İstəyim - inamım

 

Əməliylə öyünə gərək dünyada hər kəs,

Gözü aclar həyatda bilirəm ki, tox olmaz.

El bir olsa, əgər ki, gücü seldən çox olar,

Onda düşmən qorxudan yurdumuza soxulmaz.

 

Vətən - sənin, mənimdir, canımız, gözümüzdür,

Vətəni sevmək üçün döşə medal taxılmaz.

Hər qarış torpağımız bizə Kəbədən əziz,

Çox şey satıla bilər, ancaq torpaq satılmaz.

 

Bizim mübarizəmiz ədalət savaşıdır,

Haqq halaldır, halala heç vaxt haram qatılmaz.

Mənfur düşmən, sən bil, qisas günü gələcək,

Azərbaycan büdrüyər, ancaq heç vaxt basılmaz.

 

Üçrəngli bayrağımız asılacaq Şuşada,

Bu, mütləqdir, qətidir, qaçılmazdır, qaçılmaz!

15.04.2014

 

 

 

Payız nəğməsi

 

Elə kövrəlmişəm, bir himə bəndəm,

Könlümə bir payız nəğməsi düşüb.

Həsrətin açılmaz qapısındayam,

Könlümə bir payız nəğməsi düşüb.

 

Al-əlvan yarpaqlar uçur budaqdan,

Xalı ilməsinə çevrilir yerdə.

Təəssüf nidası qopur dodaqdan,

Həzin sızıltı var bu səs-səmirdə.

Çalır rübabını payız küləyi,

Sızlayır dağ-dərə bu ladın üstə.

Elə bil təşnədir, yanır ürəyi,

Tökülür yarpaqlar bulağın üstə.

 

Sürünür sis-duman dərəyə tərəf,

Qayalar hikkədən mamır bağlayır.

Dağların başına ələnir sədəf,

Çeşmələr gözlərin sıxıb ağlayır.

 

Qoparıb budaqdan yaz sevincimi,

Bu payız nəğməsi bir eşqin sonu.

Hər yarpaq bir insan taleyi kimi

Kim duyur bu sirrin olduğunu.

 

Sinəmdə çağlayır qəmli zümzümə,

saldı ləngərə onu, bilmirəm.

Bir düşəcəkmi mənim könlümə

Bir payız nəğməsi, bunu bilmirəm.

 

Kimsə bu yazıya toxuna bilməz,

Həyatın dəyişməz qanunudur bu.

Tanrının sirləri oxuna bilməz,

Dünyanın əvvəli, sonudur bu.

 

 

 

Belə dərd olar?

 

Dərdim dərdimə yükdü,

Dərdim məndən böyükdü.

Kimə dedim döyükdü,

Heç belə dərd olar?

 

Dedim, unudum dərdi,

Qurban olduğum dərdin

Birini göndərdi,

Heç belə dərd olar?

 

Dərd sinəmi deşdimi?

Görün bu da işdimi?

İkidimi, beşdimi,

Heç belə dərd olar?

 

Dərdi qanmaz dərd bilməz,

Gözümün yaşın silməz,

Deyirlər ki, dərd olmaz,

Heç belə dərd olar?

 

Canım, düşmə təbə çox,

Dağda dərə-təpə çox,

Ağlamasan, pəpə yox!

Heç belə dərd olar?

Rafiq, burax sorağı,

Gəl söndürmə çırağı,

Qaralama varağı,

Demə belə dərd olar?

Dərd elə belə olar!

 

 

 

Müqəddəs Ana - Vətən

 

Həyatın məhvəri, əzəli sənsən,

Ey bəşərin fövqündə dayanan məğrur insan,

Səni gör məqamda xəlq edibdir yaradan.

Yer üzünün əşrəfi, bəzəyisən, ey Ana.

Gör nələr yazılıbdır sənin şah ünvanına.

 

Qəhrəmanlar, şəhidlər, şairlər, filosoflar,

Döşlərindən süd əmib, böyüyüb, ucalıblar.

Sən Vətənsən, sən yurdsan, qibləgahsan, ocaqsan,

Sənin azadlığınçün neçə zəfər çalıblar.

 

Sənə qədər xoş söz deyilsə, yenə azdır.

Sən tanrının yanında ən qiymətli varlıqsan.

Cənnətin qapıları ayağının altında,

Sən anasan, bacısan, sən sevincsən, şadlıqsan.

 

Fironlar, sərkərdələr sənə səcdə ediblər,

Sənin üçün qədər şəhid qurban gedibdir.

Ona görə müqəddəs deyə çağrılır adın,

Dünyamız məhv olardı əgər sən olmasaydın.

 

 

 

Təkcə sən

 

İstəyim boğuldu nakamlar kimi,

Təkcə sən duymadın məni, təkcə sən.

Susdura bilmədim bu istəyimi,

Təkcə sən duymadın məni, təkcə sən.

 

Dərdimi daşlara dedim, dilləndi,

Çaylara söylədim, suyu lilləndi,

Buluda söylədim, daşıb selləndi,

Təkcə sən duymadın məni, təkcə sən.

 

Bəxtəvər olmuşdum səni sevəndə,

Sanırdım çiçəksən şehli çəməndə,

Hamı başa düşdü mən dillənəndə,

Təkcə sən duymadın məni, təkcə sən.

 

Küsməyi özünə eyləmə peşə,

Özünü öyrətmə belə vərdişə,

Məni də sındırdı yersiz əndişə,

Təkcə sən duymadın məni, təkcə sən.

 

Təhrik eyləmərəm, özün bilərsən,

Get yaşa, mənsiz də deyib-gülərsən,

Adımı qəlbindən yəqin silərsən,

Təkcə sən duymadın məni, təkcə sən.

 

Rafiq SƏMƏDOV

 

525-ci qəzet.- 2021.- 9 oktyabr.- S.23.