Zəfər dastanı
"QARABAĞ
ŞİKƏSTƏSİ"NİN YENİ NÖVRAĞI
Cəngi
tipli mahnıların ahəngi də el əhval-ruhiyyəsi ilə
bağlı olur. Nə etsən də, fikir-zikir
psixologiyasını istər-istəməz üstələyir. Bir ildən
çoxdur ki, Qarabağımızda da şikəstəmiz dərddən-qəmdən
uzaqdır. Yalnız bir gözəlin həsrətini
çəkir ki, o da düzələn məsələdir.
"Şuşa, sən azadsan", "Şuşa Azərbaycandır!",
"Qarabağ Azərbaycandır!" sözlərini təkrar-təkrar
vurğulayan xalq cəmi 44 günə 30 il sinəsindən asılan ağır yükü kənara
atıb.
Bir il əvvəl məsələnin belə
sürətlə həll olunacağını heç kim
gözləmirdi. Bunu tarix də gözləmirdi.
Qarış-qarış azad etdiyimiz torpaqlara
birdəfəlik sahiblənmişik. Ötən il
oktyabrın 4-də Cəbrayıl şəhərinin və
rayonun 9 kəndinin düşmən tapdağından təmizlənməsi
ilə əlaqədar Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xalqa
müraciətində vurğulanan xoş xəbər
ildırım sürətilə yayıldı, insanların qələbə
əzmini artırdı. Adamlar bu ümidi
yarımçıq yox, sonadək yaşamaq istəyirdi.
"Öldü var, döndü yoxdu"
çağırışı ilə irəli
şığıyanlar düşmənə ölümdən
də betər tale yaşadırdılar.
Gəncənin,
Mingəçevirin, Bərdənin, Tərtərin dinc sakinlərini
hədəf götürənlər özləri nişangaha
çevrildilər. Qələbə
bütün parametrləri ilə sübut etdi ki, rəhbərimiz,
xalqımız buna layiqdir. Çünki
biz sözün əsl mənasında müasir tələblərə
uyğun müharibə aparırdıq. Söz
sənətimiz də silahlanmışdı. Həm süngü, həm də silah-sursatla.
İndi
"Qarabağ şikəstəsi"ni
necə qürur və vüqarla dinləyirik. Çünki
qalib ordunun əsgəri olmaq ikiqat şərəfdir. Onun Ali Baş Komandanı olmaq isə yüksək
sevinc və qürur hissidir. Yadımıza
düşmən tərəfin məğlubiyyəti etiraf edən
sülh müqaviləsinə səssiz-küysüz imza atarkən
necə miskin görkəm aldığını salaq. Cənab İlham Əliyev isə Qalib Ordunun zəfərli
Ali Baş Komandanı kimi məğrur görkəmdə
dayanmışdı.
Müharibədə ədəbiyyatımız da
sınaqlardan üzüağ çıxdı. Nədən və necə
yazmaq üzərində düşüncə bizə nəsillərə
örnək ola biləcək canlı
müasir nümunələr qoydu. Gənclərimiz
bir əlində silah, digərində qələm boş
dayanmadılar. Əvvəl barıt qoxulu
illərin yaddaşını yeni dövrə daşıyanlar
təcrübələrindən faydalandılar. Müharibə dövrünün müasir
ensiklopediyalarının ilk nümunələri kitab rəflərini
bəzəməyə başladı. "Qarabağ
dastanı. Otuz ilin həsrəti - 44
günün zəfəri" adlı fundamental əsərlər
toplusu hamı üçün ərməğan oldu. Onu da deyək ki, kitab Qarabağ zəfərinin
atası, Ali Baş Komandan, ərazi bütövlüyü bərpa
olunmuş Vətənimizin Prezidentinə həsr olunub.
Nəşr 528 səhifədir. İdeya müəllifi
Xalq yazıçısı Anar, redaktoru və ön
sözün müəllifi Yazıçılar Birliyinin sədr
müavini Rəşad Məciddir. Dastanlar
adətən yaxın, uzaq keçmişi retro kimi
ağuşuna alıb olub-keçənlərdən bəhs edərlər.
Bu yurddan söhbət açanda əvvəl
söz, musiqi, sənət, sonra sevinc, kədər, dostlar,
tanışlar, ümidlər, nəhayət xatirələr
yada düşər. Kitab 32 hekayədən,
67 şeirdən və Anarın 11 xatiratından ibarətdir.
Belə bir kitab barədə haradan
başlayıb mövzunu necə yekunlaşdırmaq məsələsi
gündəmdə dayanır. Gəlin tələsməyək.
