"Şərq qapısı"ndakı silinməz imza - Məmməd Rzayev

 

 

Bir əsrlik tarixi olan 100 illik yubileyinə hazırlaşdığımız, Naxçıvan Muxtar Respublikasının həyatının bütün sahələrini özündə əks etdirən "Şərq qapısı" qəzetində müxtəlif dövrlərdə bir-birindən maraqlı simalar, fərqli üsluba, malik qələm sahibləri fəaliyyət göstərib. Onlardan biri haqqında danışacağım babam Məmməd Rzayevdir. Dəyərli ömrünün böyük bir hissəsini Naxçıvanın inkişafına, onun dirçəlməsinə həsr edən Məmməd Rzayev 1911-ci ildə Naxçıvanın qədim zəngin diyarı olan Ordubad şəhərinin Vənənd kəndində dünyaya göz açmışdı. Məmməd Rzayev ailəsini tez itirdiyindən, iki yaşından Bakı şəhərinə aparılmış, dayısının himayəsində orta təhsil almış, Pedaqoji İnstituta coğrafiya ixtisası üzrə qəbul olmuş, çalışqanlığı sayəsində oranı müvəffəqiyyətlə bitirmişdi. Doğulduğu torpağa olan sevgisi yenidən Məmməd Rzayevi Naxçıvana qaytarır, bir müddət Culfa rayonunda müəllim işləyir bir sıra kadrlar yetişdirir. II Dünya müharibəsi başladığından 1941-1945-ci illərdə müharibədə iştirak etmək üçün işini dayandırmalı olur. Müharibədən qayıtdıqdan sonra Məmməd Rzayev yenə sevdiyi müəllimlik peşəsinə geri dönür bir neçə il Culfada müəllim kimi fəaliyyətini davam etdirir.

 

1946-cı ildə ailə quran Məmməd Rzayevin dörd oğlu, bir qızı vardır. 9 nəvəsi olan Məmməd Rzayevin nəvələrindən biri mənəm - Çinarə Vaqif qızı Rzayeva. Elmi fəaliyyətlə məşğulam, ancaq ailəmizdə bu gün, qismən olsa, babamın yolunu sadəcə mən davam etdirirəm. Elmi məqalələrlə birlikdə ara-sıra publisistik yazılarım da olur. Ancaq inanmıram ki, mən onun kimi publisistikada öz sözümü deyəm, onun qədər məhsuldar olam.

Bir sıra vəzifələrdə çalışan Məmməd Rzayev 1950-ci ildən Naxçıvanda nəşr olunan "Şərq qapısı" qəzetində xüsusi müxbir kimi fəaliyyətini davam etdirir. Ömrünün sonuna kimi (1976-cı ilə qədər) qəzetə bağlı olan babam işini sevən bir yazar kimi imzasını da sevdirməyi bacarır. Qəzetin babamın orada işlədiyi dövrlərdəki nömrələrini araşdırdığımızda görürük ki, Məmməd Rzayev fəaliyyəti dövründə ancaq Naxçıvanın mənafeyini qorumuş, işində məsuliyyətsiz işləyən idarə rəhbərlərini, kəskin qələmlə tənqid etmiş, işlərinə etinasız yanaşdıqları üçün onları ifşa etmiş, onların işlərindəki çatışmazlıqları qəzet vasitəsilə hər kəsə çatdırmışdı. O, həmçinin, işində məsuliyyətli olan hər bir kəsin əməyini qiymətləndirərək qəzetdə işıqlandırmışdı. Qeyd edək ki, bəzi məmurların işlərində olan çatızmazlıqları, göstərdikləri məsuliyyətsizlikləri qələmə alaraq onları işıqlandırması, sonrakı dövrlərdə həmin nöqsanların aradan qaldırılmasına gətirib çıxarırdı. Qəzetin sonrakı nömrəsində bunu da "İşdə dönüş yaranmışdır", "Gerilik aradan qaldırılır", "Tapşırıqlar yerinə yetirilir" kimi başlıqlar altında oxuculara təqdim edirdi. Bəzi zamanlar da o, ictimai həyatın mənfi cəhətlərini felyetonları ilə dilə gətirmiş, ictimaiyyətə çatdırmışdı. "Sərgüzəştli sədr", "Toydan sonra nağara", "Dərviş səfərə çıxır" adlı felyetonları bir sıra mənfi cəhətləri, çatışmazlıqları özündə əks etdirən oxunaqlı yazılardan sadəcə bir neçəsidir. Yazdığı yazılarla cəmiyyətə təqdim edilən çatışmamazlıqlar laqeyidliklər aradan qaldırılanda isə görkəmli publisist öz məqsədinə nail olurdu.

