Dünyəvi dövlətdə din təhsili
DÜNYƏVİLİK
- DİNLƏR VƏ MƏZHƏBLƏRARASI MÜNASİBƏTLƏRDƏKİ
ÇOXƏSRLİK ACI TƏCRÜBƏLƏRDƏN
ÇIXARILMIŞ NƏTİCƏ
Dinlərin
tarixinə nəzər yetirdikdə, dünyada mövcud olan
bütün böyük inanc sistemləri daxilində
bölünmələri müşahidə edirik. Əslində,
insanın bilik əldə etmə prosesi baxımından bu,
normal bir haldır. Bilik obyektlə subyekt arasında xüsusi
əlaqədir. Deməli, biliyin kəsb
edilməsi prosesində obyektlə, yəni bilinənlə
yanaşı, subyekt, yəni bilən (insan) də rol
oynayır. İnsan hansısa bir obyekt
haqqında məlumat əldə etdikdə bu prosesdə zehnində
olan əvvəlki biliklər, ümumiyyətlə, onun
dünyagörüşü və bu
dünyagörüşün formalaşmasını şərtləndirən
mənsub olduğu mədəniyyət də iştirak edir.
Bir sözlə, eyni dinə müxtəlif
yanaşmaların mövcud olması, yəni dinin tərkibində
məzhəblərin və təriqətlərin yaranması təbii
hal hesab olunmalıdır. Təəssüf ki,
dinlərin tarixi boyunca bu bölünmələrə çox
vaxt fikir müxtəlifliyi və zənginliyi prizmasından
deyil, ədavət müstəvisindən
yanaşılmış, bu isə bəzən, hətta
uzunsürən din və məzhəb müharibələri ilə
nəticələnmişdir.
Ümumilikdə, Orta əsrlərdə istər Qərbdə,
istərsə də Şərqdə dövlətlərin
müəyyən bir din və ya məzhəbi rəsmi ideologiya
kimi qəbul etdiyini görürük. Bunun nəticəsində
isə rəsmi dini ideologiyaya uyğun olmayan dini və ya
qeyri-dini qruplar təqiblərə məruz
qalmışdır. Bu təqiblər isə
çox vaxt acı nəticələrə gətirib
çıxarmışdır. Dinlər
tarixində bunun nümunələri çoxdur. Bunların ən məşhurlarından biri 24 avqust
1572-ci ildə Parisdə baş vermiş və "Varfolomey
gecəsi" adı ilə tarixə düşmüş
hadisədir. Həmin gecə və ondan
sonrakı həftələrdə Fransada minlərlə, hətta
bəzi mənbələrə əsasən, onminlərlə
protestant öldürülmüşdü.
1618-1648-ci
illər arasında ilk dəfə katoliklərlə
protestantların münaqişəsi kimi başlayan, əksər
Avropa ölkələrinin qoşulması ilə böyük
müharibəyə çevrilən və tarixdə
"Otuzillik müharibə" kimi yadda qalan hadisədə
milyonlarla insan ölmüşdür. Bəzi tədqiqatçılar
bu müharibə nəticəsində "Müqəddəs
Roma İmperiyası"nın əhalisinin
15-20 faiz azalaraq, 20 milyondan 17 milyona endiyini qeyd edirlər.
Orta əsrlərdə İslam dünyasında Avropada
olduğu kimi, yüzminlərlə insanın ölümü
ilə nəticələnən məzhəb mübarizələri
olmamış, lakin lokal xarakterli münaqişələr
baş vermişdi. Məsələn, tarixi mənbələrdə
Bağdadın müəyyən ərazilərində,
xüsusən Kərx və Qəlayin bölgələrində
şiələrlə-sünnilər arasında insan itkisi və
evlərin yandırılması ilə nəticələnən
münaqişələrin olduğu qeyd edilir. 349/960-cı ildən 655/1257-ci ilə qədər
Bağdadda dəfələrlə belə hadisələr
baş vermişdi. Bənzər hadisələr
hicri 502/1108-ci ildə İsfahanda hənəfilərlə
şafeilər, Reydə şiələrlə sünnilər
arasında meydana gəlmişdi.
