Qabil Ədalət :"İncəsənətdə
bu günün əsas mövzusu vətənpərvərlik
olmalıdır"
Vətən müharibəsi, Qarabağ zəfəri son
bir ildə Azərbaycan ədəbiyyatına və incəsənətinə
də təsirsiz ötüşmədi. Uzun illərdir
torpaq həsrətindən, yaralı Qarabağ
ağrısından yazan şair və
yazıçılarımız, bu mövzunu əsərlərində
yaşadan incəsənət nümayəndələrimiz
artıq qələbə sevincli əsərlərini ictimaiyyətimizə
təqdim edirlər.
Onlardan biri də şair, yazıçı, Azərbaycan
Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü
Qabil Ədalətdir. Qabil son bir ildə müxtəlif sənətkarlarımız
və peşəkar gənc musiqiçilərimiz tərəfindən
ifa olunan 20-dən çox vətənpərvəlik
mahnısının sözlərinin müəllifidir. Qələbədən öncəki
yaradıcılığında da daim vətənpərvəlik
mövzusunun əsərlərinin əsas qayəsinə
çevirən şair müharibə dövründə və
müharibədən sonra yalnız bu mövzuda yazmaq istədiyini
deyir.
***
-
Bildiyiniz kimi, hələ müharibədən öncə illərdir
mən vətənpərvərlik mövzusunda şeirlər
yazır, istər ölkə daxilində, istərsə də,
ölkə xaricində layihələr həyata keçirirəm.
Buna 2013-cü ildən başlamışam.
Gənclər Fondunun elan etdiyi Qrant müsabiqələrdə
dəfələrlə qalib olmuşam. QHT
Şurası tərəfindən "Vətən sevgisi sərhəddə
başlamır, sərhəddə bitmir" adlı layihə
almışam. Dövlət hesabına
"Bitməz könlümüzün Vətən sevgisi",
"Bayat" adlı sırf vətənpərvərlik
mövzulu şeir antologiyası hazırlamışam. Sərhədyanı bölgələrimizdə,
Türkiyədə, Rusiyada, Dərbənddə, Ukraynada,
Gürcüstanda bu cür layihələr həyata
keçirmişəm.
Ötən ilin iyul ayında Tovuz döyüşləri
başlayandan isə daha çox vətənpərvərlik
mahnılarına mətnlər yazmağa üstünlük
verdim. Əlbəttə,
yetərincə bu mövzuda mahnılarımız var. Amma mən
də bir gənc olaraq bu yolu seçdim ki,
yaradıcılığımı bu il məhz
bu mövzuya həsr edim. Əfsanəvi
general-mayor Polad Həşimovun şəhadətə
ucalmasından sonra buna başladıq. "Vətən
bizi çağırır" adlı ilk mahnını
yazdıq və sonra davam etdik. Bu günə
qədər 20-dən çox vətənpərvəlik
mahnılarımız işıq üzü gördü və
hazırda demək olar ki, bütün efirlərdə səslənməkdədir.
İndi isə yenə də 5-6 mahnımız
var ki, demək olar, hazırdır, yaxın günlərdə
işıq üzü görəcək. Əsasən
də 9 noyabr - Bayraq gününə həsr olunmuş "Azərbaycan
bayrağı" adlı kompozisiyamız var, həmin ərəfələrdə
təqdim olunacaq. İnşallah, maraqla
qarşılanar.
-
Mahnı janrına üz tutmağınızın əsas səbəbi
nə idi? Ehtiyac hardan yarandı?
- Əslində, bəstəkarın istəyilə oldu. İlk işlədiyim
bəstəkar dr.Vaqif Yaqubov olub. Onunla ilk
mahnımız "Ulu öndər" adlanırdı. Daha sonra "Vətən bizi çağırır"
mahnısını yazdıq. Qazi
müğənnimiz Vüqar Muradov ifa etdi. İyul ayında mahnı işıq üzü
gördü, sentyabrda döyüşlər başladı.
Sonra müxtəlif bəstəkarlardan təkliflər
aldım. Bakı Musiqi Akademiyasının müəllimi
Aytən Oqtayqızı, gənc bəstəkar Elmir Mədətoğlu,
bəstəkar Fərahim Sadiqdən bu yöndə təkliflər
gəldi və mən də maraqlı hesab etdiyim təklifləri
qəbul elədim.
Ümumiyyətlə, xarakter etibariylə
özümü müxtəlif sahələrdə
sınamağı sevirəm. Poeziyada, ictimai fəaliyyətdə,
QHT sektorunda, tədbirlərin təşkili sahəsində
sınadım, ölkədən kənarda layihələr həyata
keçirtdim. İndi də mahnı
janrında sınamaq istədim. Məncə,
pis alınmayıb.
Fikrimcə, incəsənətdə bu günün əsas
mövzusu məhz vətənpərvərlik olmalıdır. Poeziyamız,
nəsrimiz, publisistikamız bu mövzu ilə zənginləşib.
