Milli mədəniyyət məsələlərinə
Turan Yazqan baxışı
Bilgə Xaqanın "Millətin adı yox olmasın
deyə, Türk milləti üçün gecə
yatmadım, gündüz oturmadım...
çalışdım" sözləri zaman-zaman türk
dünyasında milli ziyalıların idealına çevrilib,
onlar öz çağlarının fədakarları olublar. Türk Dünyası
Araşdırmaları Vəqfinin qurucusu, professor
Turan Yazqan da belə simalardan idi. Turan Yazqanı "yeni
yüzilliyin İsmayıl Qaspıralısı"
adlandıran Dr.Muhsin Kadıoğlu yazır: "Bir milləti
millət edən, o millətin kültürünün gələcək
dönəmlərə daşınmasına
yardımçı olan, millətin azad və insani haqları
ilə yaşaması üçün çalışan
aydınlardır". İctimai-siyasi, milli-mənəvi,
mədəni, elmi, sosial-iqtisadi sahələrdəki
bütün problemlərin həllinə milli ziyalı
mövqeyindən yanaşan Turan Yazqan sadəcə ideyaları
deyil, gərgin və milli birliyə dayanan fəaliyyəti ilə
də bütün türk dünyasının ideoloqudur.
Turan
Yazqan türkçülüyü dövlətçilik,
iqtisadiyyat və mədəniyyət kimi üç
mühüm istiqamətdə dəyərləndirərək
onların vəhdətinin zəruriliyini göstərir,
"Türk Dünyası Tarih Kültür Dergisi"nin 2002-ci il 181-ci sayında çap olunmuş
yazısında qeyd edirdi: "İstəyirik ki, türk
dünyasının hər yerində türk cəmiyyətini
türklər idarə etsin. Türk
coğrafiyasının bütün iqtisadi qaynaqlarını
türklər özləri üçün istifadə etsinlər.
Türk kültürü kökündən
qoparılmadan inkişaf etdirilsin".
Milli dövlət mənsub olduğu ulusun idealı və
hədəfidir. Turan Yazqan türkçülüyün milli dövlətə
aparan üç mühüm aspektində dövləti
idealı reallığa doğru aparan hədəf kimi
görür, iqtisadi qaynaqları mövcudluğun
başlıca şərti kimi dəyərləndirirdisə,
kültürü millətin "kimlik kartı", milli
varlığın təməli olaraq müəyyənləşdirirdi.
Bu çox mühüm məqamı türkçü ideoloq
"Millət olmaq vəsfini davam etdirmək" adlı
yazısında belə ifadə etmişdir: "Sadəcə
dilimizi və kimlik kartımızı təşkil edən digər
özəlliklərimizi itirməmək üçün hər
cür təhlükə gözə alına bilər. Çünki millət kimi yaşamağın
başqa yolu yoxdur" (Türk Dünyası Tarih
Kültür Dergisi, 2003, sayı 196). Turan Yazqan
"Türk Dünyası Tarih Kültür Dergisi"nin 2003-cü il 196-cı sayında təqdim
olunan yazısında aydın şəkildə "əldə
edəcəyimiz nəticə, bir dövlət
üçün ən önəmli iş
kültürdür. Kültür millidir, kültür
ünsürləri bəşəridir" deyərək,
milli kültürün əsas komponentlərini də qeyd etməklə
onların milli, eyni zamanda, bəşəri səciyyəsinin
ortaq və həssas məqamları üzərində
dayanırdı: "Dil bəşəridir, lakin hər millətin
dili fərqlidir. Musiqi bəşəridir, amma hər ulusun
musiqisi başqadır...
Bunları qorumaq, yaşatmaq, öz kökü
üstündə inkişaf etdirmək, millət olaraq var
olmağın, dünyada qalmağın tək şərti,
dövlət kimi bu vəzifəni yerinə yetirmək,
dövlət olmağın ilk şərti, dövlət
qurmağın səbəbi, hikmətidir". Türkçü
ideoloqa görə, öz diliylə təhsil verməyən,
öz musiqisini öyrətməyən dövlətlər
öz məzarını qazır.
