Qarabağı vərəqləmək  

 

 

Məlum olduğu kimi, bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə hazırlanan "Qarabağ dastanı, otuz ilin həsrəti - 44 günün zəfəri" adlı kitab işıq üzü görüb. Kitabda Azərbaycan yazıçılarının Qarabağla bağlı xatirə və düşüncələrinə yer verilib. Bu yazılarda Qarabağın tarixinə dair maraqlı faktlar, müəlliflərin şirinli-acılı xatirələri öz əksini tapıb.

 

Qəzetimizin bu sayında yazıçı Pərvinin kitabda yer alan "Qarabağı vərəqləmək" yazısını təqdim edirik.

 

***

 

Gözümüzü açıb dünyanı azca hiss edəndən Qarabağ sözünü ağrı, əzab, itki ilə qavramışıq. Böyüklərin dərin təəssüf və iztirab dolu söhbətlərində bəzən ümidi, bəzən də ümidsizliyi duymaq çətin olmayıb. O yerlərin havasından, suyundan, səfasından, gözəlliyindən qorxa-qorxa danışıblar. Oraları görə bilmədiyimiz üçün, sulardan içib bal havanı ciyərlərimizə çəkmək imkanımız olmadığına görə  utanıblar da qarşımızda. Ona görə hərdən heç üstünü vurmayıblar. Ki bizdən daha şanslı imişlər. İnsan psixologiyasının bir qanunauyğunluğu var; həmişə övladının səndən daha yaxşı yaşamasını, daha xoşbəxt, daha rahat ömür sürməsini istəyirsən. Hə, illərdir ki, böyüklərimizin qarşımızda bir əskik işi vardı. Çünki bilirdilər - Qarabağdan "daha yaxşı, daha rahat, daha xoşbəxt" ola bilməz... Bu gözəllikdən məhrum olmağımız, gözümüzə batan tikanlı məftillər çox ağrıdıb onları, bilirəm. İtkidən, iztirabdan doğulanlar daha güclü imişlər. Onların Qarabağsız ölmək  vahiməsindən müqəddəs yerləri həqiqi sahiblərinə qaytaran, düşmənin başını əzib yerini göstərən nəsil yetişdi. Və anladıq ki, insana xas ən murdar cəhət unutqanlıqdı, vecsizlik, biganəlikdi. Biz Qarabağı unutmadığımız üçün, ona bir an belə biganə qalmadığımıza görə Vətən müharibəsində qalib olduq. 44 günə sığan Zəfər mübarizəsinin düşüncədə müharibə, şüurlarda mücadilə mərhələsi də var. Bəli, 44 günün arxasında 30 illik fikir savaşı durur. Axı sevgi hər şeydən əvvəl düşüncədi; fikrindən çıxmayanı sevirsən, ağlını tərk etməyən qəlbinin də hakimidir deməli. Biz bu illərdə bir an ara vermədik Qarabağ sevgimizə... Amma gənc nəslin yaşadığı bir acı reallıq da Qarabağı dağıdılmış, viran qoyulmuş kadrlarla tanımağıdı. Qarabağ savaşı və tarixi ədalətsizliklər haqda yazılmış əsərlər, çəkilmiş filmlər, hər il adamın ürəyini parçalayan sənədli kadrlar və itkilərimizin statistikasının efirdən çatdırılması çox mühümdü. Xüsusən yeni gələn nəsillərin həqiqətləri bilməsi, dəqiq dərk etməsi və elə Vətən müharibəsinə hazır olması üçün həyati əhəmiyyəti vardı. Amma hər dəfə viran Qarabağı kadrlardan görəndə içimizdə dəhşətli bir ehtiyac da üsyan qaldırıb. Bəs hanı o dinc, azad, gözəl Qarabağ?! Dünya cənnətə dönsə, yaddan çıxmayan, dili-dodağı tar-kaman olan, nəğməyə, dastana, ən təsirli eşq hekayəsinə dönmüş o yurd hardadı?! Ora əlimiz çatmırsa, ünümüz yetmirsə, barı filmlərdən, bədii əsərlərdən görmək, tanımaq imkanımız olsun. Elə bu ehtiyacla Qarabağı ifadə edən bir yaşıl yarpaq, bircə çiçək, bir uşaq gülüşü, gəlin-qız yaşmağı, at belində kişi, əlçatmaz dağ, yorğan-döşəyə meydan oxuyan çəmənlik, beyni sığallayan musiqi, fikri arındıran söz üçün ürəyimiz gedib.