Bu da ən gözəl təbliğat
üsuludur və bunlar şəhid ailələrimiz
üçün ən böyük təsəllidir.
- Kimlər
oxuyub mahnılarınızı?
- Vaqif
Şıxəliyev Azərbaycan-Türkiyə dostluğuna həsr
olunmuş "Qardaşlıq marşı"
mahnısını ifa edib. O mahnını biz ötən ilin
iyun ayında yazdıq və dərhal sonrasında baş verən
hadisələr, siyasi proseslər bu mahnının necə
yerində yarandığını sübut elədi. Bayaq qeyd etdiyim kimi, Vüqar Muradov "Vətən
bizi çağırır" mahnısını ifa etdi.
Əməkdar artist Firuzə İbadova 3000 şəhid
qardaşın tək bacısı olan Arəstə xanıma
həsr olunmuş mahnını oxuyub. Babək
Niftəliyev "Poladlara salam olsun" mahnısını
oxudu. Bu mahnı Polad Həşimovun şəhadətindən
dərhal sonra yazılsa da, Vətən müharibəmizdə
şəhid olmuş bütün qəhrəmanlarımız
sanki bizimçün bir Polad idi və biz ümumilikdə
şəhidlərimizə xitabən "Poladlara salam
olsun" dedik. Daha sonra Sevinc Sarıyeva,
Firuz Səxavət kimi peşəkar müğənnilərimiz
oxuyublar mahnılarımızı.
Xalq artisti Flora Kərimova "Yorğun xatirələr"
adlı lirik mahnımı ifa edib. Bu, vətənpərvərlik
mövzusunda olmasa da, mahnının sözləri elədir ki,
bütün həyatlara və talelələrə toxuna bilir.
Fikrimcə, şəhidlərimizin ruhu nə qədər
əziz və müqəddəs olsa da, onların nakam taleyi hər
birimizin ömründə bir yorğun xatirəyə
çevrildi. Xüsusən, onların ailələri
üçün.
Ümumiyyətlə, çalışıram ki,
mahnılarımız peşəkar müğənnilərimizin
ifasında səslənsin. Gənclərdən də
peşəkar, istedadlı ifaçılar oxuyublar. Bu yaxınlarda gənc xanəndə Suma
Tapdıqovanın ayrı-ayrılıqda Mirələm Mirələmov
və Fərqanə Qasımova ilə duetləri də
işıq üzü görəcək.
- Sizin
sözlərinizə yazılmış mahnılardan birini də
uşaqlığımızın vətənpərvərlik
mahnılarının mahir ifaçısı, hamımıza
o mahnıları və səsiylə vətəni sevdirən
Şəmistan Əlizamanlı ifa edib. Bu, sizə
hansı duyğular yaşatdı?
- Bəli,
Şəmistan Əlizamanlı illərdir dilimizin əzbəri
olan vətənpərvərlik mahnılarının əfsanəvi
ifaçısıdır. Onun mənim sözlərimə
yazılmış mahnını ifa etməsi mənimçün
inanılmaz bir yuxu oldu sanki. Biz
uşaqlığımızdan onun mahnılarıyla
böyümüşük. Hərbi xidmətdə
ikən onun oxuduğu mahnıların sədasıyla xidmət
keçmişik. Hərbi xidmətdə ikən
bayramlarda, əlamətdar günlərdə məhz onun
mahnıları bizi ruhlandırardı. 2008-ci
ildə əsgərlik günlərimdə onu dinlərkən
inanmazdım ki, 12 ildən sonra mənim sözlərim də
bu səsin ifasında səslənəcək. Bunu özümün ən böyük
uğurlarımdan biri hesab edirəm.
- Öz
üzərinizə götürdüyünüz bu
missiyanı gələcəkdə də davam etdirmək
fikriniz varmı?
- Əlbəttə,
var. Bu bir il ərzində məndən
sevgi lirikası istəyənlər də az olmadı. Amma mən heç birini qəbul etmədim. Sırf vətənpərvəlik mövzusuna
köklənmişəm. Xüsusən, bu bir il ərzində, yəni şəhidlərimizin
ildönümünə kimi bu cür şeirlər,
mahnılar yazmaq missiyasını götürdüm üzərimə.
Demirəm ki, bununla onların borcundan
çıxmaq məqsədi daşıyıram, xeyir.
Çünki onlar elə bir ali zirvəni
fəth ediblər ki, biz nə etsək də, onların bir
damla qanının belə əvəzini verə bilmərik.
Amma ən azından, bununla vətənpərvərlik
mövzusunun az da olsa təbliğinə
çalışıram. Təbii ki, bunu gələcəkdə
də davam etdirəcəyəm. Hətta
deyim ki, bizim bu sahədəki işimiz hələ bundan sonra
başlayır. Hələ bundan sonra
yazılmalı, oxunmalıdır bu mövzular.
