Sadəlik və səmimiyyətin poeziyası

 

 

Naxçıvan ədəbi mühitinin yetirməsi olan İbrahim Yusifoğlu çağdaş Azərbaycan poeziyasında öz yeri, öz səsi olan şairlərimizdəndir. İndiyədək 30 adda  kitabı nəşr olunub, gənc yaşlarından müəllim və pedaqoji işçi kimi fəaliyyət göstərsə də, şairlik fitrətinə həmişə sadiq qalıb, ürəyindən keçənləri ardıcıl olaraq poetik yaşantılar şəklində əbədiləşdirməyə çalışıb. Uşaqlar üçün şeir, poema və mənzum pyeslərin, qabaqcıl müəllim və təhsil işçilərinin həyat və yaradıcılığından bəhs edən çoxcildliyin, vətənimizin azadlığı və bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizin döyüş yolunu əks etdirən nəsr əsərlərinin müəllifi olsa da, fikrimizcə, o, hər şeydən qabaq, lirik şair kimi tanınmaqdadır. Təsadüf deyil ki, bu yaxınlarda çapdan çıxmış "Mənə bircə gilə göz yaşı bəsdi" adlı yeni kitabında barlı-bəhərli şair ömrünün müxtəlif dönəmlərində qələmə aldığı lirik-romantik şeirləri toplanıb.

 

 

 

Xalqımızın qeyrətli oğullarının, şanlı ordumuzun azğın düşmənlər üzərində çaldığı möhtəşəm qələbəni müjdələyən "Zəfər nəğməsi" şeiriylə açılan kitabdakı şeirlər 5 silsilə halında qruplaşdırılıb. Akademik İsa Həbibbəyli kitaba yazdığı "İbrahim Yusifoğlunun poetik dünyası və uğurları" adlı çox maraqlı və səmimi ön sözdə şairin bütün yaradıcılığını araşdırır, müxtəlif janrlarda yazılmış əsərləri üzərində maraqlı təhlillər aparır. "İstedadı şeirlərin ruhu və qanadı, zəhməti isə mahiyyəti və bəzəyi" hesab edən görkəmli alimin fikrincə, "qoynunda doğulduğu dağlı-aranlı qədim Şərur çuxurunun, Saralı-Xançobanlı Arpaçayın təbii görkəmi, həyat ritmi İbrahim müəllimin şeirlərində özünün əsl poetik mənasını və bədii obrazını tapa bilmişdir". Kitabı diqqətlə oxuyan hər kəs bu sözlərin doğruluğuna inanar, şairin doğulub yaşadığı, ömür-gün sürdüyü diyarın, bölgənin və ümumən Azərbaycan təbiətinin təsvir olunduğu rəngarəng şeirlərlə qarşılaşar.

 

Ürəkdə qan coşar, ilham çağlayar,

Bu qədim qalanı seyrə gəlincə.

Hər kəsi özünə qəlbən bağlayar,

Qürur mənbəyimiz məğrur Əlincə.

 

26 il erməni işğalında qalan Günnüt kəndinin azad edilməsi şairin qəlbini ehtizaza gətirir, bu münasibətlə yazdığı "Günnütüm" şeirində hiss və həyəcanlarını aydın ifadə edir:

 

Salam, Oğuz eli, vətən torpağı,

Salam, Dədəd Qorqud gəzən Günnütüm.

 

Kitabda 44 günlük II Qarabağ müharibəsində şanlı ordumuzun zəfər yürüşünü əks etdirən misralar da vardır:

 

Nəğmələrin müqəddəsi, ulusu,

Meyvələrin ən şirini, sulusu.

Bulaqların ayna kimi durusu,

Zəfər nəğməsi.

 

Qarabağın və ümumən Azərbaycanın baş tacı olan Şuşanın düşmən işğalından azad edilməsi şairi daha çox duyğulandırır, bu möhtəşəm qələbə gününün sevincini "Şuşa" şeirində oxucuları ilə belə paylaşır: 

 

Dünyanın müqəddəs günüdür bu gün,

Xoş müjdə qəlbləri gətirib cuşa.

