Nizami Gəncəvi poemalarında Məhəmməd
peyğəmbərin vəsfi
Şərq klassik ədəbiyyatında qəsidənin
məzmun və formalarına görə növlərindən
biri də nətdir. Nət, qəsidənin Məhəmməd
peyğəmbərin vəsfinə həsr olunmuş
janrdır. Lirik şeir və poemaları ilə dünya
şöhrəti qazanmış Nizami Gəncəvi də, təbii
ki, bu janra müraciət etmədən keçməmiş,
beş poemasının hamısının əvvəlində
islam peyğəmbərinin bəşəriyyətə əxlaq
və ədəb nümunəsi olduğunu önə çəkmişdir.
Fikirlərimizin sübutu olaraq Nizaminin poemalarına
xronoloji ardıcıllıqla müraciət edək.
İlk
poeması olan "Sirlər xəzinəsi"ndə şair islam peyğəmbərini digər
poemalarına nisbətən daha çox vəsf etmişdir.
Poemadan ayrı-ayrı beytlərə müraciət edək:
Varlığın
lövhəsinə ilk söz yazanda qələm,
Əhmədin "əlif"ini yazıbdır onda qələm.
"Əlif"
"hey"i mülkünə hakim edəndən bəri,
"Dal" onun boyunbağı, "mim" də ki bir
kəməri.
Bu kəmər,
boyunbağı edib camal sahibi,
Səadət dünyasında olub kamal sahibi.
Bildiyimiz
kimi, peyğəmbərimizin ikinci adı Əhməd,
şanlı, şərəfli mənasını verən Məhəmmədlə
eyni kökdəndir, "lövhi-məhfuz"da Allahın
yazdığı ilk hərfin düz xətdən ibarət
olan "əlif" olması və Əhməd adının
da "əlif"lə başlaması peyğəmbərin
şərəfli və əqidəsində düz olmasına
işarədir. Təsadüfi deyildir ki, peyğəmbərin
bir adı da Əmin - yəni düz danışan olmuşdur.
Şair Əhməd adındakı hərfləri mənalandırır. Adın birinci
hərfi "əlif" - sözün qapısı,
"hey" - dövlət dairəsi, "dal" -
boyunbağı, "mim" isə kəmər deməkdir.
Yenə həmin
hissədə oxuyuruq:
Dünyaya
dərs almamış natiq kimi gəlibdir,
Dərsi Məsihin "mim"i, Adəmdəki "əlif"dir.
Ənbiya
kəlməsinin həm əvvəli, həm sonu,
Əhdinə, vəfasına "əlif" tək bil
düz onu.
Məlumdur ki, Məhəmməd peyğəmbəri bəzən
"ümmi" (oxuma-yazma bilməyən) adlandırıblar. "Ümmi"
sözü ilə "Adəm" və "Məsiha" kəlmələrindəki
"əlif" və "mim" hərflərini ortaq
götürən Nizami, Məhəmməd peyğəmbəri
Adəm və İsadan da üstün tutmuşdur.
"Ənbiya" (peyğəmbərlər) kəlməsi
şaquli xətdən ibarət "əlif"lə
başlanıb, "əlif"lə bitdiyi üçün
şair peyğəmbərin də hər işində düz
olmasına işarə etmişdir.
Məhəmməddir
aləmin ən işıqlı nöqtəsi,
Bütün deyilmişlərə nöqtə qoyub
nüqtəsi.
"Nüqtə" sözü incə məna,
düşüncə və fikir deməkdir. Şair burada
buna dünya üzüyünün qaşı
sandığı Məhəmməd peyğəmbərin məfkurəsinin
yekunu kimi ortaya çıxmasına işarə edir. Elə
buna görə də islam peyğəmbəri
"xatəmül-ənbiya" - peyğəmbərlərin
sonuncusu adlanır.
Öz əxlaqı,
ədəbi, kəlamı və təlimi ilə cahanda ən
uca məqamda olmasına baxmayaraq, peyğəmbər hər
cür təkəbbür və lovğalıqdan uzaq idi:
Təkəbbür
və lovğalıq bilmədi o, cahanda,
Cahandan uca başı əyilmədi cahanda.
Kəlamıyla
təlimin artdı şöhrəti-şanı,
Əlçatmaz, ünyetişməz fələklərdir
eyvanı.
Aşağıdakı misralarda isə Nizami Həzrət
Məhəmmədin ailə üzvlərinin də onun kimi ismət,
ləyaqət sahibi olmasına işarə edir. Şairin fikrincə, islam peyğəmbərinin məqbərəsini
məhəbbətlə seyr edənlərin cinayətləri və
suçu əfv edilir:
Onun hərəm
evində pərdəçidir hurilər,
Ürəyindən su içir ismət, ləyaqət,
hünər.
