Ramil Səfərovun ekstradisiyası: Bu necə
olmuşdu?
Oxuyacağınız
qeydləri hadisələrin isti izi ilə, 2012-ci ilin
sonlarında yazmışdım. O zaman çap etdirmək istəyirdim.
Sonra fikrimi dəyişdim.
Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə
bağlı prosesdə dövlət sirri sayılacaq heç
nə yoxdur. Elə isə çap məsələsində tərəddüd
nədən qaynaqlanırdı? Sadəcə fikirləşirdim
ki, insanlar özümü öymək, bu işdə
hansısa mühüm rol oynadığımı göstərmək
fikrinə düşdüyümü güman edə bilərlər...
Təbii ki, təqdim olunan qeydlər bədii əsər
deyil. Anadolu türkləri demiş, burada "xəyal
ürünü" sayıla biləcək heç nə
yoxdur. Sadəcə, baş verənləri
əvvəldən sona kimi xroniki ardıcıllıqla və bəzi
məqamlarda fərdi düşüncələrimi
bölüşməklə təsvir etməyə
çalışmışam. Yaxşı
başa düşürəm ki, oxuyanlar bəzi fikirlərimlə,
hadisələrə yanaşma tərzimlə razılaşmaya
bilərlər. Bu, onların
haqqıdır. Aydın məsələdir
ki, hamının xoşuna gəlmək mümkün deyil.
Azərbaycan qardaş Macarıstanla işbirliyi, yüksək
səviyyədə qarşılıqlı inam və etimad nəticəsində
ekstradisiya aktını həyata keçirməklə R.Səfərov
işində son nöqtəni qoydu. Dünya erməniliyi və
onlara havadarlıq edən bəzi Avropa qurumları isə hələ
də məsələni gündəlikdən
çıxarmağa tələsmirlər. Ondan ölkəmizə təzyiq vasitəsi kimi
istifadə etməyə çalışırlar.
Cəhdlərinin faydasızlığını, qərarlarının
heç nə dəyişməyəcəyini bilsələr
də, mənasız "prinsipiallıq" göstərirlər. Hətta aradan on ilə
yaxın vaxt keçməsinə baxmayaraq, 2020-ci və 2021-ci
ilin yazında da
"Ramil Səfərov işi" yenidən Avropa
Şurasının gündəliyinə çıxarılmış, yeni qətnamə
qəbul edilmişdi. Aydın məsələdir
ki, bu qətnamə də növbəti bürokratiya nümuməsi
olmaqdan irəli getməyəcək.
Bu aspektdən çıxış edərək qeydlərin
çapına qərar verərkən 2012-ci ildə
yazılmış mətndə bəzi əlavə və
düzəlişlər aparmaq zərurəti yarandı.
Əvvəl düşündüm ki, zəfərlə
başa çatan İkinci Qarabağ savaşından sonra
ümumiyyətlə bu məsələyə qayıtmağa
lüzum varmı? Amma razılaşaq ki, Ramilin hərəkəti
də xalqımızın erməni işğalının nəticələri
ilə heç zaman, heç bir şəkildə
barışmayacağının sərt və özünəməxsus
ifadəsi idi.
Ramil Səfərovun ekstradisiyası Azərbaycan
diplomatiyasının, hüquq-ədliyyə sisteminin uğuru
idi. Şübhəsiz, bu nəcib və humanist niyyətin
həyata keçirilməsində Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin cəsarəti,
əzmkarlıq və prinsipiallığı çox
mühüm rol oynamışdı. Ekstradisiya
aktının uğuru həm də müstəqil milli
dövlətimizin nüfuz və
etibarlılığının nəticəsi
sayılmalıdır.
Macarıstan Baş naziri cənab Viktor Orbanın
xeyirxahlığı, humanistliyi və qətiyyəti də
eyni dərəcədə əhəmiyyətli olmuşdu. Nəticədə bəzi
qara qüvvələrin iki dost dövləti - Azərbaycanla
Macarıstanı üz-üzə qoymaq üçün
yararlanmaq istədikləri "R.Səfərov işi"
sonda ölkələrimizi yaxınlaşdıran amilə
çevrilmişdi.