 

2012-ci ildə Astanada (indiki Nursultan şəhəri) Anar müəllimə "Türk dünyasında ilin ədəbiyyat adamı" mükafatı təqdim olunurdu. Türk dünyasının müxtəlif yerlərindən gələn söz adamları yazıçıyla söhbətlər edir, sualların ünvanlayırdılar. Yadımdadı, Lev Qumilyov adına Pedaqoji Universitetdə keçirilən tədbirdən sonra mən də fürsətdən istifadə edib "Üzeyir ömrü" filmi haqqında soruşdum. Etiraf edim ki, məni filmin çəkiliş tarixçəsi daha çox maraqlandırırdı; Rəsul Rza və Nigar Rəfibəylini yüz günün içərisində itirən oğul o yas, matəm günlərində Şuşada film çəkirmiş. Həftənin cümə axşamları Bakıya yas mərasimlərinə gəlib sonra yenidən Şuşaya qayıdırmış. Məhz bu filmin sayəsində Azərbaycan tamaşaçısı Üzeyir bəy dühasını hərtərəfli anlaya, görə bildi... Bəlkə yaşıma uyğun uşaqsayağı maraqla Anar müəllimin gözlənilməz bir etiraf edəcəyini, valideyn itkisindən doğan ağrısını filmə necəsə köçürməsindən danışacağını gözləyirdim. Amma o, filmdən, dəhşətli itkilərindən yox, Şuşadan və şuşalılardan dedi. Dedi ki, film çəkilişi, Şuşa və şuşalılar olmasaydı, o ağır günləri yaşaya bilməzdi. Şuşanın əsrarəngiz təbiəti, insanlarının həssaslığı, qonaqpərvərliyi, sənət qoxan ab-havası itkiləri ovutmağa yardımçı olub. Qarlı, bumbuz Astanada Anar müəllim - yenə yaxşı ki, o film çəkilib, Şuşa o kadrlarda qalıb - dedi. Və bu sözlərdən Şuşa nisgilinin ən dərin qatlarını duymaq çətin deyildi.

 

Həqiqətən, filmdə Üzeyir bəy və Şuşa bir tamın, bütövün paralarıdı. "Leyli və Məcnun" kimi bənzərsiz sənət nümunəsi, Bülbülün ariyaları, Bəhram Mansurovun tarda ifası, Qədir Rüstəmovun Azan kimi sədası, "Qarabağ bülbülləri"nin ilikləri tərpədən səsi, Xan qızı Natəvanın övlad itkisindən doğan kədərli misraları Şuşanın əsrarəngiz təbiəti ilə, Allahın Şuşaya səxavəti ilə iç-içədir... Və bunlara baxanda, dinləyəndə xoşbəxtliyin varlığına inanır adam. Anarın rejissor kimi uğurlu tapıntılarından o qədər danışmaq olar ki... Amma indi Şuşa həsrətimiz sona çatdığı üçün ayrı cür izləyirəm filmi. Üzeyir bəyin Peterburqda suya baxıb Şuşanı, qarda açılmış cığırla gedən qocanı xatırlamasını elə yaxşı başa düşürəm ki! Elm, sənət, mədəniyyət paytaxtı Peterburqda Şuşadan ötrü qəribsəmə, həm də müəllifin bu nisgili Üzeyir bəyə yaraşdırması çox dəqiqdi... Qəribə bir tənhalıq yağır bu kadrdan. Adama elə gəlir ki, Üzeyir bəy bu izahsız, heç bir təhlilə gəlməyən düşüncələriylə birgə fərqlidi, qeyri-adidi, Şuşadı!

 

Xankəndidən Şuşaya gedəndə yeddi qat dolamanı keçəndən sonra yolun sağ əlində Ərimgəldi yerləşir. Bir vaxt yaz aylarında xankəndili bəylər faytonla Aran Qarabağa gedərmişlər. Bəylərin xanımları da bu qayanın ətrafına yığışar, istirahət edər, ərlərinin yolunu gözləyərdilər. Elə ki tanış atlını görərdilər, ərini qaraltısından tanıyan gəlin bərkdən: "Ərim gəldi, ərim gəldi" - deyərdi. Qarabağ xanlığı dönəmində burda qala tikilib və əvvəllər Çanaqqala  adlanan qala getdikcə Ərimgəldi adını alıb... "Üzeyir ömrü" filmində "Leyli və Məcnun" operasından qızların xorunu dinləyə-dinləyə gəlinlərin həmin qaladan bulaq başına enməsini izləyirik...

 

Bu gələn yara bənzər,

Telləri qara bənzər

Ay qız, ay qız, bir bəri bax!

Qoşa xallar üzündə...

 

Sanki bu sözlər, musiqi, qızların "sallana-sallana" enişi elə bu yerlər üçün yazılıb. Filmin də üstün cəhəti Şuşanın mədəniyyət paytaxtı, konservatoriya, söz-sənət ocağı olmasını Üzeyir ömrü nümunəsində, içərisində göstərməsidi. Və bu gün məhz elə "Üzeyir ömrü" sayəsində qazandığımız qələbəni hər cəhəti ilə dərk edirik... Azad olan sadəcə torpaq deyil, yurd deyil, həm də o torpaqda bitəndi, ordan boy göstərən sözdü, sənətdi, musiqidi, Üzeyirdi.

