Nizami Gəncəvi
yaradıcılığında Şərq folklor nümunələri
Dünya yazılı ədəbiyyatının qədim
daş kitabələrdən tutmuş müasir
dövrümüzə qədər keçdiyi tarixdə
Homer, Dante, Nəvai, Şekspir və başqa müəlliflərlə
yanaşı, dahi Azərbaycan şairi Nizami Gəncəvinin
adının ilk onluqda yer alması qürurverici haldır. Bu statistika
tarix boyu bir neçə dəfə təzələnib, lakin
Nizami olduğu zirvədəki yerini dəyişməyib.
Ölməz sənətkarın "Xəmsə"si
sanki bütün dövrlər üçün həm qiymətli
ədəbiyyat nümunəsi, həm mühüm tarixi hadisələrin
əks olunduğu dəyərli mənbə, həm də
bütövlükdə ensiklopedik məlumatlar toplusudur.
Qeyd etmək lazımdır ki, Nizami Gəncəvi
yaradıcılığı üçün ən spesifik
mövzu insan və cəmiyyət motivləridir. Şairin ölməz "Xəmsə"sində
yer almış beş poemanın hamısında
müxtəlif xarakterli insan obrazları, folklor nümunələrindən
qaynaqlanmış süjetlərə müəllif
yanaşması, təsvir və tərənnüm faktları
diqqət çəkir. Yevgeni Bertels, Firidun bəy
Köçərli, Həmid Araslı, Fuad Qasımzadə kimi
şərqşünaslar, son dövrlərdə isə İsa
Həbibbəyli, Teymur Kərimli kimi akademiklər,
Nüşabə Araslı, Əjdər Fərzəli kimi alimlər
Nizami Gəncəvi yaradıcılığına müxtəlif
rakurslardan yanaşaraq, şairin əsərlərindəki
mövzu və məna yükünün yeni keyfiyyətlərini
üzə çıxara biliblər.
Nizaminin ilk iri həcmli poeması - "Sirlər xəzinəsi"
Yaxın Şərqdə geniş yayılmış didaktik əsərlər
silsiləsinin ən maraqlı nümunələrindən
biridirir.
"Sirlər xəzinəsi" və digər poemalarında
şairin qədim Şərq folklor nümunələrindən
geniş şəkildə bəhrələndiyi hiss olunur. Nizamişünas, AMEA-nın müxbir üzvü
Nüşabə Araslının "Nizami Gəncəvi
poeziyasının hind qaynağı" adlı elmi
araşdırmasında bu fikir konkret faktlarla öz əksini
tapır. Alim şərqşünas Azadə Rüstəmovaya
istinad edərək yazır: "Nizami Şərqdə
geniş yayılmış məşhur hind abidəsinə
tez-tez müraciət edib, "Sirlər xəzinəsi"ndən
tutmuş poemalarının hamısında... təmsil səciyyəli
hekayələrilə "Kəlilə və Dimnə"yə
yaxınlaşıb. "Ovçu, it və
tülkü hekayəsi", "Harun-ər Rəşid və
dəllək", "Baqqal və tülkü",
"Bülbül və qızılquş" hekayələri
"Kəlilə və Dimnə" abidəsini
xatırladır".
Ümumiyyətlə, dahi şairin "Kəlilə və
Dimnə" motivlərinə toxunması, onları poetik dilin
bədii təsvir forması ilə verməsi "Xəmsə"
üçün spesifik haldır. "Sirlər xəzinəsi"ndə
kəfən geyib şahın hüzuruna gələn, nöqsanlarını
çəkinmədən onun üzünə deyən qoca
zahid, ya da Sultan Səncərin ətəyindən tutub, onun ədalətsizliyinə
etiraz edən qarının əhvalatları bizə "Kəlilə
və Dimnə"dəki Beydəbanın Dəbşəlim
şahla söhbətlərini xatırladır.
Dahi
şair "İsgəndərnamə" poemasında:
"Gücünə məğrur olana nəsihət vermək,
Toxumu şor suya atmağa bənzəyər", - deyir. Bu
fikirlər "Kəlilə və Dimnə"də Şətrəbənin
Dimnəyə dediyi: "Qədir-qiymət bilməyənə
xidmət edib, nəsihət vermək şoranlıqda toxum əkmək
kimidir" fikirlərilə məna yaxınlığına
görə diqqət çəkir.