Turan Yazqan milli kültürü milli varlığın
ilk və ən önəmli şərti kimi dəyərləndirərkən
onu, ilk növbədə, real dünya şərtləri
çərçivəsində diqqətə alır, məsələnin
mənəvi tərəfləri ilə yanaşı,
böyük güclər tərəfindən idarə olunan
dünyanın sərt və soyuq təhlükələrini
vurğulayır. Bəzi məqamları mövcud tarixi mərhələ
sferasında baş verən hadisələrə istinad edərək
əsaslandırsa da, türkçü ideoloqun ümumiləşdirilmiş
fikirləri hər zaman aktual səslənir. "Türk
Dünyası Tarih Kültür Dergisi"nin 2006-cı il 230-cu
sayındakı yazısında qeyd edirdi: "Qərb vəhşi
kapitalizmin adını kürəsəlləşmə və
qloballaşma olaraq dəyişdirmiş və daha vəhşi
hala gətirmişdir. "Qloballaşma,
kürəsəlləşmə, liberallaşma fikirləri həmişə
müstəmləkənin, soyğunçuluğun
örtüyü kimi istifadə olunacaqdır" (Türk
Dünyası Tarih Kültür Dergisi, 2005, sayı 219) deyən
Turan Yazqan hesab edirdi ki, güclünün artıq istər
ölkə daxilində, istərsə də, ölkələr
arasında haqqı, ədaləti və hətta
insanlığı təmsil etdiyi, qurulmuş strukturların,
bağlanmış anlaşmaların, qoyulmuş qaydaların,
mövcud qanunların özünə sərf etmədiyi halda
heç bir məna ifadə etmədiyi çox yaxşı məlumdur.
Millətləri güclə, silahla tarix
meydanından çıxarmaq mümkün deyil. Lakin dilini və könül dili olan musiqisini itirərək
tarixin məzarlığına gömülmüş millətlər
vardır. Həmin millətlərin də
maddi kültür abidələri zamanımıza gəlib
çıxa bilər. Amma bunlar bir qala, məbəd,
divar kimi onların məzar daşlarını təşkil
edir və xatirədən başqa bir şey deyillər. Lakin dili və digər kültür ünsürlərini
mühafizə edən millətlər tarixin ən sərt
sınaqlarından belə keçə bilərlər.
Turan Yazqan dövləti millətin ictimai xidmətlərini
həyata keçirmək üçün təşkilatlanmış
forması hesab edirdi. Fikirlərini sadə və aydın şəkildə
ifadə edən türkçü ideoloq "Milli dövlət"
adlı yazısında xalq yaradıcılığına
müraciət edərək ictimai vəzifələri
"Allah möhtac etməsin, əskikliyini də göstərməsin"
(Türk Dünyası Tarih Kültür Dergisi, 2005, sayı
219) sözləriylə ümumiləşdirərək həmin
fikri şərh edirdi: "İctimai xidmətlərə
möhtac olmaq şanssızlıqdır. Lakin
arzu olunmayan bu xidmətin də əskik olmaması
lazımdır. Yəni xidmət hər
zaman hazır olmalıdır, nə səbəblə olursa
olsun, buna ehtiyacı olanlara yönəldilməlidir".
Türkçü ideoloq iki mühüm məsələni
dövlətin vəzifəsi və ictimai xidmət kimi önə
çəkir: ordu və məhkəmə sistemi. Turan Yazqan belə hesab edir ki, vətəni
işğaldan, milləti qınaqdan, istiqlalı və
hüriyyəti təhlükədən, əsarətdən
qorumaq üçün güclü ordu dövlətin əsas
sütunudur. Dövlətin ikinci ictimai xidməti kimi dəyərləndirdiyi
məhkəmə sistemini də türkçü ideoloq
"güclünün haqlı olduğu, haqlının əzildiyi
bir cəmiyyət" olmamaq, anarxiyaya yuvarlanmamaq
üçün vacib sahə kimi qiymətləndirir və
qeyd olunan iki əhəmiyyətli dövlət siyasətini belə
ümumiləşdirirdi: "Vətəninə üç
yarım quldura göz dikmək cəsarəti verəcək qədər
maddi və mənəvi cəhətdən zəifləmiş
bir orduyla, haqlıyla haqqını, günahkara cəzasını
dərhal verə bilməyən bir ədalət cihazıyla
güclü dövlət qurula bilməz" (Türk
Dünyası Tarih Kültür Dergisi, 2005, sayı 219).