Silir
günahı gözdən türbəsini ziyarət,
Xərac aldı Məkkədən onun
düşdüyü qürbət.
Poemanın
bir yerində Nizami Məhəmməd peyğəmbərin
Merac gecəsinin vəzninin, yəni qədir-qiymətinin nə
qədər ağır olmasına işarə edərək
yazır ki, tərəziçi Zöhrə Tərəzi
bürcündə bu vəzni çəkməkdən
ötrü daş tapa bilmədiyinə görə
başını onun qabağında yerə qoyub səcdə
etmişdir:
Gecənin silqətini ölçməkdirmi qərəzi?
Zöhrə onu çəkirdi, əllərində tərəzi.
Çəkməyə daşı yoxdur, necə çəkəydi
Mizan?!
Silqətinə
mat qalıb, ona baş əydi Mizan.
Bildiyimiz
kimi, islam peyğəmbəri çox ciddi
olduğu üçün nadir hallarda gülərdi. Nizami bu faktı mübaliğəli şəkildə
belə mənalandırır. Məhəmməd
peyğəmbər ona görə gülmürdü ki,
içi dürr dolu sədəf onun gövhər dişlərini
görüb xəcalət çəkməsin.
Dürrü
görünər deyə gülməz şəkər
dodaqlar,
Sədəfin sinəsini dürrü həsəddən
dağlar.
Tarixdən məlumdur ki, 625-ci ildə Ühüd
dağı ətəyində baş vermiş
döyüş vaxtı sapandla atılmış bir daş Həzrət
peyğəmbərin bir dişini sındırır. Deyilənə
görə, peyğəmbər əli ilə
ağzını tutur ki, qan yerə tökülməsin.
Əgər tökülsə, yer bu yükü
götürməz. Şair bu hadisəyə işarə
edərək yazır:
İncisindən
daşın da daş qəlbi inciməzdi,
Bəs niyə incisini daşlar sındırdı, əzdi?
Bu beytdə təbiətən çox mülayim,
yumşaq və hətta ona zülm edənləri belə
bağışlayan peyğəmbərin ona atılan
daşı da incitmədiyi nəzərə
çatdırılır.
Nizami
poemalarında yeri gəldikcə əvvəlki peyğəmbərlərin
- Adəmin, Nuhun, İbrahimin, Davudun, Süleymanın,
Xızırın, Musanın, İsanın çox az da olsa, səhvlərindən
və bəzilərinin Allahdan ümməti üçün cəza
istədiklərindən bəhs edir. Lakin islam
peyğəmbərinin bütün səhv və
nöqsanlardan uzaq olduğunu və Allahdan ümmətini
yalnız düz yola hidayət etməsini xahiş etdiyini
göstərir.
Şair
peyğəmbərin Məkkədə doğulması, Mədinədə
vəfat edib dəfn olunması ilə həmin şəhərləri
daha da şərafətləndirdiyini qeyd edir və onu
işıq saçan günəşə, aya və ətir
saçan gülə bənzədir:
Ey Məkkə,
Mədinənin pərdələnən günəşi,
Zülmət pərdələyərmi nur ələyən
günəşi?
Əgər
aysan, günəşdən nur almağın
görünsün,
Əgər gülsən, ətirli günəş
bağın görünsün.
Peyğəmbərliyin
Adəmlə başlayıb, Xatəmül-ənbiya Məhəmmədlə
bitməsini Nizami islam peyğəmbərinin
öz hədisindən götürmüşdür:
Elə
başdan-binadan xarabaydı bu aləm,
Onu abad eyləyən bir sənsən, bir də Adəm.
Bu
dünya sarayının qoyulanda təməli,
Suya da, kərpicə də möhtac imiş, deməli.
Hədislərin
birində Həzrət peyğəmbərdən belə nəql
edirlər:
"Mənimlə
məndən əvvəlki məsəli ona bənzəyir ki,
bir kişi ev tikir, onu bitirir, bəzəyir,
lakin bircə damının tağından başqa. Mən peyğəmbərlərin sonu olaraq həmin
damın tağıyam".
"Xosrov
və Şirin" poemasında aşağıdakı beytlərə
nəzər yetirək:
Həqiqət
görənlər gözünə çıraq,
Varlığa bir zinət özüdür ancaq.
Vəfa
meydanının qabaqcılıdır,
Nəbilərə rəhbər başcıl
sayılır.
Günahkar
ümməti qoymaz xəcalət,
Eyləyər onlara daim şəfaət.
Odur hər
ilahi xəznəyə açar,
Sübhün baxçasına ətirlər saçar.
