Sabaha ümidimizi
artıranlar
BU
İL TƏLƏBƏ ADI İLƏ BİRLİKDƏ
PREZİDENT TƏQAÜDÜ DƏ QAZANAN
ABİTURİYENTLƏRİ TANIYAQ
Ali təhsil müəssisələrinə
tələbə qəbulu
müsabiqəsində ən
yüksək nəticə
əldə edənlər
gəncliyimizin qızıl
fondunu təşkil edirlər. Onların təcrübəsi həm cəmiyyətdə,
həm də məktəblərdə güclü
təsirə malik nümunə rolunu oynayır. Yüksək nəticələr əldə edən tələbələrə qayğı
göstərmək, onların
təhsil alması üçün daha əlverişli şərait
yaradılmasını təmin
etmək və təhsilə olan həvəslərini artırmaq
dövlət tərəfindən
daim diqqət mərkəzində saxlanılır.
Bu günlərdə Prezident
İlham Əliyevin Sərəncamı ilə
2021-2022-ci tədris ilində
Azərbaycanın ali məktəblərinə
daxil olaraq yüksək bal toplayan 102
tələbəyə Prezident
təqaüdü verilib.
Azərbaycan gəncliyinin intellektual
elitasına göstərilən
bu diqqət maddi stimuldan çox güclü mənəvi dəstək,
ruhlandırıcı amil
rolunu oynayır, təhsildə sağlam yarış mühitinin yaranmasına təsir göstərir.
Bu il Prezident
təqaüdünə layiq
görülən şəxslər
ölkənin 28 müxtəlif
şəhər və
rayonlarını təmsil
edirlər. Təqaüdçülər
arasında isə 59 nəfər regionlarda fəaliyyət göstərən
məktəblərdən (o cümlədən, 16 nəfər
kənd məktəbinin
məzunlarıdır), 9 nəfər
keçmiş işğal
altında olan rayonlara aid məktəblərdən,
1 nəfər valideyni
əlil olan ailədən, 3 nəfər
bir valideyni olmayan ailədən, eləcə də müəllim, hərbçi,
həkim, sürücü,
mühəndis, satıcı,
fəhlə, təqaüdçü
övladı olan məzunlar var. Siyahıda olan 22 nəfərin valideynlərindən ən
az biri müəllimlik
fəaliyyəti ilə
məşğul olur.
Təqaüdçülərdən 43 nəfər Bakıda yerləşən məktəblərin
məzunlarıdır. Daha sonra
Sumqayıtda yerləşən
məktəblərin məzunlarından
15, Gəncədə yerləşən
məktəblərin məzunlarından
5, Abşeron, Kəlbəcər,
Naxçıvan və
Şəmkirdə yerləşən
məktəblərin məzunlarından
3 nəfəri bilik öncülləri siyahısında
görmək olar.
Dövlət İmtahan Mərkəzindən
verilən məlumata görə, Prezident təqaüdçülərindən 33 nəfər Bakı Ali Neft Məktəbinə, 25
nəfər Azərbaycan
Tibb Universitetinə,
15 nəfər Bakı
Dövlət Universitetinə,
12 nəfər ADA Universitetinə,
8 nəfər Azərbaycan
Dövlət İqtisad
Universitetinə, 4 nəfər
Dövlət İdarəçilik
Akademiyasına, 2 nəfər
Birgə Azərbaycan-Fransız
Universitetinə (UFAZ), 2 nəfər
xüsusi təyinatlı
ali təhsil müəssisəsinə, 1 nəfər
isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olunub.
Prezident
təqaüdünə layiq
görülən tələbələrdən
biri də Tovuz rayonun Əlimərdanlı
kəndindəki M.Musayev
adına tam orta məktəbin məzunu Nuridə İsmayılovadır. Nuridə
664 bal toplayaraq Bakı Dövlət Universitetinin "Filologiya"
fakültəsinin Azərbaycan
dili və ədəbiyyatı müəllimliyi
ixtisasına qəbul olub. 10 və 11-ci siniflərdə Azərbaycan
dili və ədəbiyyat üzrə
Respublika Fənn olimpiadalarında müvafiq
olaraq III və II yerləri tutan Nuridə məktəbi də qızıl medalla bitirib: "Ali məktəbə qəbul
olmaq üçün
iki il mütəmadi
olaraq bütün fənlərdən repetitorlarla
hazırlaşdım. Onların əksəriyyəti
öz məktəbimizin
müəllimləri idi.
Məktəbimizdə təhsil yüksək
səviyyədədir. Uşaqlara təməl biliklər dərindən öyrədilir.
Sadəcə, iki il tədris
onlayn olduğu üçün rayonda internetə görə problemlər yaşanırdı.
Buna baxmayaraq, müəllimlərimin sayəsində
çətinliklərin öhdəsindən
gələ bildim.
Hədəfim yüksək
bal toplayaraq Prezident təqaüdünə
layiq görülmək
idi. Doğrusu, bir az narahat idim. Çünki hər ixtisas üzrə ilk 25-liyə düşəcəyimə
ümid etmirdim. Sevinirəm ki, hədəfimə nail oldum".
Nuridə
İsmayılova yüksək
bal toplamağına baxmayaraq, müəllimlik ixtisasını seçməsini
bu fənni çox sevməsi ilə əlaqələndirib:
"Azərbaycan dili və ədəbiyyat müəlliməm Elnarə
Həsənovanı çox
istəyirdim və onu özüm üçün ideal seçmişdim.