Tanıdığım, hətta
tanımadığım insanlar dəfələrlə
ekstradisiya olayının pərdəarxası haqda
soruşublar, dövlət qurumlarının, səfirliyin,
özümün, habelə bu və ya digər şəxslərin
prosesdə rolu və iştirak səviyyələri ilə maraqlanıblar,
müxtəlif versiya və şayiələrə
aydınlıq gətirməyimi istəyiblər. Düşünürəm
ki, maraqlandıqları suallara cavabı tam olmasa da, əsasən
bu subyektiv qeydlərdə tapacaqlar.
İyun,
2021-ci il.
***
Azərbaycan ordusunun erməni zabitini qətlə yetirdiyinə
görə Macarıstanda ömürlük həbs cəzasına
məhkum edilmiş hərbi qulluqçusu Ramil Səfərov
artıq on ilə yaxındır ki, Vətəndə,
yaxınları və doğmaları arasındadır. Sıralarından məcburən
ayrıldığı Silahlı Qüvvələrə bərpa
olunub, hərbi
xidmətini davam etdirir, ailə qurub, övlad atası olub.
Hamı kimi adi həyatını yaşayır və bəlkə
də gənc ömrünün macar həbsxanasında
keçən çətin dövrü pis yuxu kimi ara-sıra yadına
düşür.
Ola bilsin
ki, sözlərim kimlərəsə - ilk növbədə bəzən
olmayan yerdə qəhrəman axtarışına çıxanlara
xoş gəlməyəcək: amma o da həqiqətdir ki,
aradan keçən illər ərzində insanlar müəyyən
istisnalarla R.Səfərovu qismən də olsa unutmağa,
yaddaşlarından silməyə macal tapıblar. İlk günlərin eyforiyası arxada qalıb.
Adı ətrafında yaranan qəhrəmanlıq aurası, əzabkeşlik
haləsi artıq
solğunlaşıb. Amma eyni zamanda belə bir
fikirlə razılaşmaq lazımdır ki, 2004-cü ilin
fevralında, hadisələrin
isti izi ilə Budapeştdəki qətl olayına münasibət
cəmiyyətdə fərqli şəkillərdə təzahür
etsə də, bütünlükdə soydaşlarımız
həyatını riskə qoymuş zabitin taleyinə heç
zaman laqeyd qalmamışdılar.
Ölkəmizin hər yerində qadınlı-
kişili, qocalı-cavanlı hər kəs, ən çox da
adi, sıradan olan insanlar dara düşmüş həmvətənimizə
bacardıqları qədər mənəvi dəstək verməyə
çalışır, onu ən azı sevgi və
rəğbətləri ilə ayaqda tutmağa can
atırdılar. Hətta
daxilən Ramil Səfərovun seçdiyi mübarizə
üsulu ilə sona qədər razılaşmayanlar da özlərini
onun müdafiəçiləri sırasında görməkdən
və göstərməkdən açıq-aşkar məmnunluq
duyurdular. Bir vaxtlar şəkilləri
avtobusların, taksilərin, minik avtomobillərinin ön
şüşələrini bəzəyirdi.
Qəzetlər,
özəlliklə müxalif mətbuat az
qala hər gün ondan yazırdılar. Hətta
yanılmıramsa, haqqında "Cənab leytenant"
adlı bir mahnı da bəstələnmişdi. Sonu
görünməyən Qarabağ savaşının dəhşətli
itkilərindən, intiqamı alınmayan Xocalı
soyqırımının hiddətindən, "Erməni həmişə
qapımızda nökər-qulluqçu olub" iddiası ilə
bir araya sığmayan məğlubiyyətdən pəjmürdə vətəndaşlarımız
onun simasında həyatı bahasına düşməndən
intiqam almış yenilməz qəhrəman görməyə
hazır idilər. Hətta bu qəhrəmanlıq, yaxud "qəhrəmanlıq"
ortaya bəzi cavabsız suallar çıxarsa da! İndi hər şey tarixə qovuşub. Bütün bunlar arxada qalıb. Təbii ki,
arxada qalan, tarixə qovuşan torpaq itkisi, Qarabağdakı erməni
işğalı deyil, 15 il əvvəl
Budapeştdə baş verən və cəmiyyətinizi silkələyən
hadisədir.
