
haqqında söhbət gedən dinlə yanaşı, həmin
dinin doğulması, yayılma tarixi və o dinə tapınan
xalqların tarxiləri də gözdən keçirilir.
Məsələn, ikinci fəsildə yəhudilərin
br xalq kimi formalaşması və inkişafında,
köçəri həyatdan oturaq həyata keçməsində
təkallahlığın və dinin rolu göstərilməklə
yanaşı, həm də yəhudi xalqının ilkin tarixi
də araşdırılır. Göstərilir ki, yəhudilərin
dini dünyagörüşünün formalaşmasında rol
oynayan ilkin yazılarda ilahinin vicdan, mənəviyyat və ruh
amilindən daha çox müəyyən konkret qanunlar, o
qanunlara tabe olmaq, yəni güc yolu əsas
götürülür, Yəni bu, birbaşa dövlət və
hüquq sisteminin formalaşmasına kömək edən bir cəhətdir.
Buna görə də yəhudilərin
"Dekaloq" adlanan ilk dini kitabında rəhmdillik və
xeyirxahlıqdan daha çox, sərtlik və güzəştə
getməmək prinsipi öndədir. Beləliklə,
müəllif yəhudilərin dini inanc sistemində qisas
duyğusunun hardan qaynaqlandığını dəqiq təhlillə
göstərmiş olur.
İudizm dinində cinayətin həm də günah
olaraq qəbul edilməsi, bu yolla cinayətlərin -
günahların Allah tərəfindən müəyyənləşdirdiyini
qeyd etməklə, müəllif cəza sisteminin mifik və
tarixi inkişafını göstərmiş olur.
Professor İlham Rəhimov yer üzündəki əsas
dinlərin və inancların müəyyən etdiyi cinayətlər
və onlara görə verilən cəzalar barədə
danışərkən dünyada bu mövzuya həsr
edilmiş ən ciddi kitabları gözdən keçirir;
dünyaca ünlü filosofların fikirlərinə
münasibət bildirir.
Müxtəlif dinlərdə cinayət
anlayışına yanaşmadakı ümumi cəhətləri
və fərqləri təhlil edir. Buna uyğun, Müqəddəs
kitablarda cəza anlayışının bənzər və fərqli
cəhətlərini də araşdırır. Təbii ki, həm cinayət, həm cəza
haqqında Səmavi kitabların hökmlərində oxşar
cəhətlər fərqli cəhətlərdən daha
çoxdur. Yəni Səmavi kitabların
demək olar ki, hamısında günahın, cinayətin bu
dünyada ən sərt şəkildə cəzalandırılması
tələb edilir. Demək olar ki,
bütün dinlərdə ağır cəzalara görə
ölüm hökmü vardır. Bu
baxımdan bu gün dünyanın bir çox ölkələrində
ölüm hökmünün ləğvinın dinlə zidd
olması maraqlı bir mövzudur. Çağdaş
dövlətlərin cəza sistemlərindən fərqli
olaraq dinlərdə cəzanın iki mərhələsi var:
bu dünyada verilən cəza, bir də haqq dünyasında,
Məhşər günü Allah tərəfindən veriləcək
cəza. Müəllif bu məsələləri
təhlil edərkən onu da qeyd edir ki, bəzi dinlərdə
o dünyada veiləcək cəzalar haqqında demək olar
ki, danışılmır. İslam dinində
isə insanın günahlarına görə ən
ağır cəzalar qiyamət günü veriləcəkdir.
Dinlərin heç birində ölümdən
sonrakı cəzalara İslamdakı qədər geniş yer
ayrılmamışdır. Müəllif
digər dinlər kimi İslamın da yaranma şəraiti və
tarixini qələmə almaqla yanaşı, Quranın digər
dini kitablarla bənzər və fərqli cəhətlərini
də geniş təhlil etmişdir. Haqlı
olaraq göstərmişdir ki, İslam və Quran özündən
əvvəlki dinlərə qarşı
çıxmamışdır, yalnız bütpərəstliyə
və çoxallahlığa qarşı mübarizə
aparmışdır. Müsəlmanlar
"kitab əhli"nə həmişə sayqı ilə
yanaşmışlar.
Kitabın əsas bölmələrindən biri İslam
dünyasında cəza anlayışı və institutunun
yaranması və inkişafıdır. Müəllif
Quranda cəza anlayışının yaranması və zaman
içində sistemləşməsini təhlil edir. Haqlı olaraq göstərir ki, heç bir başqa
müqəddəs kitabda rəhmə, xeyirxahlığa,
günahların bağışlanmasına, tövbəyə
Qurandakı qədər geniş yer verilməmişdir. Qurana görə, bütün insanların zəif cəhətləri
var; lakin bu zəif cəhətlərin artıb cinayətkarlığa
çevrilməməsi üçün insan gərək
heç vaxt Allahı və axirəti unutmasın. Müəllif İslamda insan ölümünün,
zorakılığın, oğurluğun, zinanın, alkolun,
yalandan and içmənin, Allaha və onun peyğəmbərinə
qafa tutmanın hər birinin xarakterini və cəza
növünü təhlil edir. Belə bir
nəticəyə gəlir ki, İslam dini hüquq müdafiəçilərinə
cəzalandırma işində kifayət qədər geniş
bir azadlıq tanımışdır. Yəni
şəraitə, cinayətin törədilmə səbəblərinə
uyğun olaraq cəza növləri də dəyişkəndir.
Kitabın sonuncu fəslində Azərbaycan oxucusuna az tanış olan İndiuzm və Buddizm də təmizlənmə və xilas nəzəriyəsi təhlil olunur. Budizmə görə cinayət xəstəlikdir və onu dərmanla müalicə etmək mümkündür. Bu dinlərə görə insan Allahdan imdad gözləməkdənsə öz gücü ilə öz hərəkətlərini nizamlamalı, kamilləşməli, cəmiyyət və təbiətlə uyum içində yaşamağı bacarmalıdır.
Kitabın sonunda müəllif belə bir qərara gəlir ki, müqəddəs kitablarda öyrədilən cəza sistemləri bir-birinə bənzərdir. Bu da təəccüblü deyil. Çünki bu kitabların ümumi bir "müəllif" var ki, o da böyük Yaradandır.
Dinlər müasir hüququn cəzavermə prinsiplərinin formalaşmasında əsas mənbə rolunu oynamışlar. Müxtəlif xalqlarda cəzavermə sistemindəki fərqlər onların dinləri, adət-ənənələri, keçdikləri tarixi yol, psixologiya və həyat şərtləri ilə bağlıdır.
Azərbaycan aliminin son dərəcə ciddi və
mürəkkəb bir mövzunu belə mükəmməl
şəkildə araşdırıb dünya dinşünas,
hüquqşünas və filosoflarına təqdim etməsinə
ürəkdən sevindim.
Sabir
RÜSTƏMXANLI
525-ci qəzet.- 2021.- 2 oktyabr.- S.14;19.