Naxçıvan muzeylərinin gənclərin
vətənpərvərlik tərbiyəsində rolu
Müasir cəmiyyətdə muzeylər
təkcə elmi-marifləndirici
müəssisə deyildir,
həm də şəxsiyyətin inkişafı
və təlim tərbiyəsində böyük
rol oynayan mədəniyyət ocağıdır. Muzeydəki eksponatlar
gənc nəslin intellektual düşünmə
qabiliyyətini artırır.
Buradakı hər bir eksponat onlara bilik verir, onları
düşündürür, vətənpərvərlik hissini
alovlandırır. Müasir şəraitdə,
müstəqilliyimizi yaşadığımız
dövrdə muzeylər
şəxsiyyətin, fərdin,
bütövlükdə cəmiyyətin
xalqın ümumi tərəqqisində, ümumi
dünya görüşünün
formalaşmasında maraq
dairəsinin daha da artmasında, elmi, mədəni, təhsil, mənəvi estetik tərbiyəsinin yüksəldilməsində çoxsahəli
və səmərəli
fəaliyyət göstərir.
Muzeylərə gənclərin ekskursiyasını
təşkil etməklə
gəncləri tərbiyə
etmək, təhsilləndirmək,
zənginləşdirmək, inkişaf etdirmək, yaradıcılığa meyl
oyatmaq bizim ən əsas borcumuzdur.
Ümummilli lider Heydər Əliyev demişdir: "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır. Milli dəyərlərimizi, milli
ənənələrimizi, tariximizi bilməyən gənc vətənpərvər
ola bilməz".
Ümummilli liderin bu sözlərinin altına çox böyük məna yatır. Bizim üçün qiymətli
olan bu sözlər
hər birimizin həyat devizinə çevrilməlidir. Bu sözləri dərk edən bizlər bütün gəncliyimizin
vətənpərvər böyüməsində
yaxından iştirak etməliyik. Gənc nəslin
muzeylərlə tanışlığı
onların keçmişimiz
və bu günümüz barədə
dərin biliklərə,
geniş dünyagörüşünə
malik olmasına və milli dəyərlərimizə
sədaqət ruhunda böyüməsinə xidmət
edir. Çünki muzeylər keçmişimiz
və bu günümüz arasında
körpü rolunu oynayır. Buna görə də muxtar respublikanın təhsil müəssisələrinin
muzeylərlə əlaqəli
işinə xüsusi
diqqət yetirilir.
Naxçıvan
Muxtar Respublikası
Ali Məclisi Sədrinin
"Naxçıvan Muxtar
Respublikasının təhsil
müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında"
2014-cü il 20 iyun tarixli Sərəncamı
bu baxımdan mühüm əhəmiyyət
kəsb edir. Sərəncama əsasən, muxtar
respublikada məktəb-muzey
şəbəkələri yaradılmış, Azərbaycanın
və onun ayrılmaz tərkib hisəssi olan Naxçıvanın tarixi
və mədəniyyəti,
görkəmli şəxsiyyətlərimiz
ilə bağlı
distant dərslərin keçirilməsinə
başlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin "Ali və
orta ixtisas təhsili müəssisələrində
ixtisasların müvafiq
təşkilatlara hamiliyə
verilməsi haqqında"
2015-ci il 27 iyul tarixli Sərəncamına
əsasən keçirilmiş
açıq dərslərdə
isə muxtar respublikanın ali təhsil müəssisələrində
muzeyşünaslıq, arxiv
işi və abidələrin qorunması,
tarix, turizm və otelçilik ixtisasları üzrə təhsil alan tələbələr iştirak
etmişdir.