Zənnimcə,
keçmişin unudulmasına hamıdan az
təəssüflənən, hətta başqaları ilə
müqayisədə daha çox sevinən Ramil Səfərovun
özü olmalıdır. Çünki
azadlıqda yaşamaq, yurdun havası ilə nəfəs almaq,
cəmiyyətin tam hüquqlu üzvünə çevrilmək,
nəhayət hansısa bir şəkildə yenidən fəaliyyət
və mübarizə imkanı qazanmaq bir vaxtlar sahib olduğu
naqolay şöhrətdən qat-qat qiymətlidir.
İstər macar həbsxanasında qaldığı
müddətdə, istərsə azadlığa
çıxandan sonra dəfələrlə telefonda
danışsaq da, Ramillə indiyə qədər canlı,
üzbəsurət görüşməmişəm. Amma bu da
taleyin qəribə bir təsadüfüdür ki, heç
zaman üzünü görmədiyim bu insanın həyatını
dəyişdirən iki mühüm hadisədən ilk xəbər
tutanlar, hətta imkan və səlahiyyət daxilində müəyyən
qərar verənlər sırasında olmuşam.
"Həyatını
dəyişdirən iki hadisə" dedikdə söhbət
2004-cü ilin fevralında Budapeştdə baş verən qətldən
və ömürlük həbs cəzası çəkdiyi
macar həbsxanasından Azərbaycana ekstradisiyasından gedir...
***
2004-cü
il fevralın 19-u. O zaman Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyində işləyirdim.
Daha dəqiq desəm, artıq beşinci il
idi ki, bu mühüm dövlət qurumuna rəhbərlik
edirdim. Nisbətən sakit başlayan adi iş günlərindən
biri idi. Bakı vaxtı ilə təxminən
saat 13 radələrində Avstriyadakı səfirimiz Vaqif
Sadıqovdan mobil telefonuma zəng gəldi. Sonralar xarici
işlər nazirinin müavini, Azərbaycanın İtaliya və
İsveçrə, hazırda isə Belçikada səfiri və
beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi
kimi ölkəmizin xarici siyasət xəttini bacarıqla həyata
keçirən Vaqif müəllimi hər şeyin yerini bilən,
yazılmış və yazılmamış qanunlara az qala
pedantlığa varacaq dərəcədə dəqiq əməl
edən təcrübəli diplomat, bacarıqlı dövlət
məmuru və yetkin və xeyirxah insan kimi tanıyıram.
Yəqin ki, xəbərdar olanlar bilir - nazir işlədiyim
dövrdə ictimaiyyətə və mətbuata kifayət qədər
açıq idim (Hətta 2002-ci ildə əsasən müstəqil
və müxalif qəzetlərin sorğusu əsasında
keçirilən "Jurnalistlərin dostu" müsabiqəsində
mükafata layiq görülmüşdüm). Heç vaxt
heç kimdən gizlənmirdim. Tez-tez
nömrə dəyişmək şakərim də olmayıb.
1999-cu ildən bu günə qədər eyni
mobil nömrədən istifadə edirəm. Operativ əlaqə saxlamaq üçün həmin
nömrə bir çox media təmsilçilərində və
təbii ki, bütün
diplomatik nümayəndəliklərimizdə vardı.
