Yeni təhsil konsepsiyası -
FİKİRLƏŞMƏK
Uzun illər məktəbdə dərs məlumatvericilik
episentri üzərində qurulmuşdu. Təlimin əsas
məqsədi şagirdə biliyin verilməsi və onu tətbiq
etməyi öyrətməkdən ibarət idi.
XX əsrdə aparılan psixoloji tədqiqatlar inandırıcı
şəkildə göstərdi ki, təhsil təfəkkürün
inkişafına xidmət etməlidir. Bu, təhsilə
yanaşmanı dəyişdi, analiz və sintez təlim məqsədlərinə
çevrildi, dərsdə fikirləşməyi öyrətmək
konsepsiyası bərqərar oldu. Fikirləşmək
- böyük konsepsiyadır.
Hər bir insan həyatda istənilən bir məsələni
həll edəndə fikirləşib və qərar qəbul
etməlidir. Görəsən, bütün insanlar
qarşılarına çıxan məsələni həll
edəndə fikirləşir?
Aktual
sual: Fikirləşmədən qərar qəbul etmək
olar?
Fikirləşmədən
qərar qəbul etmənin faciəsi
Azərbaycanda fikirləşmək konsepsiyanın fəlsəfəsi
XX əsrdə böyük yazıçımız Cəlil Məmmədquluzadənin
"Ölülər" komediyasında açılıb. Komediyada
böyük fırıldaqçı Şeyx Nəsrullah
savadsız kütlənin fikirləşmədən qərar qəbul
etmək psixologiyasına malik olduğunu bilərək, onlara bəxşiş
müqabilində ölülərini diriltməyi təklif etməsi
təsvir edilir. Hamı öz
"ölüsünə" dərin hörmət və
sevgi bəslədiyi üçün, onun dirilməsinin
mümkün olduğunu eşidəndə sevinir, fikirləşmədən
təkliflə razılaşır və bəxşişi
verir.
Bundan sonra ədib xaricdə təhsil almış,
özünə savadsız əhali arasında yer tapa bilməyən,
dərdini unutmaq üçün gününü sərxoşluqla
keçirən, yüksək düşüncə tərzinə
malik olan İsgəndər obrazı vasitəsi ilə bu
insanlar qarşısında problem qaldırır.
Məsələn, sənin ölmüş
qardaşın dirilib gələndən sonra ona nə cavab verəcəksən,
axı sən onun malına - mülkünə sahib
çıxmısan... İsgəndər öz
monoloqu ilə ölüsünü diriltmək sevdasına
düşən insanların nöqsanlı əməlini
ifşa edir, necə deyərlər, "açır
sandığı-tökür pambığı" və
adamları problem qarşısında qoyur.
Nəticəni
fikirləşmədən qərar qəbul edən insanlar
öz eybəcər əməlləri ilə üz-üzə
qalanda və həmin əməllər fonunda qəbul etdikləri
qərarlar haqqında fikirləşməyə başlayanda nələr
baş vermir?.. Cəlil Məmmədquluzadə
fikirləşmədən qərar qəbul edən
insanların faciəsini psixoloq kimi dəqiq qiymətləndirərək,
böyük ustalıqla qələmə almışdı
Haşiyə:
"Müsəlmanın sonrakı ağlı" misalı görünür, belə hadisələrin
fonunda yaranıb.
Qərbli
ilə şərqlinin fərqi
Belə bir məsuliyyəti üzərimizə
götürüb, qərbli ilə şərqlinin fərqini təsnif
etmək fikrində deyilik. Əslində, hər
bir insan öz məntiqi ilə qərblini şərqlidən
fərqləndirən cəhətləri müxtəlif
meyarlar əsasında asanlıqla sadalaya bilər.
Haşiyə:
Bu fərqlərin hansının pozitiv, hansının neqativ
xarakter daşıdığını da bilirik. Amma qəribədir,
həyatda daha çox neqativdən faydalanırıq, pozitivə
az əhəmiyyət veririk.