 

Amma nə yazıq ki, azad olunan Qarabağımızı bizə yerlə-yeksan qaytarıblar. Daşı daş üstə qoymayıblar, tarixi, mədəniyyəti, yurdlarımızı, təbiətimizi talan ediblər. Tez bir zamanda Qarabağın dünyanın cənnət guşəsinə çevriləcəyinə şübhə yoxdu. Bununla belə, elə qələbə ovqatında o dinc Qarabağı duymaq, hiss etmək, oxumaq keçir adamın könlündən. Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyası çatır dadımıza. Bu, Mirzə Fətəlinin ən məşhur əsəridir. Əsasında ekranlaşdırılmış "Dərviş Parisi partladır" filmi Mərdəkan dendrarisində çəkildiyi üçün Qarabağın necəliyini elə mətn əsasında hiss etməyə çalışıram. 

 

Axundzadə komediyalarında Azərbaycanın müxtəlif bölgələrini - Nuxa, Təbriz, Sərab, Ağcabədi və s. məkan olaraq seçir. Və burda niyyət ümumxalq narahatlığını, problemlərini fərqli yerlərə paylaşdıraraq diqqət cəlb etməkdi. Nuxalı öz yerlilərinə baxanda, ya da qarabağlı el arasında tanınan adamları səhnədən görəndə, onlara güləndə özü haqqında da düşünəcək şübhəsiz; gerçək sənət vasitəsiylə maarifçilik də elə budur, məncə... Etiraf edim ki, indi fransızların inqilab edib hakimiyyəti dəyişəndə bizim arvadların cadu-piti ilə məşğul olması, bu gün də müasir ad qazanmış xurafatın - ekstrasensliyin ekranlardan təbliğatı haqqında danışmaq həvəsində deyiləm... Belə, yaxşı edib çağırmışıq dərvişi, Parisi də əcəb edib dağıtmışıq... Nədi Şahbaz gedib Firəngistanda üzüaçıq qızlarla şənlənməli, Şərəfnisə də burda gözünün yaşın tökməliydi?! Oyy, deyəsən, zəfər havası başımı gicəlləndirib və belə yozumları da elə ləzzətlə dilə gətirirəm ki. Vallah qınamayın, mən həmin dövr maarifçilərimizin oxumağın vacibliyini minbir üsulla çatdırmağa çalışmasını başa düşürəm. Mirzə Fətəlinin Parisə oxumağa gedə bilməyən Şahbazı, Nəcəf bəy Vəzirovun Fəxrəddinin, Mirzə Cəlilin İskəndərinin sələfidi... Oxumağa gedə bilməyən Şahbazın dərdi birdisə, oxuyub gəlib dilbilməzlər arasında yaşamağa məhkum olan Fəxrəddinin, İskəndərin bəlası rəqəmlərə sığmaz... Amma mən indi Qarabağı oxumaq, anlamaq istəyirəm. Çünki məhz "Müsyo Jordan..."da Qarabağ ayrıca xarakter olaraq qələmə alınıb. Özü də dahimiz Mirzə Fətəlinin ustalığı sayəsində qısa dialoqlar, bir cümləlik fikirlərlə...  

 

"Əvvəlinci məclis Qarabağ vilayətində min iki yüz altmış üçüncü ildə yazın əvvəlində, Novruz bayramından bir gün keçmiş Təklə-Muğanlının qışlağında vaqe olur". 

 

Deməli, əsər başlayan kimi müəllif deyir, yerini rahat elə Qarabağdan danışacam. Və burda qarabağlıların xasiyyətindən tutmuş təbiətinin qeyri-adiliyinə kimi hər şey var...

 

Misal üçün elə əvvəldə Şəhrəbanu xanım gözünün yaşını töküb Şahbazın gedəcəyindən danışan qızını sakitləşdirir öz aləmində: "Necə adaxlım kimdir? Bəs əmin oğlu Şahbaz bəy kimin adaxlısıdır? Atan iyirmi gündən sonra allah qoysa, sizə bir toy edəcəkdir ki, tərifi tamam Qarabağda söylənəcək. İsrağagün aşnası zərdablı Qurban bəyə kağız yazırdı ki, Şamaxı çəngilərinin vədəsini alsın, toya göndərsin".

 

Təkcə bu məqamda bir tərəfdən zəngin həyata alışmış Qarabağ qadınlarının dəbdəbə sevdalısı olması, digər tərəfdən də burda keçirilən toyların koloriti duyulur. Amma əsərdə zamanın təsdiq etdiyi başqa mətləblər də var. Müsyo Jordanın Şahbazı tovlamağını eşidəndə Şəhrəbanu xanım öz-özünə deyinir: "Bu firənglər necə naşükür xalq olurmuşlar. Heç yaxşılıq bilməzmişlər. Mən ağılsız, genə tarının hər günü nahara müsyö Jordana qaymaq gərək, yağ gərək, axşama plov gərək, bozartma gərək ki, gedib öz ölkəsində deməsin ki, Qarabağ hörmət eləmək bilmirlər. Di gəl bundan sonra xalqa yaxşılıq elə! Tamam yaxşılığım bada çıxdı getdi".