Turan Yazqan dövlətin ictimai vəzifəsində iki
öndə gələn və vacib bir sahə kimi
ayırdığı ordu və məhkəmə sistemi
üçün mühafizəni əsas cəhət olaraq
müəyyən edir. Mühafizə isə maddi və mənəvi
tərəfləri ilə birlikdə götürülür.
"Türk Dünyası Tarih Kültür Dergisi"nin 2005-ci il, 219-cu sayında yazırdı:
"Mühafizə texniki mənada qorumaq deməkdir. Milləti düşmən hücumundan, mikrob
hücumundan, günah edənlərin hücumundan qorumaq kimi hər
cür təhlükədən qorumağa yönəlmiş
bir dövlət xidmətidir. Mühafizə
maddi olduğu kimi, mənəvi gücü də vacib edir.
Mənəvi güc inamdan, etibardan doğur.
Ordusuna güvənən və inanan bir millətin
ordusu bu ölçüdə güclü və mühafizə
qabiliyyətinə malik olur. Mənəvi
güc maddi gücü qat-qat artırır".
Türkçü ideoloq belə hesab edir ki, güclü
bir ordu və ədalət cihazı, yəni dövlətin iki
mühüm ictimai xidməti ölkənin
varlığını qoruyur, azadlıq, istiqlal, rahatlıq və
rifah kimi əhəmiyyətli kateqoriyaların
reallaşmasına şərait yaradır. Bütün bunlar isə
dövlətin mövcudluğunu şərtləndirir və
millətin varlığının təşkilatlanmasına təməl
yaradır: "Dövlətin olmadığı yerdə millət
olmaz. Dövlət bu xidmətini ən
güclü və sürətli şəkildə ifa edərkən
milləti də inkişaf etdirməyə məcburdur. Zatən bununla millətin tərəqqisi
üçün şərait də
formalaşdırılmış olur".
Turan Yazqan ordunu və ədaləti maddi və mənəvi
cəhətdən gücləndirməyin dövlət
güclərinin və siyasətinin millətə hörmətlə
mümkün olduğu fikrini irəli sürür. Bütün məsələlərdə
mənəviyyatı ön planda tutan Turan Yazqanın
sözügedən düşüncəsini Muhsin
Kadıoğlu
"Türk
Dünyası Araştırmaları Dergisi"nin
2010-cu il 187-ci sayında yayımlanan "Turan Yazganla Düne
Seyahat, Bugünden Sohbet ve Yarınları
Düşünmek" məqaləsində aydın şəkildə
ifadə etmişdir: "Turan Yazqan bu hədəfin uğurlu
olması üçün iqtisadiyyatda "fədakarlıq
gücü" adı verilən mənəviyyat
gücünün, psixoloji gücün önəmli bir
qüvvət olduğunu vurğulayır".
