ŞAHANƏ
MÜŞFİQ “HƏRƏNİN ÖZ ROMANI”NI İMZALADI
Oktyabrın 9-da Bakı Ekspo Mərkəzdə VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbuat katibi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Şahanə Müşfiqin “Hərənin öz romanı” kitabının imza günü keçirilib.
Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) stendində baş tutan imza mərasimində millət vəkilləri, ziyalılar, müəllifin qələm dostları və oxucular iştirak ediblər.
Ş.Müşfiq bildirib ki, sayca dördüncü kitabı olan “Hərənin öz romanı” müxtəlif illərdə yazılmış povest və hekayələrdən ibarətdir. Kitab “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin dəstəyi ilə çap olunub: “Kitab bu ilin iyul ayında işıq üzü görsə də, mövcud pandemiya və karantin qadağaları səbəbindən təqdimat mərasimi keçirməmişdik. Ancaq işıq üzü gördüyü ilk gündən həm ədəbi mühitdə, həm də oxucular arasında marağa səbəb oldu və demək olar ki, hər kəs təqdimatı, satışı ilə maraqlanırdı. Nəhayət, mənim də üzvü olduğum Dünya Gənc Türk Yazarlar Birliyinin təklifi ilə VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində imza günü keçirmək qərarına gəldik. Həm insanlarımızın kitab sərgisinə, həm də bu gün mənim kitabıma olan marağı çox sevindirdi. Əvvəlki sərgilərdə, adətən, gənclər. Tələbələr çoxluq təşkil edirdi. Bu gün isə çox şadam ki, hər yaşdan olan oxucular kitaba sonsuz maraq göstərirlər.
Həmçinin, bu sərgidə ilk dəfə olaraq, oxucuların gənc yazarlara olan diqqətinin də şahidi oldum. Etiraf edək ki, əvvəlki illərdə oxucularımız adətən, dünya ədəbiyyatına meyillənir, müasir yazıçılarımızı, xüsusən, gənc qələm sahiblərini tanımırdılar. Amma bu dəfə özləri stendin üzərindəki “Gənc yazar” ifadəsinə diqqət edib, yaxınlaşır, imza günümüz olduğunu biləndə də kitabımızla maraqlanır, büdcələrindən müəyyən vəsait ayırıb onu imzalı əldə etmək də istəyirdilər. Bütün bunlar bizim ədəbiyyatımıza, cəmiyyətimizə və gələcəyimizə olan ümidlərimizi daha da artırır və düşünürsən ki, çalışmağa, yazmağa dəyər”.
İmza günündə Milli Məclisin
sədr müavini, Milli
Məclisin Gənclər və idman komitəsinin
sədri Adil Əliyev, millət vəkili Arzu Nağıyev, Regional Hüquqi və İqtisadi
Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu
Bağırova, DGTYB-nin sədri İntiqam Yaşar, şair Vahid Aslan, jurnalist Vüsalə
Məmmədova, ədəbiyyatşünas Ələmdar
Cabbarlı, ADMİU-nun müəllimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Elçin Cəfərov, şairlər Qabil Ədalət, Aysel
Xanlarqızı və başqaları iştirak
edərək müəllifə uğurlar
arzulayıblar.
525-ci qəzet.- 2021.- 12 oktyabr.- S.13.