"Füyuzat"dan axıb gələn yeni
nəfəs
Bayram ovqatlı VII Bakı Beynəlxalq Kitab Satış Sərgisində
gəzərkən müxtəlif
nəşriyyat evləri,
universitetlər, Fondların
kitablarla rəngarəng
stendləri adamın diqqətini cəlb edirdi. "Çapar"dan
sonra yolumu Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondundan
(MİMTA) saldım. Stendə hələ
yaxınlaşmadan öncə
diqqətimi orada digərlərinə nisbətən
fərqli kitabların
və jurnalların düzülüşü çəkmişdi.
Yaxınlaşdıqda bir qrup gənc oxucunun dayanıb maraqla kitabları vərəqlədiyini,
almaq üçün
qiymətlərini soruşmalarını
görüb xeyli sevindim. Hətta bir tələbə
alacağı kitabın
müəllifi ilə
görüşün keçirilib-keçirilməyəcəyini
soruşurdu. Maraqla gənc
xanıma yəqin kitabı imzalatdırmaq istədiyini sual etdim. O isə kitabın müəllifinə
sualı olduğunu bildirdi. Artıq oxucular təkcə
kitabı almaqla kifayətlənmir, onun müəllifi ilə görüşüb suallar
ünvanlamaq istəyirlər.
Demək, mütaliə
ilə bağlı ümidsizliyə qapılmaq
olmaz, çünki xeyli yol qət
etmişik!
Səliqə ilə düzülmüş,
gözoxşayan jurnalları
seyr etdikcə, əslində MİMTA-nın
da necə dəyərli işlər
gördüyü qənaətinə
gəlmək olur. Üstəlik,
alıcıların suallarını
cavablandıran, kitabları
satan şəxslər
də Fondun səlahiyyətli şəxsləri,
baş redaktorları idi.
Kiçik haşiyə çıxaraq
bu kitabsevərləri
bir araya toplayan Fond haqda qısa məlumat vermək istərdim. Milli İrsi
Mədəni Tarixi Araşdırmalar Fondu Azərbaycanda fəaliyyət
göstərən qeyri-hökumət
təşkilatıdır. MİMTA qədim tarixə,
yüksək mədəniyyətə
malik Azərbaycanın
tarixini, milli irsini, mənəvi dəyərlərini qoruyub-saxlamaq
və inkişaf etdirməyə kömək
məqsədilə təsis
edilib. Fondun fəaliyyətinin qayəsi
ölkəmizin milli irsi, mədəni, tarixi dəyərlərini
tədqiq edib həm ölkədə, həm də ölkədən kənarda
təbliğ etmək,
xarici ölkələrdə
Azərbaycanın milli
irsini, mədəniyyətini,
tarixini əks etdirən sərgilər, konfranslar və başqa tədbirlər təşkil etməkdir. Eyni zamanda, istedadlı
gənclərə kömək
göstərmək, təhsil,
səhiyyə, mədəniyyət
və sosial sahədə xeyriyyə tədbirləri, simpoziumlar,
seminarlar, müsabiqələr
keçirmək və
ayrı-ayrı şəxsləri
Azərbaycan tarixi, mədəniyyəti, irsi üçün əhəmiyyətli
olan uğurlara görə mükafatlandırmaqdan
ibarətdir.
Diqqətimi stendin mərkəzi
hissəsində yer alan və
üzərində Şuşa
məscidinin şəkli
olan "Füyuzat"
jurnalının 77-ci buraxılışı
çəkmişdi. Üz
qabığındakı azad
Şuşa yenidən nəşr edilən "Füyuzat"
jurnalında.
Azərbaycan mədəniyyət tarixi üçün iki önəmli, iki sütun bir arada necə
də gözəl görünürdü. 115 il öncə görkəmli
yazıçı, jurnalist,
mütəfəkkir Əli
bəy Hüseynzadənin
baş redaktorluğu ilə cəmi 32 sayı işıq üzü görən
"Füyuzat" jurnalı,
şübhəsiz ki,
Azərbaycanın fikir
tarixində, oyanışında
çox önəmli
bir yer tutur.
Əli bəy Hüseynzadənin bütün çətinliklərə
baxmayaraq, "Həyat"
qəzetindən sonra
"Füyüzat" jurnalının
nəşrinə başlaması
ədəbiyyat mədəniyyətimiz
və milli jurnalistikamızın inkişafında
xüsusi rol oynadı. Jurnal Azərbaycan ziyalılarının,
maarifpərvərlərinin yetişib yüksəlməsinə
mühüm təkan vermişdi.
Elə sərgidə canfəşanlıqda sağa-sola qaçan, oxucuları jurnal haqda məlumatlandıran "Füyuzat" jurnalının baş redaktoru Mübariz Yunusla da bu haqda kiçik söhbətimiz oldu. O bildirdi ki, jurnalı yenidən nəşr etməkdə məqsədləri MİMTA olaraq Azərbaycan mətbuatına bir kömək olmaları dayanıb. 2007-ci ildə "Füyuzat"ı yenidən çıxartmaq qərarına gəliblər:
"MİMTA olaraq mətbuat üçün faydalı bir iş ərsəyə gətirmək istəyirdik. Müzakirələrdən sonra belə qərara gəldik ki, Azərbaycan mətbuat tarixinə sahib çıxmaq üçün keçmişimizdə olan dərgilərimizdən, qəzetlərimizdən birini bərpa edək. İdeya baxımından bizə yaxın gələn "Füyuzat"ın üzərində dayandıq. Elə həmin ildən də nəşrini bərpa etmişik. Demək olar ki, bütün nömrələrimizdə Azərbaycan millətinin, xalqının dəyərlərini aşılamış, insanları maarifləndirməyə, bilgiləndirməyə çalışmışıq. Bunun üçün məktəblərdə, universitetlərdə tədbirlər keçirdik. Bilirsiniz ki, "Füyuzat" 32-ci nömrəyə qədər çap edilmişdi. Biz 33-cü nömrə olaraq onun ardı kimi nəşrə başladıq. Artıq 120-ci nömrəmiz çıxıb. İki aydan bir çıxan jurnalda davamiyyəti qorumuşuq. Çalışırıq ki, Əli bəy Hüseynzadənin başladığı yolunu layiqincə davam etdirək və "Füyuzat" həmişəyaşar olsun.
Sərgiyə MİMTA olaraq qoşulmuşuq. Burada bir çox kitablarımızı gətirmişik. Son zamanlar nəşr etdiyimiz kitablar da artıq satışdadır. Açığı, Vətən müharibəsi ölkəmizin tarixində necə önəmli yer tutursa, builki sərgi də ziyalanma, insanların üfüqünün açılması, kitaba meyl baxımından o qədər önəmlidir. Etiraf edim ki, çoxumuzda sərginin bir qədər kənarda keçirilməsilə bağlı çox adamın gəlməyəcəyi düşüncəsi vardı. Amma sevindirici haldır ki, biz yanılmışıq. Burada kifayət qədər oxucu var. İnsanlarımızın kitaba marağı bizi sevindirir. Əgər bir millətin kitabla ünsiyyəti varsa, cəmiyyətin gələcəyi parlaqdır demək. Şəxsən mənim üçün sərgi böyük sevincə çevrilib".
4 günlük kitab festivalının iki
gününə qoşula bildiyim
və belə xoş təəssüratlarla
ayrıldığım üçün sevincli idim. Bundan sonrakı bütün
illərimiz də kitablı, maarifli və
sözlü olsun!
Afaq RZA
525-ci qəzet.- 2021.- 12 oktyabr.- S.9.