Dul qadının tənhalığı  

 

 

 (Əvvəli ötən şənbə sayımızda)

 

Arvadların ötkəmliyi ərlərini fəlakətə aparır

 

Birinci olaraq çox sevdiyi arvadına, onun odisseyası barədə əvvəllər də danışdığı ABŞ prezidenti Abraam Linkolnun ailə problemlərindən söhbət açdı. Linkoln İllinoys ştatında Meri Todd adlı bir varlı kişinin qızı ilə evlənmişdi, bu qadının olduqca tünd xasiyyəti var idi, özünü idarə etməyi bacarmırdı, danışığında adamları təhqir etməyə də yol verirdi. Bir dəfə prezident Linkolnla ordu qarşısında birgə at çapan qadını, bu gənc qız generallardan birinin arvadı idi, təhqir edərək, onu fahişə adlandırmışdı. Merinin cingiltili səsini küçənin o tərəfində də eşitmək mümkün idi. Bəzən ərinin hərəkəti ona xoş gəlməyəndə özündən çıxırdı, bir dəfə hətta təzə gəlinlik vaxtı başqalarının yanında isti kofe fincanını onun üstünə atmışdı. Ərinin ölümünə də o, səbəb olmuşdu. 14 aprel 1865-ci ildə, Cənub üzərində qələbənin yaratdığı şadlıqdan cəmi beş gün sonra əri təhlükə barədə olunan xəbərdarlıqlara görə bundan imtina etdiyi halda, onu Ford teatrında tamaşaya baxmağa getməyə məcbur etmiş və orada Linkoln qatil aktyor Con Uillis Butun tapança atəşindən ağır yaralanmış və səhərisi günü ölmüşdü.

 

Meri Todd ərinin ölümündə özünü günahkar hesab edirdi və çox sonra dəli olub, psixiki xəstəxanaya düşdü.

 

Ruhiyyə ərinin dediyini xatırladı və özünə təlqin etməyə başladı ki, bəlkə, ərini də onun özü öldürmüşdür. Onlar sözləşdikləri həmin axşam barışmışdılar, lakin Ruhiyyə özünü saxlaya bilməməsini, ərinə səsini qaldırmasını uzun müddət unuda bilməmişdi. Xəcalət çəkdiyini də ərinə etiraf edə bilmirdi.

 

Sonradan o, özü də ərlərinə qarşı, əslində, qəddarlıq göstərən qadınlar barədə bəzi şeyləri oxudu və bunlar onun özünü günahkar hesab etməsi hissini daha da gücləndirdi. Həm də yadına saldı ki, vaxtilə Hüseyn bu hadisələri də ona söyləmişdi.

 

İkinci imperiya vaxtı Fransanın imperatoru olan III Napoleon ispan qrafının olduqca gözəl qızı Yevgeniya de Montixoya evlənmişdi. Onlar olduqca xoşbəxt idilər, lakin məhəbbətin müqəddəs alovu tezliklə sönməyə üz tutdu, buna da səbəb Yevgeniyanın ardıcıl olaraq ərinə irad tutması idi. O, olduqca qısqanc qadın idi, şübhələr onu taqətdən salırdı. Daim elə güman edirdi ki, əri başqa qadınla yaxınlıq edə bilər. Bu yolla o, öz şübhələrinin həqiqətə çevrilməsinə nail oldu, Napoleon axşamlar gizlincə saraydan çıxıb, onu gözləyən gözəl bir xanımın yanına tələsirdi. Arvadı nədən qorxurdusa, o da başına gəldi.

 

Yaxud böyük rus yazıçısı L.N.Tolstoyun arvadı Sofya Andreyevna dahi yazıçının romanlarının əlyazmasının üzünü köçürməkdə ona çox kömək etmişdi. Lakin qəribə hadisə baş verdi, Tolstoy tam başqa adama çevrildi, o, İisus Xristosun təliminə uyğun qaydada hərəkət etmək istədi, yoxsul bir həyat yaşamağa başladı. Lakin bunlar arvadının xoşuna gəlmirdi. Arvadı ondan fərqli olaraq, dəbdəbəni çox sevirdi, pula, var-dövlətə can atırdı. Sofya onu söyməkdən, dava qurmaqdan əl çəkmirdi. Əri ona etiraz edəndə, qadın isterikaya tutulurdu, özünü öldürməklə hədələyirdi. O, hətta ədalətsizliyə yol verərək, qoca yaşlı dahi yazıçını onun pərəstişkarı Çertkovla homoseksual əlaqədə olmasından şübhələnirdi. Nəhayət, Tolstoy ahıl yaşında özü ilə belə rəftara dözməyib, gecə vaxtı Yasna Polyananıı tərk etdi, on bir gün sonra, 20 noyabr 1910-cu ildə Ryazan vilayətindəki Astapovo stansiyasındakı vağzal binasında soyuqdəymədən öldü. O, tapşırmışdı ki, arvadını onun yanına buraxmasınlar və buna da əməl edildi. Arvadı əslində, onun ölümünü xeyli sürətləndirmişdi.

