"Qara qan"ımız durulur
Sizə təqdim
olunan bu yazı, yəqin ki, bir neçə il
əvvəl mətbuatda çap olunmalı idi. Qarabağda
baş verən hadisələrin təfsilatını
yalnız bu cinayətləri araşdıranlar bilirlər.
Cəmiyyət üzvlərinin tam əksəriyyəti
erməni faşistlərinin törətdikləri
ağılasığmaz vəhşiliklər haqqında, demək
olar ki, məlumatsızdır. Son 44 günlük Vətən
savaşı və erməni qəddarlığının nəticələri
- xarabazarlığa çevrilmiş şəhər və kəndlər,
dağıdılmış yüzlərlə tarixi abidə,
yerlə-yeksan edilmiş minlərlə ev, məktəb, istirahət
mərkəzi, torpaqlarımızda basdırılmış
200 mindən çox dağıdıcı minalar bizi nə qədər
məyus etsə də, düşmənə qarşı nifrət
hissi bizdə lazımınca formalaşmayıb. Bəlkə də bu, məqbuldur. Çünki mənfur ermənilərlə
müqayisədə xalqımızın nə qədər
insaflı mədəni, alicənab, mərhəmətli
olması dünya ictimaiyyətinin nəzərindən
qaçmayıb. Başımıza olmazın müsibətləri
gəlsə də, uzun illər boyu dəhşətli faciələr
yaşasaq da, biz onlar kimi qatil ola bilmədik.
Əksinə, şüurumuzda çox müsbət dəyişiklər
baş verib və kimin kim olduğunu daha
çox tanımışıq.
Yazıçı
Fazil Abbasovun (Fazil Güney) bir çox illərdə
bütün mümkün mənbələrdən
topladığı materiallar əsasında qələmə
aldığı "Qara qan" trilogiyası çox qiymətli
faktları əhatə etməklə oxucuya bədii dildə,
aydın forma və üslubda müharibə haqda çox
faktları izah edir. Mən ədəbiyyatçı
deyiləm, amma bir çoxları kimi orta məktəb illərindən
Azərbaycan yazıçıları ilə yanaşı,
Avropa, rus dillərindən çevrilmiş roman və hekayələrin
həvəskarı olmuşam. 60-70-ci illərdə hələ
radio və televiziyanın təzə-təzə
yayıldığı dönəmlərdə uzaq diyarlarda
yaşayan xalqların həyat tərzi ilə qanlı
müharibələr haqqında ədəbi əsərlər
vasitəsilə tanış olurdum. İndi dərk edirəm ki, o vaxtlar müharibələrin
mahiyyətini, dəhşətlərini,
iştirakçılarının yaşadıqlarını
geniş kütlələrə bədii əsərlər qədər
təfsilatı ilə açıb göstərə biləcək
ikinci güclü vasitə yox idi. Kitablar əsas
bilik və məlumat mənbəyi idi. Qələmə
alınan tarixi oçerk və monoqrafiyalar oxucuya müharibə
dəhşətlərini yetərincə anlada bilmirdi. Eyni şeyi yüz ildən çoxdur davam edən
Qarabağ münaqişəsi haqqında da demək olar.
Əfsus ki, yüzillik tarixi olan bu müharibədən
yazılmış kitablarımız, demək olar, yox dərəcəsindədədir.
M.S.Ordubadinin 1905-1907-ci illərin
döyüş xronologiyasını əks etdirən
"Qanlı sənələr" kitabından başqa bu
mövzuda ciddi ədəbiyyata rast gəlmək mümkün
deyil. Elə bu kitabın özü də
son illərdə, daha dəqiq desəm, SSRİ-nin
süqutundan sonra üzə çıxdı. 1918-1920-ci illərdə Qarabağda baş verənlər,
törədilən faciələr haqqında yazmağı
ifrat bolşevik-erməni tandemi bizə yasaqlamışdı.
Nədənsə bu qadağa yalnız bizə
aid idi. Gənc yaşlarında ərəb
ölkələrində tərcüməçi işləyərkən
Sovet səfirliklərinin kitabxanalarında ermənicədən
tərcümə edilmiş xeyli sayda roman
görmüşdüm. Oradakı Sovet ailələri
həmin kitabları oxumağa məcbur idilər. Onların əksəriyyəti Azərbaycanın,
Türkiyənin əleyhinə yazılmış əsərlər
idi. Ermənilərin hakim dairələri,
imkanlı adamları belə kitablarin yazılmasını, tərcüməsini
maliyyələşdirir və dünyada yayılmasını
təşkil edirdilər. SSRİ-nin süqutundan və müstəqillik
qazandıqdan sonra da bu xoşagəlməz tendensiya daha sürətlə
davam etdi. Sahibkarlarımızın, biznesmen və
məmurlarımızın çoxunun başı öz
var-dövlətlərini artırmağa qarışdı və
Qarabağ haqda düşünməyə nə vaxtları, nə
də maraqları var idi. Təəssüf
ki, o zaman Bakıda olan kitab mağazaları, kitab
pasajlarının mütləq əksəriyyəti özəlləşdirilib
ticarət obyektlərinə çevrildi. Nə
yaxşı ki, son zamanlar bu boşluğu doldurmaq
üçün "Bakı Book Center" mərkəzi
yaradıldı. Bu müsbət hadisə müəyyən
qədər az da olsa, yeni kitab
mağazalarının açılmasına səbəb
oldu...
