Virusların ən təhlükəlisi...  

 

 

"COVİD-19" virusu bu dünyadan çox adamı apardı, həyatın bütün sahələrinə öz mənfi təsirini göstərdi. İnsanlar müxtəlif xarakterə malik olduğundan bu virusa münasibət fərqli oldu. Kimi onun qorxusundan təşvişə düşdü, kimi onun varlığını heç vaxt qəbul eləmədi. Deyir, ellə gələn dərd toy-bayramdı. Məktəblər bağlandı, biz hamı kimi evdə qaldıq. İndi məktəblər açıldı, amma biz hamı kimi məktəbə gedə bilmədik. Ona görə ki, insan qəlbindəki virus daha qəddar, daha acımasızdı. O, səni birbaşa öldürməsə , korş bıçaq kimi ömrünü doğramaqla məşğuldu həmişə sənə ziyan verir...

 

O günü məktəbə getdim ki, heç olmasa kitabları gətirim, uşaqlar ötənilki kimi evdə məşğul olsunlar. Direktor dedi ki, olmaz, əvvəlcə uşaqlar məktəbə gəlmədiyi üçün izahat yazmalısan. Mən , virusa görə onları məktəbə buraxmayan uşaqların atasının adından izahat yazdım. Sonra məktəbə gedən gələn uşaqların içindən keçib kitabsız, kor-peşman evə qayıtdım...

 

Demək olar ki, hər gün yoluxmanın sayını izləyirəm. Nəinki izləmək, hələ gündəliyimə yazıram. Allaha dua edirəm ki, bu virus tezliklə bütün dünyanı tərk eləsin. Mən uşaqları məktəbə aparım. Direktor dedi ki, belə getsə, sinifdə qalacaqlar. Buna heç inanmadım. Çünki qızım ötən il məktəbə getməsə , imtahanda hamıdan yaxşı yazdı. Axı onun əlindən kitab düşmür. Mənim yazılarımı rus dilinə tərcümə etmək kimi həvəsi var, cümlələri sözbəsöz tərcümə edir... 6-cı sinifdə oxuyur, indi o, 2-ci sinfin rus dili kitabını öyrənməlidi. Amma evdə əlinə keçən 7-ci sinfin kitabını oxumağa çalışır. "Qızım sinifdə qalacaq" - mənə gülməli gəlir, çünki qiymət biliyə verilir. Oğlan isə "proqramist"di, onunku kompüterdi... Öz yolunu seçib artıq, çox can atır bu sahəyə...

 

İnanıram ki, bu virus da tezliklə bizi tərk edəcək. Amma qəlbimi incidən, həmişə məni düşündürən odur ki, insan qəlbindəki dağıdıcı virus - kin, paxıllıq, təkəbbür, anlamazlıq, qəddarlıq kimi xəstəliklər yenə bizimlə qalacaq və həmişə insana, cəmiyyətə zərər verəcək...

 

 

Mina RƏŞİD

 

525-ci qəzet.- 2021.- 9 oktyabr.- S.20.