MEDİA-dan
region mətbuatına diqqət
Medianın İnkişafı Agentliyində
(MEDİA) regionlarda nəşr
olunan qəzetlərin
baş redaktorları ilə Zoom platforması üzərindən onlayn görüş keçirilib.
"Region
mətbuatının mövcud
vəziyyəti və
perspektiv inkişaf hədəfləri" mövzusunda
keçirilən görüşdə
Media subyektləri və
jurnalistlərlə iş,
media dəstək layihələri
departamentinin direktoru Rüstəm Əhmədov
MEDİA Agentliyinin əsas
fəaliyyət istiqamətlərinin
Azərbaycanda medianın
inkişafının dəstəklənməsi,
bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının
və innovasiyaların
tətbiqinin stimullaşdırılması,
kütləvi informasiya
vasitələrinin iqtisadi
müstəqilliyinin və
jurnalistlərin peşəkarlığının
artırılması olduğunu
bildirib.
Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri
Natiq Məmmədli vurğulayıb ki, indiyədək region mətbuatından
Agentliyə daxil olan müraciətlərə
baxılıb, regionlarda nəşr olunan qəzetlərin baş redaktorları ilə intensiv ünsiyyət qurularaq problemləri əhatəli
şəkildə müzakirə
olunub. Qeyd olunub ki, konfransın əsas məqsədi mövcud çətinliklərin öyrənilməsi,
təkliflərin dinlənilməsidir.
Görüşdə çıxış
edən "Kür"
qəzetinin baş redaktoru Əminə Yusifqızı, "Mingəçevir
işıqları" qəzetinin
baş redaktoru Fərman Nəbiyev, "Aran" qəzetinin baş redaktoru Məhsəti Ağayeva (Mhsəti Musa), "Cənub
xəbərləri" qəzetinin
baş redaktoru Zahir Əmənov, "Yeni Tərtər" qəzetinin redaktoru Tofiq Yusifov və
digərləri bölgə
qəzetlərinin maddi-texniki
bazasının gücləndirilməsinin,
yaradıcılıq imkanlarının
genişləndirilməsinin, region mətbuatına dövlət
dəstəyinin zəruriliyini
vurğulayıblar.
Strateji planlaşdırma
departamentinin direktoru Rasim Bağırov tədbirdə səslənən
təkliflərin təhlil
ediləcəyini diqqətə
çatdırıb. Qeyd edib
ki, Medianın İnkişafı Agentliyi
tərəfindən aidiyyatı
qurumlarla görüşlər
keçirilir, region mətbuatının
inkişafının sürətləndirilməsi
istiqamətində layihələr
üzərində işlənilir.
MEDİA-nın region mətbuatının
inkişafı istiqamətində
keçirdiyi bu görüşlə bağlı
fikirlərini "525-ci qəzet"lə
bölüşən Yevlaxın
"Kür" qəzetinin
baş redaktoru Əminə Yusifqızı
bunları dedi:
"Bu, MEDİA-nın Region mətbuatının problemləriylə
bağlı atdığı
ilk addım idi və mənə çox xoş gəldi. Doğrudur, dəfələrlə görüşmüş, söhbətlər
etmişik, onlar da bizim təkliflərimizə
böyük maraqla yanaşıblar ki, bizə kömək etmək üçün hansı işlər görsünlər. Mən də
görüşdə bir
daha öz fikrimi səsləndirdim və bu görüş
məndə çox böyük ümid yaratdı.
Qeyd elədim ki, əgər bölgə mətbuatını dirçəltmək
istəyiriksə, dövlətimizin
əlimizdən tutub bizi ayağa qaldırmasına ehtiyacımız
var. Əgər sözdən
işə keçiriksə,
rayon qəzetləri həftədə
3 dəfədən az olmayaraq nəşr olunmalıdır.
Əlbəttə, dövlətin bu
dəstəyi də bizə bir yerə
qədər lazımdır.
Biz ayağa qalxandan
sonra özümüz
özümüzü ayaq
üstə saxlamağı
da bacarmalıyıq.
Yaxud,
media qurumu necə, paytaxtda çıxan qəzetlərə maliyyə
ayırır, bizə
də o cür maliyyə ayrılsın ki, biz də qəzetimizi dirçəldə
bilək.
Bilirsiniz ki, şəhər icra hakimiyyətləri heç bir maliyyə yardımı göstərə bilmirlər. Çünki qanun buna yol
vermir. Ona görə də
bu istiqamətdə konkret addımlar atılmalı və bunun bir yolu
tapılmalıdır.
Ümumən deməliyəm ki, bu görüş mənə çox gözəl təsir etdi və özlüyümdə
ümidlənməyə başladım. Gördüm ki, bu konfransın
təşkilatçıları və orda MEDİA-dan iştirak edən nümayəndələr
bütün suallara cavab verir və
çalışırlar ki,
bizə kömək üçün ən
optimal yolları tapsınlar.
Onlara çox təşəkkür
edirəm ki, bizim problemlərimizə bu cür diqqətlə
yanaşırlar.