 

Məşhur insanlar arvadlarının bu quduz ağılsızlıqları hesabına xeyli əziyyət çəkməli olmuşdular. Onlardan ikisi, Abraham Linkoln və L.N.Tolstoy arvadlarının özlərini idarə edə bilmədiklərinə, onların həyatına zəhər qatdıqlarına və bilavasitə şəxsi günahlarına görə həyatla vidalaşmalı olmuşdular.

 

Ruhiyyə ərinə qarşı yalnız bircə dəfə qısqanclıq və hörmətsizlik etmiş, lakin ona xas olan alicənablıq hesabına bu tezliklə yoluna qoyulsa da, acı xatirə özünü günahkar hesab edən qızın yaddaşını heç vaxt tərk etməmiş, ərinin ölümündən sonra isə onu az qala dar ağacına çəkilmə cəzası ilə üzləşdirmişdi.

 

Ruhiyyə ərinin ölümünə heyfislənirdi, axı onu çox sevirdi, ondan ayrı yaşaya biləcəyini heç ağlına da gətirmirdi. Hər addımda, hər an Hüseynin yoxluğu onu çox əzirdi. İyirmi yeddi illik ömrünün beşdə birində xoşbəxt həyatın nə olduğunu, sevginin ürək, könül üçün necə bir məlhəm olduğunu görmüşdü, öz şəxsi təcrübəsində anlamışdı. Öz keçmiş bədbəxtlikləri də müəyyən ölçüdə yaddan çıxmışdı, bütövlükdə isə onu məhv etmək, ömürdən tamamilə silmək mümkün deyildi. Hüseynə ərə gedənə qədər cəhənnəmin bütün guşələrinə səyahət etmişdi. Onun alovunu da, şaxtasını da bədənindən, əsəbindən keçirmişdi. Onun ailə həyatından əvvəlki ömrünü insan həyatı da adlandırmaq çətin idi, məgər insan dünyaya göz açır ki, yalnız onun məşəqqətlərinin iştirakçısı, şahidi olsun?

 

Ruhiyyə Hüseynin oğulları barədəki arzularını həyata keçirmək problemlərini götür-qoy edirdi, nə olursa olsun, ona yaxşı təhsil verməyi qərara almışdı, axı son illərdə Hüseynin onunla bölüşdüyü fikirlərin mərkəzində məhz bu məsələ dururdu. Çox fikirləşdikdən, pedaqoq rəfiqəsi ilə məsləhətləşdikdən sonra Hamneti ingilis dilində dərslərin keçirildiyi və təhsil haqqı çox yüksək olan məktəbdə oxutmağa qoymağı qət etmişdi. Yəqin ki, onun bu hərəkəti həm Hüseynin, həm də Südabə xanımın ruhunu oxşayacaq, onlar Ruhiyyənin qərarından razı qalacaqdılar.

 

Həyatın yeni çağırışları

 

Sonra onu ailənin maddi vəziyyəti məşğul etməyə başladı, həyatda çox şeydən baş çıxartmasa da, ehtiyacın, yoxsulluğun caynaqlarının necə iti olduğunu uzun müddət ərzində görmüş, onların yaratdığı əzablı ağrılara dözmüşdü. Əgər onun ürəyini köksündən çıxarıb baxsaydılar, orada dilənçi həyatına bənzər yaşadığı illərin dərin çapıqlarını, açdığı şırımları görə bilərdilər. Ruhiyyə öz gözləri ilə onları görməsə də, ölüm hökmünü gözləyən müttəhim kimi könlünün bütün hüceyrələri ilə hiss etmiş, həmin ağır sınaqları yaşamış, onların həlqəsindən keçməli olmuşdu. Ona görə də ərinin iki ay əvvəl yazdığı iki nüsxədən ibarət olan vəsiyyəti ilə tanış olmaq istədi. Nüsxənin birini dostu olan vəkilə vermişdi, arvadına tapşırmışdı ki, yalnız vəkilin işarəsi ilə vəsiyyətə açıb baxmaq olar. Südabə xanım kimi Hüseyn də elə bil ki, yaxınlaşan ölümünü əvvəlcədən görürmüş, hiss edirmiş. Ruhiyyənin etirazlarına baxmayaraq, bu kədərli gələcəkdən xəbər verən vərəqəni yazıb, bağlı zərfə qoymuşdu.

