Vətən var olsun deyə...  

 

44 günlük Vətən müharibəmizin qəhrəman şəhidi Əliyev Ziyadxan İbrahim oğlu 12 yanvar 1997-ci ildə Kürdəmir rayonunun Carlı kəndində anadan olub. Əslən Cəbrayıl rayonundan olan Ziyadxangilin ailəsi 1993-cü ildə Cəbrayıl mənfur düşmənlərimiz tərəfindən işğal olunduqdan sonra Kürdəmirə üz tutub, burda məskunlaşıblar. 3 övlad sahibi olan İbrahim bəy Müşgünaz xanım övladlarına görmədikləri doğma el-obalarını sevdirmiş, uşaqlarını vətənpərvər böyütmüşlər. Ziyadxan X-XI sinifi Sumqayıt şəhərində fəaliyyət göstərən Qubadlı rayonunun Fərzən kənd tam orta məktəbində oxuyub, 2014-cü ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Texniki Universitetinin "Avtomatika Kompüter texnikası" fakültəsinə daxil olub. Gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi üçün yorulmadan fəaliyyət göstərən Ziyadxan 2018-ci ildə universitet təhsilini müvəffəqiyyətlə başa vurub, 2019-cu ilin oktyabr ayında hərbi xidmətə gedib. Hərbi tibb kursunda 3 ay təhsil alan Ziyadxan tərxis olunmasına 5 gün qalmış müharibə başlayır o, cəbhənin Suqovuşan istiqamətində döyüşlərə qatılır, səhra tibb məntəqəsinin heyətində yaralı əsgərlərimizin həyatını xilas edir. Ziyadxan Əliyev oktyabrın 1-də yaralı yoldaşlarına yardım edərkən Suqovuşanda şəhadətə yüksəlib. Qəhrəman şəhidimiz oktyabrın 2-də Kürdəmir rayon Şəhidlər xiyabanında dəfn olunub. Ziyadxan İbrahim oğlu Əliyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib. Ən böyük arzusu doğma yurdunu işğaldan azad etmək kəndini görmək olan Ziyadxan o günü görə bilməsə , ruhu şaddır. Çünki bu gün torpaqlarımız işğaldan azad olunub. Nur içində uyu, Şəhidim!

 

***

 

 

 

Müşgünaz xanım əziz övladını - qəhrəman şəhidimizi belə xatırlayır:

 

- Ziyadxan çox ağırtəbiətli, tərbiyəli, məsuliyyətli uşaq idi. 2003-cü ildə getmişdi birinci sinfə. Səliqəli, təmiz xətlə yazar, dərsə hazırlıqsız getməzdi. Orta məktəbdə , universitetdə əla oxuyurdu.

 

Biz çox əziyyət çəkmişik. Rayonumuz işğal olunan zaman qayınanam qaçaqaçda vəfat etdi. Onu kənddə dəfn edib, gözümüzün yaşını silə bilmədik, yığışıb qaçdıq. Baldızım burda vəfat etdi, qayınatam yataq xəstəsi oldu. Xeyli müddət onun əziyyətini çəkdik. Hər dərdə, acıya dözmək olurdu, vətənsizliyə dözmək çətin idi. Ailə olaraq bir süfrə arxasında elimizin, obamızın adət-ənənəsindən, yurdumuzun gözəlliyindən danışırdıq. Çalışırdıq ki, uşaqlarımız Vətənini görməsə , Vətən, torpaq, yurd sevgisi ilə böyüsünlər. Onların yazdıqları şeirlər, inşa yazıları Qarabağa həsr olunurdu. Ziyadxan bayrağa aşiq idi. Birinci sinfə gedəndə atası ona pul vermişdi ki, rayon mərkəzindən özünə istədiyi paltarı alsın. Ziyadxan balaca masaüstü bayraq gördü, qaçıb onu aldı. Orta məktəbi qurtaranda, sinif yoldaşları bir-biri ilə rəqs edəndə Ziyadxan bayraqla rəqs etmişdi...

Ziyadxan xoş xasiyyət, mehriban idi. Bacısını da, məni "ceyranım" - deyə əzizlərdi. Diqqətcil, qayğıkeş, ailəcanlı olduğu üçün qohum-əqrəbanın da sevimlisi idi.