Qeyd etmək lazımdır ki, Kərx kimi mənfi nümunələrdə
belə, münaqişələrin genişlənməsinə
imkan verilməyib. Abbasi-Fatimi və Səfəvi-Osmanlı
münaqişələrində məzhəb amilindən
istifadə olunsa da, müəyyən lokal hadisələri
istisna etsək, şiə və sünnilər arasında
bütün İslam dünyasını əhatə edən və
Avropada olduğu kimi, ictimai zəmində kütləvi
qırğınlarla nəticələnən hadisələr
olmayıb. Bu münaqişələr isə
istər-istəməz məzhəblərarası qütbləşmələrlə
nəticələnib. Müəyyən din xadimlərinin
eksklüzivist fətvalarının bu qütbləşmələrdə
rolu olmuşdu.
Bütün bu acı təcrübələr nəticəsində
Qərbdə dövlət və din işlərinin hüquqi
müstəvidə bir-birindən ayrılmasına əsaslanan
dünyəvilik prinsipi önə çəkildi. Deyə bilərik
ki, dünyəvilik istər dinlər və məzhəblər
arasında, istərsə də dövlətlə-din
arasında çoxəsrlik problemli əlaqəyə bəşərin
düşünən zehinlərinin tapdığı ən
optimal həll varinatı idi. Məhz bu prinsipin qəbulu
nəticəsində bir çox Qərb və Şərq
ölkələrində dövlətlə din, eləcə də
müxtəlif dinlər və məzhəblər arasında
siyasi və ictimai nüfuz mübarizəsi aradan qaldırıldı.
Bu da öz növbəsində, dini zəmində ictimai
sabitliyin bərqərar olunmasına və beləcə,
ölkələrin inkişafına təkan verdi.
Azərbaycanda da dövlət-din münasibətləri
dünyəvilik prinsipi ilə tənzimlənir. Hüquqi
dünyəvilik prinsipi ölkəmizdə 1918-ci ildə qurulan
və İslam Şərqinin ilk demokratik dövləti olan Azərbaycan
Xalq Cümhuriyəti dövründən qəbul olunmuşdu.
1991-ci ildə müstəqilliyini yenidən
qazanan Azərbaycan Respublikası da bu prinsipi qəbul edib və
dövlətin idarəsində heç bir dini
dünyagörüşü əsas almayıb, eyni zamanda,
insanların öz dinlərini sərbəst
yaşamalarını təmin edib.
Şübhəsiz, din, demək olar ki, bütün cəmiyyətlərdə
mövcud olan köklü ictimai institutlardan biridir. Bu baxımdan,
dünyəvi ölkələrdə də bu institutun mahiyyəti
haqqında məlumatların insanlara
çatdırılması labüddür. Bu məlumatların
çatdırılmasının ən münasib yolu isə
kütləvi təhsildir.
Qeyd etmək lazımdır ki, din təhsili istər dinin
əsas prinsiplərinin doğru şəkildə cəmiyyətə
çatdırılması, istərsə də dövlət
təhlükəsizliyi baxımından böyük əhəmiyyət
kəsb edir. Belə ki, din mənəvi dəyərlər sistemi
olaraq cəmiyyətin mənəvi inkişafında və
ictimai birliyin, sosial inteqrasiyanın təminində əvəzsiz
rola malikdir. Bununla yanaşı, dinin bəzi
xarici güc mərkəzlərinin subyektiv maraqları çərçivəsində
interpretasiya edilməsinin milli-mənəvi birliyə deyil, cəmiyyətin
bölünməsinə (dezinteqrasiya) səbəb olduğu da
sirr deyil. Bu baxımdan, dini biliklərin səhih
mənbələrə əsaslanaraq, həmçinin,
dövrümüzün reallıqlarını nəzərə
alaraq cəmiyyətə çatdırılması
labüddür. Doğru dini təhsil dini
özünü təhriflərdən qorumaqla yanaşı, həmçinin,
milli-mənəvi birliyin təmin edilməsində onun rolunu
artırar, cəmiyyəti radikal dini tendensiyalardan
sığortalayar.