 

Hüseynin dostları dəfndə, matəmdə iştirakdan sonra da tez-tez Ruhiyyəyə zəng edir, oğlunun və özünün əhval-ruhiyyəsi ilə maraqlanırdılar. Onlar həqiqi dostlar olduğunu Hüseynin ailəsinə qayğı göstərməklə nümayiş etdirmək istəyirdilər. Lakin Ruhiyyə keçmiş təcrübəsinə əsaslanaraq anlayırdı ki, onlar yalnız söz alicənablığı göstərirlər, bir müddət sonra o da yoxa çıxacaqdır. Həm də hal-əhval tutmaq heç də yetim qalmış ailəyə maddi yardım göstərmək deyildir, ən xoş sözlər, itkiyə görə yanmağın, dərdi bölüşməyin nümayişi heç də söz mübadiləsindən kənara çıxmırdı, dostların heç biri ailəyə maddi yardım göstərmək arzusunda olmayacaqdı, axı bəzilərinin buna heç imkanı da yox idi. Ona görə də təkcə göz yaşları axıtmaqla vəziyyəti dəyişmək mümkün deyildir, itki ilə də, onun yaratdığı nəticələrlə də barışmaq və yeni üzə çıxan problemləri həll etmək lazım idi. Ona görə də Hüseynin Əbdül müəllim adlı vəkil dostuna zəng edib, onunla görüşmək istədiyini dedi. Vəkil Ruhiyyəyə bir neçə xoş sözlər dedikdən sonra əlavə etdi ki, məhkəmə binasından cavab verirəm, bu gün prosesdə ağır bir işi müdafiə edirəm, sabah axşam vaxtınız varsa, mən sizə gələ bilərəm. Ruhiyyə bildirdi ki, onu görməyə şad olacaqdır, yəqin ki, sənədləri də özü ilə götürəcəkdir. Vəkil müsbət cavab verdi.

 

Əbdül müəllim axşam onlara gələndə qapını açan Ruhiyyəni salamladı, bir daha Hüseyn müəllimə görə başsağlığı verib, ona rəhmət dilədi. O, Hamnetlə də mehriban görüşüb, onu qucaqladı.

 

Sonra onlar Hüseynin kabineti sayılan otağa keçdilər. Hər ikisi eyni vaxtda Hüseynin özünün möhürləyib bağladığı vəsiyyət zərfini açdılar. Əri lap avropalı kübarlar kimi bütün əmlaklarının o qədər də böyük olmayan siyahısını və bankdakı hesabında olan pul məbləğini, Ruhiyyə üçün yaşlıların danışdığı, cəbhədən gələn "qara kağız" timsalında olan vərəqədə yazmışdı. Qanunçuluqdakı dəyişilikləri nəzərə alaraq, qeyd etmişdi ki, vəsiyyətdə yazılanlar mülkiyyətin - ona məxsus əmlakın və pul vəsaitinin adı çəkilən adamlara bəğışlanması xarakterini daşıyır.

 

Əbdül müəllim vəsiyyətnaməni oxumağa başladı. Hesabında olan iki yüz min manatlıq və əlli min funt-sterlinqlik məbləğ arvadı Ruhiyyə Şəhriyar qızı Səfərliyə çatmalı idi. Əlavə edirdi ki, əvvəlki arvadı Südabə Səfərlinin çap olunan əsərlərindən gələn qonorarlar da, onu əvəz edəcək Ruhiyyə Səfərliyə çatmalıdır. Onun istifadə etdiyi bu səlahiyyət ölümündən sonra birbaşa Ruhiyyəyə keçməli idi və kimsə buna əlavə iddia etsə, keçmiş arvadının vəsiyyətinə əsasən qonorarlar əvvəllər ona çatdığı kimi, sonralar onun irsinə əsasən sahib olan ikinci arvadına çatmalıdır.

