Təhsildə inkişaf
və innovasiyalar: kim
nə təklif edir?
Təhsil
Nazirliyinin keçirdiyi
"Təhsildə inkişaf
və innovasiyalar üzrə V qrant müsabiqəsi"nin nəticələri açıqlanıb.
Müsabiqəyə "Ümumitəhsil müəssisələri kateqoriya"sı
üzrə 230, "Fərdi
kateqoriya" üzrə
741 olmaqla, ümumilikdə
971 layihə təqdim
edilib. Ekspert qrupunun qiymətləndirməsi
əsasında "Ümumitəhsil
kateqoriya"sı üzrə
47, "Fərdi kateqoriya
üzrə" 132 layihə
olmaqla, ümumilikdə
ən yüksək
bal toplayan 179 layihə
qrant qazanıb.
Bakı
şəhər 8 nömrəli
tam orta məktəbin
coğrafiya müəllimi,
Beynəlxalq Coğrafiya
Olimpiadasının (İGEO) ölkə üzrə təmsilçisi Yaşar
Seyidəliyevin V qrant müsabiqəsində qalib
olmuş layihəsi də aktuallıq baxımdan diqqət çəkir. Belə ki, "Şagirdlərin Beynəlxalq Coğrafiya Olimpiadasına hazırlığı
- III modul" layihəsi coğrafiyadan
beynəlxalq müsabiqələrə
(iGeo və eGeo) hazırlıq təşkil edir.
Y.Seyidəliyevin sözlərinə görə,
2020-ci ildə ilk dəfə
olaraq şagirdləri
Avropa Coğrafiya olimpiadasından (eGeo) iki bürünc medal gətirib. Bu medallar
ölkə təhsilində
beynəlxalq coğrafiya
müsabiqəsində şagirdlər
tərəfindən əldə
olunan ilk medallardır.
Məhz təhsildə
qrant vəsaiti hesabına təmin olunmuş hazırlıq dərsləri ilə ölkəmizi coğrafiya
üzrə təmsil edən məktəblilər
ölkə təhsilində
coğrafiyadan ilk dəfə
Avropa Coğrafiya Olimpiadasında (eGeo) uğur qazanıblar: "Beynəlxalq coğrafiya olimpiadalarına hazırlıq
davamlı prosesdir. Bu səbəblə biz olimpiadaya hazırlıq dərslərini sadəcə
layihə müddəti
ilə məhdudlaşdırmırıq.
Layihəmizin icra müddəti
başa çatsa da, biz olimpiada gününədək dərslərimizi
davam etdiririk. Coğrafiyadan xüsusi istedadı
ilə seçilən
bölgə şagirdləri
də bu imkandan yararlana biləcəklər. Beynəlxalq coğrafiya
olimpiadalarına hazırlıq
sahəsində böyük
təcrübə və
bazaya malik olan layihəmizin əsas məqsədi iGeo və eGeo-da
ölkəmizi təmsil
edəcək şagirdləri
müəyyən etmək
və onların hazırlıqlarını ən
yüksək səviyyəyə
çatdırmaqdır.
Beynəlxalq Coğrafiya Olimpiadasına
hazırlıq dərsləri
beynəlxalq coğrafiya
kurikulumuna uyğun olaraq ingilis dilində keçirilir. Bu olimpiadalar
üç hissədən
ibarətdir: 1 - cavabı
yazılı olan test,
2 - multimediya testi və 3 - çöl işi. Layihəmizin vəzifələri arasında
orta məktəbdə
keçilməyən mövzuların
tədrisi, çöl
işi vərdişlərinə
yiyələndirmək, coğrafiyadan
istedadı olan şagirdləri iGeo və eGeo-da tələb olunan praktik təcrübələrə
hazırlamaq və çöl işlərinin
aparılma qaydasını
öyrətmək, coğrafiya
üzrə ölkə
təhsil kurikulum standartlarında olmayan, iGeo və eGeo-nun
proqramında (kurikulumda)
olan mövzuları keçmək də var. Layihənin sonunda şagirdlər beynəlxalq
coğrafiya olimpiadalarına
düşən suallara
cavab verə bilmək və çöl təcrübələrində
tələb olunan bacarıqları əldə
edəcəklər. Layihəmizin məqsədi həm də Azərbaycandan coğrafiya fənni üzrə beynəlxalq olimpiadalara komanda yaratmaq üçün metodologiya və bazanın təşkilidir.