"Dünyəvilik prinsipinə xələl gətirmədən
din təhsilini necə vermək lazımdır?" sualı ətrafında
bir çox mülahizə yürüdülüb və
yürüdülməkdə davam edir. Qısaca qeyd
edə bilərik ki, dünyada dini təhsilin müxtəlif
formaları mövcuddur. Bunlardan biri
konfessional tədrisdir, yəni tədrisdə bir din və ya məzhəb
əsas götürülür, dərslər həmin dindən
və ya məzhəbdən çıxış edərək
keçilir. Bu tədris metodu daha çox
müəyyən bir dini və ya məzhəbi öz rəsmi
ideologiyası kimi qəbul edən dövlətlərdə tətbiq
olunur. Digər təcrübələr isə
"din haqqında" və "dindən öyrənmə"dir.
Dünyəvi dövlətlərdə din tədrisi daha
çox bu son iki metod üzərində qurulub. "Din
haqqında öyrənmə" modeli müəyyən bir
dini dünyagörüşün digərlərindən
üstünlüyünü önə çəkmədən
cəmiyyətdə mövcud olan dinlərin əsas mahiyyəti
və tarixi haqqında deskriptiv (təsviri) bilikləri əhatə
edir. "Dindən öyrənmə" modeli
isə tədris prosesində dinlərin insanlığa təlqin
etdiyi universal mənəvi dəyərlərin mənimsənilməsinə
xidmət edir. Bu iki model dünyəvilik
prinsipinə xələl gətirmədən cəmiyyətin
köklü institutlarından biri olan din haqqında şagird və
tələbələrə biliyin verilməsinə xidmət
edir.
Fikrimcə, son dövrlərdə ictimai müzakirələrə səbəb olan "xaricdə din təhsili" mövzusuna yuxarıda sözügedən din təhsili modelləri çərçivəsində yanaşmaq daha düzgün olardı. İslam dünyasındakı din təhsilinə nəzər saldıqda görürük ki, əksər müsəlman ölkələrində bu təhsil konfessional modelə əsaslanır və normativ xarakter daşıyır. Sözügedən təhsildə konkret bir məzhəbin, yaxud dini qrupun baxışı əsas götürülür və hətta çox vaxt digər məzhəblərin fikirləri "doğru yoldan uzaqlaşma" kimi qələmə verilir. Həmçinin, bir çox müsəlman ölkəsindəki din təhsilində klassik dini elmlərə baxış bir-birindən köklü şəkildə fərqlənir. Xalqları, hətta eyni məzhəbə mənsub olan ölkələrdəki dini təhsilə diqqət yetirdikdə, bu köklü fərqliliyin şahidi oluruq. Bunun əsas mənbəyi isə ilk növbədə, həmin ölkələrin dinə baxışındakı ideoloji fərqliliklərdir. Dünyəviliyi dövlət-din münasibətlərində əsas model kimi qəbul edən ölkələrdəki din təhsili ilə müəyyən bir dini dünyagörüşünü siyasi sisteminin əsası kimi qəbul edən ölkələrdəki din təhsili bir-birindən fərqlidir. Dinin və ya məzhəbin mənbələri eyni olsa da, mənbələrə baxış və onların interpretasiyası bir-birindən köklü şəkildə fərqlənir. Məhz buna görə də dini təhsilə təkcə elmi prizmadan baxmaq kifayət deyil, burada ideoloji amillər də mütləq nəzərə alınmalıdır. Təsəvvür edək ki, dünyəvilik prinsipini qəbul etmiş bir ölkənin vətəndaşı öz baza təhsilini bu prinsipi qəbul etməyən və hətta "qeyri-islami" adlandıran başqa bir dövlətin dini təhsil ocağında alır. Şübhəsiz ki, o, təhsil almaq üçün getdiyi ölkədə dünyəviliyin nəzərə alınmadığı bir tədris prosesindən keçəcək. Yenə təsəvvür edək ki, çoxməzhəbli bir ölkənin vətəndaşı tək məzhəbin "haqq", digərlərinin "batil" kimi təqdim edildiyi bir dini tədris prosesindən keçir. Bütün bunların ictimai vəhdətə vuracağı zərbəni, yəqin ki, təsəvvür etmək çətin deyildir.
