Gələcəyimizlə bağlı çox mütərəqqi addım
Prezident İlham Əliyev "Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetinə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsini iki ay müddətində hazırlayaraq Prezidentə təqdim etmək tapşırılıb.
Təhsil naziri Emin Əmrullayev deyir ki, hazırda "Azərbaycan gənclərinin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı"nda bir neçə seçim meyarı arasından ən uyğununun seçilməsi üzərində düşünürlər. Birincisi, Təhsil Nazirliyi və digər aidiyyəti qurumlar müvafiq qaydada müəyyən edildikdən sonra seçim aparmaq mümkündür. Eyni zamanda, əvvəlki proqramlarda olduğu kimi, ali təhsil müəssisələrinin özləri ilə də əməkdaşlıqla seçim variantı var. Nazirin sözlərinə görə, seçimin şəffaf, bütün maraqlı tərəflərin iştirakı ilə olmasının tərəfdarıdır: "Düşünürəm ki, bu istiqamətdə proqramın icrasında hər hansı çətinlik olmayacaq. Proqram il ərzində bir neçə yüz adamı xaricə göndərməyi hədəfləyir. Təxminən 300-400 arası bir rəqəm düşünülür, proqram hazırlananda tam dəqiq rəqəm bilinəcək. Amma indi bilinən budur ki, biz 20-30 nəfərdən danışmırıq. İstənilən müsabiqədə arzu edən şəxslərin sayı ilə proqramda iştirak edə bilən şəxslərin sayı arasında müəyyən fərqlər olur. Daha çox insan proqramdan keçmək istəsə də, daha az sayda şəxs seçilə bilir".
Təhsil naziri qeyd edib ki, bir çox məzunlar xaricdə təhsil aldıqdan sonra geri qayıdaraq müəyyən müəssisələrdə çalışırlar. Proqram hazırlanarkən gənclərin yenidən geri - ölkəyə qayıtmaları xüsusi diqqətdə saxlanılmalı məsələlərdən biridir. Onun dediyinə görə, bu gənclər heç də lotoreyada uduş qazanan şəxslər deyil: "Ölkənin gələcəyi üçün peşəkar əmək fəaliyyəti qurmaq istəyənləri qalib görmək istəyirik. Azərbaycan dövləti gənclərə belə imkan yaradırsa, proqramın qalibi olan şəxslər sosial məsuliyyətini dərk edərək bu və ya digər formada Azərbaycanın inkişafında, dünyada maraqlarının müdafiəsində öz sahələri üzrə peşəkar fəaliyyəti ilə töhfə verməlidirlər".
E.Əmrullayev bildirib ki, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramında daha çox ölkənin və dünyanın inkişafına uyğun olan sahələr prioritetləşdiriləcək. Hazırda bu sahələrdən ancaq bir qisminin adını çəkmək olar: "Texniki, texnoloji sahələr, mühəndislik, İT, kibertəhlükəsizlik, hərbi sənaye, kənd təsərrüfatının texnoloji inkişafı ilə bağlı sahələr, fundamental elmlər - kimya, biologiya, fizika, geologiya, onların kəsişməsi olan biokimya, bioinformatika, iqtisadiyyat, maliyyə, dövlət idarəçiliyi sahələri prioritet olacaq. Proses zamanı digər sahələrin də prioritetləşməsi gözlənilir. O sahədə ki, ölkənin inkişafına daha çox töhfə vermək mümkündür və ya bu sahədə bizim özümüzün kadr hazırlığı hələ ki, ürəkaçan vəziyyətdə deyil. Bu sahələrə daha çox diqqət ayırmalıyıq ki, kadrlar xaricdə hazırlansın və Azərbaycanda kadr hazırlığında iştirak etsin".
Nazir deyib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə hazırlanacaq "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı"nın böyük bir hissəsi magistratura pilləsini əhatə edəcək. Bakalavr pilləsi üzrə də ən yüksək reytinqli ixtisaslar nəzərdə tutulacaq. O deyib ki, doktorantura pilləsi üzrə isə digər dövlət proqramı çərçivəsində hər il 100-dək şəxs xaricdə öz təhsilini davam etdirir.
Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, təhsil eksperti Elçin Süleymanov Sərəncamın imzalanmasını Azərbaycanın gələcəyi ilə bağlı çox mütərəqqi addım hesab edir: "Xaricdə təhsil bütün zamanlarda prioritet olub. Çünki müəyyən sahələr, ixtisaslar üzrə mütəxəssislərinin hazırlanması üçün bəzən ölkədəki potensial yetməyə bilər. Burada sadəcə insan kapitalından söhbət getmir. Eyni zamanda, maddi texniki bazanın zənginliyi, laboratoriyaların yaradılması kimi məsələlərə bir çox ölkənin büdcəsi yetmir. Dünyanın yüksək reytinqli universitetləri var ki, onların büdcəsi bir çox ölkənin büdcəsindən qat-qat çoxdur. Bu şəkildə universitetlərin qurulması çox zaman mümkün olmadığına görə keçici bir həll yolu olaraq mütəxəssislərin hazırlanması məqsədilə xaricə tələbələr göndərilir. Ən istedadlı, bilikli və bacarıqlı tələbələri seçərək xaricdə təhsil üçün göndərmək lazımdır, çünki bu, ölkəmizə böyük fayda verəcək. Dövlətin xərclədiyi vəsaitin qarşılığını alması həmin kadrların ölkəyə qayıdaraq burada fəaliyyətini qurmasından asılıdır.