Qeyd etmək
istərdim ki, layihəmiz çox böyük və məsuliyyətli bir işi öz çiyinlərinə götürmüşdür. Bu məsuliyyəti layiqincə
icra etmək və yerinə yetirmək üçün
bizə dəstək verən hər kəsə öz dərin təşəkkürümü
bildirirəm".
V qrant müsabiqəsində
"Ümumtəhsil" kateqoriyası
üzrə qalib gəlmiş Bakı şəhəri Məktəb-Lisey
Kompleksinin layihəsi
"Ümumtəhsil müəssisələrində
şagirdlərin fiziki,
mənəvi, sosial və psixoloji zorakılıqdan və qısnamadan müdafiəsinin
təmin edilməsi"
probleminə həsr olunub. Məktəb-Lisey Kompleksin tədris
(təlim-tərbiyə) işləri
üzrə direktor müavini Aytən Sadıqova deyir ki, şagirdlərin təhsilə başladığı
və təhsili davam etdirdiyi dövr psixoloji inkişafın əsas mərhələlərini əhatə
edir. Bu dövrlərdə
yaşadıqları hər
hansı psixoloji narahatlıq, stress, zorakılıq
(növündən asılı
olmayaraq) irəlidə
ciddi problemlərin yaranmasına səbəb olur. Ümumiyyətlə, bu yaş dövründə uşaqlara
yönəlik fiziki, mənəvi, sosial, psixoloji zorakılıq və qısnama bullinq termini ilə ifadə olunur.
UNİCEF-ə görə, bullinq uşaqların incidilməsinə səbəb
olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır:
"Təqdim olunan layihənin məqsədi,
intiharların qarşısının
alınması, uşaqların
psixoloji maarifləndirilməsi,
məktəb psixoloquna
yönəlik öhdəliklərin
müəyyən olunması,
məktəbdə psixodiaqnostik,
psixokorreksion və psixoprofilaktik tədbirlərin
görülməsindən ibarətdir.
Psixoloji maarifləndirmə ilə
bağlı şagirdlərin,
müəllimlərin, məktəb
rəhbərliyinin, məktəb
psixoloqunun və valideynlərin maarifləndirilməsi
istiqamətində seminarların
təşkil olunması,
intiharların qarşısının
alınması və intihar törətməyə
meyilli olan şagirdlərin tərbiyəsində
məhz empatiya hissinin yaradılmasına
nail olunması da layihənin əsas hədəfləridir. Bu səbəbdən empatiya bacarığının inkişaf
etdirilməsi yolları,
empatiya və simpatiyanın fərqi və empatiya haqqında məktəb psixoloqlarına praktik təlimlərin (workshop) keçirilməsi,
məktəb mühitində
qısnama və zorakılığa məruz
qalan və bullinq törədən şagirdlərin müəyyən
olunması, onlarla bağlı statistikaların
hazırlanması və
dinamikasının tədqiqinin aparılması nəzərdə
tutulur".
