Bakıda daha bir kitab təntənəsi başlandı  

 

ZƏNGİN PROQRAMA MALİK VII BAKI BEYNƏLXALQ KİTAB SƏRGİ-YARMARKASI OKTYABRIN 10-DƏK DAVAM EDƏCƏK

 

 

Bakı Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası "Baku İnternational Book Fair 2021" bu gündən öz işinə başlayıb. Bu növbəti kitab bayramında 5 gün ərzində maraqlı tədbirlər, təqdimatlar, görüşlər təşkil olunacaq.

 

Oktyabrın 5-də "JW Marriott Absheron" otelində mətbuat konfransı keçirilib. Mətbuat konfransında Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin direktoru Akif Marifli, "Caspian Event Organisers" şirkətinin baş direktoru Fərid Məmmədov və "Caspian Event Organisers" şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə çıxış ediblər.

 

Bildirilib ki, sərginin məqsədi kitab və mütaliəni təbliğ etmək və populyarlaşdırmaq, ziyarətçiləri həm Azərbaycan, həm də xarici nəşriyyatların çap məhsulları ilə tanış etmək, nəşriyyat işinə dəstək vermək, nəşriyyatları potensial əməkdaşlıq üçün kitab mağazaları ilə tanış etmək, eləcə də rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsini təmin etməkdir.

 

Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına uyğun olaraq, builki sərgi-yarmarka dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

 

Cəmiyyətdə mütaliənin təbliğini, kitab işi sahəsində istedadlı şəxslərin geniş kütlələrə tanıdılmasını və xüsusilə COVİD-19 pandemiyası səbəbindən müəyyən çətinliklərlə üzləşən yaradıcı sənayelərin dəstəklənməsini hədəfləyən sərgi-yarmarkanın zəngin proqramı var. Kitab bayramında kitab təqdimatları, yazarlarla görüşlər, işgüzar toplantılar və Nizami Gəncəvinin həyat və yaradıcılığına dair müxtəlif tədbirlər əminik ki, sərgi ziyarətçilərinin marağına səbəb olacaq.

 

100-dək yerli nəşriyyat-poliqrafiya müəssisəsi, kitab evi, müxtəlif kütləvi və universitet kitabxanaları, həmçinin, Türkiyə və Rusiya daxil olmaqla, bir sıra ölkələrdən kitab işi sahəsində çalışan qonaqlar sərgi-yarmarkada iştirak edirlər. Sərgidə nəşriyyatlar, mətbəələr, kitab mağazaları və mədəniyyət mərkəzləri təqdim olunur. Eləcə də, Azərbaycanın aparıcı kitabxanaları ilə yanaşı, Bolqarıstan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Rusiya və Gürcüstanın milli kitabxanaları təmsil olunur, həmçinin, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Fransa, İndoneziya, İran, Kolumbiya, Qazaxıstan, Qırğızıstan, Misir, Özbəkistan, Rusiya və Türkiyədən 200-ə yaxın nəşriyyat və poliqrafiya şirkətləri iştirak edir.

 

"Baku İnternational Book Fair 2021" kitab sərgisi şirkətlərin çap məhsullarını nümayiş etdirmək və satmaq, habelə, yerli və xarici nəşriyyatlar, müəlliflər, eləcə də milli nəşriyyat və poliqrafiya şirkətləri ilə danışıqlar aparmaq və müqavilələr imzalamaq üçün unikal fürsətdir.

 

Sərginin keçiriləcəyi 5 gün ərzində iştirakçıları və ziyarətçiləri əlavə tədbirlərdən ibarət maraqlı proqramlar gözləyir. İlk dəfə olaraq, sərgi ərazisində "Təqdimat zonaları" qurularaq tədbirlər keçirilməsi üçün xidmət göstərir. Eyni zamanda, tədbirlər iştirakçı şirkətlərin stendlərində, mərkəzin seminar otaqlarında, əsas səhnədə və foyedə baş tutacaq. Ümumilikdə sərgi günlərində hər yaşa xitab edəcək 300-dən çox tədbirin keçirilməsi nəzərdə tutulur. Xüsusi diqqət uşaqlarda oxu mədəniyyətinin və kitablara həvəsin inkişaf etdirilməsini hədəfləyəcək tədbirlərin keçirilməsinə ayrılıb.   