 

Məmməd Rzayevin qələmindən süzülən yazılar, demək olar ki, o dövrdə aktual olan bütün sahələri əhatə edirdi. Baramaçılıq, pambıqçılıq, heyvandarlıq, üzümçülük, dəyirman, ferma, əkinçilik, təhsil, tikinti bu kimi bir sıra sahələrin hamısı xalq üçün önəmli vacib olandır. Bu sahələrdə işlərin yaxşılaşdırılması həm dövlət üçün xeyirli, həm vətəndaşlar üçün bol keyfiyyətli məhsul əldə etmək demək idi. Adlarından da göründüyü kimi, apardığı araşdırmalar bu gün hamı üçün vacib sahələrdir.

 

İşlədiyi dövrdə yazdığı məqalələri felyetonları oxuyanda görürük ki, Məmməd Rzayev heç vaxt haqqı nahağa verməyib. Çünki ömrünü doğulduğu yerə, torpağa, vətənə həsr edən hər bir kəs haqsızlığı özünə rəva bilməz. Fikrimizcə, özünə hörmət qoyub dəyər verən, vətənini sevən hər bir kəs məhz bu cür edərdi.

 

Ömrünün 26 ilini "Şərq qapısı" qəzetinə həsr edən Məmməd Rzayevin əməyi dövlət qəzet tərəfindən bir neçə dəfə qiymətləndirilmiş, mükafatlar diplomlarla təltif olunmuşdu. Qəzetin xüsusi müxbiri olan Məmməd Rzayev "Şərq qapısı"nın 50 illik yubileyində qızıl saatla mükafatlandırılmışdı. Onun bu kimi mükafatları - Fəxri fərman diplomlar alması məhsuldar jurnalistin əməyinə verilən qiymətdir.

 

Uzun illər qəzetdə fəaliyyət göstərən Məmməd Rzayevin yüzlərlə məqaləsi, felyetonu işıq üzü görmüş, adı bir çox yazıların imza yerində boy göstərmişdi. Onun qələmə aldığı bir sıra felyetonları, məqalələri bu gün tərəfimizdən toplanılır yaxın aylarda kitab şəklində oxuculara təqdim ediləcək. Bu kitabın nəşrini ömrünü Naxçıvanın inkişafına çalışmağa həsr edən babam Məmməd Rzayevə mənəvi bir borc olaraq bilirəm. Xatırladım ki, kitabda onun fəaliyyət illərində yazdığı əsərlərin bir qismi təqdim ediləcək. üçün bir qismi? Çünki Məmməd Rzayevin bütün yazılarını toplasaq, bir neçə cilddən ibarət külliyyat ərsəyə gələr. Bəlkə gələcəkdə bunu da edə bilərik. Ümid edirəm ki, Məmməd Rzayevin həyat yaradıcılığından bəhs ediləcək kitab qısa zamanda çapdan çıxacaq.

 

65 illik ömür yaşayan Məmməd Rzayev 1976-cı ilin dekabr ayının 16-da gözlərini əbədi olaraq yumdu. Bu gün fəxrlə və qürurla deyirəm ki, mən Məmməd Rzayevin nəvəsiyəm. O Məmməd Rzayev ki, Naxçıvanın mətbu salnaməsi olan 100 yaşlı "Şərq qapısı" qəzetinin 26 illik tarixində onun da silinməz imzası var.

 

 

Çinarə RZAYEVA

 

525-ci qəzet.- 2021.- 7 oktyabr.- S.13.