Yolunu itirən adam
Otuz ildən
çox Kölndə
yaşayan bir dostum bir dəfə
məni maşınıyla
şəhər vağzalına
aparacaqdı. Maşına minən kimi
"naviqator"u - yol
bələdçisini ayarlamağa
başladı. Onun yolu
təyin etmək üçün naviqatoruyla
məşğul olduğunu
görəndə çaşdım.
"Otuz ildir
bu şəhərdə
yaşayırsan, vağzalın
harada olduğunu bilmirsənmi?" - deyə sual verdim. Güldü. "Vallah bu naviqatorlar bizi kor etdi.
Bunsuz indi heç evimi də tapa bilmirəm"
- dedi.
Doğrusu, mən nə zaman Bakıya getsəm, xüsusilə Azərbaycan naviqatoruna heyran oluram. Səbəbi
isə məni hər dəfəsində
Bakıda gəzdirmədiyi
küçə qalmır,
bir sağa, bir sola yönləndirib, gedəcəyim
yerdən on kilometr daha uzağa aparıb şəhəri
gözəl tanımağıma
kömək edir. Əlbəttə ki, evə gec getdiyimdə naviqatora uyub yolu azdığımı
heç kimə söyləmərəm. "Bu
gün daha çox yerləri gördüm" deyib təsəlli tapıram.
Bu il nədənsə
Bakıda yolları çox səhv salırdım. Qeyd dəftərimə "Görəcəyim yerlər"
deyə yazdığımdan
daha artığını
gördüm. Hər dəfəsində
Heydər Əliyev prospektinin yaxınlığındakı
evimizi tapacam deyə gedib Bibiheybət məscidinin önünə çıxmış,
oradan şəhərin
işıqlarına baxaraq
yorğunluğumu unutmuşdum.
Mərhum Tofiq abi - Tofiq
Abdin məni həmişə qınayardı. "Yahu, xalqın mindiyi avtobusa minsənə!" - deyərdi. Bəlkə elə onun sözünə baxmadığım
üçün şəhərdə
bu qədər itirdim. Hər yerdə nədənsə
ağlıma hey Tofiq abi gəlirdi.
Təsadüfə baxın ki, bu səfər qaldığım ev də onunla ilk tanış olduğum yerin yüz metrliyində idi. Köhnə Tərcümə Mərkəzi
və "525-ci qəzet"in
olduğu yerdə nə qədər onunla söhbət etmişdik. Danışarkən
sağ əlinin barmağını havaya qaldırışı, səsini
yüksəltməsi, sonra
uşaq kimi gülməsi hələ gözlərimin önündən
getməyib. Nədənsə cəsarətimi toplayıb
mərhumun həyat yoldaşı və oğlu ilə görüşə gedə
bilmədim.
Bu il Tofiq
abinin yerini sanki Nazim Əhmədli
tutmuşdu. Hər gün iki dəfə zəng vurur, mənimlə maraqlanırdı. Mülayim, gözəl
gülən, hər sözü şeiri xatırladan Nazim bəy Laçının
dağlarını, dərələrini,
axar sularını toplayıb şeirlərinə
qatmışdı. Almaniyadan gələn
oğlu Vüsal da eynilə özü kimi sənət ruhlu bir gəncdir. Onlarla görüşdüyümdə hər mövzuda rahatlıqla söhbət edirdik. Ən çox da
44 günlük Vətən
müharibəsindəki zəfərdən
və insanlarımızın
özünə olan güvəncinin yerinə qayıtmasından danışırdıq.
Nazim bəyə
də naviqatorun məni itirdiyini əsla söyləmədim. Bilirdim ki, desəm, yaşıl "Mersedes"ini
hər sabah
qapımın önünə
sürəcəkdi. Azərbaycandan ayrıldığımın üzərindən
bir aydan çox vaxt keçməsinə baxmayaraq,
hər səhər oyandığımda yenə
telefondan sanki Nazim bəyin səsini eşidəcək
duyğusuyla telefonuma baxıram.
Bakıda görüşə bilmədiyimə
ən çox peşman olduğum şəxslərdən biri
də Yusif Savalandır. Onun kədərli üzü
gözlərimin önünə
gəldiyində Xocalı
faciəsini xatırlayıram.
O söhbətləri ilə
sanki Xocalı müsibətinin bütün
məsuliyyətini öz
üzərinə almışdı.
Kamal Abdullanın "Unutmağa
kimsə yox" romanının almancasını
istəmişdi məndən.
Yanımda gətirmişdim. Bunu özünə telefonla da xəbər verdim. Məni evinə dəvət
etdi. Amma ev dəvətlərindən
çəkindiyim üçün
onunla görüşə
bilmədim. Azərbaycanda
ev dəvətləri
kişilərə xoş
gəlsə də, evdəki xanımının
durumunu gözlərim
önünə gətirir,
məcbur qalmasam, ev dəvətlərinə
getməməyə çalışaram.
Təbii ki, məni kafedə çay içməyə
dəvət edən, amma maşınına minən kimi evinə aparan dostum, professor Çingiz Abdullayevi nəzərdə tutmuram.
Əlbəttə, şair dostum Əjdər Olun kölgəsini şəhərin
hər küncündə
görəcək, amma
özüylə görüşə
bilməyəkdim. Uca boyu, sərt baxışları və duru gülüşüylə
indi kim
bilir harada hüznlü şeirlər
yazırdı... Halbuki
onunla "Lo" romanı
üzərində bir
müzakirəni o qədər
arzulamışdım ki!