 

Bu sözlər son vaxtların olaylarını xatırlatdı lap... İllərlə beynəlxalq tədbirlər, konfranslar keçirib ən gözəl qarşıladığımız, yedizdirib-içizdirib ən bahalı otellərdə, göz üstündə saxladığımız əcnəbilər bəzən gedib ölkəmiz haqda yalan da uydurub yazdılar, bədnam qonşuya da yarındılar. Firənglərin də Qarabağ hadisələrində mövqeyi və davranışı şərhə gəlmir... Elə düz deyirmiş Şəhrəbanu xanım! 

 

Amma Hatəmxan ağa da haqlıdır ki - bizdə hər nə adət və xasiyyət var isə, əksi Paris əhlindədir... Ürəklə yaşayan bizlərdən ötrü merkantil firəngləri anlamaq heç vaxt sadə olmayıb. Amma Mirzə Fətəli məhz parisli Müsyo Jordanın diliylə Qarabağın avropalıları heyran qoyan təbii zənginliyini çatdırır:

 

"Qarabağa gəlməsəydim (əlini uzadıb cibindən bir dəftər çıxarıb, açıb içində səliqə ilə düzülmüş bir neçə otları göstərib), əgər mən Qarabağ gəlməsəydim, kim biləcəkdi ki, Qarabağın yaylaqlarında bu otlar mövcuddur? Bundan əvvəl bizim ətibba və hükəmalarımız cənab Linney və Turnefort və Bartram belə güman etmişlər ki, bu nəbatat ancaq Alp dağlarında və Amerikada və Afrikada və Şveysariya dağlarında mövcud olur. Amma indi mən buraya gəlmək səbəbi ilə Parisin darülelminə isbat edəcəyəm ki, məzkur hükəmalar bilkülliyə səhv ediblər".

 

Beləliklə, Mirzə Fətəli qəhrəmanlarının sayəsində Qarabağın bütün sahələrdə öndə olduğunu, hər mənada ucalığını görürük. Hətta yalançı, şarlatan dərvişin də sözlərində Qarabağ həqiqəti var:

 

"Məgər eşitməmisiniz ki, bir neçə şəyatinə əmr etmişəm ki, həmişə Şişə qalasında üsuli və şeyxi mollalarının arasında fitnə və fəsad salıb heç vaxt onları dinc qoymasınlar! Ondan ötrü ki, onlar minbərə çıxıb aşkara xalqa vəz edirmişlər ki, cadukunə və sairə inanmayın".

 

Bəli, Şərq xurafatın, riyakar mollaların fitnə-fəsadının içərisində itib-batanda Şuşada minbərdən maarifçilik söhbəti aparılırmış. Bunu təkcə dərviş yox, həm də Yusif Vəzir Çəmənzəminli yazır: "Bundan 35 il əvvəl Şuşa mədəni sahədə birinci sırada gedən şəhərlərdən biri idi. İqtisadi bazası zəif, ticarəti get-gedə azalan əhali çıxış yolunu məktəbdə aramağa başlamışdı. Ən mütəəssübü belə, övladını rus məktəblərinə göndərməkdən çəkinmirdi. O zaman Şuşada realni və şəhər məktəbi vardı. Bir az sonra rus-tatar məktəbi də açıldı. Buradakı tələbələrdən başqa, Bakı məktəblərində, paytaxt ali məktəblərində (Qafqazda ali məktəb yox idi), Qori və Yerevan seminariyalarında da şuşalılar var idi. Yay aylarında başqa yerlərdəki tələbə və kənd müəllimləri (o vaxt türklər orta məktəblərdə müəllimlik etmək haqqına malik deyildilər) Şuşada toplanır, şəhərə mədəni bir həyat gətirirdilər: teatr tamaşası verilir, müsamirə düzəldilir, leksiyalar oxunurdu. Bunların hamısında da Əbdürrəhim bəy Haqverdiyev başçılıq etmədə idi".

 

 

 

Haqverdiyevin Şuşasına keçməzdən əvvəl bir faktı da qeyd edim ki, Hacı Zeynalabdin Tağıyev Bakıda Qızlar məktəbi açanda bütün bölgələrdən, elə şəhərin özündən də ailələr mövcud qapalı mühitdə qızlarını oxutmaq istəmirdilər. Məktəbin statistikasına görə, bu məktəbə ən çox təhsil almağa gələnlər şuşalı qızlardı... Bu mənada Qarabağ, Şuşa elə əlavə bəzək-düzəksiz, xüsusi deyim forması axtarmadan da Tarixdi, Sənətdi, Ədəbiyyatdı... Yenə Çəmənzəminlinin fikirləri sözümüzə qüvvət olsun:

 