Nədənsə birdən-birə yadıma Mirzə Fətəli
Axundovun "Müsyö Jordan və dərviş Məstəli
şah" əsərinin (bu əsərin motivləri əsasında
"Dərviş Parisi partladır" filmi çəkilib)
personajı Hatəmxan ağa düşdü. O, qərbli ilə şərqlini
öz meyarları əsasında, maraqlı tərzdə səciyyələndirir.
Onların hamısını təkrar etməyəcəyik,
amma onun dediklərindən birini xatırlatmaq istərdik: -
"Onlar heç zada inanmır, biz hər zada
inanırıq".
Qəribə fərqdir, deyilmi? Hatəmxan
ağanın bu fikrini analiz etsək, məlum olur ki, inanmaq
avamlıq əlamətidir. Axı insan "hər
zada" (oxu: - deyilən sözə, fikrə) necə inana bilər?
Məgər insan deyilən hər bir
sözün, fikrin düz və ya səhv olmasının fərqində
olmamalıdır? Məgər insanın
öz mövqeyi olmamalıdır?
İnanmamaq isə deyilən söz üzərində
fikirləşmək, onun düz və ya səhv olduğunu təhlil
etməyi özündə ehtiva edir.
Qərblinin hər bir məsələ üzərində
fikirləşməsinin səbəbi nədir? Bu səbəblər
çoxdur. Onun biri, bəlkə də əsas
olanı, təhsil ilə bağlıdır. Təhsil verəndə insana fikirləşməyi də
öyrətmək lazımdır.
Antik
dövrün təhsil möcüzəsi
Antik dövr təhsil sistemi natiqlik qabiliyyəti
aşılamaq üzərində köklənmişdi. Natiq bəlağətli
çıxış etməli, səlis, aydın və
intonasiyalı danışmalı idi. Bu,
natiqliyin forma əlamətləridi.
Nitqini məntiqli qurmaq, fikri analiz və sintez etmək,
arqumentlərlə sübut etmək və qulaq asanları
inandırmaq isə natiqliyin məzmun əlamətləridir. Antik
dövrün natiqlik məktəbində həm forma, həm də
məzmun əlamətləri şagirdlərə
aşılanırdı. İmperiyaların
məhz natiqlərin sözünün qüdrəti ilə
idarə olunduğu bu gün heç kimə sirr deyil.
Antik dövrün böyük mütəfəkkirləri
Demosfen, Sokrat, Aristotel, Platon və başqaları natiqlik
qabiliyyəti aşılamağın yolunu
tapmışdılar. Onlar öz pedaqoji təcrübələrində
sual-cavab, dialoq metodundan istifadə edərək şagirdlərini
fikirləşməyə sövq edir, onlara fikri əməliyyatlardan
(analiz və sintezdən) istifadə edərək, həqiqəti
üzə çıxarmağı və sübut etməyi
öyrədirdilər. Həqiqəti
üzə çıxarmaq və sübut etmək
üçün fikirləşmək lazımdır. Fikirləşmə analiz ilə başlayır,
sintez ilə yekunlaşır.
Haşiyə:
Müasir təhsil konsepsiyaları da fikri əməliyyatlardan
(analiz və sintez) istifadə etməyi öyrətməyi tələb
edir.
Şərqli
mentalitetinə çevrilmiş həyat təcrübəsi
"Fikirləşməyi öyrətmək" ifadəsi
altında çox şey durur, insan fikirləşərək
qərar qəbul edir. İnsanın qəbul etdiyi qərarlar
onun həyat-fəaliyyətinin uğur səviyyəsini müəyyən
edir.
Aktual
sual: Görəsən, insana yalnız fikri əməliyyatları
(analiz və sintez) öyrətməklə ona
qarşısına çıxan məsələni həll
etməyi öyrətmək olar?