Həm də dilimizin saflığını qorumaq
istəyirəm. Bu fənnə böyük marağım səbəbi
həm də budur. Təhsilimi bitirəndən sonra
universitetdə qalıb
elmi işçi olmaq istəyərəm.
Əgər alınmazsa, o zaman
Azərbaycanın istənilən
güşəsində dilimizi
şagirdlərə sevə-sevə
tədris edərəm".
Qəbul
imtahanında ən yüksək bal toplayaraq, Azərbaycan birincisi olan, Prezident təqaüdcülərindən
biri də Əbil Şəfiyevdir. Əslən Qubadlı rayonunun Xanlıq kəndindəndir.
Məcburi köçkün kimi ailəsi Sumqayıt şəhərində
mehmanxanalardan birində
məskunlaşıb. 2019-cu
ildən isə Sumqayıtda məcburi köçkünlər üçün
salınmış qəsəbədə
onlara mənzil verilib. Sumqayıt şəhərindəki 11 nömrəli
tam orta məktəbin
məzunu olan Əbil Şəfiyev siyahıda adının olacağına əmin olduğunu bildirib: "Baki Ali Neft Məktəbinin
kimya mühəndisliyi
fakültəsinin birinci
kurs tələbəsiyəm.
Mən 697,1 bal ilə respublika birincisi olmuşam. Bu bala əsaslansaq,
təqaüd alacağım
gözlənilən idi.
Təqaüdü nəyə xərcləyəcəyimi
indi bilmirəm, alandan sonra qərar
verəcəyəm. Valideynlərim bu xəbərə çox sevindilər.
Uğurumu onlara da borcluyam. Mənə hər zaman
dəstək olublar".
Əbil
Şəfiyev deyir ki, qəbul imtahanında yüksək
bal təkcə son bir-iki ilin hazırlıq
nəticələri deyil,
aşağı siniflərdən
dərsləri yaxşı
mənimsəmək və
öyrənmək lazımdır:
"Hazırlıq müddətində
isə, zəif bildiyi mövzuları müəyyənləşdirməli, onlara daha çox
diqqət ayırmalı,
yaxşı bildiklərini
isə möhkəmlətməlidir.
Öncə hədəf qoymalı,
ona çatmaq üçün çalışmalı,
özünə xas sistem qurmalı, özünə güvənməli,
lakin özünü aldatmamalı və xüsusilə ailəsindən
ona güvənməyi
və çox sıxmamağı xahiş
etməlidir ki, bu hissi və
güvəni isə onlara abituriyent verməlidir. Qrup və
ixtisas seçimində
isə, məncə,
ilk öncə öz istəklərini və sevdiyi sahəni seçməlidirlər. Valideynlərlə və digərlərilə
məsləhətləşmək, seçəcəyi ixtisası
dərindən araşdırmaq
çox köməklik
edəcək və onda fikir formalaşdıra
biləcək. Lakin öncə
nəyi sevdiyini bilməli və ona görə seçim etməlidir, çünki bu seçim onun həyatına istiqamət
verəcək".
Əbilin atası mühasib, anası isə xəstəxanada tibb bacısı işləyir. Bacısı Azərbaycan Dillər Universitetinin ingilis dili üzrə 3-cü kurs tələbəsidir.
Qardaşı isə 11-ci sinif
şagirdidir.
Onun sözlərinə görə,
o, Qubadlının Xanlıq
kənd sakinidir: "Ailəm illərlə qaçqın statusu daşıyıb. Ermənilər
kəndimizi işğal
etdiyinə görə
30 il qaçqın
həyatının çətinliyini
görüblər. 44 günlük Vətən müharibəsinin Zəfəri
isə bizim yaramıza məlhəm oldu. Mən buna görə
görə Prezidentimizə
və Ordumuza ürəkdən təşəkkür
edirəm. Biz tələbələrə belə
diqqət göstərdiyi
üçün isə
ayrıca minnətdarlıq
edirəm".
Prezident təqaüdünə layiq görülən tələbələrdən biri də Ənsərli Cahan Akif qızıdır. Oğuz şəhər 3 saylı məktəb-liseyin məzunu olan Cahan 679 bal toplayaraq Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" fakültəsinə daxil olub.
Cahan Ənsərlinin sözlərinə əsasən, qəbul imtahanında yüksək bal toplayacağından əmin olsa da, Prezident təqaüdçüsü olacağını güman etməyib: "Oğuz rayonunda 3 il kursda hazırlıq keçmişəm. 4 il Respublika fənn olimpiadasında Tarix fənni üzrə qalib olmuşam, 2 qızıl, 2 gümüş medal qazanmışam. 9-cu sinifdə buraxılış imtahanında respublika üzrə ən yüksək nəticə göstərmişəm, maksimum 300 bal toplamışam. Məktəbi isə qızıl medalla bitirmişəm. Ən böyük istəyim BDU-nun "Hüquqşünaslıq" fakültəsinə qəbul olmaq idi. Oğuz rayonunun orta məktəb məzunları arasında ən yüksək balı mən toplamışam: buraxılış imtahanında 291.2, qəbul imtahanında 387.9 bal. Prezident təqaüdünə layiq görülməyim mənim üçün sürpriz oldu. Hazırda ingilis dilində təhsil alıram və gələcəkdə magistraturanı xaricdə oxumağı düşünürəm. Oğuzda təhsil güclüdür. Ümumiyyətlə, oxumaq istəyən üçün şəhər və ya rayon məktəbinin fərqi yoxdur".
S.QARAYEVA
525-ci qəzet .- 2021.- 6 oktyabr.- S.12.