 

Uşaq vaxtı idmana da çox marağı vardı. Rayonda bir il karateyə getdi. Bürünc medal almışdı. Bakıda olanda bir müddət boksa da getdi. Ancaq Ziyadxan daha çox elmə, kitaba maraq göstərir, çox mütaliə edirdi. Deyirdi ki, ana, hərbi xidmətdən qayıdandan sonra türkçülüyün kitabını yazacağam. Elmi araşdırmalara marağı çox idi...

 

Mən bir filmə baxmışdım. Orda əsirlərə işgəncə verir, məcbur edirdilər ki, Azərbaycan əleyhinə danışsınlar. Mən uşaqlarıma da, yoldaşıma da demişəm ki, hər gün Şəhidlər xiyabanına gedib ağlamağa razıyam, ancaq o dağı çəkə bilmərəm. Həmişə onlara tövsiyə etmişəm ki, əsir düşsəniz, nə əzab çəksəniz də, Vətənə, bayrağa dönük çıxmayın. Bayraq mənim üçün bir əski parçası deyil, müqəddəsdir və mən bunu uşaqlarıma öyrətmişəm. Bayraq həmişə başımızdan ucada dalğalanmalıdı. Ziyadxan həmişə ən çox sevdiyi dünya azərbaycanlılarının həmrəyliyi və bayraq günündə səhər tezdən mənə zəng edirdizarafatla:

 

- Ana, Bəxtiyar Vahabzadə bayraq haqqında nə demişdi?

 

...Bayraq mənliyimdi,

bayraq kimliyim,

Bayraq öz yurdumda

öz hakimliyim...

 

Gecənin hansı saatında uşaqları oyadıb soruşsaydım, yuxulu-yuxulu bu şeiri əzbərdən deyərdilər...

 

Ziya çox əziyyət çəkmişdi. Hərbi xidmətə getməmişdən 4-5 gün əvvəl kəndə gəldi ki, bizə təsərrüfat işlərində kömək etsin. O zaman biz hələ təzə evə köçməmişdik. Əkin torpağın bellədi, peyin səpdi. O, əsgər gedəndən sonra, Ziyadxanın ad günündə evin orderin bizə verdilər. Döyüşdə olmasını mənə də, bacısına da bildirmədi.

 

Ziyadxan sosial şəbəkələrdə məşhur idi. "Ziya ata" adı ilə FB-da fenomen idi. Türkçü, millətçi gənclər hərəkatının liderlərindən idi. Vətənpərvərliyi, milli qüruru ilə, xeyirsevərliyi, mübarizliyi ilə sevilirdi gənclər arasında. Çoxlu sayda dostları, tanışları vardı. Ona bir neçə gənc müraciət etmişdi ki, biz ali təhsil almaq istəyirik, ancaq maddi imkanımız yoxdu hazırlaşmağa. Ziya savadlı tələbələrdən ibarət hazırlıq qrupu yaratmışdı 123 nəfər imkansız, şəhid, əlil uşaqlarını ali məktəblərə pulsuz hazırlaşdırmışdı. Öz kirayə qaldığı otağı həmin qrupa veribmiş ki, əlavə xərc çıxmasın.

 

Biz övladımızı tanımamışıq... Onun dəfninə o qədər adam yığılmışdı ki, məəttəl qaldıq. Dəfninin 7-ci günü bizim qonşular, qəsəbə sakinləri izdihamı görüb elə bilmişdilər ki, qəsəbəyə yeni şəhid gəlib. Bayraqlarla bəzənmiş 35 maşın gənclər gəlmişdi, millətçi, türkçü gənclər təşkilatının üzvləri, tələbələr, müəllimlər onun qəbrini ziyarət edərkən məzarı başında elə sözlər söylədilər ki, çaşıb qalmışdım ki, həqiqətən bizim oğlumuzdan bəhs edirlər? Ziya bizim üçün qapalı bir sandıq imiş. Ölümündən sonra açıldı. qədər vətənpərvər, qədər ziyalı, qeyrətli, təəssübkeş olmalısan ki, bu qədər insanın sevgisini qazana biləsən. Deyirlər ki, Tanrı şəhidi doğulduğu gündən özü üçün seçir ona özəllik verir. Ziyadxan seçilmişdi, fərqli idi, özəl idi.