Gözlər bulaq kimi coşub-çağlayır,

Bu gün anasına qovuşur Şuşa.

 

Düşmən caynaqlarında qalan Kərki kəndinin hayı-harayı da kitabda əks olunub, "Kərki" adının xəritədən silinməsi müəllifi, haqlı olaraq, qəzəbləndirir, bu ədalətsizliyə qarşı öz etiraz səsini ucaldır:

 

Adı xatırlanmır, dərdi çəkilmir,

Deyilmir dünyada sözü Kərkinin.

Bir nöqtə boyda da şərti çəkilmir,

Yoxdu xəritədə özü Kərkinin.

 

İbrahim Yusifoğlunun yaradıcılığında mənim diqqətimi daha çox çəkən onun öz fərdi üslubuna uyğun qələmə aldığı lirik şeirləridir. Bu şeirlərdə indi birmənalı qarşılanmayan romantik bir kədər duyulmaqdadır.

 

Bir payız günündə gəldim dünyaya,

Təbiət əyninə çəni geyibmiş.

Çoxu sevinsə də, tanrı payına,

Sən demə, bu dünya mənlik deyilmiş.

 

"Bu həyat mənimlə yola getmədi", - deyən şair, bəzən bir az da dərinə gedir, daha bədbin duyğulara qapılır. Nə yaxşı ki, belə məqamlar onun nikbin poeziya kəhkəşanında çoxluq qazanmır, ötəri, keçici könül yaşantıları kimi bərq vurur.

 

Çıxıb gedəcəyəm sənin əlindən,

Dünya, fərq qoymadın ölüyəm, sağam.

Ruhuna qəm hopmuş nəğmələrimlə

Özgə bir dünyada yaşayacağam.

 

Ümumən götürsək, nikbin poetik duyğular üzərində köklənmiş İbrahim Yusifoğlu poeziyasında, az da olsa, belə düşündürücü kədər motivli misraların varlığı təbii görünür, qapısı hər qonağa açıq olan şair ürəyinin çeşidli çırpıntıları kimi şeirə yansıyır.

Bu kövrək məqamlar, titrək çırpınışlar bəzən şairi ölüm həddinə də aparıb çıxarır; "Dost olmuşam mən ömrümə qənimlə, Mən ölümün qonağıyam, qonağı", - deyir, sanki özünü ölmüş bilir, öz məzarı başında özünü ağlayır, yəni cismani yoxluğundan mənəvi varlığına tamaşa edir.

 

İzimi tapmadım torpaq-daşında,

Gözlərim dolaşdı kəndin qaşında,

Mənimçün qazılan məzar başında

Mən özüm-özümü ağlayan gördüm.

 

2003-cü ildə qələmə alınmış "Dərdlərin belimi əydi, ay Vətən!" adlı şeirdə vaxtilə hamımızı düşündürən, qayğılandıran, dost-düşmən yanında bizə başıaşağılıq gətirən fikir və duyğular həssas oxucunu kövrəldir, ürəyini ağrıdır, ancaq bu ağrı daha o vaxtkı ağrılardan deyildir, daha belimiz əyri ola bilməz, başımızı dik tutub şax gəzə bilərik.

 

Nə vaxt igidlərin dinib gələcək?

Sehirli xalçaya minib gələcək?

Ağ atın belinə sinib gələcək?

Dərdlərin belimi əydi, ay vətən!

 

İbrahim Yusifoğlunun hələ 1996-cı ildə yazdığı başqa bir şeiri haqqında burada ayrıca söz açmaq istərdim. Bəlkə də şairin özünün və çoxlarının o qədər də diqqət yetirmədiyi bu kiçik şeirdəki kədərli doğmalıq, nisgilli həssaslıq adamın əlindən tutub qəribə duyğular səltənətinə aparır:

 

Bu da bir taledi, başım üstündən

Bulud çəkilmədi, günəş doğmadı.

Heç nə istəmirəm Tanrıdan ki, mən

Ruhuma bircə bu yağış doğmadı.

 

...Mənim qismətimə ağrıyan qarı,

Dövrü lənətləyib qarğıyan qarı.