 

7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası iştirakçılarının təqdim etdikləri eksponentlər sırasında bu sahələr əhatə olunur: Nəşriyyat - poliqrafiya müəssisələri; Kitab mağazaları; Kitabxanalar və mədəniyyət mərkəzləri; Təhsil müəssisələri; Dövlət qurumları; Elektron/audio kitablar və onlayn resurslar.

 

Məşhur azərbaycanlı və xarici yazarlar sərginin müxtəlif günlərində "günün qonaqları" olacaqlar: Çingiz Abdullayev, Elxan Elatlı, Elçin Əliyev, Nail Əlizadə, Gülseren Buğdayıcıoğlu, Togrul Mehti Niyazi və digərləri. Tarixçi Fuad Axundovun təqdimatında "Cənubi Qafqaz şəhərlərinin tarixi ənənələri" mühazirəsi baş tutacaq. Ercan Kesal ("Çukur" serialının baş qəhrəmanı İdris Koçovalı) ilə görüş saatı keçiriləcək.

 

Oktyabrın 6-da sərginin rəsmi açılış mərasimi keçirilib.

 

Dünən rəsmi açılış mərasimindən sonra Nizami Gəncəvi güşəsi, uşaqlar üçün kukla tamaşaları, master klaslar, nağıl saatları baş tutub. Eyni zamanda, Solmaz Amanova, Sayman Aruz, professor Nəsiman Yaqublu, Bəhram Bağırzadə, türkiyəli məşhur yazıçı Sinan Yağmurla görüş və kitabların təqdimatı sərgi ziyarətçilərinin böyük marağına səbəb oldu.

 

Həmçinin, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar, AYB-nin katibi, Xalq yazıçısı Çingiz Abdullayev və AYB-nin sədr müavini Rəşad Məcidin iştirakı ilə "Qarabağ dastanı" kitabının təqdimat mərasimi baş tutub. Mərasimdə bildirilib ki, kitab AYB tərəfindən Qarabağ zəfərinə həsr olunub və burda Azərbaycanın tanınmış qələm sahiblərinin həm Qarabağın işğalı zamanındakı həsrət dolu, həm də Vətən müharibəsi qələbəsindən sonra sevinc yazıları yer alıb.

 

 

 

Həmin gün türk şair Yunus Əmrənin "İnsan və təbiətin sevgisi" illüstrasiya sərgisi, Azərbaycan, İndoneziya və Kolumbiya rəqslərinin təqdimatı, "Nizamidən Vaqifə" poetik kompozisiya və digər tədbirlər də sərgi-yarmarkanın dopdolu bir proqramla təşkilindən xəbər verdi.

Şair Nigar Həsənzadənin təqdimatında oktyabrın 6-da baş tutan "İgidlərin SÖZü" layihəsi xüsusi diqqətə layiqdir. Layihə çərçivəsində 44 günlük müharibədə iştirak edən şəhid və qazilərin şeir təqdimatları baş tutdu.

 

Sərgi-yarmarkanın növbəti günlərində Orxan Adıgözəl, İradə Məlikova, Elçin Əzimli və digər yazıçılar kitablarını təqdim edəcək, Azərbaycanın və Türkiyənin gənc və tanınmış şairləri ilə görüşlər keçiriləcək.

 

"Nizami Gəncəvi ili" çərçivəsində hər gün səhər saat 10:00-dan etibarən Bakı Ekspo Mərkəzinin foyesində müxtəlif tədbirlər keçiriləcək. Onların arasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrı tərəfindən Nizami Gəncəvinin əsərləri üzərində qurulmuş kukla tamaşaları, Xalça Muzeyinin təqdimatı, eləcə də azərbaycanlı və türkiyəli yazıçılar Nizami Gəncəvinin və Yunus Əmrənin şeirlərini oxuyacaqlar.

 

Uşaqlar üçün bir sıra tədbirlər təşkil olunacaq. Sərgi-yarmarka zamanı "Tıq-Tıq xanım", "Cırtdan" uşaq tamaşası, Uşaqlar və böyüklər üçün müxtəlif master-klaslar, ebru (su üzərində rəsm sənəti) və daha nələr nümayiş olunacaq. Yazıçı Solmaz Amanova milli Azərbaycan nağıllarının personajlarını təqdim edəcək və hər bir uşağa paltarını dəyişərək nağıl qəhrəmanı obrazında olmaq imkanı veriləcək. Yazıçı Mürşüd İsmayılzadə ilə intellektual oyunlar keçiriləcək.

