Milli diaspor tariximiz
haqqında yeni mühüm əsər
XX əsr Azərbaycan
xalqının həyatında
mühüm ictimai-siyasi,
mədəni və hərbi hadisələrin baş verməsi ilə yadda qalıb. Həmçinin, keçən əsr
Azərbaycan diasporunun
inkişafı və formalaşması baxımından
yeni mərhələ
təşkil edib.
Milli diasporun yaranmasında azərbaycanlı aydınların
yaxından iştirakı,
qonşu dövlətlərə
siyasi mühacirəti
və emiqrasiyası kimi amillər əsas yaradıb, təşkilatlanmanın xarici
ölkələrdə nə
qədər vacib olduğuna diqqət çəkib. Bu baxımdan,
AMEA-nın A.A.Bakıxanov
adına Tarix İnstitutunun "Beynəlxalq
münasibətlər və
diaspor tarixi" şöbəsinin böyük
elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Zəminə Əsgərovanın
arxiv sənədlərinə
əsaslanan "Türkiyədə
Azərbaycan diasporunun
formalaşması (XX əsr)"
adlı monoqrafiyası
elmi-nəzəri və
tarixi-siyasi aktuallıq
kəsb edir.
Qeyd etmək
lazımdır ki, tədqiq olunan mövzu ilə bağlı bəzi məqamlar Azərbaycan və Türkiyə alimləri tərəfindən
məhdud çərçivədə
işlənsə də,
mövzu kompleks şəkildə ilk dəfə
Zəminə Əsgərova
tərəfindən araşdırılaraq
monoqrafik əsər ərsəyə gətirilib. Kitabda azərbaycanlıların
Türkiyədə məskunlaşma
tarixinə diaspor problemi kontekstində yanaşılıb, Türkiyədə
Azərbaycan diasporunun
tarixi və yaranma səbəbləri təhlil olunub.
1900-1920-ci
illəri təhlil edən müəllif XX əsrin əvvəllərində azərbaycanlıların
Türkiyəyə mühacirətinin
sosial-siyasi səbəblərini
izah edib, I Dünya müharibəsi illərində azərbaycanlıların
Türkiyəyə miqrasiyası,
türk xalqlarının
milli-azadlıq mübarizəsində
soydaşlarımızın iştirakını geniş
təhlilə çəkib.
1920-ci ildə Azərbaycanın aprel işğalından sonra baş vermiş hərbi cinayətlər nəticəsində siyasi
təqiblərə məruz
qalan milli hökumətin mənsubları,
azərbaycanlı milli
məfkurə sahibləri
qonşu ölkələrə,
xüsusilə də osmanlının son illərini
yaşayan Türkiyə
Cümhuriyyətinə mühacirət
etmək məcburiyyətində
qalıblar. Mürəkkəb köç prosesi Türkiyə ərazisində
məskunlaşmış bir
qrup azərbaycanlı
ziyalının gələcəkdə
Azərbaycan milli diasporunun formalaşmasında
mühüm rol oynayacağından xəbər
verirdi.
XX əsrin əvvəllərində
Azərbaycan milli diasporunun formalaşmasında
əhəmiyyətli rol
oynamış "Müsəlman
gənclik təşkilatı",
"Hümmət", "Difai", "Rusiya müsəlmanları ittifaqı"
kimi kiçik qurumlar Azərbaycan ziyalılarını bir araya gətirib. İdeoloji təşkilatların yaranmasında
xalqımızın XX əsr
milli azadlıq hərəkatında tarixi
rol oynamış ziyalılar, siyasi mühacirlər Ə.Ağaoğlu
1908-ci ildə vətəni
tərk etmək məcburiyyətində qalaraq
İstanbula sığınmışdı.
Ardınca Ə.Hüseynzadə, İ.Qasprinski və digərləri Türkiyəyə
mühacirət etmişlər.
Onların fəaliyyət
göstərdikləri "Tərcümanı həqiqət"
qəzeti, "Türkçülük"
və "Milliyyətçilik"
kimi ideoloji cərəyanlar, "Türk
dərnəyi", "Türk
yurdu", "Türk
ocağı", "İttihad
və tərəqqi"
partiyasının qurulmasında
azərbaycanlı ziyalılar
yaxından iştirak etmişlər. Mövzu ilə bağlı
müsbət məqamlar
monoqrafiyada geniş işıqlandırılır. 1920-ci illərdə "Yeni Qafqasya" adlı ilk məcmuə, "Azərbaycan
Milli Mərkəzi",
"Azərbaycan Gənclər
Birliyi" və digər təşkilatlar Türkiyə başda olmaqla digər xarici ölkələrdə
milli diasporun inkişafında müstəsna
rol oynamışdı.
Lakin Sovet rejiminin müdaxiləsi Türkiyədə
azərbaycanlı mühacirlər
tərəfindən dəstəklənən
milli nəşrlərin
qarşısını bir
müddət olsa da ala bilmişdi.