Dövlət Bayrağı Muzeyinin
ekspozisiyasında sərgilən
qədim bayaqlarımız
Günümüzdə gənclər arasında hərbi-vətənpərvərlik hisslərinin formalaşdırılması
məsələsi də
mühüm əhəmiyyət
kəsb etməkdədir. Vətənə məhəbbət və sədaqət mənəviyyatımızın
ayrılmaz tərkib hissəsidir. Bu sahədə hərb tariximizi və bu tarixi yaradan
görkəmli sərkərdələrimizin,
hərbi xadimlərimizin,
milli qəhrəmanlarımızın
keçdiyi döyüş
yolunu təbliğ etməklə Cəmşid
Naxçıvanski Muzeyi
hərbi-vətənpərvərlik hisslərinin aşılanmasında
təsiredici qüvvəyə
malikdir. Cəmşid Naxçıvanskinin və
sələflərinin keçdiyi
şərəfli döyüş
yolu və milli istiqlaliyyət tariximizdə xüsusi çəkisi olan Araz-Türk Respublikasının
yaradılması və
fəaliyyəti gənc
nəslin hərbi-vətənpərvərlik
ruhunda tərbiyəsində
mühüm rol oynayır. Eynilə Naxçıvan Xatirə muzeyinin ekspozsiyasında xronoloji ardıcıllıqla
sərgilənən soyqırımı
faktları, şəhidlərin
fotoşəkilləri, ermənilərə
qarşı döyüş
fəaliyyətlərini əhatə
edən materiallar, eyni zamanda, Milli
və Sovet İttifaqı qəhrəmanlarının
fotoşəkilləri, şəxsi
əşyaları və onlara aid olan digər materiallar buranı ziyarət edən gənclərin hərbi-vətənpərvər
şəkildə formalaşmasına
yüksək təsir
göstərir.
Azərbaycan Silahlı Qüvvələrinin
yaradılmasının 100-cü ildönümü ərəfəsində
Naxçıvan hərbi
şəhərciyində açıq
səma altında yaradılan Döyüş
Şöhrəti Muzeyi
xalqımızın döyüş
ruhunu, döyüş
əzmini nümayiş
etdirməklə yanaşı,
həm də döyüş şöhrətini
gənc nəslə aşılayır. Bu muzey
hərb tariximizin şöhrəti ilə yanaşı, gənclər
arasında orduya inamı daha da artıraraq onların ordu sıralarında xidmət
etmək, vətənin
müdafiəsində dayanmaq
istəyini alovlandırır.
Bu muzey həm
də buradakı eksponatlara baxan uşaqlarda ilkin vətənpərvərlik hisslərinin
formalaşmasına şərait
yaradır.
Muxtar respublika gənclərin vətənpərvərliyinin formalaşmasında
Heydər Əliyev Muzeyinin də böyük rolu var. Bu muzey Ümummilli liderin həyat və fəaliyyət fəlsəfəsinin, elmi-nəzəri
irsinin, azərbaycançılıq
ideologiyasının öyrənilməsi,
təbliği və gələcək nəsillərə
çatdırılması kimi şərəfli missiyanı öz üzərinə götürərək,
bu gün də həmin missiyanı uğurla həyata keçirir. Muzeyin zəngin ekspozisiyası onu seyr edən
hər kəsin qəlbində dərin iz qoyaraq, yüksək
təəssürat yaradır.
Muzey Ulu öndərimizin dövlətçilik, azərbaycançılıq,
vətənpərvərlik ideyalarını təbliğ
etməklə yanaşı,
gəncləri Ümummilli
liderimiz Heydər Əliyev kimi xalqa, Vətənə və dövlətə sədaqətli olmağa çağırır.