Xaricdə təhsil üzrə əvvəlki dövlət proqramında 3 mindən artıq azərbaycanlı gənc xaricdə təhsil aldı. Onların əhəmiyyətli bir hissəsi ölkəyə geri qayıtdı. Digər hissəsi isə dövlət qurumlarında uğurlu fəaliyyəti ilə seçilirlər. Bir neçə il öncə bu proqram mahiyyət olaraq yeniləndi. Belə ki, universitetlərin rəqabət qabiliyyətinin artırılması məqsədilə ikili diplom mexanizmi tətbiq edildi. Xaricdə doktorantura təhsili üçün gənclərin göndərilməsi həyata keçirilir. Həmin gənclər xaricə göndərilərkən öhdəlik götürürlər ki, qayıdıb həmin təhsil müəssisəsində işləyəcəklər".
Elçin Süleymanovun dediyinə görə, Dövlət Proqramı dayandırıldığı üçün bakalavr və magistratura ilə əlaqədar dövlət hesabına xaricdə təhsil almaqda müəyyən problemlər yaranmışdı: "Gənclər yalnız Dövlət Neft Şirkətinin vəsaiti hesabına xaricdə təhsil alırdılar. Digər bir qisim isə müxtəlif ölkələrin təqaüd proqramlarını qazanmaqla xaricdə təhsildən yararlanırdılar. Xaricdə təhsil üzrə yeni dövlət proqramının hazırlanması, cənab Prezidentin bu barədə Sərəncamı olduqca mütərəqqi addımdır. Çünki sadəcə doktorantura təhsili deyil, xaricdə magistr və bakalavr təhsili də faydalı ola bilər. Əsas məsələ budur ki, prioritet universitetlər və ixtisaslar düzgün seçilməlidir. Elə universitetlərə tələbə göndərilməlidir ki, təhsilin keyfiyyətini sübut edib, bura vəsait xərcləməyə dəysin. Həmin gənclərin isə təhsilini başa vurduqdan sonra geri qayıdıb, müəyyən müddət ölkəyə töhfə verməsi vacibdir. Çünki müxtəlif ixtisaslar üzrə, gen mühəndisliyi, kompüter elmləri genetika, fiziologiya və kimi xüsusi laboratoriyalar, texniki imkanlar tələb edən sahələr üzrə xaricdə təhsil çox faydalı ola bilər. Təhsilə ayrılan investisiya itməz. Müəyyən vaxt sonra qat-qat artıq gəlirlə geri dönər".
Professor Şahlar Əsgərov bildirib ki, Prezident İlham Əliyevin "Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında" Sərəncamı çox mütərəqqi bir hüquqi sənəd olaraq əvvəlki dövlət proqramında olduğu kimi, bu dəfə də minlərlə azərbaycanlı gəncin dünyanın qabaqcıl və ən nüfuzlu universitetlərində təhsil almasına, öz ixtisasları üzrə həyati fəaliyyətə hazır kadrlar kimi yetişməsinə əlverişli şərait yaradacaq: "Xaricdə təhsil almağa göndərilən hər bir gəncin həm də ölkəsinin qeyri-rəsmi təmsilçisi olduğunu nəzərə alaraq deyə bilərik ki, təhsil müddətində gənclərin akademik mühitdə dünyanın müxtəlif ölkələrindən olan gənclərlə qurduqları əlaqələr və qazandıqları dostlar növbəti illərdə Azərbaycana daha yeni imkanlar qazandıracaq. Bu cür münasibətlər gələcəkdə Azərbaycanın dostlarını daha da artıra, diaspor quruculuğu işində isə ölkəmizə yeni imkanlar qazandıra bilər. Xarici universitetlərdə təhsil alan gənclər vətənə döndükdən sonra, həmçinin, akademik fəaliyyətlə məşğul olacaqlar ki, bu da Azərbaycan təhsilinin inkişafına və ali təhsil müəssisələrimizin qabaqcıl dünya təhsil sisteminə inteqrasiyasına daha bir təkan olacaq. Onlar yüksəkixtisaslı savadlı kadrlar kimi insan kapitalının milli sərvətimizdə payını böyüdəcək, ölkəmiz üçün hələ ki qeyri-ənənəvi hesab olunan sahələrin inkişafında böyük rol oynayacaqlar".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 5 oktyabr.- S.10.