"Bizim ədiblər də əsərlərində həqiqi simalardan istifadə etmişlər və bəzən adlarını belə dəyişməmişlər. Mirzə Fətəli, deyirlər, Hacı Qaraya doğrudan rast gəlmiş və adını dəyişməyə hacət görməmişdir. Yenə eyni müəllifin çullu həkimi. Bu adam da Qarabağda məşhur imiş. Nəcəf bəyin "Qıdı kirvəsi" Daşaltı kəndindəndir, çocuqluğumda adını Şuşada çox eşitmişəm. Əbdürrəhim bəyin ağıçı Mələyi də həqiqi simadır. Ağıçı Mələk Qarabağ təziyələrində məşhur bir qadın idi. Ağı deyərkən özü də ağlardı, ağlamaqdan kiprikləri tökülmüşdü. 1911-ci ildə bu qadına Aşqabadda rast gəldim. Xalq ədəbiyyatını gözəl bildiyi üçün bir gün onu bacımgilə qonaq çağırdım. Gəldi, lakin qələmi əlimdə görər-görməz duruxdu və bir söz demədi: "Adım "Molla Nəsrəddin"ə düşər" deyə çəkindi. Dediklərini nə məqsədlə yazacağımı anlamaq istəmirdi.

 

Əbdürrəhim bəyin "Haqq Mövcud"u da həqiqi simadır. Bu adamın əsl adı Molla Qurban idi. Lakin camaat arasında "Haqq Mövcud" adı ilə məşhur idi. Onun doğrudan da nüsxəbənd Məşədi Əkbərlə məsələsi olmuşdur. Lakin Əbdürrəhim bəyin hekayəsində söylədiyi kimi deyil. Əbdürrəhim bəy əslini yazsaydı, daha maraqlı və bədii olardı".

 

Yusif Vəzirin yol xəritəsiylə Haqverdiyevin yazdığı gerçək, həqiqi Qarabağı səyahət etmək fikrinə düşdüm. Elə sadəcə cəhənnəmə vasil olmaq üçün Tiflisdən Qarabağa yol alan "xortdan"ın marşrutu ilə getmək bəs elədi... Deməli, "Xortdanın cəhənnəm məktubları"nda Əbdürəhim bəyin Xortdan adı verdiyi mifik qəhrəman cəhənnəmə getmək üçün Qarabağa varıb ordan xüsusi eliksir almaq istəyir. Ümumiyyətlə, o zamanlar Qarabağda müxtəlif kimyəvi təcrübələr aparıb nələrsə əldə etmək ənənəsi varmış. Ona görə təkcə dirilik suyunun yox, cəhənnəm eliksirinin burda axtarılması yazıçının sarkazmını göstərir... Və bu, yol boyu Xortdanın bütün dayanacaqları Qarabağı bir yöndən, tərəfdən açır qarşımızda. Tiflisdən faytona minən qəhrəman deyir ki, "Beş saatdan sonra "Bərdə bazarına" varid oldum. Çox gözəl bazardır. Yolun o tay-bu tayına dükanlar düzülmüş və hər birində bir nəfər mömin qardaş əyləşmiş. Hamısı əhli-iman, Allah bəndəsi, özgənin bir quruşuna xəyanət eləməyən. Süd əvəzinə su, yağ yerinə piy satmayan. Akulə düyüsünə Tərtər düyüsündən aşqar vurmayan. Doşab küpələrində siçanlar oynamayan, yalandan atalarının ərvahına and içib, malı üçqat artıq qiymətə satmayan adamlardır".

 

Doğrusu, yazıçının bu yerdə ironiya etməsini, ya ciddi danışmasını müəyyən etmək çətindi. Elə əsl qarabağlılara xas cəhətdi ki, hansı yerdə zarafat etdiklərin tutmaq hər adamın işi deyil. Amma hər halda bölgəyə aid kolorit, hətta qaynayan bazarın ab-havasını görmək olur. Müəllif bu yerlərin mətbəxinin də gözəlliyini xüsusi qeyd edir və hətta gürcülərin kulinariya bostanına daş atır: "Mənə çox dadlı bir çığırtma verdilər, yedim. Həqiqət o ləzzətdə çığırtmanı mən Tiflisdə də yeməmişdim. Tiflisdə gedərsən restorana, çığırtmanın adını çexoxbili qoyub gətirib verirlər adama. Nə yağı var, nə dadı, nə də duzu. Bir manat yarım da adamdan alırlar. Bu kişi məndən bir manat aldı, amma çığırtması dəyərdi İki manata. Sonra eşitdim ki, Qarabağda bir cür quş var, adına sağsağan deyirlər. Bu çığırtma onun ətindəndir".