Diqqətlə oxuyaq və nəticə
çıxaraq. Bəlkə bu zəfər
dastanları ordan-burdan götürülmüş sinə
dağlayan lövhələrdir, yaxud zəfərə köklənən
xatirələrdir. Əsla yox. Mövzuları diqqətlə oxuduqda dünənimizdən
yaxın keçmişimizədək bir-birlərini tamamlayan
lövhələr görərsən. Bu
ülvülüyün təminatçısı rolunu
Anarın "Qarabağ şikəstəsi" tənzimləyir.
Dastanda yazıçının ötən və
zəfər günlərinin yazıları və qələbədən
sonrakı xatirələri cəmləşib.
Sənətkar dünyanın dürüst
vaxtlarının hekayələrini xırdalayır. Oxuyursan,
adamın təsəvvürünə belə gəlmir ki,
top-tüfəng səsini sovet dönəmində nadir halda
eşidib. Yazıçı və jurnalist
həmkarımız Aqil Abbas demişkən, uşaqlar
Qarabağ şikəstəsinin səs-sədası ilə
yuxuya dalıblar. "Qarabağ şikəstəsi"ni,
"Şuşanın nisgili"ni, "Qədim xalq
havaları"nı oxuyarkən sual
doğur, axı kimsəyə hansı pislik etmişdik ki,
yurd-yuvamıza 30 il həsrət qaldıq.
"Qarabağ şikəstəsi" Anarın hələ
gəncliyindən yaşıdları və daha cavanların
sevdikləri stilistikadır. O zamanlar gənclərin çoxunda
kaş onun kimi yazaydıq arzusu baş qaldırardı. Diqqət edək. Az gedib,
üz gedib, dərə-təpə düz gedən
yazıçı Qarabağla bağlı elə surətlər
yaradır ki, həm dodağın qaçır, həm istər-istəməz
o obrazları böyüklü-kiçikli əbədi
yaddaşına yazırsan:
"Özüm də bilmirəm Şuşanı niyə
bu qədər sevirəm. Burda
doğulmamışam, burda böyüməmişəm, əslim-nəslim
bu şəhərdən deyil, qohum-əqrabam bu şəhərdə
yaşamır. Söz yox, vətənin hər
qarışı, hər bucağı gözəldir".
Bəli, Anar əsl Vətən sevgisindən
yazır, torpağı necə sevmənin əsaslarından
yazır. Burada yaşayan qeyri-millətlərin,
həmçinin ermənilərin sevgisindən yazır.
Lakin yazıdan cəmi 5 il ötməmiş
bu məhəbbətin əsl köklərini həyat
özü üzə çıxarır. Bu
sevgi eqoizmə, qatı millətçiliyə, başqa
xalqları bəyənməzliyə bürünmüş vəhşilik
libasını geyinmişdir.
Həyat insanı tamamilə dəyişir,
"Şuşa nisgili", 2000-2001-ci illərdə
yazılmış seirlər Anarın həyata tam yeni
baxışıdır. Şuşa nisgilində:
Atıldı
Şuşam,
Satıldı Şuşam.
Mən də
bununla
Gərək barışam?
Sualın
özü cavab verir: "Sarsağın biri sarsağ,
Qarabağ deyil Artsağ". Sənətkar bizim xalq
mahnılarını dinləyərkən bir il
sonra acı təəssüratla yazır:
Oymaq-oymaq,
qarış-qarış,
Gəzmişəm
Azərbaycanı.
Qismət
olmadı bircə tək
Görmədim
Zəngilanı.
"Cocuq
Mərcanlının cocuqları" hekayəsində
Yazıçılar Birliyinin "Natəvan" klubunda İlkin Şükürbəylinin
və Nəsimi Faiqoğlunun tərtib etdikləri "Qətl
edilmiş cocuqlar" kitabının təqdimatında
iştirakdan sonra Anar yazır: "İki ayağı, iki əli,
iki gözü, başı və bədəni olan insan qiyafəsində
bir məxluq uşaqlara
qarşı heç bir yırtıcı heyvanın edə
bilməyəcəyi qəddarlığı edə bilərmiş...
Ordumuzun şücaətilə yağı
tapdağından azad olunmuş kənd Cocuq Mərcanlı
adlanır. Bu qədim ad indi hardasa rəmzi
mənada səslənir, elə bil Qarabağda, Xocalıda məhv
edilmiş cocuqlarımızın şərəfinə
qoyulub". Yazıçı sözünü konkret qələmə
alır: Bu kitab intiqam üçün deyil, yaddaş
üçündür.
Anar
ötən il "Erməni mifinin süqutu"nu,
"Senatorlar və "paraşütçülər"i
yazmaqla, "Yaşa Şuşa"mla qələbə nəğməsini
yaddaşlara həkk edir. "Qəribədir,
amma hər yerdə adını söyləyəndə
inanılmaz dərəcədə kövrəlirəm"
deyib övladların qəlbində bir "Qarabağ şikəstəsi"
yatdığına işarə edir.
