Zəkanın və Ruhun bayramı -
KİTABÇILIQDA
SUPER QƏHRƏMAN
"Fədakar insanlar dünyanı xilas edəcək!" Hər kəs
uşaqlıqdan bu fikrə qəribə bir inam bəsləyib.
Xüsusi, seçmə insanlar var ki, elə
bilirsən, dünya onların çiyinləri üstündədir.
Baxdığımız cizgi filmlərinin, eşitdiyimiz xalq
nağıllarının bu düşüncədə
böyük rolu var. Belə insanlar "bu işə məhz mən
imza atdım" deyib qürrələnməyiblər, onlar
çatmaq istədikləri hədəflər vasitəsilə
insanların yaxşı bir şeyə nail olacaqlarına
seviniblər. Cizgi filmlərində heyranlıqla izlədiyimiz
super qəhrəmanları xatırladırlar onlar - yenilməz,
bütün çətin vəziyyətlərdə
çıxış yolu tapan, sınmayan, əzilməyən...
Oktyabrın
1-də start götürən və
oktyabrın 10-a qədər davam edəcək Milli Kitab
Satış Sərgisi paytaxtımızda əsl nəşriyyat,
ümumən mədəniyyət bayramıdır. Bayram
ab-havasını yaratmaq, bu qədər insanı cəlb eləmək,
ən əsası, belə yüksək ovqat yaratmaq asan iş
deyil.
"Qanun" nəşrlər evinin rəhbəri, naşir
Şahbaz Xuduoğlunun təşkil etdiyi festival olduqca maraqla
qarşılanır və buna görə təşəbbüskara
böyük minnətdarlıq bildirmək bütün kitabsevərlərin
öhdəliyindədir. Sosial şəbəkədə belə bir video ilə
rastlaşdım: Şahbaz bəy şəhərin mərkəzində
insanlara festivalla bağlı broşürlər paylayır,
onları keçiriləcək sərgiyə dəvət
edir. Onun gözlərində böyük
ümid var, sevinclidir, cavansayağı həvəslidir, hər
broşür verdiyi insanı qənimət sayır, kimsə
broşür uzadılan əlini geri çevirəndə
ruhdan düşmür, mənfi reaksiya vermir, növbəti
adama daha ürəklə yaxınlaşır. Şahbaz bəy inanır, ümid edir ki, daha
böyük oxucu kütləsi cəlb edəcək.
Düzü, bu görüntülər məni nə qədər
sevindirdisə, bir o qədər də kövrəltdi. Mətbuatımızın
banisi, böyük maarifçi Həsən bəy Zərdabini,
onun təsis etdiyi ulu "Əkinçi"ni
xatırladım. Şahbaz bəyi Zərdabiyə
bənzətdim. O da küçələrdə
havayı qəzet səhifələri paylayırdı. Hər oxunan hissəni qənimət hesab edirdi.
Bir amalı var idi: bu, başı zillətlər çəkən
cəfakeş xalq dirçəlsin, bəsirət gözü
açılsın...
Sərgidə iştirak etdiyim müddət boyu Şahbaz
Xuduoğlunu xüsusi müşahidə edirdim. Gah zirzəmidə
yanaşı düzülən kitab stendlərini
dolaşır, gah "Qanun"un yer aldığı hissədə
işçilərlə birlikdə kitab satışı edir,
gah yuxarı qalxaraq təşkil olunan görüşlərə
qoşulur, çox vaxt fikirlərini bölüşür,
telefonu ilə bir-iki görüntü qeyd edir və yenidən
aşağı enir. Həyəcanlıdır,
istəyir ki, hər şey yolunda getsin. Bu
ongünlüyün "super qəhrəmanı"na böyük təşəkkür
düşür, var olun, Şahbaz bəy!
İNCƏSƏNƏTLƏ
QOŞA
Sözün düzü, bu sərgini bu şəraitdə,
belə şərtlərlə, tam müstəqil təşkil
olunma səbəblərinə varmaq fikrində deyiləm, məsələnin
mətbəxti çoxumuza bəllidir. Amma digər nəşriyyatların,
müəlliflərin "Qanun"a dəstəyi, həmrəy
münasibəti insanı sevindirir, ruhlandırır. Bu
festival təkcə "Qanun"un ərsəyə
gətirdiyi bir kitab sərgisi deyil, ümumi incəsənət
nümayişidir, birgə fəaliyyətdir. Hər
kəsin, hər nəşriyyatın işığı sərgiyə
müxtəlif oxucular cəlb edib.
Satış-sərgidə kitablardan əlavə, əl
işləri, incə zövqün işləmə məhsulları
satışa çıxarılmışdı. Diqqətlə
o işləmə müəlliflərinin gözlərinin
içinə baxırdım. Necə də sevincli idilər...
