Mirzəyanın öpüşü,
ağayi mollanın xəyanəti və
Darçın xalanın qarğışı
Hekayə
Qulaq hər gün bir söz eşitməsə kar olar; əgər o söz mənim ayağımın altına sabun sürtürsə, onda elə qulağım kar olsa yaxşıdı. Sizdən nə gizlədim, neçə gündü, ding demədən dingildəyən ağaların yalanı və böhtanı məni cin atına mindirib; gah əzilmiş pamidor kimi, gah da qoltuğunda yumurta bişən cavanlar kimi özümdən çıxır, dəliqanlı oluram. Qulaq müsafiri də olmaq istəmirəm və heyrət edirəm qulaqlarıma ki, ötən il Gəncəyə atılan erməni bombasından nə əcəb kar olmadılar! Kaş elə kar olaydılar, nə o bombanın gurultusunu, nə də millətin ah-naləsini eşidəydilər! Amma mənim qulaqlarım Andronikin qulaqları kimi uzun deyil ki, kəsib atsınlar, millət kimi onlar da dözdü! Əsas millətin bərkiməyiydi – bərkidi, bərkidi, millət ayağa qalxdı, millət qalib gəldi.
İndi o kədərli və zəfərli günlər arxada qalıb, görürəm, yenə qulaqlarım cingildəyir, bərk cingildəyir! Əcayib-qərayib səslər eşidirəm. Bu dəfə o səslər müsəlman molla “qardaşlar”dan gəlir (nə əcəb Gəncə, Bərdə bombalananda cınqırlarını çıxartmadılar?!), özü də məni cırnadan səslər: “Mirzə, yan, kül ol, biz sənin acığına adını oğurlayan Mirzəyanla qucaqlaşıb öpüşürük!” (Vay, vay, vay! Heç biri də maska taxmayıb! Virusdan da qorxmurlar e!). Özgə olsaydı, məni bu qədər yandırmazdı, bunlar guya Peyğəmbərimizin nəslindən olan şəriətmədarilərin, seyidlərin, üləmaların, mollaların səsləridir, qardaş səsləridir, dindaş səsləridir, müsəlman səsləridir ki, qulaqlarımı deşir, cızdağım çıxır! Heç Cordano Bruno o cür yanmamışdı, mən yandım töküldüm! İndi neynəyim, təpəmə cin vuranda ağlıma min cür fikir dolur, adımı belə eşitmək istəmirəm! Bu gün səhər işə gedəndə də pis fikirlər başıma dolmuşdu, hirsimi, acığımı çomaq edib tutmuşdum çoban kimi əlimdə, inan Allaha, kim mənə “Mirzə” desəydi, baxmazdım cinsinə, ilişdirəcəkdim təpəsinə. Görün qabağıma kim çıxdı da!
– Sabahın xeyir, ay Mirzə!- qonşum Darçın xala gülümsədi.
– Mənə Mirzə demə!- qəflətən elə çımxırdım ki, arvad diksindi, məndən bunu gözləmirdi axı!
– Bismillah!
Allahü əkbər!
Niyə,
ay Mirzə?
– Demədim
mənə Mirzə demə? Adımı dəyişdirəcəm!
– Allahü
əkbər, sübhan
allah! Lənət
şeytana! Noolub axı, ay Mirrrr…
ay qonşu? – gördüm arvadın
rəngi ağardı,
dili topuq vura-vura danışır,
gözlərini də
bərəldib matdım-matdım
baxır üzümə.
– Heçççç…-
bir az
yumşaldım deyəsən
(Yazıq arvadın nə günahı var!). Dünəndən bəri başımı gic eləyən adımın mənasını
yadıma saldım, dedim:
– “Mirzə”
ərəbcə eşşək
arısı deməkdi…
– Buy, başıma
xeyir!- Darçın
xala güldü. – Bunu kim
dedi, ədə? Ərəb dili hardan ağlına
gəlib? Min ildi
bizim dildə “Mirzə” böyük, hörmətli yazı-pozu
adamına deyirlər!
Rəhmətliyin oğlu, elə
buna görə adamı arı kimi sancırsan səhər-səhər?
– Yox e, o Mirzəyana görə! Adımı oğurlayıb, sanımı-dadımı,
musiqimi, adətimi, ənənəmi…hər şeyimi oğurlayıb, torpağımı, evimi də oğurlamışdı.
İndi də mənim adımla gedib Tehrana, mollanın damağına şəkər
əzməklə məşğuldu.
Düşüb üləmaların, şəriətmədarların ayağına, başlayıb
yalvarmağa ki, bəs, rusdan, fransızdan bizə qardaş çıxmadı,
gəlin siz qardaşlıq eləyin bizə. Dinimiz ayrı olsa
da, siz bizi
heç vaxt darda qoymamısız, bərk ayaqda həmişə yanımızda
olmusuz. Ağayi molla da Mirzəyanı
bağrına basıb,
qucaqlayıb və deyib:”Biz o türklərə
yerini göstərərik!