"Dövlətin
milli olması üçün" yazısında
sözügedən fikirlərini davam etdirən Turan Yazqan
yazır: "Millətə hörmət milləti öz milli
xarakteri ilə qəbul etmək, iqtisadi, sosial və mədəni
dəyərlərinə və şərtlərinə
uyğun müəssisələr qurmaq, qaydalar yaratmaq, riayət
etməyənləri dəf etmək deməkdir" (Türk
Dünyası Tarih Kültür Dergisi, 2005, sayı 220). Turan Yazqan hesab edir ki, millətə hörmətsizliyin,
onu kifayət qədər tanımamağın, iqtisadi və
sosial qanunların zəif tətbiqinin nəticələri
böyük təhlükələrə, bölünmələrə,
xaosa, əxlaqsızlıq, dinsizlik, ikiüzlülük kimi mənəvi
boşluqlara, sui-istifadələrə gətirib
çıxara bilər. Belə bir mənəvi
və ictimai böhran yaşayan dövlətlərin xilas
yolunu isə Turan Yazqan islahatlarda görür, lakin həmin
islahatların düşünülmədən və tələsik
verilmiş qanunlar və qurulmuş müəssisələrlə
mümkün olmayacağını dilə gətirirdi. Türkçü ideoloq yenə də məsələni
milli kültürlə bağlayır, dövlət və millət
arasındakı münasibətləri tənzimləyən və
mühafizə edən ilk və vacib amil kimi milli kültürə
əsaslanmağı və inkişaf perspektivlərini onun zəminində
qurmağı yeganə yol hesab edirdi. "Türk
Dünyası Tarih Kültür Dergisi"nin
2005-ci il 220-ci il sayında yayımlanan yazısında qeyd
olunurdu: "Hər bir şəxs digərindən fərqli
olduğu kimi, bir millətin də digərindən fərqli
olduğu unudulmamalıdır.
Hər millətin dili, musiqi sənəti, əyləncə
anlayışı, matəmi, qısacası, hər cür
münasibət və davranışı fərqlidir. Lakin hər
millətdə dil, musiqi, sənət, əyləncə
mütləq vardır.
Heç bir millətin kültür ünsürləri
digər millətinkindən üstün deyil. Mədəniyyətlər
arasında təsir mümkündür və zaman keçdikcə
bəzi kültür ünsürlərində dəyişikliklər
də ola bilər.
Lakin başqa millətlərin mənəvi kültür
ünsürlərini dövlətin əliylə bir millətə
qəbul etdirmək, öz kültür ünsürlərini məktəblərdən
qovmaq dövlətin oturduğu budağı kəsməsi deməkdir. Bu tipli siyasətlər
güclü bir dövlətin qurulmasına ən böyük
əngəldir".
Turan Yazqana görə, dövlət millətin
kültür daşıyıcısı olmalıdır,
gücünü millətə hörmətdən, ədalətdən
almalı, iqtisadi və sosial qanunların gücünün
dövlətin gücündən üstün olduğunu
unutmamalıdır. Dövlət millət
üçündür. Milli dəyərlər,
"millətin kimlik kartı", türkçü ideoloqun
fikrincə, dəyişməyənlər kateqoriyasına
aiddir. "Dəyişəcəklər və dəyişməməsi
gərəkənlər" yazısında bu məqamlara diqqət
yetirmişdir: "Yer üzündə canlı və
cansız hər şey dəyişir. Lakin əsla
dəyişməyəcək "şeylər" də
vardır.
Heç bir insan kimlik kartını dəyişdirmək
gücünə sahib deyildir. Çünki heç
kəsin atasının, anasının, babalarının, nənələrinin
dəyişdirilməsi mümkün deyildir.
Eyni şəkildə bir millət də kimlik
kartını dəyişdirə bilməz. Tarixindən
qopmaz, Allahın verdiyi dilini, adını yox saya bilməz.
Allahın lütf etdiyi, genlərindən gələn
bəzi xarakterlərini fəda edə bilməz. Məsələn, millətimizin adı
"Türk"dür. Dili "Türk
dili"dir. Ən önəmli xarakteri "istiqlal və
hürriyyət"dir və yer üzündə
"irqçilik geni" olmayan tək millətdir.
