Oxçuçay: Bəşəriyyətə
qarşı törədilən ekoloji terror
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının böyük hərbi-siyasi qələbəsi ilə
yekunlaşdı. Xalqımız tarixə
qanla yazılmış
haqlı savaşında
əldə etdiyi şanlı qələbə
ilə işğalla barışmadığını, ədalətsizliyə, haqsızlığa
baş əyməyən
məğrur və böyük xalq
olduğunu bir daha dünyaya nümayiş etdirdi.
Qələbəmizin memarı,
Qalib Ali Baş Komandan İlham Əliyevin öndərliyi
ilə müzəffər
Azərbaycan Ordusu beynəlxalq hüququn həll edə bilmədiyi münaqişəyə
son qoydu və otuz ilə yaxın
düşmən tapdağında
inildəyən vətən
torpaqlarını işğaldan
azad edərək, şanlı Azərbaycan bayrağını şərəf
və iftixar hissi ilə əzəli yurd yerlərimizdə dalğalandırdı.
Tarixi torpaqlarımızı
işğal edən, doğma yurd-yuvalarımızı
tar-mar edib dağıdan,
dini inanc yerlərimizi viran qoyub donuz tövlələrinə
çevirən, min illərə
söykənən xalqımıza
məxsus mədəni-mənəvi
irsi məhv etməyə çalışan
erməni barbarları
öz layiq olduqları cavabı aldılar. Dəmir yumruq azğınlaşmış
qarı düşmənin
başını əzməklə,
təkcə regionumuzu
deyil, bütövlükdə
dünyamızı erməni
faşizmindən xilas
etdi. Xalqımızın 44 günlük Vətən
müharibəsində qazandığı
bu qələbə milli qürurumuzun xilası, milli iradəmizin və milli birliyimizin nümayişi idi.
Əfsuslar olsun ki, Dağlıq
Qarabağ münaqişəsinin
artıq geridə qaldığına baxmayaraq,
tarix boyu xalqımıza qarşı
sərgilənən düşmənçilik
siyasəti bu gün də davam etməkdədir. Qalib Azərbaycan
Ordusunun önündən
qaçan, onun qalibiyyətini həzm edə bilməyən Azərbaycanfob, türkfob hissləri ilə boğulan mənfur düşmən öz məkrli niyyətindən
əl çəkməyərək,
digər çirkin yollara əl atmaqdadır. Bunlardan biri
də məhz Oxçuçay ekoloji terrorudur.
Başlanğıcını qədim yurd yerimiz Zəngəzur
silsiləsinin Qapıcıq
dağından (3285 m) götürüb,
indiki Ermənistanın
nəzarətində olan
Qafan rayonu və Azərbaycanın Şərqi Zəngəzur
iqtisadi rayonuna daxil olan Zəngilan
rayonu ərazisindən
keçən, ümumi
uzunluğu 85 km (40 km-ə qədəri
Azərbaycan ərazisinə
düşən) və
hövzəsinin sahəsi
1140 km2 olan Oxçuçay
bu gün ekoloji terrorla üz-üzədir.
Ekoloqlar
tərəfindən ölkəmizin
sərhəd çaylarının
ekoloji vəziyyətinin
öyrənilməsi məqsədilə
2021-ci ilin yanvar-iyun aylarında aparılan monitorinqlər zamanı Oxçuçaydan götürülən
su nümunələrinin
yerli və beynəlxalq laboratoriyalarda,
o cümlədən, Almaniyanın
beynəlxalq səviyyədə
akkreditə olunmuş
və sertifikatlaşdırılmış
SGS laboratoriyasında analizi
zamanı yüksək
miqdarda mis, molibden, manqan, dəmir, sink və xrom kimi ağır-toksik
maddələr aşkar
edilmişdir. Belə ki, monitorinq hesabatlarına əsasən,
çirklənmə səviyyəsi
normadan dəfələrlə
artıq olan çayda mis-molibden birləşməsinin miqdarı
2, dəmir 4 və nikel 7 dəfə mövcud göstəricilərdən
yüksək olmuş,
çayın rəngi
isə çirklənmə
səbəbindən vizual
olaraq dəyişikliyə
məruz qalmışdır.
Araşdırmalar zamanı o da müəyyən edilmişdir
ki, çayın bu cür zərərli
tullantılar ilə çirkləndirilməsində başlıca səbəb
çayın Ermənistan
ərazisindən keçən
hissəsində fəaliyyət
göstərən, Ermənistanın
ən böyük vergi ödəyicisi hesab olunan və
yüzdə 60% paya
sahib Almaniyaya məxsus
"Cronimet Holdinq"
sənaye müəssisəsinin
Qafanda fəaliyyət
göstərən mis-filiz
emalı zavodu və Qacaranda ölkənin ən iri həcmli dağ-mədən resursu hesab edilən mis-molibden yatağının
istismarı ilə məşğul olan "Zangezur Copper-Molybdenum Combine (ZCMC)" şirkəti tərəfindən
dağ-mədən sənayesinin
ağır kimyəvi
tullantılarının təmizlənmədən
çaya axıdılmasıdır.