Biz eyni sözləri kitabın ön sözünün
müəllifi Rəşad Məcidin sevinci, təəssüratları
publisistik sətirlərə sığmayan düşüncələrində
görürük. "Şuşa gör nələr
eylər" ("Qələmsiz
yazılanlar" silsiləsindən) seriyasından olan
yazılarda görürük:
"Azad
olunmuş Ağdamdan Şuşaya gedən maşın
karvanında yol boyu sükuta dalan yazıçı,
"Ədalət" qəzetinin sükanını məharətlə
idarə edən Aqil Abbasın bir qarabağlı kimi çəkəcəyini
çəkmək bizim üçün çətindir. "Evimi sökə bilərəm,
torpağı yox" sətirlərini yazan müəllif
müdrik yazıçı mövqeyini nümayiş etdirir:
"Bu da bizim küçədi... Bu da bizim qonaq-qaralı
evimiz... Bəli biz evimizi əvvəlkindən də gözəl
tikəcəyik..."
Kitabın "Qarabağ doğma yurdum" fəslinin
Xalq yazıçısı Elçinin "Şuşanın
dağları başı dumanlı..." yazısı ilə
açılmasında həm yaş, həm də həyat təcrübəsi
baxımından bir eyniyyat gördüm. Söz sərrafı
yazır: "Artıq 1982-ci ilin Şuşasındakı o
qarlı-boranlı 14 yanvar günü haqqında çox
yazılıb, ... çox göstərilib, ancaq deyilmişləri
təkrarlamağı xoşlamasam da, bu yazını
başlamaq istəyəndə həmin günü
xatırladım və aradan keçən bu 39 ildən sonra o
soyuq günün hərarəti (!) özü
ilə doğma Şuşa ab-havasını gətirdi...".
Şuşada Molla Pənah Vaqifin məqbərəsinin
açılış mərasimində Ümummilli Liderimiz
Heydər Əliyev başda olmaqla respublikanın
sayımlı-seçimli adamları iştirak edirdilər.
Ali Sovetin sədri Süleyman Rüstəm,
Yazıçılar Birliyinin sədri Mirzə İbrahimov,
neçə-neçə tanınmış söz sahibi,
milli musiqimizin korifeyləri özləri ilə bir dünya
sevinc gətirmişdilər. Qarabağın erməni
şairləri Azərbaycan dilində sərbəst
danışdıqlarından zövq aldıqarını dilə
gətirirdilər. Bunu Ümummilli Liderimiz
yaxşı başa düşürdü. O, Qarabağın
erməni icmasının niyyətini, gələcək
planlarını çox gözəl bilirdi, çünki
onların söz və əməlləri heç zaman üstə
düşməzdi.
Sonradan hakimiyyətə qayıdan respublika rəhbəri
fundamental gedişləri ilə Azərbaycana nicat verəcək,
Milli Ordu təşkil edəcək, onun müasir silahlı
qüvvələrə çevrilməsini oğlu İlham
Əliyevə həvalə edəcək. Bu niyyətin
böyük məharətlə həyata keçirilməsi
göz önündədər. Qarabağ azaddır!
Kitabda
müasir Azərbaycan ədəbiyyatının imzasına
haqq edən insanların bir çoxunun imzası var. Ramiz
Rövşənin ("Qapısız açarlar"),
Elçin Hüseynbəylinin ("Xiffət...lənət və
sevgi"), Şirindil Alışanlının ("Su səltənəti
Laçın") yazdıqlarını hiss-həyəcansız oxumaq
olmur.
Qarabağ demişkən, sənətsiz yaşamaq orada
çox çətindir, bəlkə mümkün deyil. "Anadır arzulara hər
zaman Qarabağ" sədaları üzərində gəzişmək
necə xoşdur! Bu missiyanı öz üzərimizdən
tanınmış alimlərin üzərinə atıb rahat nəfəs
alırıq. Filologiya elmləri doktoru Vilayət Quliyevin
"Qarabağ bədii ədəbiyyatımızda"
yazısında Qasım bəy Zakir, Xurşudbanu Natəvan, Nəcəf
bəy Vəzirov, Üzeyir Hacıbəyov, Yusif Vəzir
Çəmənzəminli, Süleyman Rəhimov və digər
böyük şəxsiyyətlər səciyyələndirilir.