A.Sadıqova bildirib ki, bu
hədəflərə nail olmaq məqsədilə məktəb heyətinin maarifləndirilməsi üçün
praktik təlimlərin
keçirilməsi; məktəb
psixoloqlarında empatiya
hissinin formalaşdırılması
istiqamətində praktik
dərslərin keçirilməsi,
şagirdlərin psixoloji
maarifləndirilməsi, valideynlərlə
bullinqin nə olduğu, qarşısının
alınması yolları
ilə bağlı məlumat xarakterli iclas və seminarların
təşkili nəzərdə
tutulub. Həmçinin, psixodiaqnostik
testlər vasitəsilə
şagirdlərdə aqressiya,
stressə meyillilik, antisosial davranışların
təyin olunması, əldə olunan nəticələrə əsasən
müvafiq klinik müsahibənin keçirilməsi,
psixodiaqnostik və klinik müsahibənin nəticələrinə əsasən
statistikanın çıxarılması
və dinamikanı izləmək vacibdir. Məktəb
heyəti və valideynlərlə təşkil
olunacaq təlim və seminarlar onlayn, təhsilalanlarla isə onlayn maarifləndirmə işlərindən
sonra xüsusi ehtiyac duyulan şagirdlərlə fərdi
və qrup terapiyası təşkil aparılacaq.
Layihənin icrasından gözləntilər
şagirdlərdə bullinq
dinamikasının nəzarətdə
saxlanılması, məktəb
psixoloqlarının mütəmadi
valideyn və məktəb heyəti ilə əməkdaşlığının
gücləndirilməsi, şagirdlərin
bir-birilə empatik ünsiyyətinin və effektiv dinləmə bacarıqlarının inkişaf
etdirilməsi, məktəb
mühitində sağlam
psixoloji iqlimin formalaşdırılmasına nail olmaqdır.
Balakən şəhər 1 nömrəli
tam orta məktəbin
kimya müəllimi Leyla Hacıyevanın V qrant müsabiqəsində
qalib olmuş "İnnovativ və həvəskar kimyaçılar
klubu" layihəsi şagirdlərin elmi biliklərə marağının
daha da artırılmasına
hədəflənib.
L.Hacıyevanın dediyinə görə, son
dövrlərdən başlayaraq
ümumtəhsil məktəblərində
kimyadan tədris proqramlarının və dərsliklərin dəyişdirilməsi,
digər fənlərlə
zəif əlaqədə
olması və digər səbəblər
kimyanın tədrisində
müəyyən problemlər
yaradır. Şagirdin gözündə kimyanın çətin bir fənn kimi
görünməsinin səbəbləri
müxtəlifdir. Kimyanın asan
öyrənilən fənn
hesab edilməməsi,
ekoloji problemlərin səbəbkarı kimi görünməsi, eksperimental
bir elm olan kimyanın şagirdin qarşısına qaydalar
toplusu şəklində
çıxarılması, praktiki məşğələlər,
təcrübələrin imkanlar
xaricində olması kimi səbəblər şagirdlərin kimyanı
qavraması və gələcəkdə elmə
töhfə vermək
imkanlarını azaldır.
"İnnovativ və
həvəskar kimyaçılar
klubu" layihəsi Balakən rayonunda kimya fənninə marağı olan şagirdləri ortaya çıxarmaqla onların
təcrübə, praktik
məşğələ və
intellektual oyunlar və s. metodlarla hazırlığını yüksəltməyi
qarşısına məqsəd
qoymuşdur. Bu məqsədə
çatmaq üçün
layihə müddətində
şagirdlərin klub ətrafında təşkilatlanmasını
təmin etmək, müxtəlif təcrübə,
praktik məşğələ
və intellektual oyunlarla şagirdlər arasında kimyaya maraq yaratmaq, "Kimyaçı" intellektlərin
mübarizəsi adlı
intellektual oyununu təşkil etmək, tədqiqat layihələrində
ortaq mövzulardan istifadə etməklə kimyanı biologiya, coğrafiya, fizika elmləri ilə əlaqəli (inteqrativ) şəkildə öyrənməni
təmin etmək, həyata keçirilən
fəaliyyətləri KİV-də dərc etməklə digər şagirdləri də bu fəaliyyətə qoşulmağa sövq etmək planlaşdırılır.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 9 oktyabr.- S.21.