- Bir
şair və söz yazarı kimi müasir Azərbaycan
mahnılarının sözləri haqda nə
düşünürsüz?
- Mənə
elə gəlir ki, xüsusən, vətənpərvəlik
mövzulu mahnılarda sözlər mütləq senzuradan
keçməlidir. Çünki bir çox
müğənnilərin ifasında eşidirik ki, vətənpərvərlik
adı altında sadəcə söz yığını
oxuyurlar. Ola bilər ki, onunla
tanınırlar, reytinq qazanırlar, amma heyif ki, sənət
yoxdur. Təəssüf ki, bayağı
mahnılarımız çoxdur və bu gün də məşhur
olan məhz həmin mahnılardır. Amma
mənə elə gəlir ki, zər qədrini zərgər
bilər. Çox şükür edirəm
ki, mahnılarımı peşəkar sənətkarlarımız
dəyər verib ifa ediblər. Bu da əlbəttə,
təsadüf deyil, mənim seçimimdir. Həmişə çalışmışam ki,
mahnılarımız layiqli ifaçılar tərəfindən
səsləndirilsin. Elə müğənni
olub ki, bəstəkar onunçün məndən şeir istəsə
də, imtina etmişəm. Çünki
şeirlərimin o cür bayağı musiqidə, həmin
müğənninin ifasında səslənməsini istəməmişəm.
Nə özümə, nə də şeirlərimə
yaraşdırıram bunu.
- Yeri gəlmişkən,
mahnılarınıza müğənni seçimi necə
olur?
-
Çox zaman bəstəkarla bir yerdə seçirik. Bəzən olub, mənim ürəyimdən
keçib ki, bu mahnını filan müğənni oxusun.
Təklif olunub və qəbul edib. Bəzən də olub ki, müğənni
özü təklif edib. Deyib mən bu
mövzuda, bu janrda şeir istəyirəm. Yəni proses
qarşılıqlı davam edir.
- Şəhid xanım Arəstə Baxışova
haqqında mahnı necə yarandı?
- Arəstə xanım şəhid olan vaxt Əməkdar artistimiz Firuzə İbadova Türkiyədə idi. Bundan qabaq onun ifasında mənim sözlərimə yazılmış "Sən deyilsən" mahnısı elə Türkiyədə işıq üzü görmüşdü. Arəstə xanım şəhid olanda Firuzə xanım mənə zəng elədi və dedi ki, günlərdir onun haqqında araşdırıram, yeganə qadın şəhidimizdir, onun haqqında mahnı ifa etmək istəyirəm. Həmin ərəfələr elə zamanlar idi ki, mən də məhz bu hisslərlə dolmuşdum və sanki bəhanə axtarırdım ki, onun haqqında olan bu hisslərimi kağıza köçürəm. Beləcə, bir günün içərisində şeir hazır oldu və Elmir Mədətoğlu musiqisini yazdı. Bir həftəyə mahnı hazır oldu və qismətdən Firuzə xanım da Azərbaycana qayıtdı. Bir ay içərisində mahnı yazıldı və ifa olundu. Yəni təklif Firuzə xanımdan gəldi. Mahnı şəhidimizin ailəsi tərəfindən də çox gözəl qarşılandı. Anası, qohumları həm mənimlə, həm də Firuzə xanımla əlaqə saxlayıb, məmnunluqlarını bildirdi. Biz də onlara dedik ki, bu, bizim borcumuzdur.
- Bəs şəhid ailələrindən müraciət edənlər olubmu ki, bizim şəhidimizə mahnı yazın?
- Bəli, olub. Bu yaxınlarda bir şəhid bacısı mənə yazdı ki, çox istəyirəm qardaşım üçün mahnı yazılsın. Təbii, sözünü yerə sala bilməzdim. Onun timsalında bütün şəhid bacılarının, qardaşların dilindən "Şəhid qardaşım" adlı mahnı yazıldı. Onların hamısı bizim hər birimizin qardaşıdır. Bu yaxınlarda mahnı işıq üzü görəcək. Bir başqa qəhrəmanımızın da ailəsinin istəyiylə şəhidimizə həsr olunmuş mahnı hazırlanır. Çox güman, Firuzə xanımın ifasında səslənəcək. Həmin mahnılarda da hansı şəhidimizə həsr olunduğu bilinəcək.
- Vətənpərvərlik mövzusunda kifayət qədər şeirləriniz, mahnı mətnləriniz var. Bunları nə vaxtsa kitab halında nəşr etdirmək fikriniz varmı?
- Düzü, bu haqda heç düşünməmişdim, amma çox maraqlı fikirdir. İstəyərəm ki, qismət olsa, gələcəkdə həm kitab, həm də albom formasında toplamaq olar. Təşəkkür edirəm, çox maraqlı ideya verdiniz (gülürük).
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2021.- 7 oktyabr.- S.11.