Beləliklə, bu gün Oxçuçay
sənaye tullantılarının
zərərsizləşdirilməsində
sanki kollektor rolunu oynamaqla hədsiz dərəcədə
çirklənməyə məruz
qalmaqdadır. Bunun acı nəticəsidir
ki, Oxçuçayın
mövcud fauna və ekosisteminin pisləşməsi
səbəbindən çayda
balıqların kütləvi
məhv olma faktları aşkarlanmışdır.
Belə ki, aparılan vizual monitorinq zamanı Azərbaycanın "Qırmızı
kitab"ına daxil edilmiş qızılxallı balığının
(small trout, forel), şirbit
və digər balıqların kütləvi
şəkildə məhvi
müşahidə edilmişdir.
Bu acınacaqlı mənzərə çayda
çirklənmə səviyyəsinin
nə qədər kritik vəziyyətdə olduğunu bir daha göz önünə
sərir.
Eyni zamanda, təkzibolunmaz faktlara əsasən, mədənlərdə
istehsal həcminin artırılması ilə
əlaqədar olaraq daha iri həcmdə
su resursundan istifadə olunur ki, bu da
Oxçuçayı yaxın
gələcəkdə tamamilə
quruyaraq yox olma təhlükəsi ilə üz-üzə qoyur.
Mədənlərdə istehsal həcminin artırılmasında başlıca
səbəb isə
son illər ərzində
dünya bazarında mis, qızıl və digər qiymətli metallara olan tələbatın kəskin sürətdə
artmasıdır. Bu isə
onsuz da iqtisadi tənəzzül dövrünü yaşayan,
məhdud maliyyə resurslarına malik olan və maliyyə
ehtiyatlarının artımını
ölkənin və regionun ekoloji təhlükəsizliyindən üstün
tutan Ermənistan hökuməti üçün
əlavə gəlir mənbəyi olaraq bir şans oldu.
Xüsusilə 2009-cu ildə
dünyada baş vermiş qlobal maliyyə böhranı səbəbindən ölkə
iqtisadiyyatının geriləməsindən
sonra dünya bazarında bu cür metal qiymətlərinin
artımı Ermənistan
respublikasında yeni iş yerlərinin yaradılması və əlavə maliyyə resurslarının əldə
olunması ilə mədən sənayesinin ümumi iqtisadiyyatda rolunun əhəmiyyətli
dərəcədə artmasına
səbəb oldu.
Belə ki, statistik göstəricilərə
əsasən son dövrlər
ərzində ixrac əməliyyatlarının həcmində
ümumi ixrac edilən mal və əmtəənin yarıdan
çoxu (51%) dağ-mədən
sənayesinin payına
düşür. İstehsal sahələri üzrə
sənaye məhsullarının
quruluşunda isə dağ-mədən sənayesi
təqribən 20%-ə yaxın
olmaqla ikinci yeri tutur.
Ermənistanın Gömrük Xidmətinin statistik məlumatlarına
əsasən, 2019-cu ildə
ixrac edilən məhsullar arasında ilk yeri 627 milyon ABŞ dolları dəyərində
mis kondensatı yer alır. Əvvəlki illə müqayisədə
ixrac edilən mis kondensatında 32% artım qeydə alınmışdır ki,
bunun da əsas səbəbi
2019-cu ilin iyul ayından etibarən qonşu Gürcüstan respublikası ilə mübahisəli Teğut yatağının yenidən
istismara verilməsidir.
Ümumilikdə isə bu gün Ermənistanın əsas filiz ixracatçıları Azərbaycan
və İran İslam Respublikasının
ekoloji vəziyyətinə
təhlükə yaradan
"Zangezur Copper-Molybdenum Combine CJSC" ilə yanaşı, "Agarak Copper Molybdenum Combine" CJSC, "Akhtala Mining and Processing Enterprise" CJSC və Gürcüstan respublikası üçün
ekoloji təhlükə
mənbəyi hesab olunan və mübahisəli ərazidə
fəaliyyət göstərən
"Teghout Armenia" şirkətləridir.
Lakin Ermənistanda
ölkə üzrə
dağ-mədən sənaye
məmulatlarının böyük
hissəsi - 87%-i məhz Qərbi Zəngəzur bölgəsində
istehsal olunur. Ermənistanın çirkləndirilmiş Oxçuçay
kimi su mənbələrinin
aşağı axarlarının
qonşu ölkələrin
(Azərbaycan, İran)
ərazisində olması
isə bu ölkələrin, xüsusilə
ölkəmizin ətraf
mühitinə və ekologiyasına böyük
təhlükə yaratmaqdadır.
Hətta
2017-ci ildə Ermənistanın
Ətraf Mühitin Monitorinqi və İnformasiya Mərkəzinin
məlumatlarına əsasən
aparılan araşdırmalar
nəticəsində, Oxçuçayın
suyunun 5-ci kateqoriyaya, yəni ən aşağı keyfiyyətə
malik olması müəyyən edilmişdir.