Akademik Zemfira Səfərova "Şuşa Azərbaycanın
musiqi qalasıdır" yazısında diqqəti Niyaziyə,
Fikrət Əmirova, Bülbülə, Rəşid Behbudova,
Əfrasiyab Bədəlbəyliyə, Polad
Bülbüloğluna çəkir. Tanınmış
jurnalist-araşdırmaçı Vasif Quliyev "XVIII əsr
Qarabağ poeziya məktəbi"nin Vaqiflə
başlanan sırasını davam etdirir. Pərvin
"Qarabağı vərəqləmək"lə onun ədəbiyyatımızda
yerinə və roluna nəzər salır.
Mehriban Vəzir yenə səliqə-sahmanla
Qarabağın məşhur xanımlarından bəhs edir. O cümlədən,
Ağabəyim ağa və Gövhər ağa Cavanşirlərin,
Xurşidbanu Natəvanın ...
yaddaşlarda surətlərini canlandırır.
Görkəmli
elm, sənət fədaisi Kamal Abdulla bir övlad kimi
torpağı üçün öz borcunu əsirgəmir,
"Müharibə və onun ədəbi-bədii əks-sədası"ndan
böyük ilhamla söhbət açır, Sabir Rüstəmxanlı
isə bədii sözün səfərbəredici
gücündən bəhs edərək yazır: "Biz
qayıtmışıq, özü də bir daha geri dönməmək
üçün!"
Oxucu
bağışlasın, şeir çələngini bu kitaba
daxil etməyə nümunələr az
deyil. Müasirimiz də var, klassikimiz də.
Ona görə də iki çeşiddə
ayırıb seçdik. Səməd Vurğunla
başlayıb Süleyman Rüstəmi, Rəsul Rzanı,
onlardan nisbətən cavan nəsillər - Məmməd Araz, Xəlil Rza
Ulutürk, Vaqif Səmədoğlu, Nəriman Həsənzadəni
və nəhayət gənc nəsli bölgüdə əhatə
etdik. İndi sonuncuların özləri də yaşca az deyil. Ağsaqqallığa
namizəddirlər və onların yeri heç vaxt boş görünməyəcək.
Deyiləndə ki, söz ölməzdir, qətiyyən
etiraz etmirəm. Səməd Vurğunun müharibəsiz
illərdə yazdığı "Şuşa"dan bir bənd:
Qoynuna
girməyə qalmışdır bir az,
Könül fərəhlənib eylədi pərvaz.
Ölməyib
görəydim seyrini hər yaz,
Səndə
vardır başqa lətafət, Şuşa!
Rəsul
Rza "Qarabağ - baba yurdum"da yazır:
Sənə Qarabağ dedilər,
Bəlkə, "qara bax" dedilər...
Bəxtiyar Vahabzadənin "Muğam" poemasında qədim muğamatımızı "Daş ürəklərdə yanıb daşları sındırdı muğam, Haqqa düşmən olanı haqqa tapındırdı muğam" sözləri onu hikmət dünyamıza çatdırır. Qabilin "Azərbaycan əsgəri" igidliyimizi vəsf edir. Nəriman Həsənzadə "Görəsən, Ağdama yağış yağdımı" ritorik şeirini 35 il əvvəl qələmə alanda əsl boranın göy üzündə görünəcəyi şübhəsizdir. Məmməd Araz "Əlvida dağlar"ını yazanda sanki uzun müddət dost-tanışdan uzaq düşəcəyi aydın görünür.
Müharibə dövrünün reallıqları ağlımıza belə gəlməyən "Qaçqın gəlinə" şeiri Fikrət Qoca tərəfindən ipə-sapa düzülür. Ramiz Rövşən, Vaqif Səmədoğlu, İsa İsmayılzadə, dövrün əzazillərinin haqq-hesaba çəkiləcəyindən söhbət açırlar. Məmməd İsmayıl "Bu qan yerdə qalan deyil" inamını əminliklə dilə gətirir:
Dayanma, nə dayansa da,
Gələn vaxt-vədə yansa da,
Zülüm
ərşə dayansa da,
Bu qan yerdə qalan deyil.
Eldar Baxış "Ocaq" kitabının müəllifinin öz cəzasını çəkəcəyinə əminliyini bildirir. Vaqif Bəhmənli "Bəhmənli himni" yaradır, Şahin Musaoğlu isə "Şuşa, mən sənə qayıtdım" deyir. Qəşəm Nəcəfzadə "Azərbaycan əsgərinə" qələbə arzulayır.
Bunlar erməni faşizmi üzərində qələbəmizə
vurulmuş bir möhürdür. Onun yükü altından
çıxmaq qeyri-mümkündür. "Qarabağ
dastanı. Otuz ilin həsrəti - 44 günün zəfəri"
dünənimizin parlaq səhifələri,
sabahımızın böyük uğurlara addımlayacaq
yoludur.
Əflatun
AMAŞOV
Azərbaycan
Mətbuat Şurasının sədri
525-ci qəzet.- 2021.- 9 oktyabr.- S.19:24.