Jurnalistlər öz yerində, bir sıra səfirlər
adicə hal-əhval tutmaq üçün də ərklə
həmin nömrəyə telefon açırdılar. Burada qeyri-adi bir şey görmürdüm. Amma
Vaqif Sadıqovun
xarakterinə yaxşı bələd olduğumdan sıradan
bir məsələ ilə bağlı mobil telefona zəng
çalacağı inandırıcı təsir
bağışlamırdı. Ona görə də
hələ bir söz deməmiş nə isə fövqəladə
hadisə baş verdiyini düşündüm. Səsinin
narahat və həyəcanlı tonu gümanımda yanılmadığımı göstərirdi. Fikirləşdiyim kimi də oldu. Səfir
dünən gecə Budapeştdə, NATO-nun "Sülh Naminə
Tərəfdaşlıq" proqramı çərçivəsində
Macarıstan Müdafiə Nazirliyinin Mikloş Jrinyi adına Hərbi
Akademiyasında, üç aylıq xarici dil kurslarında təhsil
alan Azərbaycan ordusunun zabiti, baş leytenant Ramil Səfərovun
eyni kurslarda oxuyan erməni zabiti, leytenant Gurgen Markaryanı qətlə
yetirdiyini, ikinci ermənini - Hayk Makuçyanı öldürməyə
cəhd göstərdiyini bildirdi. Hadisə yerinə gələn
macar təhlükəsizlik orqanları tərəfindən həbs
edildiyini, ilk ifadəsinin alındığını xəbər
verdi.
Həmin dövrdə Mərkəzi və Şərqi
Avropa ölkələrinin heç birində səfirliyimiz yox
idi. Öz növbəsində Macarıstanın da
Bakıda diplomatik nümayəndəliyi fəaliyyət
göstərmirdi. Ona görə də
ölkənin Xarici İşlər Nazirliyindən Budapeştə
ən yaxın olan Vyanadakı Səfirliyimizə zəng vurub
məlumat vermişdilər.
"Yenilik"
həqiqətən də gözlənilməz və gözlənilməz
olduğu qədər də problematik idi. Hər
şeydən öncə baş vermiş insident gündəlik
həyatda təsadüf edilən adi, sıradan bir qətl
hadisəsi deyildi. Beynəlxalq miqyaslı
siyasi qalmaqala yol açacaq düşünülməmiş
addım idi. Gənc zabit tək
özünü deyil, vətəndaşı olduğu
respublikanı, dövlətin siyasi rəhbərliyini də
çətin vəziyyət qarşısında qoymuşdu.
Hər an ölkəmizə və
xalqımıza çamur atmağa, qara yaxmağa
çalışan düşmənin və erməni
havadarlarının əlinə xəyallarına gəlməyəcək
bir fürsət verilmişdi.
Bunun
ardınca Bakıya hər tərəfdən necə
güclü təzyiq göstəriləcəyini, Ermənistanın
və erməni diasporunun dünya miqyasında "qaniçən,
vəhşi azərbaycanlı" obrazı yaratmaq
üçün necə şou düzəldəcəyini təsəvvürə
gətirmək çətin deyildi: "Əgər azərbaycanlılar
yad şəhərdə, beynəlxalq əməkdaşlıq
çərçivəsində keçirilən humanitar tədbirdə
bir zabiti məhz erməni olduğuna görə vəhşicəsinə
qətlə yetirirlərsə, onlarda bir arada necə
yaşamaq olar?" Təbii ki, bu mesajın bütün
ölkələrə, beynəlxalq qurum və təşkilatlarına
göndərilməsini çox gözləmək lazım gəlməyəcəkdi...
Hətta
ani olaraq ağlımdan keçdi ki, xəbəri eşidən
Ermənistan rəhbərliyi, türk düşmənçiliyi
ruhunda köklənmiş erməni millətçiləri bəlkə
də ürəklərində sevinəcək, bu gözlənilməz
addımı ilə onlara sərfəli şans vermiş azərbaycanlı
zabitə "afərin" deyəcəklər. Çünki şovinist erməni təbliğatı
və hərbi-siyasi dairələri üçün
hansısa Markaryanın, yaxud Manuçyanın
öldürülməsi qətiyyən faciə deyildi. Əsas məsələ bu ölümün
başdan-başa saxtakarlıq üzərində qurulmuş
"erməni ideyasına" nə qədər faydalı, gərəkli
olması idi. İndiki halda əhəmiyyətsiz bir fiqur
itirsələr də, məlum ideya baxımından uduşlu
vəziyyətdə idilər...
