Ömər Faiqin susmayan
"həyəcan siqnalları"
"Doğru, bu gün o işıq sönən kimi
görünür, lakin əsla sönməz, çünki o
işıq özgə işıqdır, çünki
özümüz kimi işığımız da qəribə
xasiyyətlidir. Görürsən ki, bu işıq əsrlərdən
bəri gah ətrafı qaplamış, bir çox yerlərdə
hala baqi qalan böyük mədəni əsərlər
vücuda gətirmiş, gah azalıb kiçilmiş, həm
də o qədər keçilmiş ki, indiki kimi sönəcək
zənn edilmiş, lakin sönməmiş. Bir az sonra yenə birdən parlamış, qüvvətli
məşəllər meydana gətirmiş,
böyüdükcə böyümüş, sonra yenə
alçalmış, alçalmağın son dərəcəsinə
gəlmiş, hər kəs sönəcək zənn
etmiş, lakin sönməmiş. Yenə parlamağa üz
qoymuşdur" ( Ömər Faiq,
"Açıq söz" qəzeti. 20 yanvar 1916, ¹ 90) - bu
tutarlı və dəqiq fikirlərin müəllifi olan Ömər
Faiq Nemanzadədən söhbət düşəndə daha
çox onun Mirzə Cəlillə dostluğunu və
"Molla Nəsrəddin" jurnalındakı birgə fəaliyyətlərini
xatırlayırlar.
Mən Ömər Faiq bəyi "Molla Nəsrəddin"dəki
fəaliyyətindən və Mirzə Cəlillə
dostluğundan daha çox, publisistik fəaliyyətinə
görə yüksək qiymətləndirirəm. Biz bu gün Ömər Faiq
bəyin "Mən kiməm" məqaləsini bütün
cəmiyyət olaraq bütövlükdə anlaya, qavraya bilsək,
milli kimliyin, vətəndaşlıq fəlsəfəsinin
mahiyyəti barədə dəqiq təsəvvürlərimiz
formalaşar. XIX əsrdə milli kimlik məsələsi
ciddi mübahisə doğuran amillərdən biri idi. İnsanlar milliyətin nədir sualına
düzgün cavab verə bilmirdilər. Dini
və milli kimlik arasındakı fərqi başa
düşmürdülər. Məhz dini və
milli kimlik arasındakı fərqi anlaya bilmədiyimiz
üçün düşmən qüvvələr bu
boşluğumuzdan istifadə edərək xalqımızı
müxtəlif hissələrə bölürdülər.
"Öz soy və millətini tanımamaq, daha
doğrusu, özünü bilməmək ən böyük
günahlardan, silinməz ləkələrdən biridir. Lakin bu ləkə
tezliklə gedən ləkəyə də bənzəmir.
Bu ləkə ya-man ləkədir. Bu ləkə surətində elə yılancıq
(qanqrena) yarasıdır ki, millətimizin vücudunu,
türklük varlığını ya-vaş-yavaş gəmirir,
yox edir".
Diqqətlə oxumaq lazımdır bu cümlələri. Ömər Faiq bəy burada
iki ardıcıl mərhələdən bəhs edir: Öz
milli kimliyini bilmək və Özünü bilmək.
Özünü bilməyin yolu öz milli mənsubiyyətini
bilməkdən keçir. Öz soyunu bilməsən,
özünü də bilə bilməzsən. İndi biz hansı mərhələdəyik? Məncə, birinci mərhələni bir xeyli
anlamışıq. Xüsusən də, zəfərlə
bitən 44 günlük müharibə milli mənsubiyyət və
milli vətəndaşlıq anlayışlarının nə
qədər böyük əhəmiyyətə sahib
olduğunu hər kəsə göstərdi. İndi biz ikinci mərhələ haqqında düşünməliyik.
Özümüzü bilməliyik. Özümüzü bilmək üçün
oxumaq, öyrənmək, çalışmaq lazımdır.
Özünü bilmək insandan əzmkarlıq
tələb edir. Dünyanın dilini bilməliyik.
Söhbət beynəlxalq səviyyəli
danışıq dillərindən getmir. Dünyanın
iqtisadi-siyasi dilini nəzərdə tuturam.