Deyəsən,
mətləbdən çox uzaqlaşdım... Bəli, son 30
ilə nəzər saldıqda bir-iki filmdən və
yazıçı-publisist Fazil Güneyin "Qara qan"
tarixi roman-trilogiyasından başqa milli faciəmizdən,
ölüm-qalım mübarizəmizdən ətraflı
şəkildə bəhs edən başqa sanballı material
görmədim.
70-100 formatda yığılmış 1074 səhifəlik
65 fəsildən ibarət trilogiya oxucunu hər sətirdə
ağlatsa da, yormur. Fəsillərin bir qismi müəllifin
hekayətləridir, əsas ana xətlə, əsərin
baş qəhrəmanları ilə əlaqəsi yoxdur.
Məsələn, məşhur beynəlxalq terrorçu
ABŞ-da hazırlanmış Monte Melkonyanın Qarabağda
tutulub başının kəsilməsi, 3 il əsirlikdə
qalmış, dəyişdirilməzdən öncə
onurğa beyninə yad maddə yeridilmiş İlqar Mehdiyevin
faciəli həyatı, İrəvandan qaçmış
"Mən ərmənəm, hay deyiləm!" deyən
Qarabağ ermənisinin yolda öldürülməsi kimi bir
çox fəsillər buna misal ola bilər. Sonra anladım ki,
müəllif ənənəvi üsuldan kənara
çıxıb: bu tarixi trilogiyanın ana xətti əsərin
baş qəhrəmanlarının keçdiyi yol deyil,
müharibədir, Qarabağ savaşıdır! Buna görə də oxucu əsas süjetdən kənara
çıxmağa cəhd etmir. Məncə,
bu, bizim romançılıqda yeni bir üslubdur.
Romanda elə səhnələr var ki, oxucunun göz
yaşları qəzəbə çevrilib boğazına
tıxanır, onu nəfəs almağa qoymur. Əsər
oxucuda təkcə hiss-həyacan duyğuları yaratmır, həm
də onun bilik dairəsini genişləndirir. Müəllif soyuqqanlıqla bu tarixi
qarşıdurmanın köklərini, dünyada
doğurduğu rezonansı, onun orta əsrlərdəki səlib-xaç
yürüşləri ilə səsləşdiyini göstərir.
Müəllif
adamın qanını donduran erməni qəddarlığını,
Şuşa həbsxanasında, Xankəndindəki
xəstəxanada, girovların saxlandığı donuz
tövlələrində azərbaycanlılara verilən
işgəncələri necə bədii dillə təsvir
edirsə, tarixi və siyasi məqamlara toxunmaq rahatlıqla
publisistik dilə keçir. Əsirlikdən
qurtula bilmişlərin danışdıqlarını
romanın epizodlarına çevirir. Dövlət
başçısının qərarı ilə 10 il əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla iş
üzrə Dövlət Komissiyasının üzvü
olmuş müəllif əsirlikdən azad edilmiş vətəndaşlarımızın
yazılı izahatlarından ad və soyadlarını
saxlamaqla istifadə edib, özü də əsərin bədiiliyinə
xələl gətirmədən məharət və
ustalılqa... Mən indiyə kimi oxuduğum
heç bir tarixi romanda belə ədəbi üsulla
rastlaşmamışdım. Xankəndində girov
saxlanılan, 13 yaşlı qızı ilə gecə-gündüz
qul kimi işlədilən ananın faciəsi... Qızı
zorlanmış ananı ertəsi gün ağacdan
asılmış vəziyyətdə tapırlar... Kəlbəcər
qızları düşmənə girov düşməmək
üçün özlərini qayalardan atırdılar... Zivəli
kəndində ermənilərlə ov tüfəngi ilə
atışan Göyüş kişi ailəsinin,
onlara sığınmış qonşularının girov
götürüləcəyini görüb atışmanı
dayandırır. Son patronları özləri
üçün saxlayır. 18
yaşlı qızı Zəminəyə deyir ki, "sizin
başınıza açılacaq dəhşətləri
görməmək üçün ölüm
yaxşıdır. Mən özümü
vuracağam. Sən ürəklisən, nənəni,
ananı, sonra da özünü vurarsan". Qız kəlmeyi-şəhadətini oxuyub
üzünü qibləyə tutan nənəsinə kürəyindən
atəş açır, amma özünün ürəyinə
açdığı iki güllə yan keçir.