 

Əsər təkcə belə baməzə məqamları ilə deyil, həm də etnoqrafik məlumat verməsi ilə dəyərlidi. Elə povestdə keçən yer adlarını sadalasaq, böyük bir xəritə yaranmış olar: Şuşa, Bərdə, Köçərli, Qərvənd, Nəzirbəyli, Qarqar, Xocalı, Turş su, Əsgəran, Ağdam... Və bu yerlərdən keçən, bəzilərində əyləyən qəhrəman günümüzlə səsləşən, adamda şirin bir təbəssüm yaradan maraqlı detallara da diqqət çəkir. Misal üçün Vətən müharibəsi dönəmində, itkilərimizlə, şəhid vermədən doğan dərin kədərimizlə, gözlənti və həyəcanlarımızla bərabər, həm də çoxlu yumoristik folklor nümunələri yarandı. Ağdamın azadlığı ərəfəsində rayonun döyüşsüz alınması sevincini bir az da ağdamlıların zirəkliyi ilə, xarakteri ilə bağlayıb xoş zarafatlar edənlər vardı. Bir sözlə ütük, zirək ağdamlılar elə qarabağlıların özlərinin də şux yumorunun obyekti olub. Və görünür, Əbdürəhim bəyin Ağdam bazarından danışanda burda hərlənən dəlləyin hərəkətlərini nahaq yerə qabartmır: "Meydanda bir nəfər dəllək mənim diqqətimi cəlb elədi. Bu adamın nə başında, nə sifətində dərman üçün bir tük var idi. Boyu azından bir sajen. Dedilər: bu, məşhur usta Quludur. Bazarda dolanır, elə ki, gördü kəndlinin biri daş üstündə əyləşib, xəlvətcə daldan gedib, qəfildən onun papağını götürüb, başını islatmağa başlar. Kəndlinin qışqırtısı heç bir fayda verməz. Güclə başını qırxıb, bir şahı pulunu alıb əldən qoyacaq".

 

Bu səhnənin özü o qədər sevgiylə yazılıb ki, insanın üzündə təbəssüm yaranır, deyirsən kaş o bazar olaydı, ətrafında da belə qəribə yerlilər dolaşaydı. Həm də bəlkə o ab-hava olsa, o adamlar da yenə yetişəcək. Və xoş olan odur ki, Xortdan sadəcə belə sadə, gülməli adamları yox, həm də Qarabağın elitasını təsvirə gətirir...

 

"Hətta Gəncədə belə danışırdılar ki, iki nəfər erməni azançının səsindən mütəəssir olub, islamı qəbul ediblər. Mirzə bu sözü eşitcək ucadan bir salavat çevirib dedi: - Doğru buyurursunuz. Qarabağ xanəndə mədənidir. Buradan neçə nəfər adlı xanəndələr çıxıbdır. Məsələn, Hacı Hüsü, Məşədi İsi, Həsəncə, Qaryağdı oğlu və digərləri. Gözəl səs sahibi cavanlarımız yenə var. Ancaq dərd budur ki, cavanlarımızda islam ruhu qalmayıb".

 

Cavanlarımızda islam ruhu qalmayıb - deməklə əslində, söhbət dindən yox, xurafatdan gedir. Bir də belə suyu, havası, torpağı, təbiəti, insanları olan yerlərin öz dini, öz imanı varmış bəlkə...

 

"Ətrafı səfalı meşələr, sərin bulaqlar, havası məsum uşaq qəlbi tək ipək. Bu şəhərin ömrü bir elə uzun deyilsə də, tarixi bir şəhərdir. Buraya adlı xanlar, bəylər, hətta şahzadələr gəlib-gedirlər. Burada padşah başı kəsilib, təpiklərdə paymal olub. Abu havasının şairəliyi əhalisinin təbiətinə də sirayət etdiyi üçün, o şəhər məşhur şairlərin, ədiblərin, musiqişünasların, xanəndələrin mədəni olmuşdur. May ayının birindən sentyabrın ortasınadək şəhər şənlik və abad olur. Yaylağa gələnlər, dağlara mal və qoyunlarla şəhərin altından gedib və qayıdan köçərilər bu az müddətdə şəhəri bir qaynar qazana döndərirlər. Elə ki payız gəldi və şəhər təzədən çadırşəbini başına çəkdi, şəhərin övzaı tamamən dəyişilir. Tərəddüd azalır, ticarət kəsilir, camaat bikarlayıb özünə məşğuliyyət axtarır".

 

Xortdanı Şuşaya çatar-çatmaz tərk elədim, onun cəhənnəm eliksirini necə alması və oralara necə varması tamam ayrı yöndən təhlilə gəlir. Amma indi niyyətim Qarabağı hələlik sözlə də olsa, gəzməkdi. Haqverdiyev "Uca dağ başında" - deyə bir yerə nişan verirsə, bura mütləq ki, Şuşadı... Yuxarıda gətirdiyim nümunə də elə əsərin başlanğıcından harda olduğumuzu kəsdirməyimizdən ötrü hazırlıqdı... Deyir - burda padşah başı kəsiblərmiş. Qacardan danışır. Yusif Səmədoğlunun "Qətl günü" romanında yazdığı bu hadisəni elə həmin əsərin sayəsində tarixi ədalət kimi qavramışam... Qacarlar buraların adamlarına çox zülmlər ediblər.