Nə qədər
yetimi sevdi, saxladı,
"Dürrü-yetim" qaldı odur ki, adı.
Beytlərdən
göründüyü kimi, Nizami bütün peyğəmbərlərə
başçı saydığı islam
peyğəmbərini həqiqəti deyən, vəfadar,
ümmətinə şəfa verən, ilahi sirləri
açan, yetimləri sevən bir şəxsiyyət kimi qiymətləndirir.
Şair
poemanın başqa bir yerində özünü təşnə
bir insan, peyğəmbəri isə sərin su adlandıraraq,
xəta və qüsurları üçün Tanrı
elçisinin məzarından kömək istəyir:
Mən
bir təşnə insan, o bir sərin su,
O, mənim
suyumdur, mən onun tozu.
Xidmətdə
çox qüsur üz vermiş mənə,
Ey Tanrı elçisi, çarə nədir, nə?
O pak məzarından
bir diləyim var,
Haqdan mən yazığa sən ol duakar.
Nizami
"Leyli və Məcnun" poemasının sonuncu peyğəmbərin
tərifi hissəsində islam peyğəmbərini
əqlin sultanı və dərin düşüncəyə
malik olan dahi şəxsiyyət kimi səciyyələndirir:
Ey
varlıq mülkünə böyük şahsuvar,
Əqlin sultanısan, zəkavətin var.
Elə həmin
hissədə şair qeyd edir ki, peyğəmbərimiz
qarşısına çıxan lovğa, təkəbbürlü
insanları öz ədəbi, davranışı və şəklü-şəmayili
ilə islah və tərbiyə edərdi:
Hər kəs
lovğalıqla çıxa qarşına,
Bir ədəb qılıncı enər başına.
Bildiyimiz kimi, Məhəmməd peyğəmbər
öz ağlı, zəkası və aşkar dəlillərlə
bütün ərəb qəbilələrini birləşdirən
ilk və yeganə şəxsiyyət olmuşdur. İnsanlığı bir şama, peyğəmbəri isə həmin
şamın işığına bənzədən Nizami
yazır:
Səndən
işığını almayan bir şam,
Sönər öz yeliylə, qaralar müdam.
Ey qəbilələrlə
aydın dil tapan,
Vazeh dəlillərlə zərbə vuransan.
Nizami
"Yeddi gözəl" poemasında peyğəmbərin mədhi
hissəsini bu beytlərlə başlayır:
İlk pərgar
xəttinin mərkəz nöqtəsi,
Varlığın
axırı, ən son nöqtəsi...
Əhmədi-mürsəldən
başqası məgər,
Varmıdır
Tanrıya ola peyğəmbər?
Şair demək istəyir ki, "lövhi-məhfuz"da
Allah yaratmaq istədiyi varlığın cizgisini çəkərkən
Məhəmməd peyğəmbərdən
başlamış və axırıncı cizgini də onunla
bitirmişdir.
Burada həm də Məhəmmədin peyğəmbərlərin
xətmi olduğu göstərilir:
Varlıq
bu ümmətdən maya almışdır,
Yerə nur, göylərə kölgə
salmışdır.
Burada "ümmi" sözü dərs almayan,
yazı-pozu bilməyən mənasındadır. Şair demək
istəyir ki, peyğəmbər kimsədən dərs
almamış olmasına baxmayaraq, bütün
varlığın mayəsi olmaq dərəcəsinə
qalxmışdır.
Nizami ənənəyə sadiq qalaraq, son poeması
"İskəndərnamə"də də bu mövzuya
toxunmuşdur.
Poemadan bir neçə beyti nəzərdən keçirək:
Seçilmiş
elçidir ulu Tanrıdan,
Möhkəm hökmləri xalqa çatdıran.
Qiymətli
tacıdır azadələrin,
Ən dəyərlisidir
bütün bəşərin...
Əqlin
qanadına tək odur çıraq,
Varlığa işığı o verir ancaq.
Zamindir
qaraya, ağa bu rəhbər,
Şəfaət edəndir qopunca məhşər.
Sonuncu beytin mənası belədir ki, peyğəmbər
Allah bəndələrinin günahına da, savabına da zamin
qalan və qiyamət günü günahların
bağışlanmasını xahiş edəndir.
Bütün "Xəmsə" boyu bu cür
beytlərə rast gəldikcə, həm dini, həm də
dünyəvi elmləri mükəmməl bilən Nizami dühası
qarşısında bir daha baş əyirsən.
Elşad NƏSİROV,
Masallı rayonu, Qüdrət
Babayev adına Mahmudavar kənd ümumi orta məktəbinin Azərbaycan
dili və ədəbiyyat müəllimi
525-ci qəzet.- 2021.- 7 oktyabr.-
S.12;13.