Qızı Zəminənin qanına qəltan olduğunu
gözləri ilə görmüş, 16 yaşında əsir
götürülmüş bir neçə il
sonra qurtulmuş kəlbəcərli Zabil Kamranoğlu
yazdığı izahatında yaşadıqlarını
bütün xırdalıqlarına kimi qeyd edir. Gerçəkdən "Qara qan" Qarabağ
davasının salnaməsidir. Burada onlarla
real epizodlar tarixi romanın səhifələrinə
köçürülüb.
2003-cü
ildə Prezident İlham Əliyevin "hücum
diplomatiyasının" uğurlu nəticələri, hay-erməni
yalanlarının ifşası, Bakının uluslararası
toplantılara ev sahibliyi etməsi, düşmənin diversiya dəstələrinin
darmadağın edilməsi, hərbçilərimizin yeni
silahları mənimsəyərək ordumuzun modernləşməsi,
Azərbaycan əsgər və zabitlərinin şücaətləri
əsərdə layiqincə əksini tapıb. Çavuş
Mübariz İbrahimovun, Macarıstanda NATO kurslarında Ramil Səfərovun
qəhrəmanlıqlarına ayrıca fəsillər həsr
olunub.
2016-cı ilin aprelində düşmənin növbəti diversiya qrupunu məhv edən Azərbaycan Ordusu hissələrinin əks hücuma keçərək Cəbrayıl, Füzuli və Tərtər istiqamətlərində təmas xəttindəki istehkamları qısa zamanda yararaq kəşfiyyat döyüşləri aparması müəllif tərəfindən ustalıqla təsvir edilib. Müəllif Aprel döyüşlərini və onun nəticələrini təsvir etdiyi fəsli "Son döyüşdən öncəki döyüş" adlandırıb. Son döyüş 44 günlük Vətən müharibəsi və ölkə Prezidentinin hamını sevindirən, qürurlandıran müsahibələri, hərbçilərin şücaəti və tarixi qələbəmiz olacaqmış. Bu zəfər gününü də görmək bizə qismət oldu...
Əsərin fəsillərinin birində müəllif Azərbaycan əsgərinin rəşadətini, məcburi köçkünlərin döyüş əzmini göstərərkən yazır: "Düşmən təkcə cəbhə xəttində minalar basdırmamışdır. Onlar hər bir Qarabağ "köçkününün köksündə də mina əkmişlər... yeni doğulan uşaqlar da sinəsi minalı doğulur. Gün gələcək, bu minalar düşmənin başında partlaycaq!.."
Bu yazını yazmaqda məqsədlərimdən biri də dostum, tələbəlik yoldaşım Fazil Güneydən açıq şəkildə soruşmaqdır: Bütün dünyaya səs salan möhtəşəm qələbəmizi bədii ədəbiyyatda əks etdirəcək son fəsillər nə vaxt işıq üzü görəcək? Axı dəmir yumruqla düşmənin başını partladan bu möhtəşəm qələbə son 200 ildə islam dünyasında analoqu olmayan bir hadisədir! Təəssüflə qeyd edirəm ki, indiyədək dövlətimizin maraqları rəsmi dairələr, ölkənin ideoloji-siyasi istiqamətini müəyyənləşdirən məsul dövlət məmurları bu tarixi anların, Vətən savaşının ensiklopedik məlumatlarını ehtiva edən kitabın təbliğindən kənarda qalmış və hətta onun təqdimatını belə keçirməmişdi. Hesab edirəm ki, bu sanballı, tarixi gerçəkləri əks etdirən kitabın hissə-hissə əcnəbi dillərə çevrilib nəşr edilməsi vacibdir. Kitabdakı süjetlərin çoxu qısametrajlı filmlərin mövzusu ola bilər.
P.S. "Qara" sözünün əsərdə
göstərildiyi kimi, türkcə "böyük, torpaq və
rəng" mənaları var. Bu tarixi qələbədən
sonra bu sözün birinci mənası öz yerini alır -
Qüdrətli xalqa böyük Qələbə, güclü
siyasi lider çox yaraşır!
Rafiq
ƏLİYEV
525-ci qəzet.- 2021.- 8 oktyabr.- S.11.