Dəbdədi

 

Çoxdandır ki, yazammıram bir sətir,

Yazmadığım kətanımdı, daşımdı.

Ələklənib xəlbirindən keçmişəm,

Torpaq olan, qatanımdı, başımdı.

Yaşadığım, yazmadığım köhnəlib,

Atam deyir iş-güc qalıb böyüyüb.

Anamın da qımqıması susandan,

Yaddaşımda gizlən-qaçım körüyüb.

 

Gələn gedir deyəcəklər bəlkə ,

Gedişimin layları kəpənək.

Xoşbəxt oldu göy üzünün seyri ,

Nağılların ovsununda bir ətək.

 

Gələn səhər eynəyimi gətirmir,

Xəyalımın yuvasından köçürəm.

Bəlkə kimsə günahkardır bilmirəm,

Bəlkə özüm öz ömrümü biçirəm.

 

Əlim qalır uzaqlara uzaqlı,

Yaxınlığın kor bucağı dibdədi.

Ömrü boşa axıtmağım günahmı,

Bəlkə elə, belə yaşam dəbdədi?

 

 

 

Sehr aça şəhər

 

Bir çiçək gətirən ola,

Gülü könlündən üzülən.

Bir işıq gələ gözümə,

Nuru özündən düzülən.

 

Sehr aça səhər, axşam,

Duyğulana yana adam,

Çirkinlik oluna edam

Şalı özündən süzələn.

 

Ulduz qıya ətirlənə,

Külək yağa çətirlənə,

Torpaq dola sətirlənə,

Sözü özündən düzələn.

 

Əlimə bir pətək düşə,

Arılar umsunub şişə,

Bir buğda dönə kişmişə,

Balı özündən süzülən.

 

 

 

Xonça tutur mərmi

 

Şəhid Əkbər Hüseynliyə

 

Daşın üzü gülümsəyir

Xonça tutur mərmi əli

Torpağın gülləsi dərir

Dik qaldırır daşda əri.

 

Gülüşü kəklik səkdirir

Köynəyi üç rəngə dolur

Sinəsi xallı köynəyin

Toylu qaballı köynəyin

Vətənə çevrildi igid

Geyindi şanlı köynəyin.

 

Bu, ər oğul, ər oğuldu

Evdə təkdi, bir oğuldu

Çiyni torpağı qaldıran

Dayaq-ərgin tir oğuldu.

 

Bu ömrün yoxuşu yastı

Toxmağı külüngu paslı

Sevdasının saçı qanlı...

Beləyi, beşiyi yaslı

 

Daş ömür, ağac ömürdü

Dik ömür, qıyqac ömürdü.

 

Gülnarə İSRAFİL

 

525-ci qəzet.- 2021.- 9 oktyabr.- S.23.