Həmin mövqedən yanaşılanda Budapeştdəki
qətl müəyyən mənada Koçaryan rejiminin
göydə axtardığı fürsət idi. Dağlıq
Qarabağın Azərbaycandan qoparılmasını yeni faktla
əsaslandırmaq, "İsa nuru ilə işıqlanmış
insansevər xristian ermənilərlə" cənnəti
qılınc kölgəsində axtaran fanatik müsəlmanların
- Azərbaycan türklərinin birgə yaşamalarının
mümkünsüzlüyünü sübuta yetirmək
üçün yeni dəlil, "daşdan keçən"
sübut tapılmışdı. Fürsət
öz ayağı ilə gəlib çıxmışdı.
Ermənilərin ondan işlərinə yarayan
şəkildə istifadə etmələrini çox gözləmək
lazım gəlməyəcəkdi. Belə də oldu...
Tezliklə dilsiz azərbaycanlı körpələrin qatili
Koçaryan baş vermiş hadisəyə əsaslanaraq
Strasburqda, Avropa Şurasının tribunasından ermənilərlə
Azərbaycan türklərinin birgəyaşayışının
mümkünsüzlüyü barəsində
özünün irqçilik qoxusu verən cəfəng
iddiasını irəli sürdü və etirazla
qarşılanmadı...
Bütün bunlar sonralar baş verəcəkdi. Həmin anda isə əsas
məsələ artıq həbsxana divarları arxasında
olan zabitimizlə dərhal əlaqə yaratmaq, həm
özünə, həm də Macarıstan ictimaiyyətinə
və rəsmi dairələrə Azərbaycanın vətəndaşının
yanında olduğu, taleyi ilə yaxından
maraqlandığı mesajını çatdırmaq idi. Sırf insani və dövləti baxımdan da bu, son
dərəcə təxirəsalınmaz borc idi.
Odur ki, Vaqif Sadıqova vaxt itirmədən o zaman səfirlikdə
hərbi attaşe vəzifəsində çalışan
polkovnik-leytenant Samir Mehdiyevlə birlikdə Budapeştə
getməyi məsləhət gördüm. Ramil Səfərovla
görüşüb hadisənin təfərrüatını
birbaşa özündən öyrənməyi, dərhal vəkil
tutmağı, günü bu gündən etibarən fəaliyyətimizin
əlaqələndirilməsi üçün macar rəsmiləri
ilə müzakirələr aparmağı və proseslərin
sonrakı gedişi barəsində nazirliyi mütəmadi məlumatlandırmağı
xahiş etdim.
Sonra milli təhlükəsizlik naziri Namiq Abbasov və
müdafiə naziri Səfər Əbiyevə zəng vurdum. Namiq Abbasov
artıq öz kanalları ilə insident barəsində məlumat
almışdı. Səfər Əbiyev isə
xəbərsiz idi. Qısa müzakirədən
sonra Prezident İlham Əliyevi yaşlı və təcrübəli
həmkarımızın - milli təhlükəsizlik nazirinin
məlumatlandırması barədə ümumi
razılığa gəldik. Baş verən hadisə cəmisi
dörd ay əvvəl mühüm posta seçilən
dövlət başçısı üçün də problemlərlə
dolu sürpriz idi.
Məlumatı
kifayət qədər soyuqqanlılıqla dinləyən Prezident hər
üç nazirliyə müvafiq tapşırıqlar verdi.
Fikir mübadiləsi zamanı Xarici İşlər Nazirliyinin
qısa müddətdə hadisəni diqqətlə, obyektiv şəkildə
araşdırıb beynəlxalq ictimaiyyətə
ünvanlanan
ölçülüb-biçilmiş bəyanatla
çıxış etməsi qərara alındı.
Axşamdan xeyli keçmiş səfir Vaqif Sadıqov bu
dəfə Budapeştdən zəng vurdu. Artıq
Macarıstanın Xarici işlər, Ədliyyə və
Müdafiə nazirliklərində olmuşdu. Həbsxanada Ramil Səfərovla
görüşmüşdü. Onunla ətraflı
söhbət etmiş, işinə yaraya biləcək məsləhətlər və
təlimat verməyə çalışmışdı. Mümkün qədər tez bir zamanda vəkil və
tərcüməçi tutulması istiqamətində
axtarışlara başlamışdı.