Hədəf
nə olursa olsun, türkün kimlik kartının əsas
ünsürləri olan dəyərləri dəyişdirməyə
cəhd etmək və yaxud yox saymaq "dəyişim"
deyil, "intihar"dır. İnkişaf deyil,
"ölüm"dür" (Türk Dünyası Tarih
Kültür Dergisi, 2001, sayı 174). Turan
Yazqan dövlətlərin milli dəyərlərinin toxunulmaz
olduğunu dilə gətirirdi. Muhsin Kadıoğlu
"Turan Yazgan'la Düne Seyahat, Bugünden Sohbet ve
Yarınları Düşünmek" məqaləsində
türkçü ideoloqun sözügedən məqamlara həssaslıqla
yanaşdığını önəmli şəkildə
vurğulayır: "Keçmişdə sosializm adına
körpüyə belə "yox" deyənlərin, milli
varlıqlarımız üçün "kimə satarsan,
sat", Avropa Birliyi üçün də "necə
qoşulursan, qoşul" dediklərini xatırladan Turan Yazqan
"Qərbin söylədiyi hər şeyə səssiz-səmirsiz
boyun əyməyin" qloballaşma və kürəsəlləşmənin
zəruriyyəti kimi təqdim edildiyini, dünən Türkiyədə
millətçilərin düşməni olan kommunistlərin
günümüzdə liberalistlər olduqlarını
göstərir. Milli nə varsa, yox etmək istəyən
bu çevrələrə qarşı türk
ziyalıları da "mülki, siyasətçi, elm
adamı, kim olursa olsun, inkişaf etmiş ölkələrin
ziyalıları kimi milli düşünən və milli
maraqları fərqləndirən ziyalılar
olmalıdır".
Turan Yazqan türkçülük ruhuna kompleks
yanaşır, bütün sahələrdə milli ruha dayanan
səfərbərliyin olması vacibliyini önə çəkirdi. "İnsanların
"Türkük" deyə bağırmağa ehtiyacı
olduqları məlum olur. Bunun
üçün futboldakı uğur belə yetərli səbəb
kimi istifadə olunur. Lakin bununla yanaşı, iqtisadi
uğurlar gözlənilir" deyən Turan Yazqan "Türk
Dünyası Tarih Kültür Dergisi"nin 2002-ci il 187-ci
sayında yazırdı: "Bununla birlikdə, müqayisəli
üstünlüyü olmayan heç bir mal və xidməti kənardan
gətirməmə səfərbərliyi, yerli malları və
xidmətləri mümkün olduğu ölçüdə
tərcih etmək səfərbərliyi, iqtisadi milliyyətçilik
səfərbərliyi, çalışmaq səfərbərliyi,
işləməyi, sadəcə işləməyi təşviq
edib başda dövlət olmaqla bütün qurum və
quruluşların dilənmələrini qadağan etmək səfərbərliyi
şərtdir". Bu düşüncələr
daim diqqətdə saxlanılmalıdır, çünki milli
ruh səfərbərlik əzmini qoruyarsa, bütün digər
fəaliyyətlər də milli ruh çərçivəsində
həyata keçirilər.
Turan Yazqan türk dünyası tarixində,
geniş mənada, milli kültürün
daşıyıcısı, təbliğatçısı və
təşkilatlandırıcısı olan bir ziyalı və
türkçü ideoloq kimi yaşamaqdadır. Türk
Dünyası Araşdırmaları Vəqfinin
başçısı Közhan Yazqanın Rinat Muhammediyevin
Turan Yazqana həsr olunmuş "Göz Açtırmayan
Boran. Turan" kitabına yazdığı
ön sözdə qeyd etdiyi kimi, "yetmiş dörd illik
ömrünü, ulu atası Bilgə xaqanın deyimiylə,
"gecə uyumadan, gündüz oturmadan, ölümünə
çalışaraq" türk millətinin "dildə,
fikirdə, işdə birlik" yolunda sərf edən, vəqfimizin
qurucusu, professor Dr.Turan Yazqan hocamız türk dünyası
üçün gördüyü elm, kültür və təhsil
xidmətləriylə, istər yaşadığı dönəmdə,
istərsə də vəfatından sonra daim gündəmdə
qalmışdır və qalacaqdır".
Bəsirə
ƏZİZƏLİ
525-ci qəzet .- 2021.- 6 oktyabr.- S.18;19.