Dövlət atributlarımızın tarixinin
öyrənilməsi, təbliği
və gələcək
nəsillərə çatdırılması
baxımından Dövlət
Bayrağı Muzeyi müstəsna əhəmiyyətə
malikdir. Muzeydə Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə
1990-cı il noyabrın 17-də Naxçıvan
Muxtar Respublikasının
ali qanunverici orqanında qəbul olunan "Naxçıvan
Muxtar Respublikasının
Dövlət rəmzləri
haqqında" Qərarın
surəti və həmin tarixi günə aid fotoşəkillər
nümayiş olunur. Tarixən Naxçıvan
ərazisində mövcud
olmuş dövlətlərin,
eləcə də Naxçıvan xanlığının
bərpa olunmuş bayraqları, gerb və inzibati xəritələri, Naxçıvan
xanlığının süvari
dəstələrinə verilən
bayraqlar, döyüşçü
libası, Naxçıvan
Muxtar Respublikasının
müxtəlif illərdə
qəbul olunmuş konstitusiyaları, qədim
pul nişanlarının
fotoşəkilləri muzeyin
ekspozisiyasında sərgilənir
və buranı ziyarət edən gənclərin qədim dövlətçilik tariximizi
öyrənmələrinə yaxından kömək edir. Bu gün muxtar respublikanın rayonlarında fəaliyyət
göstərən tarix-diyarşünaslıq
muzeyləri, Naxçıvan
memarlıq məktəbinin
qiymətli töhfələri
olan məqbərə,
türbələr və
zaviyələr də
gənc nəslin qədim tarixə malik Naxçıvanın
keçmişinə qısa
vizual ziyarət etmələrinə yaxından
köməklik edir. Həmçinin, göz oxşayan
memarlıq nümunələri
olan Möminə xatun və Qarabağlar
türbələri öz
memarlığı ilə
yanaşı, ulu babalarımızın qadına
verdiyi dəyərin yüksəkliyindən xəbər
verir.
Muxtar respublikamızda yerləşən digər muzeylərə nəzər salaq. Naxçıvanqala Muzey Kompleksində nümayiş olunan qədim tariximiz, "Xan Sarayı Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi"ndə nümayiş olunan Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi, kompleksin bir hissəsini təşkil edən Açıq Səma Altında Muzeyində muxtar respublikanın rayonlarından tapılaraq sərgilənən müxtəlif dövrlərə aid maddi-mədəniyyət nümunələri - daş kitabələr, sütun altlıqları, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr, mübariz xalqımızın daş yaddaşı olan Əlincə qalası və muzeyi gənc nəslin daimi ziyarət yerlərindən olub, onların dünyagörüşünün formalaşmasında, vətənpərvər yetişməsində və milli dəyərlərimizin gələcək nəsillərə çatdırılmasında yaxından iştirak edirlər.
Bu gün muxtar respublikamızın muzeylərini digər muzeylərdən fərqləndirən ən başlıca cəhətlərdən biri də burada ziyarətçilərə pulsuz muzey xidmətinin göstərilməsidir. Bu xidmətin sayəsində gənc nəslin nümayəndələri olan tələbələr, eləcə də məktəbli və şagirdlər milli saxlanc yerimiz olan muzeyləri daha sıxlıqla ziyarət edə və öz biliklərini daha asanlıqla yeniləyə bilərlər.
Döyüş Şöhrəti Muzeyində sərgilən hərbi texnikalar
Qeyd etmək istərdim ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Muzeylərlə əlaqələrin gücləndirilməsi haqqında" 2014-cü il 19 dekabr tarixli Sərəncamına əsasən hər ay sonunda muxtar respublika mərkəzi və yerli icra hakimiyyəti orqanları kollektivləri, həmçinin, dövlət idarələrində çalışan işçilərin muzeylərə kollektiv gedişi maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylərimizə marağın artmasına, tariximizin, mədəniyyətimizin, dövlətçilik ənənələrimizin hərtərəfli öyrənilməsi və təbliğ olunmasına daha geniş imkanlar açmışdır.
Bu gün muxtar
respublikada olan hər bir muzey gənc nəslin dünyagörüşün
formalaşmasında yaxından iştirak
edərək onların milli şüurunun inkişafına müsbət təsir
göstərir və vətənpərvər böyüməsində
yaxından iştirak edir.
Gənclər bu muzeyləri
ziyarət edərkən Naxçıvanın qədim və zəngin
tarixini görür, ulu babalarımızdan bizə miras
qalan maddi-mədəniyyət nümunələri
ilə yaxından tanış olur və
belə qədim irsə malik bir xalqın nümayəndəsi olmaqdan qürur duyurlar.
Nilufər
Ağayeva
AMEA
Naxçıvan Bölməsi,
Tarix,
Etnoqrafiya və Arxeologiya İnstitutunun kiçik elmi
işçisi
nuraagaoglu@gmail.com
525-ci qəzet.- 2021.- 8 oktyabr.- S.12.