"Azəri Türk",
"Odlar yurdu",
"Bildiriş", "Azərbaycan
yurd bilgisi" kimi nəşrlər Azərbaycan mühacirət
mətbuatının dəyərli
nümunələri olmaqla
soydaşlarımızı birləşdirən bir cəbhə kimi diaspor fəaliyyətinin əhəmiyyətinə diqqət
çəkirdi.
Türkiyədə Azərbaycan diasporunun formalaşmasının növbəti
mərhələsində, II Dünya müharibəsi illərində almanlar tərəfindən əsir
alınmış və
ölkəyə geri qayıtmaq imkanı olmayan bir qrup
azərbaycanlı legionerlərin
yaratdığı icmaların
mövcud məsələdə
müsbət rol oynaması müəllif tərəfindən xüsusilə
qeyd olunur və elmi-tarixi əhəmiyyəti ilə
diqqət çəkir. Müharibə başa çatdıqdan sonra SSRİ ilə Türkiyə arasında soyuq münasibətlər
yaşanmışdı. Azərbaycanın bir qrup siyasi mühacirləri Türkiyə dövlətinin
1947-ci ilin sentyabrında
imzaladığı sərəncam
əsasında həmin
ölkəyə dönə
bilmiş və fəaliyyətlərini davam
etdirmişlər. Qeyd olunan
məqamlar Türkiyədə
Azərbaycan milli diasporunun inkişafına əhəmiyyətli təsir
göstərmişdi.
Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan və Türkiyə arasında münasibətlər strateji əməkdaşlıq üçün yeni üfüqlər açdı. Ümummilli lider Heydər Əliyevin yaxın tarixə qızıl hərflərlə yazılan "Biz bir millət, iki dövlətik" müdrik kəlamı Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları üçün bir devizə çevrildi və iki xalq tərəfindən də ehtiramla vurğulanmaqdadır. 1993-cü ildə xalqın haqlı iradəsi ilə yenidən Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyev xarici ölkələrə səfərlərində Azərbaycan icmaları və diaspor təşkilatları ilə səmimi əlaqələr qurmuş, onları Vətənə dəvət edərək milli inkişafı öz gözləri ilə görmələrini tövsiyə etmişdi. Heydər Əliyevin respublikaya rəhbərliyi dövrü sosial-iqtisadi tərəqqinin əsasını qoydu və azərbaycanlıların xaricə emiqrasiyası kəskin şəkildə azaldı. Müəllif haqlı olaraq qeyd edir ki, Azərbaycan Respublikasında diasporla bağlı dövlət strategiyasının əsası məhz Heydər Əliyevin hakimiyyəti illərində qoyulub və diaspor quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi uğurla inkişaf edib. 5 iyul 2002-ci ildə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi təsis edilib, ardından 21 fevral 2003-cü ildə "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun qəbul olunub. Məhz Heydər Əliyevin təşəbbüsləri nəticəsində xaricdə, xüsusilə də Türkiyədə yaşayan azərbaycanlıların təşkilatlanması, diaspor quruculuğu kimi mühüm vəzifə siyasi gündəmə gətirilib. Azərbaycan naminə, əsasəndə erməni saxta təbliğat maşınının blokadaya salınmasında, ölkə həqiqətlərinin təbliğ olunmasında Azərbaycanın Türkiyədə fəaliyyət göstərən diaspor qurumlarının fəaliyyəti öz bəhrəsini verib, Türkiyə ərazisində yaşayan ermənilərin Azərbaycan əleyhinə apardıqları yüzlərlə təxribat kampaniyalarının qarşısı alınıb.
Ötən yüz il ərzində Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən Azərbaycan milli diaspor təşkilatları vahid Azərbaycan ideologiyası ətrafında sıx birləşməklə formalaşma dövrü yaşamışlar. Hazırda Azərbaycanın Avropa ölkələrində və Türkiyədə diaspor quruculuğunun uğurla davam etdirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı mühüm əhəmiyyət kəsb edir. Ümummilli liderin müdrik siyasəti günümüzdə dövlət başçısı tərəfindən uğurla davam etdirilir, dinamizm mərhələsini yaşayır və milli diasporun fəaliyyəti dünyanın hər yerində, xüsusilə də Türkiyədə dünya azərbaycanlılarının vahid məqsədə, Azərbaycan Respublikasının milli maraqlarının qorunması və möhkəmlənməsinə xidmət edir.
Məqalə boyu sadalanan müsbət məqamlar göstərir
ki, tarix üzrə fəlsəfə
doktoru Zəminə Əsgərovanın
"Türkiyədə Azərbaycan diasporunun
formalaşması (XX əsr)" elmi-tədqiqat əsəri milli diaspor tariximizin
öyrənilməsinə yeni töhfə
olacaq.
Aqil
ƏHMƏDOV
Tarix
üzrə fəlsəfə doktoru, dosent
agilahma@gmail.com
525-ci qəzet.- 2021.- 8 oktyabr.- S.15.