 

Sərgi-yarmarka çərçivəsində N.Gəncəvinin əlilliyi olan uşaqlar üçün işarə dilinə tərcümə edilmiş "Yeddi gözəl" kitabının elektron versiyasının təqdimatı baş tutacaq.

 

Sərginin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyidir, qızıl sponsoru - BP şirkəti, baş TV tərəfdaşı - Azərbaycan İctimai Televiziyası, təşkilati dəstəyi isə "Caspian Event Organisers" ("CEO") şirkəti həyata keçirir.

 

Sərgidə 13 ölkədən 165 müəssisə iştirak edir və ilk dəfə olaraq sərgi ekspozisiyası 3297 kv.m.-lik sahəni əhatə edəcək. Müqayisə üçün qeyd edə bilərik ki, 6-cı Bakı Beynəlxalq Kitab sərgisində 11 ölkədən 92 müəssisə iştirak edərək, 1232 kv.m-lik sahədə təmsil olunmuşlar. Ekspozisiya sahəsi və lazımi avadanlıqlar Sərgi-yarmarka iştirakçılarına sərginin təşkilatçısı tərəfindən təmin edilir.

 

Sərgi ilk dəfə olaraq Bakı Ekspo mərkəzində təşkil olunur. Bu isə öz növbəsində məkanın beynəlxalq səviyyəli sərgilər üçün ixtisaslaşmış və eyni zamanda, geniş olması səbəbi ilə sərgidə stendlə iştirak edən müəssisələrin, eləcə də, sərgiyə gələn qonaqların daha rahat, effektiv və eyni zamanda, təhlükəsiz şəkildə sərgidən faydalanmalarına şərait yaradır.   

 

Qeyd edək ki, sərginin tədbirləri Bakı Ekspo Mərkəzi ilə yanaşı, Azərbaycan Milli Kitabxanasında da təşkil olunacaq. Qonaqlar Milli Kitabxana ilə tanış olacaq, eyni zamanda, kitabxananın Beynəlxalq əməkdaşlıq zalında Müqəddəs Kiril və Mefodi adına Bolqarıstan Milli Kitabxanası və Gürcüstan Parlament Kitabxanası rəhbərlərinin iştirakı ilə bu ölkələrin daimi guşələrinin açılışı keçiriləcək. Sərgiyə qatılan milli kitabxanalar tərəfindən Ekspo Mərkəzində nümayiş etdirilən kitablar Azərbaycan Milli Kitabxanasına hədiyyə olunacaq.

 

İştirakçıların və ziyarətçilərin sağlamlığının qorunması məqsədilə sərgi-yarmarkanın COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə tam uyğun təşkil olunub. Sanitariya-gigiyena qaydalarının tətbiqi ilə yanaşı, sərgi-yarmarka məkanında sıxlığın yaranmaması üçün metronun müxtəlif stansiyalarının çıxışında ziyarətçiləri müəyyən fasilələrlə Bakı Ekspo Mərkəzinə daşıyan xüsusi avtobuslar ayrılıb. Ziyarətçilər üçün sərgiyə "Koroğlu" metro stansiyasından hər yarım saatdan bir, "Elmlər Akademiyası" stansiyasının yanından isə hər saatdan bir avtobuslar hərəkət edir.

 

Bu kitab sərgi-yarmarkası yazıçıların, müəlliflərin də böyük marağındadır. Xüsusən, imza günləri keçiriləcək müəlliflərimiz günlərdir oxucularıyla görüşə hazırlaşırlar.

 