 

Uşaqlar tələbə olanda tətillərdə, bayramlarda onların gəlişini səbirsizliklə gözləyirdik, hazırlıq görürdük. Həmin vaxtlarda evimizə nur, sevinc, bərəkət gəlirdi elə bil. Keçən Novruzda biz bayram etmədik Ziya hərbi xidmətdə, qızımla kiçik oğlum Bakıda idilər. Pandemiya səbəbindən yollar bağlı oldu, heç biri gələ bilmədi. Onlarsız heç süfrə açmaq istəmədim. Biz övladlarımız üçün yaşamışıq, hər şeyin ilkini, yaxşısını onlara ayırmışıq...

 

Sentyabrın 30-da gecə saat üçdən keçmişdi. Ziyadxandan atasına zəng gəldi. Həyəcanla qulaq asırdım. Atası ilə danışandan sonra dedi ki, telefonu anama ver. Əlim əsə-əsə telefonu əlimə aldım. Salamlaşandan sonra:

 

- Qadan alım, Ziya, məndən gizlətsən də bilirəm, döyüşdəsən. Ön xətdəsən? Vəziyyətin necədi? - soruşdum.

 

- Ana, mən yaxşıyam, narahat olma! Qardaşımdan muğayat ol! Sizin dərmanınız var? Qurtarıbsa, bacıma yazın, tez göndərsin. İşdi, mənə bir şey olarsa, ağlama, başını dik tut, xahiş edirəm. Mən səni dostlarıma elə təqdim etmişəm ki, dostlarım səni cəsur, vətənpərvər qadın kimi tanıyırlar, - dedi.

 

Dizi üstə çöküb:

 

- Elə demə, bala, ölüm mənimdi. Sənə gələn bəla mənə gəlsin! - deyib ağladım.

 

Kövrək, həzin səslə:

 

- Elə demə ana, sənin dərdini mən çəkə bilmərəm. Həmişəki xitabı ilə: "Ürəyindən öpürəm, gözlərindən öpürəm, ceyranım. Salamat qal!" - deditelefonu söndürdü (ağlayır)...

 

Səhəri gün, axşamçağı yoldaşımla kəndə gedirdik. Kəndin girəcəyində Soltanlı kəndinin İcra nümayəndəsindən zəng gəldi. Yoldaşım maşını saxladı. Dedi ki, yəqin Orxanı da çağırırlar. Axı, o da könüllü səfərbərliyə yazılmışdı. Telefonu açdı, nə eşitdisə, qışqırdı: - Nə danışırsız? Ola bilməz! Yoldaşımın halı pisləşdi, şəkəri qalxmışdı. Heç nə deməsə də, bildim ki, balam şəhid olub (ağlayır)... Ziyanın nəşini qəsəbəyə gətirirdilər. Geri qayıtdıq. Həmin gecə xəstəxanada saxladılar. Oktyabrın 2-də rayonun Şəhidlər xiyabanında dəfn etdik...

 

Müharibə bitəndən sonra döyüş yoldaşı bizə gəlmişdi. Hər gün fikrimdən çıxmayan bir suallarımı verdim ona:

 

- Ziyanın son dəqiqəsi, son sözü oldu? Necə vuruldu? Yarası çox idimi? Çoxmu əziyyət çəkdi?

 

Onun ölmünün şahidi olan yoldaşı bizə hər şeyi danışdı:

 

- Ziya sizinlə telefonla danışan zaman mən yuxulamışam. Ayılanda gördüm ki, Ziya yoxdu. Mən yaralıların təxliyyəsinə getməliydim, məni yuxudan ayıltmağa qıymayıb, özü gedib. Yuxudan ayılıb yaralıları nəzərdən keçirib, çıxmaq istəyirdim ki, minamyot atıldı. Gözlədim, atəş kəsiləndən sonra yenidən çıxdım. Elə bu anda biri yaxına atıldı. Yoldaşlarımızın qışqırtısı gəldi: - Ziyanı vurdular...

 

(44 günlük Vətən müharibəsinin Kürdəmirdən olan şəhidlərinə həsr edilmiş "Ölümü ömür seçənlər" kitabından)

 

 

Yaqut BAHADURQIZI

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet .- 2021.- 6 oktyabr.- S.23.