Özümüzü və dünyanı bilmək
üçün cəhd etməliyik,
çalışmalıyıq, milli iradəmizə
sarılmalıyıq. Ümumilli iradə naminə
öz fərdi maraqlarımızdan imtina etməliyik. Ömər Faiq bəy belə yazır, belə
deyirdi. O, sadəcə yazmırdı. Həm
də müəllim idi. O, sadəcə müəllim
deyildi, həm də Şəkidə dərs saatlarından
sonra məhəllə-məhəllə dolaşıb mədəniyyəti
təbliğ edirdi. Həm də teatr
tamaşaları hazırlayırdı. İstəyirdi
ki, mədəniyyət, teatr, ali fikir təkcə
fərdlərin yox, bütövlükdə milli iradənin təşəbbüsü
olsun.
Ömər
Faiq bəy yazır: "Hər işdə camaatın köməkliyi
mütləq camaatın öz qanacağı ilə, öz qəlbi
və xahişi ilə olmalıdır ki, ondan bir səmərə
və nəticə gözlənə bilsin" (
"Açıq söz", 20 yanvar 1916).
Sözün
düzü, Ömər Faiq Nemanzadənin
yaradıcılığı ilə 10 il əvvəl
tanış olmuşam. Fəqət Ömər
Faiq bəyin fikirlərinin dərinliyinə vara bilməmişdim.
10 il əvvəl 19 yaşım var idi.
İntellektinə dərin hörmət bəslədiyim dəyərli
dostum Şəhriyar bəy Məcidzadə ilə söhbətimizdə
Ömər Faiq bəyin həyat və
yaradıcılığı haqqında elə yüksək
fikirlər dedi ki, heyrətləndim. Həmin an
başa düşdüm ki, Ömər Faiq bəyi oxusam da,
anlaya bilməmişəm. Ömər Faiq
Nemanzadəni bir cümlə ilə necə ifadə etmək
olar? Milli iradəmizin, milli
şüurumuzun, ana dilimizin müdafiəsinin və milli
kimliyimizin simvolu.
"Əgər Zəngəzura, Qarabağa vaxtında
kömək edə bilməsək, o əhəmiyyətli yerlər
əlimizdən çıxacaq. Əgər oralar əlimizdən
çıxarsa, yaxşı biliniz ki, cümləmiz qeyrət
və namussuzluqla yad olunmaqdan savayı bütün məmləkətimiz,
bütün həyatımız əbədi təhlükələrə
düçar olacaqdır" ("İrşad" qəzeti,
1906, ¹ 282 ).
Ömər Faiq bəy bizi xəbərdar etmişdi. Bir ziyalı
kimi illər sonra baş verəcək hadisələri
yazmışdı, yol göstərmişdi. Gələcəkdə baş verəcəklər
faciələr haqqında öncədən məlumat
vermişdi. Təəssüf ki, zamanında
oxumadıq, zamanında anlamadıq.
"Bir millətin yaşaması dili ilədir. Dil yoxluğu millət
yoxluğudur... Mən inanmam ki, dilini sevməyən
millətini sevsin, çünki dil millətin tək
nişanıdır... milli dildə danışmaq istəməyənin
millətpərəstlikdən dəm vurması
yalançılığın təzə modasından özgə
bir şey ola bilməz" ("Yeni iqbal", 2 iyul 1915).
Dahi alman filosofu Haydeger hesab edirdi ki, dil
varlığın evidir. Ömər Faiq bəy də
yazırdı ki, dil millətin varlığıdır. Başqa bir alman filosofu Vitqenşteynsə
yazırdı ki, dil düşüncənin sərhədlərini
müəyyən edir. Semantik və
linqvistik təhlillər apardıqca hər üç
böyük şəxsiyyətə haqq qazandırmaq olur.
"Əgər
açıq bura türkcəsi ilə yazarsaq, İstanbula gedən
beş-on qəzetimiz anlaşılmayacaqmış... Bizə beş-on istanbullunun anlaması lazım deyil,
üç-dörd milyon qafqazlının anlaması
lazımdır" ("Tərəqqi", 16 mart 1909).
Ömər
Faiq bəy milli dil deyərkən ərəb, fars
sözləri ilə dolmuş Osmanlı türkcəsini nəzərdə
tutmurdu. O, dilimizdə islahatlara ehtiyac olduğunu deyirdi. Məncə,
bu islahata bu gün də ehtiyacımız var...
Repressiya dalğası 66 yaşlı ahıl Ömər
Faiq bəydən də yan keçmədi. Onun həbsi
konkret sifarişlər əsasında oldu. Ömər
Faiqin həbsində Odabaşyan xüsusi həvəs göstərirdi.