Heç şübhəsiz, şair özündən əvvəl
yaranmış maddi-mədəniyyət nümunələrini,
şərq xalqlarının folklorunu, şifahi və
yazılı mənbələri diqqətlə mənimsəyib,
öz yaradıcılığında bu nümunələrə
geniş yer ayıraraq, klassik şeirimizin və dünya ədəbiyyatının
"Xəsmə" kimi ölməz yazılı abidəsini
yaradıb. Bu baxımdan qədim hind eposu olan "Kəlilə
və Dimnə" şairin yaradıcılığı
üçün səciyyəvi xarakter daşıyır.
Dünya nizamişünasları şairi birmənalı
olaraq böyük mütəfəkkir və humanizm
ideyasının parlaq simalarından biri kimi qəbul edirlər. Müxtəlif
əsərlərində onun müharibəyə qarşı
çağırışları, insanları haqqa, ədalətə
dəvəti, şahların, xaqanların xalqa olan münasibətindən
narazılıq bədii sözlə fəlsəfi ifadə
formasının vəhdətində günəş
işığı kimi könüllərə nur
saçır. Şairin "İnsanların ən
ağıllısı müharibənin
qarşısını ala biləndir",
"Ağıllı adam sənət və hünər
qazanıb, yaxşı ad qoymağa
çalışandır" və s. fikirləri milli-mənəvi
düşüncə tariximizin çağırış
notları hesab edilə bilər.
Şairin yaradıcılığında "Kəlilə
və Dimnə" motivlərinə müraciət etmək
faktları birmənalı olaraq diqqət çəkir. Nizami nəsihətlərində,
qurduğu süjetlərdə bu folklor abidəsinin
imkanlarından bəhrələnir.
Onun
"Leyli və Məcnun" poemasından
götürülmüş məşhur:
Bir inci
saflığı varsa da suda,
Artıq
içiləndə dərd verir o da, -
beyti
dillər əzbəridir. "Kəlilə və
Dimnə" eposu əsasən epik janrdadır, lakin müəyyən
yerlərdə lirik təqdimatlara da yer ayrılır.
Eposdakı "Şah, şahzadə və torağay"
hekayəsində işlədilən:
Sudan da dünyada saf, təmiz nə var?
Lakin
çox içilsə insanı boğar,
- fikirləri ilə
yuxarıdakı beyt arasında olan məna və məzmun
yaxınlığı göz qabağındadır.
"Kəlilə
və Dimənə"dəki "Siçanlar və
zahid" hekayəti ilə şairin "Sirlər xəzinəsi"
poemasındakı "Harun-ər Rəşidlə dəlləyin
hekayəti" əhvalatı arasındakı oxşarlıq
diqqət çəkir. Akademik Həmid Araslı "Harun-ər
Rəşid və dəlləyin hekayəti"ndə
Nizaminin cəmiyyətə ötürmək istədiyi
mesajlara toxunur: "Bu hekayətdə şair ayağı xəzinə
üstə olan insanların mənəvi cəhətdən nə
qədər pozulduqlarını, həddini tanımaq istəmədiklərini
və özləri də hiss etmədən layiq
olmadıqları məqamı arzuladıqlarını rəmzi
şəkildə verib". Həmin təsvir akademik Rüstəm
Əliyevin sətri tərcüməsində
aşağıdakı kimi təqdim olunur:
"Dəllək
qədəmini əvvəlki yerindən götürən kimi
(Xəlifə) onun sifətini (tamamilə) başqa
cür gördü.
O,
ağzı tikilmiş, azdanışan bir adam
gördü,
Onun gözlərindən və dilindən ədəb
yağırdı".
Azərbaycan
MEA Nizami adına ədəbiyyat institutunun elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə
Bədəlovanın "Nizami Gəncəvi və "Kəlilə
və Dimnə" motivləri" kitabının ön
söz bölməsində rus alimi R.O.Şorun fikirlərinə
istinadən qeyd etdiyi: "Məşhur rus təmsilçisi
Krılov, fransız Lofonten, intibah dövrü italyan təmsilçiləri,
orta əsrlərdə müxtəlif dillərdə
yazılmış didaktik-əxlaqi əsərlər... bu və
ya başqa dərəcədə öz mənşələri
etibarilə "Kəlilə və Dimnə"ylə əlaqədardır",
- sətirləri diqqət çəkir.