Lap satış zəif olsa da, yanaşıb məhsullarla tanış olanları çox xoş simayla
yola salırdılar. Belə insanlar çox həssas
olurlar, mənəvi dəyər onlar üçün daha
mühümdür.
Canlı musiqi sərgiyə rəng qatır. Tarda ifa olunan mahnılar insanları daha xoş ovqata kökləyir. Burada xoş auralar vəhdətdədir. Əsl "incəsənət ongünlüyü"! Sovet dövrü ilə bağlı eşitdiyimiz bu ifadə tam milli şəkildə həyata keçir!
"QAĞAYILAR NİYƏ FIRLANIR?"
Sərgidə olduğum günlərdə Rəşad Məcidə yoldaşlıq elədim. Dəniz vağzalı tərəfdə görüşür, İdman sarayına qədər piyada gedirdik. Redaksiyadan kənarda daha maraqlı dialoqlarımız alınır, dostluğumuz qabarır, iş unudulur. Hər halda, onunla dünyanın o başına da getmək olar.
Sahildən qağayıları izləyirəm. Uzun dimdiklərini suya batırıb üç-dörd saniyə suda bullanırlar, yenidə qanad çalıb eyni diametrdə dəfələrlə dövr edirlər.
Bu dəm Rəşad Məcidin səsini eşidirəm:
- Lap
akademiklər kimi seyr edirsən.
- Bəs
akademik olacam da, məşq edirəm...
Gülüb yola davam edirik.
- Rəşad
müəllim, görəsən, qağayılar niyə eyni
yerdə dayanmadan fırlanırlar?
-
Maraqlıdı...
Beləcə suallarla, cavablarla, xatirələrlə yolu
qət edirik.
İçəri
daxil olan kimi səsucaldıcılardan İslam Rzayevin
ifasında "Tut ağacı boyunca" xalq mahnısı
eşidirəm, bal kimi ifadır.
Kəramət Böyükçöllə
rastlaşırıq, kitab satmağa gəlib. Xeyli söhbətdən
sonra bir nəfərin yaxınlaşdığını
görürəm:
- Siz Kəraməti hardan tanıyırsız?
-
Feysbukdan.
- Bədii
əsərlərindən nəsə oxumusuz?
- Yox, gəlmişəm
ki, kitablarını əldə edim.
- İxtisasınız nədir?
- İqtisadçı.
- Yəni
kitablarına yaranan maraq feysbukdan qaynaqlanır...
- Hə,
dediyiniz kimidi.
Əslində, bu məsələ ətraflı
düşünülməli, kitab marketinqi barədə
sağlam tədbirlər görülməlidi. Hər halda,
Böyükçöl böyük oxucu kütləsi cəlb
edə bilib, sevindirici haldır...
Ayağımız da düşərli oldu, həmin
gün "Kera" yaxşı kitab satdı.
Həmişəki şuxluğu, şaqraq
gülüşü, pozitiv enerjini qoruyub saxlayan Aysel Əlizadə
ilə rastlaşırıq. Rəşad Məcid idman
papağını çıxarıb deyir:
- Aysel,
necəsən, papağımı çıxartdım ki,
tanıyasan, bayaqdan neçə nəfər papaqla məni
tanımayıb.
- Rəşad
müəllim, sizi tanımamaq olar? Rəşad
Məcid brenddir.
Güman
ki, bu sözlərdən sonra günün, bəlkə də
sərginin sonunacan Rəşad Məcidin ovqatını təsəvvür
eləmək oxucular üçün bir o qədər də
çətin olmaz...
Sərgidəki müşahidələrim bəzən
qağayıların dövriyyəsi kimi məni təəccübləndirirdi. İnsanlar
stendlər arasında təkrar-təkrar
dolaşırdılar, yarmarkanı dövr edirdilər. Aldıqlarını almışdılar,
almadıqlarını növbəti günlər
üçün planlayırdılar. Amma
stendlərdə kitablar barədə məlumat verən şəxsləri
maraqla dinləyir, nəşrləri vərəqləyir, diqqətlə
göz gəzdirirdilər. Onları
gördükcə sahildəki qağayıları
xatırlayırdım. Suda islanan qağayılar cümlələr
içərisində heyranlıqla dolaşan insanları
xatırladırdılar...
RAFİQ
TAĞI, SƏN DƏ BURDASAN...
Rasim
Qaracanı yüz adamın içərisindən rahatlıqla
seçmək mümkündür, işıqlıdır, misraları
ilə əzizdir... Şeirlərinin heyranı
olduğun adamlarla ən qısa söhbət belə xüsusi
anlam daşıyır. Ruhunu sevdiyin
insanlarla üz-üzə gəlirsən, utanmasan,
bağrına basarsan, sevgini izhar etmək üçün əldən-ayaqdan
gedərsən. Rasim Qaracanın
diksiyasında da şeirlərindəki kimi hüzur var,
insanı rahatladır.