9 oktyabrda "Zülməti yaranlar" kitabı ilə yazıçı, araşdırmaçı Ramilə Qurbanlı oxucularının görüşünə gələcək. O, bu sərgini kitab təbliğatı üçün görülən ən mühüm işlərdən biri hesab edir: "Bu sərgi, xüsusən karantin dönəmindən sonra həm yazarların, həm də oxucuların mənəvi ehtiyacıdır. Kitabın təbliğatı üçün də böyük əhəmiyyəti var. Sərgi keçirilən günlər ərzində hər gün sosial şəbəkələrdə, dost-tanış arasında söhbət kitabdan gedir. Heç olmasa, bir birimizin kitabını alırıq, oxuyuruq, paylaşırıq, sadə oxucunun diqqətini kitaba yönəldirik. Bu bumun içində heç kitab oxumayan adamda da nə isə maraq yaranır. Biz yazarlar üçün də bir növ özünü imtahan, özünə, yaradıcılığına nəzər yetirmək, hesabat vermək imkanıdır. Məsələn, 2015-ci ildə təqdimatı olan ilk kitabım "33 pərdəli dram"ın möhtəşəm təqdimatı və satışı olmuşdu. Sonrakı kitablarımın təqdimatı olmayıb, ya sifarişlə yazılıb, ya da mövzu Qarabağ olduğu üçün satışa çıxartmamışam, o mövzudan qazanmağı özümə sığışdırmamışam, paylanıb. İllər sonra "Zülməti yaranlar" mənim üçün həmin o özünü imtahandır, sınaqdır, yoxlamadır. Görüm, hələ də oxucum var, yazdıqlarım maraqlı gəlir, yoxsa çıxıb gedək bu sahədən? Bütün hallarda kitabla bağlı tədbirlər çox olsa yaxşıdır. Kitabla olaq".

 

Şair, yazıçı Narıngül Nadir 8 oktyabrda oxucuları üçün "Günəş üzlü qadın" kitabını imzalayacaq: "Məlumdur ki, bu il keçiriləcək VII Bakı Beynəlxalq Kitab Sərgi- Yarmarkası çox böyük bir kitab layihəsidir. Ölkəmizdə ilk dəfədir ki, belə böyük kitab sərgisi keçirilir. Tədbirin əsas məqsədi mütaliəni təbliğ etmək, nəşriyyatların işinə dəstək göstərmək, yerli və xarici müəlliflərlə tanış olmaqdır. Mən də bir yazar olaraq bu layihədən yararlanmaq qərarına gəldim. Bir qədər əvvəl çapdan çıxmış "Günəş üzlü qadın" adlı nəsr kitabım ilə sərgi -yarmarkada iştirak etmək və kitabın satışını təşkil etmək qərarına gəldim. Kitab "Elm və Təhsil" nəşriyyatında çapdan çıxıb və pandemiya səbəbindən yetərincə təbliğ oluna, oxuculara çatdırıla bilməyib. Düşünürəm ki, əla fürsətdir. Yəqin ki, bu sərgi-yarmarkadan müxtəlif kitablar da əldə edəcəm. Sevindirici haldır ki, sərgidə iştirak edən ziyarətçilər üçün şəhərin müxtəlif yerlərindən pulsuz marşrutlar da ayrılıb. Sərginin proqramı və təşkili bunu deməyə əsas verir ki, Bakı Ekspo Mərkəzində keçiriləcək builki kitab sərgisi çox möhtəşəm olacaq. Bütün yazarlarımızı və kitabsevərləri sərgidə iştirak etməyə çağırıram". 

 

Gənc şair Ramil Əhməd bu yaxınlarda işıq üzü görən "Orxan Pamukun evində" kitabı ilə oktyabrın 8-də kitabsevərlərin görüşünə gələcək:

 

"Oktyabrda sosial həyatda bir sıra qadağaların aradan qalxması hamı üçün sevindirici oldu. Uzun müddətdir teatrların, kino zalların açılmağını, mədəni-kütləvi tədbirlərin gerçəkləşməsini gözləyirdik. Mədəniyyət Nazirliyinin təşkil etdiyi VII Bakı Beynəlxalq Kitab Sərgisi də, məncə, hər bir qələm adam, kitabsevərlər üçün xoş xəbər oldu. Sərgi çərçivəsində həm yerli, həm də xarici müəlliflərlə görüşlərin təşkil edilməsi, imza günlərinin keçirilməsi də təqdirəlayiqdir. Son dönəmlərə yeni kitabları nəşr olunan yazarlarımız imza günü keçirməkdən çəkinirdilər. Düşünürəm ki, bu, onlar üçün yaxşı bir fürsət oldu. Onu da əlavə edim ki, oktyabrın 8-də son nəşr olunan "Orxan Pamukun Evində" kitabımın imza günü keçiriləcək. Uzun müddət sonra yenidən imza günü etmək həyəcanlıdır. Hər bir yazara uğurlar, kitabsevərlərə gözəl anlar yaşamasını arzulayıram".