Odabaşyan həbs edilən türk xalqları
nümayəndələrinə qarşı qəddar
münasibəti ilə tanınırdı. Ömər Faiq Nemanzadə Gürcüstan SSR Cinayət
Məcəlləsinin 58-10 və 58-11-ci maddələri ilə
ittiham olunurdu. Yetərli dəlillər
tapılmadığı üçün yalançı
şahid xidmətindən istifadə etdilər. Aqaradakı "Yeni kənd" kolxozunun sədri Fəyzull
Qvaramadze Ömər Faiqə böhtan atdı. Protokolda onun dilindən belə ifadələr
yazılmışdı. "Ömər Faiq kəndlilər arasında
sosializm əleyhinə çox həyasızcasına təbliğat
aparırdı... onlara qəzet oxuyur, Sovet quruluşunu zəif
hesab edirdi. O deyirdi ki, ölkəmiz iqtisadi böhran
keçirir, belə bir ölkədə sosializm qurmaq olmaz. Həm
də deyirdi ki, camaat başdan-başa savadsızdır..."
66 yaşlı ziyalı bir insana təzyiqlər göstərmək,
böhtanlar atmaq Sovet rejminin "ali əxlaqı" idi.
Sənədlərin
içərisində 1937-ci il avqustun 5-də
tərtib edilmiş bir akt vardır. Aktda göstərilir ki,
"Biz Ömər Faiq Nemanzadənin istintaqa düzgün məlumat
verməsini tələb edəndə o, cəld yerindən
sıçrayıb stəkanı qapdı və onu
sındırıb şüşə parçası ilə
venasını kəsməyə cəhd etdi və qışqırırdı:
"Mən özümü öldürürəm!" Stəkanın qırıqları zərfdə
istintaq materiallarına əlavə olunur. Onun
özünü öldürməsinin qarşısı
alındı".
İstintaq materiallarından
aydın olur ki, dindirilmələr zamanı Ömər Faiq
Nemanzadəyə işgəncələr verib, əvvəlcədən
hazırlanmış materiallara imza çəkməsi tələb
olunmuşdu. Ömər Faiq bu tələblə
razılaşmadığı üçün özünə
qəsd etməyə çalışmışdı. 66
yaşlı bir insana qarşı belə rəzil hərəkətləri
ancaq Sovet rejimi edə bilərdi. Onu öz
"günahlarını" etiraf etməyə məcbur
etdilər. Kənardan çox şey asan görünür.
2021-ci ildəki şərtlərlə 1937-ci il
repressiyasına qiymət vermək olmaz. Hər
hansısa bir tarixi hadisəyə obyektiv qiymət vermək
üçün həmin dövrün siyasi, sosial-ictimai şərtlərini
nəzərə almaq lazımdır. Ömər Faiq təslim
oldu. Öz əleyhinə olan sənədlərə imza
atdı. Başqa nə edə bilərdi ki? Sovet rejimi 66
yaşlı Ömər Faiqdən qorxurdu. Bu qorxu sovetləri
Ömər Faiqi "zərərsizləşdirməyə"
məcbur etdi. Cəhalət həmişə bilgidən qorxur.
Bilgi yeniliyi təmsil edir. Sovet rejimi isə bilgili, ləyaqətli
adamlardan qorxurdu. Qorxu təhlükəli hissdir. İnsanı səhvlər
etməyə məcbur edir. Sistemin qorxusu insanın qorxusundan
daha böyük olur. Sistem insandan fərqli olaraq daha qorxunc səhvlər edir. Sovet sistemi böyük
nöqsanlara yol verdi. İlahi
ədalət mütləq öz yerini tapır. Ömər Faiqə işgəncələr verən
Kabulova 1953-cü ildə güllələnmə cəzası
verildi, Moskvada güllələndi. Ömər
Faiqsə bəraət aldı. Ömər
Faiqləri Kabulova görə tanımırlar. Kabulovları Ömər Faiqlərə görə
tanıyırlar. Burada da bir ilahi ədalət
var. Nə qədər ki, Kabulovları Öməq Faiqə
görə tanıyacaqlar, əmin olun ki,
işığımız sönməyəcək.
Nicat
HƏŞİMZADƏ
525-ci qəzet.- 2021.- 12 oktyabr.- S.14.