Yəqin ki, həyatda eyni problem qarşısında qalan
iki uşağın müxtəlif qərar qəbul etdiyinin
şahidi olmusunuz. Onlar hətta eyni fikri əməliyyatlardan
istifadə etdikdə belə qəbul etdikləri qərar səviyyəcə
müxtəlif olur. Görəsən, bunun
səbəbi nədir?
Haşiyə:
Hətta eyni bir vəzifədə işləyən iki
insanın əldə etdiyi uğurlar da müxtəlif olur. Eyni bir məsələnin həllində də
insanlar müxtəlif mövqelərdə olur.
İnsanın fikirləşməsi və məsələni
həll etməsi üçün təkcə fikri əməliyyatlardan
istifadə etmək kifayət etmir, bunun üçün onun
biliyi və sosial təcrübəsi olmalıdır. İnsan fikirləşərkən
bilik və sosial təcrübəsinə əsaslanır.
Hər bir şagird biliyi məktəbdə alır. Məktəbdə isə
yaxşı oxuyan şagirdlərlə yanaşı,
aşağı qiymətlərlə oxuyan şagirdlər də
az deyil (bəlkə də çoxdur). Bir təhər qiymət alıb sinifdən sinfə
keçən şagirdin bilik əldə etməsi haqqında
necə danışma bilərik? Sinifdə
verilən qiymətlərin sinif şagirdlərinin səviyyəsinə
uyğun yazıldığını nəzərə alsaq,
real mənzərə daha aydın görünər. Məktəb liberallıqdan əl çəkməsə,
bu məsələni həll edə bilməyəcəyik.
Bu məsələdə dünyanın
qabaqcıl təcrübəsini öyrənməyə ehtiyac
var.
İnsan sosial təcrübəni məktəbdə, ailədə
və cəmiyyətdə əldə edir. Məktəbdə
müəllim şagirdi, evdə isə valideyn
uşağı fikirləşməyə, qarşısına
çıxan məsələni həll etməyə qoymur,
özü onun yerinə qərar qəbul edir. Belə halda o, necə təcrübə toplaya bilər?
Hamıya bəllidir ki, insan müstəqil fəaliyyəti
prosesində həm bilik, həm də təcrübə toplaya
bilir. Bilik və təcrübə toplayanda insan
uğursuzluğa da düçar ola bilər.
Uğursuzluq insana daha çox şey öyrədə
bilir, hətta gələcək həyatını daha
uğurlu qurmağı da. Bizim süni
şəkildə təşkil etdiyimiz uğurlar isə onun gələcək
uğursuzluqlarına yol açır. Bəlkə
uşağın müstəqil fəaliyyətini genişləndirsək,
daha yaxşı olar?
Daha bir səhvə diqqəti cəlb etmək istərdik. Həm məktəbdə,
həm də evdə uşaq sual verəndə, həm müəllim,
həm də valideyn suala o dəqiqə cavab verir, amma
uşağın həmin sual üzərində fikirləşərək,
özünün cavab (tam və ya qismən) tapması
üçün şərait yaratmır. Bəlkə
uşağa onu maraqlandıran sualların cavabını
tapmağa kömək edək, belə yaxşı olmazmı?
Haşiyə:
Şərqdə uşağı çox istəyirlər,
şərq ailəsində uşağın özünün
məxsusi yeri var. Bəlkə də, buna görədir ki, onu əziyyət
çəkməkdən, çətinliyə düşməkdən
sığorta etməyə çalışırıq. Suala cavab axtaranda da, məsələ həll edəndə
də, qərar qəbul edəndə də... bütün
yükü öz üzərimizə götürürük.
Bütün bəlalar buradan başlayır.
Əsrlərin süzgəcindən keçməyə nail
olan bu təcrübə mentalitetə çevrilib. Reallıq
isə başqadır, insan əziyyət çəkməyəndə,
fikirləşməyəndə, özü müstəqil qərar
qəbul etməyəndə "böyümür", yəni
ağıllanmır, yəni intellekti formalaşmır, yəni
həyatda uğur qazanması üçün zəruri olan
bilik və sosial təcrübə əldə edə bilmir, yəni...