Vaqif
Sadıqovun məhbus zabitin sözlərinə əsaslanaraq
dediyinə görə, kursda təhsil alan erməni hərbçiləri
özlərinin ikibaşlı atmacaları, harın və
saymazyana davranışları ilə dəfələrlə
azərbaycanlı zabitin izzəti-nəfsinə
toxunmuşdular. İşğalçı ordunun təmsilçilərindən
kurs rəhbərliyinə şikayət etməyi mənliyinə
sığışdırmayan Ramil Səfərov onlarla
başqa cür haqq-hesab çəkməyi, yəni hər ikisini
öldürməyi, həm də niyyətini Xocalı
soyqırımının növbəti
ildönümünün tamam olduğu gün - fevralın 25-dən
26-na keçən gecə gerçəkləşdirməyi qərara
almışdı.
Bu məqsədlə əvvəlcədən
bıçaq və balta tədarükü
görmüşdü. Lakin hisslərinə hakim kəsilə
bilmədiyindən, bəlkə də affekt vəziyyətinə
düşdüyündən fevralın 26-na qədər
gözləməyə səbri çatmamışdı.
Niyyətini planlaşdırdığından
bir həftə tez - fevralın 18-dən 19-na keçən gecə
həyata keçirmişdi. Bildirdiyinə
görə, həmin gün yeməkxanadan qayıdarkən
yanından ötən ermənilərin gülərək
öz dillərində nə isə demələri səbrini
daşıran son damla olmuşdu. Ermənicə
bilməsə də, onun haqda danışdıqlarını,
yaxud söz atdıqlarını
düşünmüşdü. Daha bir həftə,
yəni soyqırımının ildönümü
gününü gözləmədən gecə ilə
ikisinin də işini bitirməyə qərar vermişdi.
Və qərarına əməl eləmişdi. Doğrudur,
qurduğu planı sona qədər icra edə bilməmişdi.
Səs-küyə ayılan kursantlar ikinci erməni
ilə haqq-hesab çəkməyə imkan verməmişdilər.
Dərhal özlərini hadisə yerinə çatdıran
Macarıstan təhlükəsizlik xidməti əməkdaşları Ramili həbs etmişdilər.
Vaqif Sadıqovun dediyinə görə,
ruscanı və ingiliscəni kifayət qədər
yaxşı bilməyən azərbaycanlı zabit məhz dil
bilgisinin məhdudluğu səbəbindən ilk istintaq
zamanı sonralar əleyhinə çevrilən bir sıra ehtiyatsız
söz və ifadələr işlətmişdi.
(Macar qanunlarına görə, ittiham edilən şəxs
yazılı və şifahi ifadələrini ana dilində
vermək hüququna malikdir. Lakin Budapeştdə Azərbaycan-macar
tərcüməçisi tapılmadığından Ramil Səfərovun
fevralın 19-da saat 14:28-dən 16:08-ə və 16:15-dən
17:05-ə qədər davam edən ilk dindirilmə zamanı
ifadələri zəif bildiyi rus dilində
alınmışdı. Yalnız sonradan
macar-türk tərcüməçisi - indiyə qədər
keçmiş məhbusla dostluq əlaqələrini davam etdirən
və Macarıstanda türk dilinin ən yaxşı bilicilərindən
biri kimi tanınan xanım Qabriela Ortunc prosesə
qoşulmuşdu. İlk istintaqda rusca
verdiyi ifadəni isə macar dilinə Susanna Timar
çevirmişdi).