Yəhudilərlə, İslamın
düşmənləri ilə
dostluq edirlər! Biz onlara göstərərik,
ağayi Mirzə-yan!”.
Darçın xala bir anlıq udqundu, başını bulayıb
dedi:
– A bala, o Mirzəyan kimdi ki?
– Ermənilərin
xariciyyə vəziri!
– Eh, ay Mirzə, burax bu boş söhbətləri. Mirzəyandı, Babayandı, Muradyandı, Allahverdiyandı, İmanverdiyandı…bunlar heç kimdi. Bunların dərsini vermişik necə lazımdı. Qarabağı da azad eləmişik, get kef elə. Sən, görünür tarixi yaxşı bilmirsən. Ən qorxulu düşmən o ağayi molladı! Yadında saxla, bunu mən deyirəm sənə – nə o molla rejimi, nə də ondan əvvəlki İran şahları heç vaxt Azərbaycanı müstəqil dövlət kimi görmək istəməyiblər. Sən onların əmmamələrinə baxma, mənim doxsandan çox yaşım var, heç vaxt onların əsl müsəlman olduqlarına inanmamışam. İslama və Qurani-Kərimə yaraşmayan hərəkətlərinə görə! Birinci Qarabağ savaşında da, İkinci Qarabağ müharibəsində də susdular; öz din qardaşlarını müdafiə etmədilər, düşmənlərimizə kömək etdilər. Mən müharibə vaxtı bunu sizə deyirdim axı, inanmırdınız! Rus yalandı, erməni ilə cici-bacı olan molla yüz ildi plan cızır, məqsədləri Azərbaycanı məhv eləməkdi, onu dövlət kimi gözü götürmür, vəssalam! Yəhudi-məhudi vəsilədi! Qırx ildi Təbrizdə, Ərdəbildə, Urmiyədə… cavan-cavan bacı-qardaşlarımızın başına oyun açırlar, analarının gözü qabağında qanına qəltan edirlər, heç nəyin üstündə qaldırıcı kranlardan asırlar, edam edirlər, zindanlarda çürüdürlər, ana dilində oxumağa qoymurlar, dünyanın da vecinə deyil! Belə müsəlmançılıq olar? Belə İslam olar? Xocalıda ermənilər qətliam törətdi, Qarabağda nələr eləmədilər, insanlığa qarşı, İslama qarşı cinayətlər törətdilər! Heç gör səslərini çıxartdılar o molla dediyin ağalar? Yox! Əlbəttə, Peyğəmbərin şəriətini amansızlıqla təhqir edən ermənini o molla öpər də! Ondan nə desən gözləmək olar!
(Vallah, bu arvad məndən çox bilir!)
Darçın xala əlini yellədə-yellədə “müqəddəs Qurani-Kərim onların gözünü tutsun!” qarğış elədi və bir qədər aralanmışdı ki, qəflətən çönüb gülə-gülə soruşdu:
– Ay Mirzə, bə o “Mirzəyan”nın mənası nədi?
(Pah atonnan! Arvada bax e! Məni yenə dingildədir!)
– “Eşşək arıları!”, farsca cəm halında belə çıxır!- bu da elə belə birdən ağlıma gəldi dedim.
– Ədə, saqqalın ağarsın! Aləmsən e başdan-ayağa! – arvad əlini ağzına tutub şaqqanaq çəkə-çəkə uzaqlaşdı.
Mən də başımı aşağı salladım, deyəsən bir qədər özümə gəlmişdim; başımdakı qaranlıq suallara cavab tapmışdım. Mirzəyanın Tehranda İRNA agentliyinə dediyi “dünyada cəmi iki dənə qədim sivilizasiya var – biri Ermənistandır, biri də İran!” məntiqsiz hökmü barədə düşünürdüm; düşünürdüm ki, görəsən mənim qədim adımı hələ də üstündə gəzdirən Mirzəyan o çadralı müxbir qadının güldüyünü gördümü? Görə bilməzdi axı! Müxbir qadının təkcə gözləri görünürdü, siması görünmürdü, çünki qara çadradaydı, qara çadrada! Mənim heç vecimə də deyil, cəhənnəmə gora çadradadı! Arvad çadrada olar da, əsas odur ki, ağayi kişilər çadrada olmasın. Əgər onlar da qara çadrada olsalar, yüz faiz əminəm ki, tarixi saxtalaşdırmaqda mahir ermənilər İslama da əl qatıb deyəcəklər: bu dini də biz yaratmışıq! Görəsən o zaman ağayi molla erməniylə yenə öpüşəcək?
Ədə, bəndədən utanmırsan, heç olmasa Allahdan utan!
6 oktyabr 2021-ci il
Bakı
Kamran NƏZİRLİ
525-ci qəzet.- 2021.- 9 oktyabr.- S.20.