Məlumdur ki, 70 illik Sovet dövründə dini fəaliyyətlər, o cümlədən, dini təhsil çox məhdud çərçivədə həyata keçirilirdi. Azərbaycanda cəmi 17 məscid və bir ziyarətgah fəaliyyət göstərirdi. İslami təhsil, ancaq çox məhdud şəkildə mövcud idi. Bütövlükdə Sovet İttifaqı ərazisində İslam dininin tədrisi üzrə yalnız Özbəkistanda "Mir-ərəb" mədrəsəsi və daha sonra Daşkənd İslam İnstitutu fəaliyyət göstərirdi. Azərbaycandan bu tədris ocaqlarında çox məhdud sayda insan oxumaq imkanı əldə edirdi. Azərbaycanın daxilində isə dini tədrislə məşğul olan mədrəsələr və ali məktəblər mövcud deyildi. Yalnız 1989-cu ildə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdində mədrəsənin açılmasına icazə verilmişdi. Bu səbəbdən, dövlət müstəqilliyimizi əldə etdiyimiz ilk illərdə ölkədə din sahəsində ciddi mütəxəssis qıtlığı mövcud idi və həmin illərdə xaricdə dini təhsil almaq bir ehtiyaca çevrilmişdi. Ölkəmizdə get-gedə bu sahədə mütəxəssislər çoxaldı və əminliklə deyə bilərik ki, hazırda xaricdə dini təhsil almaq ehtiyac və zərurət olmaqdan çıxmışdır. Ölkəmiz, artıq öz milli kadrlarını hazırlamaq üçün kifayət qədər bazaya malikdir. Əlbəttə ki, bakalavriat səviyyəsində tələbələrin dini dünyagörüşü formalaşdıqdan sonra, magistratura və doktorantura istiqamətlərində müxtəlif ölkələrin elmi təcrübəsini öyrənmək üçün xarici universitetlərlə tələbə mübadiləsi mümkün və yararlıdır. Baza təhsilinin ölkə daxilində alınması isə cəmiyyətin yad dini təsirlərdən sığortalanması üçün labüddür.
Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılmışdır. Sərəncamda da qeyd olunduğu kimi, İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir. Bu Sərəncamla ölkəmizdəki ali din təhsili yeni mərhələyə keçib, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi İnstitutun tərkibinə daxil edilib və beləcə, güclü bazaya malik olan bir ali təhsil müəssisəsinin əsası qoyulub.
Ödənişsiz təhsil verən Azərbaycan İlahiyyat İnstitutu yüksək elmi təfəkkürə malik olan kadrların rəhbərliyində milli-mədəni irsi anlayıb dəyərləndirə bilən, mövcud problemlərə dair həll yolları irəli sürən, ilahiyyat sahəsində əsas biliklərə yiyələnən kadrlar hazırlamağı qarşısına məqsəd qoyub. Doğru və zamanın reallıqları ilə çulğalaşan dini biliklərə sahib olan, əldə etdiyi biliklərlə özünə və cəmiyyətə faydalı olan, tədqiqatları ilə elmə töhfə verən, din sahəsində ictimai şüurun formalaşmasında aktiv rol oynayan ilahiyyatçıların hazırlanması İnstitut qarşısında duran ən ümdə məqsədlərdəndir.
Azərbaycan İlahiyyat İnstitutunda 1 fakültə (İlahiyyat), 3 kafedra (Dinşünaslıq, İslamşünaslıq, Dillər və ictimai elmlər) mövcuddur. Ali təhsil müəssisəsində tədris Azərbaycan dilində həyata keçirilir. Gələcəkdə rus, ingilis və ərəbdilli bölmələrin açılması və dünyanın müxtəlif dövlətlərindən tələbələrin İnstitutda təhsilə cəlb olunmaları da nəzərdə tutulur.