Bunlardan başqa, hörmətli yazıçımız Eyvaz
Zeynalovla ədəbiyyatımızın
ən çalışqan
alimlərindən biri
olan Bədirxan Əhmədovun dəvətlərini
və telefon danışıqlarını Azərbaycan
ədəbiyyatının mənə
göstərdiyi maraq kimi qəbul etmişdim.
Nə isə... Bakının yollarını itirməyimdən başlayan mövzulardan başqa mövzulara daldığım bəlli oldu. Yenə də ən böyük itməyimi yazmadan keçə bilməyəcəm.
Bakıda son itməyimə isə tanınmış türkoloq alimimiz, professor Tofiq Məlikli səbəb oldu. Onunla illər əvvəl "Azərbaycan", "Azəri" məsələsinə görə mübahisə etmişdik. Sonra bir-birimizi daha yaxından tanımağa başladıq. Məktublaşdıq, əlimə keçən kitablarını da oxudum. Bakıda olduğumu xəbər almışdı. Şəhərin mərkəzində bir kafedə görüşdük. Musiqi səsi yüksək olsa da, əvvəlcə əhəmiyyət vermədik. Amma böyük bir iştahla sifariş etdiyimiz "şinitzel" taxta kimi çıxdığında yüksələn musiqi səsi də əsəblərimizi pozdu. Yaxşı ki, restoran sahibi mədəni insan idi. Musiqinin səsini qısdırdı, yeməklərimizi dəyişdirdi və biz şirin söhbətimizə yenidən qayıtdıq. Ətrafımıza sanki Nazim Hikmət, Əziz Nesin, Yaşar Kamal, Fazil Hüsnü Dağlarca, Orxan Kamal toplaşmışdı. Tofiq hoca şirin rəvayətləri və gülüşü ilə o günləri yenidən yaşayırmış kimi xatirələrin birini bitirib, digərinə keçirdi. Mən daha uşaqkən o, Anadoludaymış, Türkiyənin çətin günlərinin yaxından şahidi olmuş, bizimçün əlçatmaz sayılan aydınlarla yaxından görüşmüşdü. İstidən və gurultudan yorulduğumuz üçün kafedən ayrılmaq məcburiyyətində qaldıq. Söhbəti daha da uzatmaq üçün yenidən sözləşdik. Bu dəfə qorxduğum şey başıma gəldi. Məni evinə dəvət etdi. "Mən ev dəvətlərindən qorxuram" - deyincə qəhqəhə ilə güldü. "Bura ev deyil, bağdır, eynilə Türkiyədəki kimi qonaqlıq olacaq, narahat olma!" - deyib məni sakitləşdirdi. Ertəsi gün məşhur naviqatorumu verilən ünvana doğru əyarladım. Tofiq hoca mənə Bilgəhin sahil yolunu tərif etdi. Mən heç ona qulaq asarammı?! Mütləq bu şəhərdə itməli idim. Naviqator bizi şəhərin ən ucqar və qarışıq səmtlərinə aparsa da, əhəmiyyət vermirdim. Çağdaş adam, həm də Avropadan gəldiyinə görə texnikaya güvənməli idi. Hoca hər yarım saatda bir zəng vurub harada olduğumu soruşurdu. Mən harada olduğumu bilsəm, yolu tapacaqdım, amma işin pis tərəfi harada olduğumu bilmirdim axı. Tam iki saat sonra elə bir yerə gedib çıxdım ki, yol divarla bağlanıb. Naviqatora ən gözəl söyüşləri söydükdən sonra çarəsizcə ətrafa boylandım. Yaxında orta yaşlı birinin maşının yanında dayanıb telefonla danışdığını gördüm. O anda hoca yenidən zəng vurdu. Artıq hocaya "gəlirik, bir azdan oradayıq" deməkdən yorulmuşdum. Heç bir şey söyləmədən telefonu maşının yanında dayanan adama doğru uzatdım. Adam əvvəlcə təəccübləndi. Telefonu qulağına alıb hoca ilə danışdıqdan sonra məsələnin nə olduğunu başa düşdü. "Mən sizi apararam, heç narahat olmayın, gəlin dalımca" - deyib qabağa düşdü. Əvvəlcə ona harada olduğumuzu soruşdum, bəlkə Sumqayıta gəlib çıxmışdıq. Yaxşı ki, elə Bilgəhin dörd tərəfini dönüb dolaşırmışıq. "Dünya yaxşı adamların sayəsində ayaqda durur", demiş atalarımız. Elədir ki, var. Bizi ən qısa yolla hocanın evinə apardı. Ona uzatdığım pulu nə illah etdimsə götürmədi. "Qonağımızsınız", deyib geri döndü.
Hocanın evində masanın üzərindəki yarpaq dolması bir az soyumuşdu əlbəttə ki. Amma bir müddət keçdikdən sonra o süfrə ətrafında keçirdiyimiz gözəl anlar ruhumuzu belə isitməyə başlamışdı. Tofiq hocanın ürəkdən qopan qəhqəhələri bizi gah Moskvaya, gah da İstanbula aparırdı. Yaşar Kamal ilə İstanbul boğazında boğulmaqdan son anda qurtulduğundan bəhs edən hekayəni isə bir başqa yazıda qələmə alacağam.
İnsanın sevdiyi bir şəhərdə itməsindən doymaq olmaz! Hər kəsə
tövsiyə edirəm.
Orxan
ARAS
525-ci qəzet.- 2021.- 12 oktyabr.- S.13.