 

Sərginin son günü - oktyabrın 10-da oxucular ədəbiyyatşünas Könül Bünyadzadənin "Könül dünyası" kitabını imza şəkildə əldə edə biləcəklər:

 

"Düşünürəm, ümid edirəm ki, kitaba olan sevgi artacaq, kitabı ən yaxın dost kimi görənlərin sayı artacaq. Dünyada məşhur kitab sərgiləri var. Ümid edirəm, yaranan həmin sevgi, hörmət bir gün Bakı Kitab sərgisini də onların sırasına qatacaq. Kitab insanın şəxsi eqosunun dar çərçivəsindən çıxıb öz mənəvi dünyasının üfüqlərini genişləndirmək imkanıdır. Sərgi hər kəsə həmin imkanı verəcək kitablarla zəngin olacaq".

 

Ədəbiyyatşünas Nərgiz Cabbarlı oktyabrın 9-da imza günü keçiriləcək "Ədəbiyyatdan intihara" kitabının oxucularda böyük maraq yaradacağına inanır: "Fikrimcə, bu sərgi kitab təbliğatına, imzaların oxucuya tanıdılmasına, eyni zamanda, kitab satışına müsbət təsir göstərəcək. Amma sərginin keçirilmə məkanı bir az məni narahat edir. Çünki bu tip sərgilərin şəhərdən kənarda keçirilməsi, məncə, bir az məqsədə müvafiq deyil. Nəzərə alsaq ki, insanların uzaq məkanlara gedib-gəlmək problemi var. Bununla yanaşı, ümumi şəkildə düşünürəm ki, təşkilatçılar bu problemi də həll ediblər və müəyyən yerlərdən oraya marşrutlar işləyəcək. Düşünürəm ki, kitaba sevgisi, marağı olan hər kəs bu sərgiyə üz tutacaq.

 

Mənim "Ədəbiyyatdan intihara" kitabım 2006-cı ildə çox az tirajla çap olunan ilk kitabım idi. Həmçinin, kitablarım içində ən çox maraq göstərilən kitablardan biri idi. Bu yaxınlarda kitabın təkrar nəşri üçün təklif gələndə sevindim və məmnuniyyətlə qəbul etdim. İndi də imza günümdə əziz oxucularımı gözləyirəm. Ümid edirəm ki, eyni marağı imza günündə də göstərəcəklər.

 

İmza günləri oxucuyla görüş deməkdir. Hər bir müəllif üçün oxucuyla görüş çox maraqlı və əhəmiyyətlidir. Həm müəllif, həm nəşriyyat sahəsində çalışan insan kimi, həm də sadə bir vətəndaş kimi hər kəsin bu sərgidə iştirakını və faydalanmasını arzulayıram. Bu, ilk növbədə hər birimizin özümüz üçün önəmlidir. Kitab özü çox böyük mədəniyyətdir.

 

Bu sərgidə zəhməti olan hər kəsə, naşirlərə, müəlliflərə və oxuculara uğurlar arzulayıram".

 

Oktyabrın 9-da kitabsevərlər, həmçinin, yazıçı, araşdırmaçı Vüsalə Məmmədovanın "Əsir düşərgəsi" kitabını imzalı əldə edə biləcəklər:

 

"Ədəbiyyatla bağlı istənilən tədbirin kitabın təbliğatına faydası var. Nəzərə alanda ki, artıq ənənə halını almış bu cür sərgi və kitab yarmarkası ötən il pandemiya səbəbindən keçirilmədi, bu, kitabçılar üçün çətin vəziyyət yaratmışdı. Onlar üçün onsuz da çətindir. Hazırkı dövrdə bizim ölkəmizdə kitabçılıqla məşğul olmaq böyük fədakarlıqdır. Bu insanlar da fədakar insanlardır.

 

İlk dəfədir ki, iki kitab sərgisi paralel olaraq keçirilir. Bu, müsbət hal kimi yaddaşımda qaldı. Çünki Azərbaycan kitabçıları özləri də toplaşıb bir yarmarka keçirirlər. Bu, çox gözəldir.

 

Düşünürəm ki, bu cür sərgilər təkcə kitab yox, həm də ədəbiyyat bayramıdır. Baxın, nə qədər təqdimatlar, görüşlər, mühazirələr keçiriləcək və biz nə qədər yeni kitabdan xəbərdar olacağıq. Könül istərdi ki, bu cür sərgi-yarmarka ildə iki dəfə olsun: yazda və payızda.