Benjamin
Blumun təhsil konsepsiyası
XX əsrdə
psixoloqların (Jan Piaje, Lev Semyonoviç Vıqotski, Abraham
Maslou və b.) tədqiqatları nəticəsində
intellektin inkişaf
modeli formalaşdı. Nəticədə,
keçən əsrin ortalarında dərsin məlumatvericilik
missiyası öz erasını başa vurdu, intellektin
inkişafı problemi gündəmi zəbt etdi. Dünyanın müxtəlif alimləri psixoloqlar,
pedaqoqlar, metodistlər, qabaqcıl müəllimlər
intellekti inkişaf etdirməyin yollarını axtarmağa
başladılar. Amerika psixoloqu Benjamin Blum
bu məsələni asanlıqla həll etdi. O, təlim
məqsədlərinin ierarxik quruluşunu (bunu taksonomiya
adlandırdı) təkmilləşdirdi. Əvvəllər
təlimin məqsədi biliyin verilməsi, anlama və tətbiq
etmə idi. B.Blum bu məqsədlərə
analiz, qiymətləndirmə və sintezi əlavə etdi.
Haşiyə:
B.Blum müəyyən zaman kəsiyində iki taksonomiya
hazırlayıb. Taksonomiyanın sonuncu
variantında sintezi yaratma kimi mənalandırıb.
Beləliklə, antik dövrdə natiqlik qabiliyyətinin
inkişafı üçün istifadə olunan fikri əməliyyatlar
- analiz və sintez yenə gündəmə gəldi və
yeni məzmunda - intellekti inkişaf etdirməyə qabil olan yol
kimi aktuallaşdı. Biliyin verilməsi, anlama və tətbiq
etmə təlimin aşağı məqsədləri, analiz,
qiymətləndirmə və sintez (yaratma) üst məqsədlərinə
çevrildi.
Təlim strategiyasında baş verən bu dəyişiklik
təbii ki, yeni metodlar tələb edəcəkdi. Bu metodların
tapılması (oxu: kəşf edilməsi) çətin
olmadı. Dünya təhsil tarixində müxtəlif
dövrlərdə şagirdi fəallaşdıran, müstəqil
fəaliyyətə istiqamətləndirən,
düşündürən və yeni ideyalar yarada bilən
metodlardan istifadə olunub. Həmin metodlar
müasirləşdirilərək interaktiv təlim
metodları adı ilə təhsil təcrübəsinə
daxil edildi. Bu təlim metodlarının əvvəlki
metodlardan fərqi şagirdə fikirləşməyə və
qarşıya qoyulmuş məsələni müstəqil həll
etməyə istiqamətləndirməkdir.
Yeni təlim strategiyası əsasında yeni metodlardan
istifadə edən müəllimin də təlim vəzifələri
yeniləndi, o şagirdə bilik verən şəxsdən,
şagirdi biliyi əldə etməyə istiqamətləndirən
şəxsə (fasilitatora) çevrildi.
Haşiyə
a: Y.A.Komenski müəllimi "günəşə" bənzədirdi.
Yəni uşağa bilik verən şəxs,
onun həyat yoluna işıq salır. Y.A.Komenskinin
yaratdığı təhsil maarifçilik konsepsiyasına əsaslanırdı.
Haşiyə
b: Sokrat isə deyirdi: "Mənim anam mamaça idi, o,
uşaq doğuzdururdu, mən müəlliməm, mən fikir
doğuzdururam". Sokrat öz pedaqoji təcrübəsində
dialoq metodundan istifadə edirdi, pedaqoji təcrübədə
bu metoda "Sokrat metodu"da deyilir. Dialoq
inkişafetdirici təlim metodlarından biri kimi mənalandırılır.