Səfir kimi Macarıstanda fəaliyyətə
başlayandan sonra istintaq materialları ilə
tanışlıq zamanı mənə aydın oldu ki,
söhbət yalnız fikirlərin qeyri-dəqiq ifadəsindən,
tərcümə çətinliklərindən gedə bilməzdi. Çox güman ki, dərhal
zəruri hüquqi yardım almadığı, yaxud bəlkə
də həmin vaxt millət yolunda şəhidlik eyforiyası
yaşadığını, üzərinə "tarixi qəhrəmanlıq"
missiyası götürdüyünü
düşündüyü üçün Ramil macar müstəntiq
qarşısında sonralar özünə qarşı
çevrilən və məhkəmə prosesində
ağırlaşdırıcı hal kimi dəyərləndirilən
bir sıra lüzumsuz etiraflar etmişdi. Məsələn,
ilk ifadələrinin birində qətli törətdiyi günə
qədər erməni öldürmədiyinə görə
daim böyük təəssüf hissi
yaşadığını söyləmişdi. Budapeştdə, NATO kurslarında Ermənistan təmsilçilərinə
rast gələndə bu boşluğu doldurmaqla bağlı
gözəl fürsət yarandığını
düşünərək istəyini həyata keçirmək
üçün dərhal qərar verdiyini
açıqlamışdı. Nə qədər
həqiqət olduğunu deyə bilmərəm. Lakin istintaq materialında belə
yazılmışdı.
Qətli
soyuqqanlı şəkildə əvvəlcədən
hazırlaması, bu məqsədlə Budapeştin Nepliget səmtindəki
"Tesko" supermarketindən balta, bıçaq, hətta
bülöv daşı alması, Markaryanı
yatağında, yuxulu vəziyyətdə, xüsusi
amansızlıqla baltalayaraq öldürməsi
haqqındakı yerli-yataqlı, amma mahiyyət etibarı ilə
lüzumsuz etirafları da sonda əleyhinə işləmişdi.
İkinci erməni zabiti öldürmək niyyətini
istintaqa bəyan etməsi isə ömürlük həbs cəzasına
məhkum olunmasında həlledici amilə çevrilmişdi.
Həmin günün hadisələrinə qayıdaq. Nazir
müavini Araz Əzimovla birlikdə gecə XİN-in bəyanatını
hazırladıq. Sənədin
mühümlüyünün fərqində idik. Hər sözün, ifadənin üzərində
düşünmək, hər kəlməni yüz dəfə
ölçüb-biçmək lazım gəlirdi.
Çünki sabah yalnız ölkəmizdə
və Ermənistanda deyil, dünyanın hər yerində Azərbaycan
dövlətinin rəsmi mövqeyi kimi
yaydığımız bəyanata istinad ediləcəkdi.
İctimai fikrə təsir baxımından sənədin
inandırıcılıq gücü və əhəmiyyəti
çox vacib idi. Eyni zamanda, yalnız həqiqətə
arxalanmalı idik. Psixoloji məqamlar və
humanist aspekt də diqqətdən kənarda qala bilməzdi.
Təbii ki, sərt leksikonla birlikdə müəyyən
emosionallığa da ehtiyac vardı. Bütün
bu amilləri nəzərə aldığımızdan bəyanat
baş verən hadisəyə görə təəssüf
hissinin ifadəsi və erməni xalqına, erməni cəmiyyətinin
sağlam hissəsinə başsağlığı ilə
başlanırdı. Tarixi aspektə, hadisəni
doğuran səbəblərin qısa izahına da lazımi
diqqət yetirilmişdi.
Ermənistan Xarici İşlər Nazirliyi də eyni
gündə bəyanat yaymışdı. Amma gözlədiyimiz
kimi, burada bütün günah Azərbaycan tərəfinin
üzərinə yıxılırdı. Həm
də məsələ şəxsi müstəvidən
çıxarılaraq dövlətçilik və ideologiya
istiqamətinə yönəldilmişdi. Adətləri
üzrə öz adlarını bizə qoymaqdan da çəkinməmişdilər.
Həmin günə qədər heç kimin
tanımadığı kiçik rütbəli zabitin - Ermənistan
ordusunun leytenantı Markaryanın öldürülməsini
dövlətin sifarişi ilə Azərbaycan xüsusi xidmət
orqanlarının işləyib hazırladığı qisas əməliyyatı
kimi qələmə verirdilər.