 

Amma Yusif Səmədoğlu əsərində deyir ki, Baba Kahadan əsən külək Qacarı xəbərdar eləməyə, ayıltmağa çalışsa da, o, buna heç bir əhəmiyyət vermədi. Hakimiyyətin əbədi olduğunu düşünən hər kəsin bəlası budu. Bir də tarix göstərdi ki, Şuşaya çirkab yapışmır. Və elə Yusif Səmədoğlu da Baba kahanın havasını həqiqətin səsi kimi vurur Qacarın üzünə,  ölümünə yaxın onun ayağını ağırlaşdırır. Qacarın hərəkət edə bilməməsi günahlarının ağırlığına işarədi əslində...

 

Bəli, tarixin də, ədəbiyyatın da dediyi kimi padşah başı pamal olub bu yerlərdə. Və tarixən qəliz mübarizələr məskəni olan buraların adamlarının baməzəliyi, dəli oynatması qəribədi. Adama elə gəlir bütün bu bəlalardan keçən adamlar qaradinməz olmalı idilər. Hər halda təbiətin dirəniş qanunu, insanın özünümüdafiə instinkti burda öz işini görür. Şuşa, Qarabağ və yurdun adamları özünəməxsusluqlarını itirmirlər. Ona görə də Haqverdiyev deyir ki, burda cavan qələm sahiblərinin müşahidə etməsi, yazması üçün çoxlu tiplər var. Biri elə Qubuş... Üzüm suyundan bala-bala vurur və dünya vecinə deyil. Qazı da onu düz yola gətirmək istəyəndə deyir ki:

 

"- Qazı ağa, mən bu üzümü yeyə bilərəmmi?

 

- Əlbəttə, yeyə bilərsən!

 

Qubuş üzümün suyunu stəkana sıxıb yenə soruşur:

 

- Qazı ağa, mən bu üzümün suyunu içə bilərəmmi?

 

- Çox gözəl içə bilərsən!

 

- İndi içməyib, saxlayıb üç aydan sonra içəcəyəm".

 

Cavanşirlər nəslinin kişi kimi qadını, Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanım Xatirələrində yazırdı ki, "Ölülər" qəhrəmanı İskəndər onun atası Əhməd bəyin qohumu idi, qarabağlı idi, öz çəkdiyi şərablardan gündə içdiyi üçün xalq belə ayama qoymuşdu ona...

 

 

 

Ümumiyyətlə, bu xatirələrdən və elə həyatın özü qədər gerçək olan bədii əsərlərdən anladığım odu ki, Qarabağ başdan-başa sənət əsəri imiş. Və yazılanlar tarixi, tarix də yazılanları təsdiq edəndə, tamamlayanda bu tezisin doğruluğuna zərrə qədər şübhə qalmır.

 

Bir il öncə Gəncə haqda hekayə yazmaq üçün şəhəri gəzib material toplayırdım, soraqlaşanda elə Avara bağında oturan yaşlı bir adamı nişan vermişdilər ki, bu, Gəncə ensiklopediyasıdı. Mən onu sözə tutub Gəncəni ifadə edən rəvayətlər danışmasını xahiş etmişdim. Uzun söhbətimizdən yadımda qalan bir neçə gülməli əhvalat da var. Biri də odu ki, inqilabdan əvvəl Gəncə bəylərindən biri Peterburqa gedir... O zaman üçün bu, dünya səyahəti səviyyəsində iş imiş. Qayıdanlar başlarına gələnləri uzun-uzadı, fəxrlə danışarmışlar. Bəylər sözü bir yerə qoyurlar ki, səyahətçi dostu danışmağa qoymasınlar. O, hər dəfə olduqları yerə gələndə bir-bir durub aradan çıxır, ağzını açmağa imkan vermirlər. Axırı bəy vəziyyəti başa düşür və dostlarının gizlin toplaşdığı yerə girib şoşkanı çıxarır və deyir: Biriniz də tərpənmirsiz, yoxsa vuraram... Deməli, mən Peterburqdan gəlmişəm...

 

Haqverdiyev oxşar əhvalatı Qazaxdan "diliboz" atı gətirib sözü ürəyində qalan, qəhrəmanlığından danışa bilməyən Əsgər haqqında yazır... Və mən bunu oxuduqca miflərin xalqdan gəldiyinə, amma bunları mütləq kimlərinsə qələmə almasının vacibliyinə əmin oluram. Ona görə artıq söylədiyim kimi bəzən bədii mətnlər tarix kitablarından daha böyük informasiya verir.

 

İlyas Əfəndiyevin "Geriyə baxma qoca" əsəri həm də bu cəhətdən əhəmiyyətlidir... Məhz 80-ci illərdə bu cür əsərlərin yaranması siyasi xarakter daşıyırdı, sosial mesaj ötürürdü. Qarabağa diş qıcıyanlara təkcə tribunlardan, qəzet səhifələrindən yox, həm də belə bədii mətnlərlə cavab verirdi Sənət. Görünür, Rəsul Rzanın eyni ildə "Şuşam mənim" şeirini yazması təsadüfi deyildi: 

 

Pənahların yadigarı,

Alagözlü,

qarasaçlılar diyarı

Səndə Cabbarın, Seyidin,

Nəvvabın, Üzeyirin, Bülbülün,

neçə-neçə nəğməkarın,

qoç igidin

nəğməsi var,

nərəsi var.