"Alatoran"ın stendində, çoxdan
axtardığım kitaba rast gəldim - Rafiq
Tağının hekayələr kitabına. Kitabı
götürüb uşaq kimi sevindim. Öz-özümə
xısın-xısın pıçıldadım: "Rafiq
Tağı, sən də burdasan, ətrafımızdasan,
sevgimizdə, oxumuzda qərar tutmusan, gül butasında
xallanıb, nər qarnında, qartasında, Rafiq Tağı
burdadı... Ölkə bildi, bildi..."
NİGAR
KÖÇƏRLİNİN ÜRƏYİ
DOLUDUR -
HƏYƏCAN TƏBİLİ
Yarmarkanın ən maraqlı cəhətlərindən
biri hər saatda bir panelin təşkil olunmasıdır. Dinlədiyim
panellərdən biri də kitabların üzərinə
qoyulan vergilərlə bağlı idi. Fazil Mustafa, Osman
Gündüz, Şahbaz Xuduoğlu iştirakçılarla
qarşılıqlı həmsöhbət idilər.
Kitab nəşrinin ən aktual problemlərini müzakirə
edirdilər. Tələb olunan vergilər kitabların maya dəyərinin
yüksək olmasına səbəb olur. Bu
da öz növbəsində satış qiymətinə təsir
edir. Kitabların qiymətinin yüksək
olması bəzən onları müəyyən insanlar
üçün əlçatmaz edir. Gömrükdəki
problemlər, vergi məsələləri naşirlərin fəaliyyətinə
də mane olur, daha böyük kefiyyətin
qarşısını alır, fəaliyyət dairəsini
darlaşdırır, yeni nəşriyyat evlərinin
açılmasının qarşısını alır.
Bu isə rəqabət mühitini zəiflədir.
"Əli və Nino" kitab mağazalarının rəhbəri
Nigar Köçərli bu barədə xüsusi həyəcanla
çıxış edir, dəfələrlə söz istəyib
fikirini bölüşürdü. Nigar xanımın
emosional çağırışları, əslində, nəşriyyat
sistemi naminə həyəcan təbili idi.
Rəşad Məcid vergi xidmətinin nümayəndələri
ilə naşirlərin görüşünü, müzakirəsini
çıxış yolu kimi görür. Onun fikrincə,
naşirlər mövcud problemlər barədə öz fikirlərini
vergi xidmətinin məsul şəxsləri ilə
bölüşsələr, dövlət tərəfindən
müəyyən güzəştlər olunar.
NİTŞENİ SİTATLARDAN OXUYAN AQİL ABBAS
Dəyərli alim Ədalət Tahirzadənin maraqlı söhbətlərindən sonra millət vəkili, yazıçı Aqil Abbasla qarşılaşdıq. Aqil müəllim zəngin əhvalat arxivinə malik insandır, danışdıqca dinləmək istəyirsən.
Aqil müəllim keçmişi yada salır: "Əvvəllər kitabları belə rahatlıqla əldə eləmək olmurdu. Nitşe haqqında tənqidi kitab çap olunmuşdu. Bir sıra alim onu sərt tənqid eləmişdi. Mən Nitşeni həmin alimlərin gətirdiyi sitatlarda oxumuşam, təsəvvür edirsən?!"
Həvəsə baxın, qısa sitatlarla mütaliə...
Qəşəm Nəcəfzadə də bu söhbətlərin içində idi. Gözəl təşəbbüs irəli sürdü: "Dərsliyə daxil olunan sağ müəlliflər həmin dərslərdə özləri iştirak eləsinlər, həmin dərs onlara həvalə olunsun".
Aqil Abbas çıxaçıxda mənə dedi: "Qəşəmin təşəbbüsünü qəzetə verəcəm, əla dedi!"
Qəzetçilər
belə olur, harda olsalar da, qəzet üçün material
fikirləşirlər...
***
Hələ,
Milli Kitab Satış Sərgisinin növbəti beş günü qarşıdadır. İnanıram ki, son günə qədər insan
axını belə gur olacaq. Bu yarmarka həm
də köhnə və yeni nəsl arasında körpü
oldu. Müasir yazıçılarla nə qədər
maraqlandılarsa, Əlisa Nicatın, Mövlud
Süleymanlının, Seyran Səxavətin, Elçinin
canlı söhbətlərini dinləmək oxucular
üçün bir o qədər əlamətdar oldu.
Yaşasın keyfiyyətli oxu naminə
mücadilə aparanlar!
Nadir Yalçın
525-ci qəzet.- 2021.-
6 oktyabr.- S.16.