Ümidi Tanrıya bağlayan qarı,

Ruhuma bircə bu qarğış doğmadı.

 

Mənim şeirlərim yanğılarımdı,

Onlarda məhəbbət, kədər varımdı.

Qəlbimdən ələnən yağışlarımdı,

Ruhuma bircə bu yağış doğmadı.

 

 "İbrahim Yusifoğlunun palitrasında baharın tacı sayılan bənövşənin və badam ağacının rəng çalarları üstünlük təşkil edir. Adama elə gəlir ki, İbrahim Yusifoğlu Şərurun qonur, çılpaq dağlarını və Arpaçay vadisini alaseyrək çiçəkli badam ağacı sifətində görür. İbrahim Yusifoğlunun təbiət şeirləri sanki badam ağacında bənövşə çiçəyidir" - bu da akademik İ.Həbibbəylinin sözləridir, olduqca maraqlı və qəribə bənzətmədir, deyilmi? Görünür, elə bu gözəl sözlər də şairi bu mövzuda yeni bir şeir yazmağa ruhlandırıb:

 

Uzaq dağ kəndində bir yaz günündə,

Təbiət qəlbimi ovsunlamışdı.

Çopur qayalar da gözüm önündə,

Günəşdən xoşlanıb yosunlamışdı.

 

...Şərur çuxurunda baharın tacı,

Gül-çiçək könlümü məst eləmişdi.

Gözlərim önündə badam ağacı

Bənövşə çiçəyi çiçəkləmişdi.

 

Yuxarıda İbrahim Yusifoğlunun uzun müddət pedaqoji mühitdə olduğunu, müəllimlərlə işlədiyini demişdik. "Safdır, müqəddəsdir müəllim ömrü" misrasıyla bitən bir şeiri o illərin ən yadda qalan, ən unudulmaz poetik yaşantısı kimi indi də xatırlanır. Bəlkə də həmin dövrün ədəbi məhsullarından biri olan aşağıdakı şeir də haqqında danışdığımız kitabda diqqətimizi çəkdi.

 

Yox, yox, bu titrəyiş meh ola bilməz,

Hələ qəlb isidən gün gəlməyibdi.

Bəlkə də mələkdi... eh, ola bilməz,

Heç kim məni belə kövrəltməyibdi.

...Bu sənsən, önümdə necə həvəslə,

Şeir oxuyursan titrək bir səslə.

"Şeir oxuyursan titrək bir səslə".

 

Bu yerdə kitabın adı kimi önə çıxarılan şeirdən də danışmamaq olmaz: "Mənə bircə gilə göz yaşı bəsdi". Bu şeir də yuxarıda qeyd etdiyimiz kimi, müəllifin sadə və səmimi dillə yazılmış ən yaxşı lirik şeirlərindəndir.

 

Göylərin üzünü aldı buludlar,

Qəlbimi ürpədən külək də əsdi.

Mənim səndə xeyli əmanətim var,

Qaytarsan... bir gilə göz yaşı bəsdi.

 

Bu gün ömrünün müdrik çağlarını yaşayan, uzun və məhsuldar həyatının zirvəsindən öz keçmişinə boylanan, olanını-qalanını saf-çürük edən şair bir şeirində özü də deyir ki, "Düz bir qərinədi yol gəlir şeirim". Ən maraqlısı odur ki, o, hələ öz şeirini yazmadığını, yəni hələ ürəyində çox sözlərinin olduğunu və bunları gələcəkdə yazacağını dilə gətirir:

 

İllərdir, qələmlə külüng çalıram,

Hələ Fərhad arxı qazmamışam mən.

Göylərdən, yerlərdən ilham alıram,

Hələ öz şeirimi yazmamışam mən.

 

Neynək, təki elə olsun, İbrahim müəllim, elə əvvəlki kimi də yazıb-yaradın, lap "payız şeirləri" olsa da. Bizə isə son olaraq sizə "öz şeirlərinizi yazmaqda" yalnız cansağlığı və uğurlar diləmək qalır.

 

 

Zəkulla BAYRAMLI

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2021.- 12 oktyabr.- S.15.