Qətl hadisəsi Ermənistan rəhbərliyinin
işğalçılıq və etnik təmizləmə
siyasətinin ortaya çıxardığı
qaçılmaz nəticə kimi deyil, Azərbaycanda
aparılan məqsədyönlü müharibə təbliğatının,
qisasçılıq, revanşizm əhval-ruhiyyəsinin, dini
ekstremizmin, erməni düşmənçiliyinin
doğurduğu fəsad kimi təqdim olunurdu. Dünya
birliyindən, nüfuzlu siyasi liderlərdən, beynəlxalq təşkilatlardan
ən tez zamanda Azərbaycana qarşı qəti, təsirli tədbirlər
görmək tələb edilirdi.
Qonşu ölkənin ATƏT yanındakı Daimi
nümayəndəsi, səfir Cavan Təbibyan da (gör necə
"xalis" erməni adı və soyadı var!)
qaraqışqırıq salmaq və həyasızlıq eləmək
üçün fürsəti əldən verməmişdi. Bir neçə dəfə
Vyanada görüşdüyüm bu əcaib tip əslən zəngin
İran ermənisi idi. Vaxtı ilə
atasının və özünün müsəlmanlar
arasında, onların hesabına qazandığı
paraları Hayastan yolunda xərcləməyə xəsislik eləmirdi.
Cibinin ağzını daim açıq
saxlaması sayəsində təkcə Ermənistan rəhbərliyi
tərəfindən səfir vəzifəsi ilə
mükafatlandırılmamışdı, həm də
avropalı diplomatlar arasında çoxsaylı dostlar
qazanmışdı. ABŞ-ın ATƏT
yanındakı Daimi nümayəndəsi ilə
yaxınlıq edirdi. Bunun da nəticəsində
Daimi nümayəndələr şurasının iclası
zamanı Budapeştdə baş verən hadisənin Ermənistanın
maraqlarına uyğun təfsir olunmasında, qiymətləndirilməsində
elə bir ciddi çətinliklə üzləşməmişdi.
Vaqif Sadıqov
isə bütün səylərinə rəğmən demək
olar ki, təklənmişdi.
Növbəti günlərdə, əvvəlcədən də gözlənildiyi kimi, bir çox yerli və xarici mətbuat orqanlarının, internet resurslarının aparıcı mövzularından biri Budapeştdə baş verən qətl hadisəsi idi. Ehtimallarımız doğrulmuşdu - az qala dünya miqyasında dəhşətli antiazərbaycan isterikası başlanmışdı. Təbii ki, bu isterik xorun ifaçıları üçün ən önəmli amil millətimizi qana hərislikdə, vandalizm və milli-dini ədavətdə suçlamaq baxımından ortalıqda faktın dayanması idi. Heç kəs səbəblər haqqında danışmırdı, hamı yalnız nəticə ilə maraqlanırdı. Nəticə isə belə idi ki, azərbaycanlı zabit Avropanın mərkəzində konkret günah sahibi olmayan erməni həmkarını qətlə yetirmişdi. Bu hərəkəti edərkən rəhbər tutduğu məntiq, əsaslandığı dəlillər hər bir azərbaycanlıya yaxşı bəlli idi. Amma indiki situasiyada hadisəyə bəraət qazandırmaq çətin idi. Konkret olaraq leytenant Markaryan Qarabağ savaşının iştirakçısı olmamışdı. Heç bir azərbaycanlı öldürməmişdi. Lakin o, yurdumuzu işğal edən, şəhər və kəndlərimizi viran qoyan, minlərlə dinc insanımıza divan tutan təcavüzkar erməni ordusunun zabiti idi... Erməni işğalı, erməni vəhşiliyi, Xocalı soyqırımı öz adekvat qiymətini almayana qədər, dünya birliyi Ermənistanı birmənalı şəkildə işğalçı adlandırmayana qədər qəsbkar Ermənistan ordusunun hərbi uniformasını geyinənlərə münasibətdə bu cür eksseslərin baş verməsi təbii və gözlənilən idi...
(Davamı var)
Vilayət
QULİYEV
Filologiya
elmləri doktoru, Azərbaycanın Macarıstandakı
keçmiş səfiri
525-ci qəzet.- 2021.- 9 oktyabr.- S.10-11.