 

Öz imza günümlə bağlı da onu deyə bilərəm ki, bir müəllifin öz oxucularıyla görüşü ən gözəl hadisələrdən biridir. Bu sürətli zamanda, insanların qayğılarının, işlərinin çox olduğu, yer üzündə bu qədər oxunmalı kitabın çox olduğu bir dönəmdə oxucu sənin kitabını alır, onu sənə imzaladır və sonra gedib onu oxuyursa, məhz bu an üçün yaşamağa dəyər.

 

Əsasən, bu cür sərgi-yarmarkalara gənclər üz tuturdular. Amma bu dəfə çox sevindim ki, artıq təkcə gənclər, tələbələr deyil, hər yaşdan olan insanlar var burda. Deyəsən, nəhayət ki, kitaba qayıdırıq".

 

Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair İntiqam Yaşar isə rəhbərlik etdiyi təşkilatın sərgi-yarmarkadakı tədbirlər planından söz açdı:

 

"Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan Beynəlxalq Kitab sərgisi ədəbiyyat üçün, kitab üçün, kitabçılıq üçün çox önəmli hadisələrdən biridir. Zaman-zaman təşkil olunan bu tədbir kitab sənayesinə çox müsbət təsir edir. Yazarların imza gününün, onlarla görüşlərin təşkili yaradıcılıq üçün çox önəmli və stimulverici hadisədir.

 

Pandemiyanın məhdudiyyətlərindən sonra bu cür böyük masştablı tədbirin təşkili, fikrimcə, çox vacibdir. Karantin dönəmlərindəki fasilənin yaratdığı durğunluğu aradan qaldırmağa xidmət edir. Ümidvaram ki, bu sərgi çox uğurla baş tutacaq.

 

Dünya Gənc Türk Yazarlar Birliyi də sərgidə ayrıca stendlə təmsil olunacaq. Sərgidə bizim planlaşdırdığımız əsas işlərdən biri təşkilatımızın üzvü olan və ya olmayan gənc yazarlar, qələm dostlarımıza dəstək olaraq onların imza günlərini təşkil etməkdir. Bundan əlavə, Dünya Gənc Türk Yazarlar Birliyinin bu zamana qədər çap olunmuş bəzi toplularının, eləcə də, qardaş ölkə və topluluqlardan olan yazarların çap etdiyimiz kitablarının nümayişini həyata keçirəcəyik. Gənc yazarlardan Cəmil Cəmilbəylinin, Şahanə Müşfiqin, Fuad Cəfərlinin, Ümid Nəccarinin, Ulucay Akifin, Vasif Zöhraboğlunun imza günü olacaq. Eyni zamanda, sərginin bağlanış mərasimində - 10 oktyabrda Vahid Aslanın imza günü keçiriləcək. Hələ ki, qrafikimiz bundan ibarətdir. İnşallah, uğurlu sərgi və uğurlu iştirak olar".

 

7-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkasına həsr olunmuş bu yazının sonunda həm müəllif, həm də təmsilçi kimi mən də bu sərgi ilə bağlı müsbət fikirlərimi və gözləntilərimi bildirmək istərdim. Mətbuat sözçüsü olduğum Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti beş gün ərzində sərgidə onunçün ayrılmış stenddə önəmli nəşrləri, mədəniyyətimizə, ədəbiyyatımıza həsr olunmuş kitab və jurnalları ilə təmsil olunacaq.

 

Mən isə oktyabrın 9-da Dünya Gənc Türk Yazarlar Birliyinin stendində bu yaxınlarda işıq üzü görən "Hərənin öz romanı" nəsr kitabımın imza günündə dəyərli oxucularımla görüşəcəyəm.

 

Bu yazıda yer alan və ya almayan bütün önəmli tədbirləri, görüşləri, kofrans və müzakirələri ilə 7-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkası kitab və kitabçılıq sahəsindəki durğunluğun aradan qaldırılması, bu işin layiqli təbliği üçün atılmış ən gözəl addımlardan biri kimi diqqətəlayiqdir. Ümid edirik ki, oxucularımız və bütün kitabsevərlər bu önəmli kitab bayramına böyük maraqla yanaşacaq, bu beş gündə həm şəxsi kitabxanalarını, həm də ruhlarını zənginləşdirəcəklər.

 

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet .- 2021.- 6 oktyabr.- S.10-11.