Ədəbiyyatşünas
alim M.Ələkbərovun 1947-ci ildə yazdığı
"Nizami Gəncəvi və Azərbaycan xalq
yaradıcılığı" adlı namizədlik
dissertasiyasında şairin "Xosrov və Şirin"
poemasındakı "Kəlilə və Dimnə" eposu
hekayələrinə toxunaraq yazır: "Nizami əsərlərinin
tədqiqi göstərir ki, o, təkcə Azərbaycan
nağıllarını deyil, həm də bütün Şərq
və yunan ədəbiyyatını, xüsusən də
folkloru çox yaxşı bilib. Onun
bütün əsərlərində bu təsviri görmək
olur. "Xosrov və Şirin"də Şirinə nəsihət
verərkən Büzürgüümidin dili ilə "Kəlilə
və Dimnə"dən gətirdiyi qırx hekayə və
bu hekayələrdən çıxarılan təlimi nəticələr
Qibti Mariyanın nağılı böyük şairin
özündən qabaqkı mədəni irsi nə qədər
dərindən mənimsədiyini göstərir".
Daha sonra MEA-nın müxbir üzvü Nüşabə
Araslı "Nizamin poetikası" əsərində
yazır ki, "Nizami poetikasının elmi-fəlsəfi
görüşləri, Şərq xalqlarının mifoloji
baxışları, müxtəlif rəvayət, dini-tarixi əhvalat,
əfsanə və tarixi hadisələrlə
bağlılığı kimi mühüm cizgisi onun işlətdiyi
təlmihlərdə özünü daha parlaq göstərməkdədir". Çünki
təlmih bədii əsərlərin obraz zənginliyində
poetik fiqurun xüsusi önəm kəsb etdiyi orta əsrlərdə
klassik sənətkarların ən çox diqqət yetirib, bəhrələndiyi
ifadə vasitələrindən biri olub. Məlum
olduğu kimi, bu poetik fiqur, müəllifin həm məlumat,
elm və bilik dairəsinin, həm öyrənib mənimsədiklərindən
isrifadə etmək bacarığının, daha əvvəl
yaradılmış ədəbi-bədii örnəklərə
yaradıcı yanaşma istedadının və digər
xüsusiyyətlərinin göstəricisi idi.
Böyük Nizami Gəncəvi "Xosrov və
Şirin" məsnəvisində Büzürgüümidin
dili ilə qədim Şərq abidəsi "Kəlilə və
Dimnə"dən əhvalatlar danışarkən diqqəti
bu abidənin məşhur hekayətlərinə məhz təlmih
yolu ilə cəlb edir. Bu təlmihlər əgər bir tərəfdən
Nizami əsərlərinin məzmununu zənginləşdirirsə,
digər tərəfdən şairi uzun-uzadı təsvirlərdən
çəkindirir.
"Xosrov
və Şirin"də Xosrovun Büzürgüümidi dəvət
etdiyi səhnə aşağıdakı kimi verilib:
Büzürügüümid
gül yarpağı kimi güldü,
Qırx hekayəni qırx incə mətləblə
söylədi.
Nizami Gəncəvi
yaradıcılığının yarandığı
dövrdən günümüzə kimi maraq doğurması,
dünyanın ən məşhur şərqşünasları,
ədəbiyyatşünasları, folklorşünasları,
tarixçiləri tərəfindən öyrənilməsi,
haqqında yüzlərlə elmi məqalə, monumental tədqiqat
işlərinin yazılması şairin lirik-bədii,
eyni zamanda, bədii-fəlsəfi qüdrətinin göstəricisi
hesab edilə bilər. Nizami yuxarıda qeyd etdiyimiz kimi, xalq
yaradıcılığından, Şərq eposlarından bəhrələndiyini
böyük ustalıqla bədii sözün süzgəcindən
keçirib, onu yenidən xalqa qaytarıb. Dahi
şair yaradıcılığı boyu təkcə "Kəlilə
və Dimnə" motivlərinə deyil, eyni zamanda,
"Qabusnamə", "Qutadqu bilik", "Həqiqətül-həqiqə",
"Siyasətnamə" və s. hikmət xəzinələrinə
də müraciət edib, yeri gəldikcə öz əsərlərində
orada yer alan mövzuları daha dolğun və daha poetik ifadə
vasitəsilə qələmə alıb.
Zemfira VƏLİYEVA
Bakı Slavyan Universitetinin professoru,
filologiya elmləri doktoru
525-ci qəzet .- 2021.- 6 oktyabr.- S.20