Könüllərdə

neçə-neçə mahnıların

zümzüməsi,

sözü qalıb,

Sənin doğma torpağında

neçələrin gözü qalıb.

Vətən adlı doğma yurddan

püşk olarmı?!

Pay olarmı?!

Yüz bir şəhər adı çəkim,

Gözəllikdə,

biri sənə tay olarmı?!

 

Şeirlə bu boyda tarixi informasiyanı vermək, Şuşanı Pənahəli xanın salmasını, azərbaycanlı-türk yurdu olmasını müxtəlif adlar çəkərək söyləmək sadə məsələ deyildi. Və görünən odur ki, şair-yazıçılarımız bu məsələyə heç vaxt biganə qala bilməzdilər. "Geriyə baxma, qoca" bu günün ovqatında oxunanda başa düşürəm ki, müəllif sadəcə ömrün qürubunda öz-özünə "baxma" deyə-deyə keçmişinə, xatirələrinə boylanmır, həm də Qarabağın bizə aidliyini, məxsusluğunu təsdiqləyir. Bir də dediyim kimi, zamanın təsdiq etdiyi, bəlkə öz qarşımızda sübuta yetirdiyi doğruları göstərir. Misal üçün, "Səkinə ilə Mahal Murovunun  əhvalatı"nda Səkinə şikəst olmuş Gülməmmədə ərə gedir. Yazıçı bunu kövrək bir şəkildə, qadının fədakarlığın vurğulayaraq yazır. Və burda elə Vətən müharibəmiz dönəmində müxtəlif xəsarətlər alan əlil qazilərimizin yarasına məlhəm olan, sonra onlarla ailə quran şəfqət bacılarımızı necə yada salmayasan?! Deməli, bu günümüzü anlamaq üçün təməllərimizi dərk etməyimiz vacibdi. Bu əsərlər isə köklərimizin sağlamlığın sübuta yetirir. Elə həmin əsərdə yazıçı "Xanım arvadla Damlıca mülkünün əhvalatı"nda atasının yurdunu qaytaran, ona qarşı edilmiş haqsızlığı yerdə qoymayan, canişindən cavab tələb edən Xanım haqda yazır: "Uzaq Qarabağ meşələrindən gələn bu qarayanız, arıq arvadın təmkinindən, cəsarətindən, iradəsindən canişinin xoşu gəldi və o, xoş əhvalla da dilmanca dedi - Onu başa sal ki, mən özüm əlahəzrətdən xahiş edəcəyəm onun mülkünü özünə qaytarsınlar..."

 

Beləliklə, İlyas Əfəndiyev yurdun qadınını bir yandan mərd, cəsarətli, qorxmaz, digər tərəfdən də anası kimi yumşaq, mehriban, gözəl geyimli-keçimli, baxımlı təsvir edir. Oxuduqca düşünürsən, bu torpaqları qaytaran oğulları məhz belə analar doğa, yetişdirə, böyüdə bilərdilər. Mən bu mövzularda danışanda patetikanın nə qədər mümkün olduğunu və ondan qorxduğumu da etiraf edirəm. Amma məsələ burasındadı ki, "Geriyə baxma, qoca" bəzən çox kiçik detallarla ayıldır adamı, yerə endirir, göydə uçmaqdan çəkindirir, sayıq olmağa çağırır... Misal üçün, sadə kəndli İmaşın dilindən deyir, fars padşahı bu xanları bir-birinə döyüşdürür ki, zəifləsinlər, sonra ürəyi istəyəndə gəlib talayıb aparmaq asan olsun. Şərhsiz! 

Yaxud, Çarvadar Həbib sadə, savadsız bir adam olsa da, Şuşa qalasında Rastı, Çahargahı dinlədiyi üçün sevgi nə olduğun yaxşı bilir.

 

Bütün bu hisslərimizi tərbiyə etməyə, düşüncələri arıtlamağa, savadımızı artırmağa yardımçı olan əsərlər, onlarda əksini tapan həqiqətlər Qarabağın və bizim gələcəyimizi ayıq görməyimiz üçündü. Bu gün xalq və hakimiyyət birliyi, bərabərliyi, ordunun qüdrəti sayəsində, şəhidlərimizin qanı bahasına qaytardığımız torpaqların yenidən qurulması, yaradılması, dirçəlməsi həm də təzə əsərlərin yazılması ilə tezləşməlidir. Yazmalıyıq... Bu günün öz küllərindən doğulan Qarabağını yazmalıyıq!

 

 

PƏRVİN

 

525-ci qəzet.- 2021.- 9 oktyabr.- S.16-17;18.