Azərbaycan İlahiyyat İnstitutunda təhsil iki - islamşünaslıq və dinşünaslıq istiqamətləri üzrə həyata keçirilir. İslamşünaslıq ixtisası üzrə standartlara İslam dininin teoloji, tarixi, sosioloji, psixoloji və fəlsəfi aspektlərdən öyrənilməsini təmin edən fənlər daxil edilib. Bu ixtisasın standartlarında ənənəvi İslam elmləri ilə yanaşı, təkcə bu dini deyil, ümumilikdə, dinləri müxtəlif yönlərdən tədqiq edən Din sosiologiyası, Din psixologiyası, Din fəlsəfəsi, Məzhəblər tarixi, Dinlər tarixi və digər fənlər öz əksini tapıb. "İslamşünaslıq" ixtisasına yiyələnənlərin həm din xadimi, həm də İslam dini üzrə mütəxəssis kimi fəaliyyət göstərməsi nəzərdə tutulub. "Dinşünaslıq" ixtisası üzrə standartların hazırlanmasında Azərbaycan reallıqlarını nəzərə almaqla dünyanın digər aparıcı universitetlərində mövcud olan Dini tədqiqatlar (Religious Studies) bölmələrinin standartlarından faydalanılıb. Bu standartlara İslam, Yəhudilik, Xristianlıq, Hind və Çin dinləri kimi dünyada mövcud olan böyük dinlərin öyrənilməsini nəzərdə tutan fənlər daxil edilib. Həm "İslamşünaslıq", həm də "Dinşünaslıq" ixtisaslarının standartlarına multikulturalizm, Azərbaycan tarixi, fəlsəfə, məntiq, eləcə də ərəb və ingilis dillərinin öyrənilməsini nəzərdə tutan fənlər də daxildir.
Azərbaycan İlahiyyat İnstitutunda magistratura səviyyəsində kadr hazırlığı "Dinşünaslıq" ixtisasının "İslamşünaslıq", "Dinin sosiologiyası", "Dinin psixologiyası", "Dinlərin tarixi", "Dinin fəlsəfəsi" ixtisaslaşmaları üzrə aparılır. İnstitutda, həmçinin, "Dinşünaslıq" və "Dinin tarixi və fəlsəfəsi" ixtisasları üzrə doktorantura təhsili mövcuddur.
İnstitutun ən başlıca hədəflərindən biri cəmiyyətin dini doğru anlamasını və öyrənməsini təmin etmək məqsədilə dini səhih mənbələrdən araşdırmaq, cəmiyyətin din sahəsindəki ehtiyac və təmayüllərini yaxından izləyərək yaranan problemlərə dair həll yolları təklif etməkdir.
İlahiyyat İnstitutunda dini təhsil ölkəmizin reallıqları nəzərə alınaraq həyata keçirilir. İnstitut yarandığı gündən tədris prosesində yuxarıda adlarını qeyd etdiyimiz "din haqqında öyrənmə" və "dindən öyrənmə" metodlarına əsaslanır. Ali tədris müəssisəsində müəyyən bir məzhəb əsas götürülmür, bütün İslam məzhəblərinin görüşləri haqqında təsviri biliklər verilir. Həmçinin böyük dünya dinləri haqqında da deskriptiv metodla bəhs edilir. Azərbaycan İlahiyyat İnstitutu, demək olar ki, məzhəblərüstü təhsili önə çəkməsi baxımından Müsəlman dünyasında unikal modellərdən biridir.
Qeyd etmək lazımdır ki, din sahəsində mütəxəssis yetişdirərkən bir məqama xüsusi diqqət yetirilməlidir. Bu məqam ondan ibarətdir ki, cəmiyyətə təkcə savadlı din mütəxəssisləri və xadimləri deyil, savadla yanaşı, Azərbaycanın milli dəyərlərini və ictimai strukturunu mənimsəmiş kadrlar lazımdır. Unutmamaq lazımdır ki, din müasir dünyada, təəssüf ki, təkcə mənəviyyat deyil, eyni zamanda, təhlükəsizlik məsələsidir.
Aqil ŞİRİNOV
Azərbaycan
İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2021.- 6 oktyabr.-
S.17;19.