Məsələ
həllinin yeni yolları
İntellekt XX əsrin psixoloji tədqiqatlarının
predmeti olub. Müxtəlif alimlər onu müxtəlif
ölçülərlə xarakterizə ediblər.
Böyük Amerika psixoloqu Horvard Qardner intellekti
aşağıdakı ölçülərlə dəyərləndirir:
1.Məsələləri həll etmək qabiliyyəti;
2.Konkret
mədəniyyət xüsusiyyətləri;
3.Sosial
mühitlə şərtlənən qabiliyyətlər.
1967-ci ildə Amerika psixoloqu Co Pol Gilfordun intellektin
struktur modeli dünya psixoloqlarının diqqətinə səbəb
oldu. O
psixologiyada, ilk dəfə olaraq, təfəkkürün iki
növünü - divergent və konvergent təfəkkürü
(qiymətləndirici təfəkkürü) ayırd etdi.
Konvergent təfəkkürə malik insan məsələ
həll edəndə müxtəlif şərtlər çərçivəsində
məsələnin yeganə düzgün həlli yolunu
tapır.
Məsələnin
həlli çox variasalı ola bilər.
Divergent təfəkkürə malik olan insan məsələnin
həlli yollarını müxtəlif variasiyalar kökündə
açıqlayır, problem sahəsində müxtəlif
ideyaları araşdırır və gözlənilməz nəticəyə
gəlib çıxır.
Bu divergent təfəkkürün yaradıcılıq
effektidir və bu zaman yeni ideyalar yaranır, məsələ həllinin
yeni yolları üzə çıxır.
Haşiyə: Gözlənilməz nəticənin əldə edilməsi uğurun təməlidir. Bizim gözümüzün önündə belə ibrətamiz təcrübələr az deyil. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ savaşında hamı üçün (oxu: dünya xalqları üçün) gözlənilməz nəticənin əldə edilməsi məsələnin heç kimə bəlli olmayan yolunun tapılmasının nəticəsi idi.
Fikirləşmək konsepsiyası məsələ həllinin ən düzgün yolunu tapmağı özündə ehtiva edir. Təfəkkürün və təxəyyülün inkişafı insana bu imkanı verir. Müasir məktəb fikirləşmə konsepsiyasını reallaşdırması üçün təfəkkür və təxəyyülün inkişafına biganə qalmamalıdır.
Son söz əvəzi
Məktəb insanı həyata hazırlamaq məqsədi ilə yaranıb. Bu məqsəd şagirdi təhsilin növbəti səviyyəsinə və peşəyə hazırlamaq istiqamətində həyata keçirilir.
Qarşısına qoyulan məqsədi məktəb müxtəlif illərdə fərqli məzmunda və fərqli yollarla həyata keçirib. Əvvəllər bilik və təcrübə insana həyatda uğur qazanmağa kifayət edirdi, indi etmir, indi yeni era başlayıb, indi tələblər dəyişib, indi insandan qarşılaşdığı hadisəni analiz edib, düzgün qərar qəbul etmək tələb olunur. Bu işi həll etmək müəllimin taleyinə yazılıb. Müəllim standart dərslə bu məsələni həll edə bilməyəcək, həll edə bilməsi üçün, gözlənilməz nəticələr əldə etməsi üçün fikirləşərək, mövcud texnologiyalardan istifadə edib, qeyri-standart dərslərə - şagirdə yeni ideyalar yaratmağı, yeni biliyi kəşf etməyi, əldə etdiyi biliyi yaradıcılıqla harada və necə tətbiq etməyi öyrədə biləcək qeyri-standart dərslərə üstünlük verməlidirlər.
Son haşiyə: "Bayraqdar"ın kəşfi
ideyası belə dərslərdə formalaşır.
Hikmət
ƏBDÜLOĞLU - ƏLİZADƏ
BDU-nun
professoru
525-ci qəzet.- 2021.- 9 oktyabr.- S.14.