 

Yaşadıqları dörd otaqlı mənzili isə o, oğlu Hamnet Səfərliyə vəsiyyət etmişdi, əlavə etmişdi ki, Ruhiyyə cavan olduğundan yeni ailə qurduqda, ev mülkiyyət kimi oğluna mənsub olmalıdır, oğlu həddi-buluğa çatana qədər isə həmin əmlakın sərəncamçısı onun anası Ruhiyyə olacaqdır. Bilgəhdəki bağ evi isə Ruhiyyəyə çatmalı idi və gələcəkdə yəqin ki, o da bağı hər ikimizin oğlu olan Hamnetə vəsiyyət edəcəkdir. Bundan əlavə, uzun müddət dövlət qulluğunda olmuş adam kimi onun aldığı pensiya da, qanunçuluqda nəzərdə tutulduğu məbləğdə və qaydada arvadı Ruhiyyə Səfərliyə çatmalıdır.

 

Əbdül müəllim oxuyub qurtardıqdan sonra dedi ki, Ruhiyyə xanım sizin hansısa bir etirazınız varsa, məhkəməyə müraciət edə bilərsiniz, yəqin ki, o, mənzilin azyaşlı Hamnetə vəsiyyət edildiyi ilə əlaqədar qadının narazı qalacağını nəzərdə tuturdu. Ruhiyyə vəkilə dedi:

 

- Mən Hüseyni mənə nəsə almağına, qiymətli hədiyyələrinə görə deyil, bir ləyaqətli insan kimi sevmişdim və o, vəsiyyətində də buna tam layiq olduğunu bir daha göstərdi. Mənzilin sahibliyinin həddi-buluğa çatdıqdan sonra oğluma keçməsinə isə mən bütünlüklə razıyam. Ona qədər isə mənzilin sərəncamçılıq hüququ, ona qəyyumluq göstərən ana kimi mənə məxsus olacaqdır.

 

Vəkil Ruhiyyəni bu sözlərindən çox razı qaldı, hiss etdi ki, o, mülkiyyət qanunçuluğuna da yaxşı bələddir. Ərinin son iradəsinə də belə hörmətlə yanaşdığına görə ona öz razılığını bildirdi və əlavə etdi:

 

- Ruhiyyə xanım, əgər icazə verirsinizsə, mülkiyyətin və pul məbləğlərinin yeni varislərə keçməsi məsələsi ilə mən məşğul olum ki, siz bürokratik əngəllərə görə narahat olmayasınız. Bunları həll etdikdən sonra sizə əlavə məlumat verəcəyəm və vəsiyyətnamədə qeyd edilənlərin sərəncamçısı bundan sonra siz olacaqsınız.

 

Ruhiyyə göz yaşlarını silib, Əbdül müəllimə çəkməli olduğu əziyyətlərə görə əvvəlcədən minnətdarlığını bildirdi və onu da qeyd etdi ki, mənim yeganə təsəlli payım oğlumla yanaşı, Hüseynin dostlarının bizə xüsusi qayğı ilə yanaşmasıdır. Sizin öz üzərinizə götürdüyünüz öhdəlik də məhz Hüseynin bir dostu kimi əsl alicənablığınızdan xəbər verir.

 

Qonağı yola salandan sonra, Ruhiyyə ərinin son şəklinin qarşısında dayanıb, dünyanı tərk etdikdən sonra da ona və oğluna hərtərəfli qayğı göstərdiyinə görə ölçüyə sığmayan minnətdarlığını bildirdi. O, ərinin bədxərc olmadığını, sadə həyata üstünlük verdiyini bilirdi, lakin onun yetim qalacaq ailəsi üçün belə ehtiyat topladığını bilmirdi və rəqəmləri eşidəndə, vəkil başa düşməsin deyə, təəccübünü gizlətməyə çalışmışdı. Onun mirası bir müddət onların yenə də yaxşı, əvvəlki səviyyədə yaşayacağına möhkəm ümid yaradırdı. Bir müddətdən sonra isə o, özü işə düzəlib, evə qazanc gətirəcəkdi.

 

(Ardı var)

Telman ORUCOV

 

525-ci qəzet.- 2021.- 9 oktyabr.- S.22.