Bu yaxınlarda "Yeni
Azərbaycan" qəzetinə
müsahibəmdə "can verməkdə olan region mətbuatı" ifadəsini
işlətmişdim. Bu konfransdakı çıxışımda
da bu ifadəni
yenidən işlətdim
və indi hesab edirəm ki, can verməkdə olan region mətbuatını
məhz Medianın İnkişafı Agentliyi
ayağa qaldıracaq".
Ağcabədi rayonunda fəaliyyət
göstərən "Aran"
qəzetinin baş redaktoru Məhsəti Musa da bu konfransın
müsbət nəticələrinə
ümidlidir: "Doğrusu,
bu, bizim çoxdan istədiyi, gözlədiyi görüş
idi. Problemlərimizi deyə biləcəyimiz,
gələcəklə bağlı
bir işıq ucu tapacağımız görüş mütləq
lazım idi. Bu baxımdan Medianın
İnkişafı Agentliyi
tərəfindən dəvət
alanda çox sevindim. Açığını
deyim, təşkilatçılar
tərəfindən "Aran"
qəzetinin ünvanına
deyilmiş xoş sözlər məni necə sevindirdisə, öz çıxışımda
fəaliyyətimizlə, görülən
işlərlə bağlı
daha çox danışdım və verilmiş vaxt bitdiyi üçün toxunmaq istədiyim əsas çətinliklər,
problemlər haqqında
söz açmağa
imkan qalmadı. Amma digər həmkarlar bu haqda yetərincə
fikir bildirdilər.
Və bölgə mətbuatının
həqiqətən də
çox çətin
durumda olduğunu diqqətə çatdırdılar.
Deyək
ki, Ağcabədidə
rayon rəhbəri mətbuata
qarşı çox diqqətlidir, çox dəstək olur ki, rayon qəzeti yüksək səviyyədə
fəaliyyət göstərsin,
bunun üçün
maddi və mənəvi yardımını
əsirgəmir. Qəzetin
saytı yaradılıb,
çox qısa zamanda internet televiziyası
fəaliyyətə başlayacaq,
ayda 1-2 dəfə çıxan qəzet bu gün həftədə
2 dəfə, 3 min nüsxə
tirajla çıxır.
Amma bu kömək
də yəqin ki, müəyyən yerə qədər ola bilər.
Eyni zamanda, digər bölgələrdə çətinliklər olduğu kimi qalır axı... Çıxış edənləri dinlədikcə, həqiqətən onların bu şəraitsizlikdə, bu vəziyyətdə bugünə qədər gəlib çıxa bilmələrinin özünün böyük iş olduğunu düşündüm. Burada artıq nə yazdıqları, necə yazdıqları başqa mövzudur.
Bölgə mətbuatına diqqət ayrılmalıdır. 2-3 əməkdaşla, ayda bir dəfə, köhnəlmiş xəbərlərlə, az tirajla çıxan qəzetlər yaşamır, sadəcə yaşamaq uğrunda mübarizə aparır. Yalnız abunə gücünə böyük işlər görmək çətindir. Və hər bölgədə abunə yazılışını eyni səviyyədə təşkil etmək də olmur. Reklamlardan gəlir əldə etmək isə bölgə mətbuatı üçün keçərsizdir. Məsələn, bizim rayonda bir böyük geyim mağazası var. Hamı da tanıyır. Buna baxmayaraq, yenə də reklam üçün müraciət edirsən, deyirlər ki, İnstaqram səhifəmizdə 5000 izləyicimiz var. Əlavə reklama ehtiyacımız yoxdur. Eləcə də, qapı-qapı düşüb gəzdiyin digər obyektlər...Yəni sosial şəbəkələr bizim bu imkanımızı da əlimizdən alır. Hətta başsağlığı, təbriklər belə çox vaxt sosial şəbəkələr vasitəsilə ünvanlanır. Həmçinin, sahibkarlar vergidən yayınmaq üçün reklama çox meyl etmirlər. Ona görə də reklamlara bel bağlayıb bununla bölgədə qəzet saxlamaq fikrini qətiyyən qəbul etmək olmaz.
Əyalət qəzetlərinin maliyyələşməsi üçün müəyyən addımlar atılmalı, onların özünə gəlməsi, yenidən dirçəlməsi üçün şərait yaradılmalıdır.
Görüşdə bir fikir səsləndi. Həmkarlardan biri qeyd etdi ki, filan müəssisədə neqativ hal var, amma mən tənqid yaza bilmirəm. Çünki abunəçimizdir, yazsam, sabah o, yenidən abunə yazılmaqdan imtina edəcək. Baxırsınız, tamamilə abunəçilərdən asılı olmağın çətin tərəflərindən biri də budur. Sən sözünü deyə bilmirsən. Görürsən, amma susursan...
Ümumilikdə bu görüşdən gözləntilərimiz budur ki, səslənən fikirlər, verilən təkliflər təhlil olunacaq, dəyərləndiriləcək, bölgə mətbuatının inkişaf etdirilməsi üçün uğurlu addımlar atılacaq. Və inanırıq ki, bu görüşlər davamlı olacaq".
Şahanə Müşfiq
525-ci qəzet.- 2021.- 9 oktyabr.- S.12.