Bu səbəbdən çay ölkə ərazisində ən çox çirkləndirilən
çay hesab olunduğundan irriqasiya məqsədləri üçün
istifadəsi qadağan
edilmişdir.
Transsərhəd çay olan Oxçuçayın Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalması regionda əkin sahələrinin suvarılmasına və içməli su təminatına da olduqca mənfi təsir göstərir. Ümumilikdə isə istər suvarma sahələrində, istərsə də su təminatı zamanı istifadə olunan çay əhalinin sağlamlığı üçün real təhlükə mənbəyidir. Belə ki, çirkləndirilmiş suyun istifadəsi insanlarda - mədə-bağırsaq traktının pozğunluqları, böyrəklərdə və sümük toxumasında dağıdıcı proseslər, ürək-damar, sinir sistemlərinin pozulması kimi son dərəcə ciddi fəsadlara yol aça bilər.
Eyni zamanda onu da qeyd etmək lazımdır ki, Oxçuçayın zərərli suları öncə Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına (Xudafərin su anbarına), sonda isə Xəzər dənizi hövzəsinə tökülməkdədir ki, bu da mövcud ekoloji faciənin miqyasını xeyli artırmaqla regionu daha böyük ekoloji böhrana sürükləməkdədir.
Ölkəmizin yerüstü su ehtiyatlarının təxminən 70%-nin qonşu ölkələrdə və transsərhəd su axınları hesabına formalaşdığını, eyni zamanda, transsərhəd çayların böyük bir hissəsinin Ermənistandan Azərbaycan ərazisinə axdığını nəzərə alsaq, Ermənistanın hələ də beynəlxalq Helsinki Konvensiyasına qoşulmaması böyük təəssüf hissi doğurur.
Belə ki, Ermənistan bugünədək mövcud razılaşmaya qoşulmayıb Konvensiyanı ratifikasiya etməkdən boyun qaçıraraq, onun bütün prinsiplərini kobud şəkildə pozmaqda davam edir. Eyni zamanda, Helsinki Konvensiyasının əhalinin sağlamlığının qorunması, su ehtiyatlarının daha yaxşı idarə edilməsi və çirkləndirilməsinin azaldılması prinsiplərini özündə əks etdirən "Su və sağlamlıq haqqında" Protokolu Ermənistan hökuməti tərəfindən 1999-cu ildə imzalansa da, bu günədək hələ də qüvvəyə minməmişdir. Bunun başlıca səbəbi isə Konvensiyada "çirkləndirən ödəyir" prinsipinin Ermənistan hökuməti tərəfindən qəbul edilməməsidir. Rəsmi İrəvan bu prinsipin yalnız ölkə daxilində tətbiq edilməsini uyğun görür və aşağı axarda yerləşən dövlətlərin (Azərbaycan, İran) hər hansı kompensasiya tələblərinə xidmət etməməli olduğuna israr edir.
Lakin Ermənistandan fərqli olaraq Azərbaycan Respublikası BMT-nin Avropa İqtisadi Komissiyasının "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında" 1992-ci il tarixli Helsinki Konvensiyasının "Su və sağlamlıq haqqında" 1999-cu il 17 iyun tarixli Protokoluna qoşulmaq barədə 2002-ci ildə Ulu öndər Heydər Əliyevin imzaladığı 372-IIQ nömrəli, 22 oktyabr 2002-ci il tarixli Qanunu ratifikasiya etmiş, həmçinin, üç hesabatlılıq dövründə iştirak etmişdir.
Ölkəmiz tərəfindən
Oxçuçayın ekoloji
böhranı, kritik vəziyyəti və
çayın Ermənistan tərəfindən davamlı
çirkləndirilməsinin qarşısının
alınmasının zəruriliyi və təxirəsalınmaz
tədbirlərin görülməsi barədə beynəlxalq
təşkilatlara - UNEP-in Avropa
ofisinə, UNECE-nin
icraçı katibi və Konvensiya
katiblərinə, o cümlədən, Alman Bundestaqına, xüsusən Bundestaqın
Ətraf Mühit, Təbiət Mühafizə
və Nüvə Təhlükəsizliyi Komitəsinə, həmçinin,
Yaşıllar fraksiyası nümayəndələrinə
çoxsaylı müraciətlər
ünvanlanmışdır. Həmçinin,
İran İslam
Respublikası Ətraf Mühit İdarəsinə
hər iki ölkənin ətraf
mühitinə bu mənfi transsərhəd
təsirin önlənməsi üçün
ortaq iş birliyinin zəruriliyini əks etdirən
müraciət ünvanlanmış və bu
problemin birlikdə həll olunmasına
xidmət edəcək ortaq işçi qrupun
yaradılması da təklif edilmişdir.
Coşqun MƏMMƏDOV
AMEA Rəyasət Heyətinin elmi
katibi
525-ci qəzet.- 2021.- 5 oktyabr.- S.11.