Musa Yaqub:
Günahı bölən şair
Şeyx
Sədi "Gülüstan"da
Yaqub peyğəmbərlə
bağlı bir söhbəti belə qələmə alır: Yusifini itirən Yaqub peyğəmbərin yanına adamlar gələr: "Sən Misirdən Yusifin qoxusunu duydunsa, yaxındakı quyudan onun səsini niyə duymadın?" - deyə sual
edərlər. Yaqub:
"Bizim halımız
şimşək kimidir,
bir görünər,
bir görünməz"
- deyə cavab verər.
Bu hekayəni oxuduğumda
Şeyx Nizaminin "Şairlər peyğəmbər
kimidir" sözü
ağlıma gəlmişdi. Gerçəkdən də şairlər bəzən "hər elmdən halı" olur, bəzən də yanıbaşlarındakı
fəlakəti belə
görməzlər.
Musa Yaqub zamanımızdan
adətən şimşək
kimi gəlib keçdi. Bir göründü, bir görünmədi.
Həm xalqın içindəydi,
həm xalqdan qaçmışdı. Musa
Yaqub zamanına şahidlik edən səssiz, axar su kimiydi. O, xalqının bütün
rənglərini üzündə,
gözlərində, sözlərində
daşıyırdı. Xalqın səsini
təbiətə həsr
olunmuş şeirləriylə
çatdırırdı. Musa Yaqubun "qara
daşı" bütün
haqsızlıqlara qarşı
bir söz sapandı idi əslində. O söz
sapandı şeiri yaşadıqca daha çox kəllələr
"yarılacaqdı".
Fransız filosofu Mişel Fuko iki cür
intellektualdan söz edər. Birisi "universal"dır. O,
dünyayla birlikdə
dönər və kainatın acısının
fərqindədir. İkinci
intellektual tip isə İkinci Dünya müharibəsindən sonra
ortaya çıxan
"spesifik" intellektualdır.
Spesifik intellektual "universal" intellektualın
əksinə olaraq beynəlmiləl fəaliyyətin
önündə deyildir.
Onun mikro səviyyədə bir fəaliyyət məkanı var, amma yerli mübarizənin
təmsilçisidir.
Bu mənada Musa Yaqub
spesifik bir ziyalıydı. Buynuz kəndində əlində
əsa oturub təbiəti dinləyirdi.
Azərbaycanın isə qulağı
onun səsində idi. Hər kəs onun şeirindən bir parça ilə öz problemini dilə gətirirdi.
1960-cı illərdə türk sosioloqu Cəmil Məric məqalələrində, kitablarında
"Fil dişi qüllə"sindən söz
edərdi. "Bu ölkə"
adlı əsərində
"Fil dişi qülləsi"ni sənətkarın
sığındığı bir liman olaraq
görərərək, "ora sənətçi üçün bir zindan deyil, bir
limandır" - deyə
yazırdı. "Fil dişi qülləsi"
termini yəhudilərin dini
kitabında "Melodiyalar
melodiyası" bölümündə
keçən bir qavramdır, sevgilinin gözəl boynu "Fil dişi qülləsi"nə
bənzədilirdi.
Fransız tənqidçisi Şarl
Sent-Beuve 1837-ci ildə
yazdığı "Avqust
düşüncələri" şeirində "Fil dişi qülləsi"
qavramını ədəbiyyata
qazandırmışdı. Fil dişi
artıq gerçək
ziyalıların "Araf"dan
sonrakı dayanacağı
idi. Xalqdan qopan, yalqızlığı
ilə qovrulan və hər şeyə yuxarıdan baxan ziyalı əbədi olaraq özünü "Fil dişi qülləsi"nə
qapadırdı.
Tənha, təcrid olunmuş və təpədən baxan ziyalı imici illərlə filosoflar tərəfindən
müzakirə olunurdu. "Xalqa enmək" anlayışı bir ziyalı yadlaşması olaraq görüldü.
Əslində, xalqa enilməz,
xalqa çıxılar.
Musa Yaqub isə
nə endi, nə də çıxdı. O, zatən
su kimi, torpaq kimi xalqın
içində idi, hətta xalqla bütünləşmişdi.
Nə zaman onun "Bir günah sənin, bir günah mənim" şeirini dinləsəm və oxusam, gözlərimin önünə Azərbaycanın çayları, bulaqları, dənizi gəlir. İçində təmizliyi, kiri yan-yana barındıran su məmləkətin qoxusunu, rəngini, toxumunu hər yerə daşıyırdı. Musa Yaqub da eynilə şeirində olduğu kimi gerçək bir ziyalı olaraq xalqının günahını da, savabını da paylaşmağı bilir, əsla məsuliyyətdən qaçmırdı. "Xalq cahil", "xalq günahkar", "xalq işə yaramaz", "xalq ölüdür" demir, gerçək bir ərmiş kimi özünü çarmıxa çəkib: "Mən də günahkaram" - deyə inildəyirdi:
Sən çeşmə qurudan, mən ağac kəsən...
Bir günah
sənindir, bir günah mənim.
Təqsiri, günahı paylaşmaq yüzillər öncə
bütün Azərbaycanın
dar ağacında
"Nəsimi mənəm"
deməsi kimidir. Şükür ki, bu soy, bu
maya, bu ölməzlik davam edir. Musa Yaqub şeirləriylə, hər
şeydən yaxasını
qaçırdan, özünü
bir firon kimi görən və davamlı sözləriylə xalqını
qırmanclayan yalançı
"ziyalılara" elə
bir sillə vurdu ki, onun
səsi gələcək
yüzillərdə də
duyulacaq.
Bir Musa Yaqubun
olması belə, bu xalqın ümidi üçün yetərli bir işıqdır. Onun dediyi kimi:
Hələ ki vaxtımız
var durulmağa,
Bir sabah sənindir,
bir sabah mənim!
Ruhun şad olsun, gerçək dərviş!
Sənin
səsinlə Azərbaycanın
sabahı daha aydınlıq və ümid dolu olacaq. O zaman Buynuzdakı məzarının
üzərində yüksələn
işığı hər
kəs görəcək
və heyrət edəcək. Salam olsun Sənə və saf ruhuna!
Orxan
ARAS
525-ci qəzet .- 2021.- 6 oktyabr.- S.22.